Rusiya Azərbaycanla hansı dildə danışacaq? Siyasət

Rusiya Azərbaycanla hansı dildə danışacaq?

Natiq Miri: "Rusiyanın Azərbaycana təqdim edəcəyi təkliflər paketi içərisində Qarabağın əsas yerdə duracağı şübhəsizdir"
Qabil Hüseynli: "Azərbaycanın bu səfərdən böyük gözləntiləri var"

Dünən NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarının davam etdiyi vaxtda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfərə gəlib. Səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş daxildir. Bu, 2014-cü il ərazində Azərbaycan və Rusiya XİN başçılarının dördüncü görüşü olacaq.
Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər: "Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq. Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir".
Ümumiyyətlə səfərdən gözləntilər nədir?
Politoloq Natiq Miri Azərbaycanın Rusiya ilə münasibətlərdə tələyə düşə biləcəyindən ehtiyat etdiyini deyib. Onun fikrincə, Lavrovun Bakı səfərinin əsas səbəbi Azərbaycanın Avrasiya İttifaqına qoşulmasına nail olmaqdır: "Lavrov Azərbaycana ölkəmizin Avrasiya ittifaqına qoşulması məsələsini müzakirə etmək üçün gəlir. Rusiya xarici siyasətinin rəhbərinin ölkəmizə səfəri birbaşa Qarabağ problemi ilə bağlı deyil. Rusiya Azərbaycanı öz orbitinə çəkmək istəyir və buna nail olmaq üçün ölkəmizə cəlbedici təkliflər verməyə hazırlaşır. Burda əsas məqam Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ problemidir. Ona görə, də Rusiyanın Azərbaycana təqdim edəcəyi təkliflər paketi içərisində Qarabağ məsələsinin əsas yerdə duracağı şübhəsizdir. Bildiyimiz kimi son zamanlar bu məsələ Azərbaycan, Rusiya və Ermənistan mediasında geniş müzakirə olunumaqdadır. Lavrovun da Bakı səfərində Qarabağ probleminin ciddi müzakirə olunacağı şübhəsizdir. Amma ruslar Qarabağ və onun ətraf ərazilərini belə asanlıqla Azərbaycana qaytarmayacaqlar. Hesab edirəm ki, bütün bunlar Azərbaycan üçün qurulmuş növbəti tələdir, ölkəmiz bu tələyə düşməməsi üçün tələsik qərarlar verməməlidir. Rusiya Ukraynanı itirdikdən sonra regionun ən strateji ölkəsi olan Azərbaycana möhtacdır. Azərbaycan vəziyyətdən istifadə edərək Rusiyanın bu yöndə atdığı addımları görməlidir. Ermənilər bir neçə Azərbaycan rayonunu boşaltdıqdan sonra, ölkəmiz Rusiya ilə hansısa məsələdə razılığa gələ bilər.
Bu məsələdə həmçinin rus qoşunlarının sülhməramlı kimi Qarabağda qalması məsələsi gündəmdə olacaq. Biz rus qoşunlarının heç bir vəclə Qarabağda sülhməramlı kimi yerləşməsinə razılıq verə bilmərik. Orada kimin qoşunu olacaqsa, söz sahibi də həmin dövlət olacaq. Azərbaycan Rusiyanın maraqlarına uyğun addım atmayanda, ruslar istənilən vaxt bu kartdan istifadə edərək regionda vəziyyəti gərginləşdirəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, ölkəmiz bu məsələylə bağlı addım atmazdan öncə 2 dəfə düşünməlidir".
Politoloq Rasim Musabəyov deyib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı nə Avropanın, nə də Rusiyanın qolunu çirmələyib erməniləri yerində oturtmaq niyyəti yoxdur: "Hər dəfə Bakıya gəlib çox şey deyirlər, cavablarını da alıb gedirlər. Həm Rusiya, həm də Qərb Azərbaycanı öz tərəfinə çəkməyə çalışır, lakin onların Azərbaycana təzyiq imkanları yoxdur".
Onun sözlərinə görə, Barrozunun səfərinin ardınca Lavrovun Azərbaycana gəlməsi təbii ki, maraq doğurur. Rəsmilərin bir-birlərinin ardınca səfərlərinin arxasında bir məsələ durur: "Rəsmi Moskva istəyir ki, Azərbaycan Rusiya ilə, Qərb isə istəyir ki, Avropa ölkələri ilə münasibətlər qursun, əməkdaşlıq etsin. Lakin Azərbaycan açıq şəkildə nümayiş etdirir ki, həm Avropa, həm də Rusiya ilə əməkdaşlıq edir, indiki mərhələdə isə nə Rusiyaya, nə də Avropaya inteqrasiya etmək niyyəti yoxdur. Azərbaycanın sərbəst qərarlar verməyə imkanı da var. Çünki Azərbaycanın nə maliyyə, nə də enerji təhlükəsizliyi baxımından heç bir tərəfdən asıllığı yoxdur".
Politoloqun sözlərinə görə, Sergey Lavrovun səfəri zamanı Azərbaycanın yeni yaradılan Avrasiya İqtisadi Birliyinə üzv məsələsi də müzakirə mövzusu ola bilər: "Lavrov başa düşür ki, səfər zamanı Azərbaycanın AİB-ə üzv olmasına maraq oyatmaq üçün rəsmi Bakıya nəsə təklif etməlidir. Görünür, Azərbaycanı maraqlandırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişə nail olmaqdan ötrü hansısa planları var. Rusiya da, Qərb də yaxşı başa düşür ki, gəlib Bakıda boş vədlərlə Azərbaycanı öz tərəfinə çəkmək mümkün deyil".
Politoloq Fikrət Sadıxov isə deyir ki, Azərbaycan Ukrayna ilə bağlı yaranmış böhran fonunda hazırda Qərb üçün önəmli strateji dövlətə çevrilib: "Çünki Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Bunu Joze Manuel Barrozu da dəfələrlə bəyan edib. Azərbaycan strateji mövqedə yerləşdiyinə görə, Rusiya da rəsmi Bakı ilə əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır. Biz nə Qərb nə də Rusiya ilə münasibətləri korlamaq istəmirik. Lakin bunun qarşılığında Dağlıq Qarabağın həlli istiqamətində irəliləyişlər əldə olunmasını tələb etməliyik. Qərb də Rusiya da münaqişənin həllində konkret addımlar atmalıdır. Çünki siyasətdə hər şey qarşılıqlı olur. Azərbaycandan nəsə istəyirlər ki, bizim tələblərimizi də yerinə yetirməlidir".
Politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın bu səfərdən böyük gözləntiləri var: "Çünki Azərbaycan tərəfi danışıqların müsbət məcrada gedəcəyi təqdirdə, tərəflərin hər ikisinin maraqlarını əks etdirən mövzulara yönəldilib müsbət nəticələr əldə edilərsə, bu səfər, hər iki tərəfin mənafeyinə cavab verən qərarların əldə edilməsinə xidmət edəcək".
O, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin perspektivini şərh edərkən qeyd edib ki, Rusiya Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyir. "Azərbaycan da həmçinin eyni istəkdədir. Amma bunun üçün əlbəttə ki, hər iki tərəfdən müəyyən kompromislərə ehtiyac var. Bizim üçün əhəmiyyətli, vacib olan odur ki, Dağlıq Qarabağ məsələsində Rusiya, ədalətli və obyektiv mövqe sərgiləsin. Beynəlxalq hüquqi normalara uyğun olan qərarların qəbul edilməsinə dəstək versin. Ən başlıcası isə hər iki tərəf üçün, həm Ermənistan, həm də Azərbaycan üçün ədalətli mövqe tutsun. Yəni, təcavüzkar dövləti müdafiə etmək, ona aramsız silahlar göndərilməsindən əl çəksin. Eyni zamanda oradakı hərbi bazalarından Azərbaycanın ünvanına tez-tez hədələyici bəyanatlar səsləndirilməsi proseslərinə son qoysun".
Ekspert hesab edir ki, Rusiya, təcavüzkar Ermənistanın danışıqlar prosesində, problemin həlli istiqamətində konstruktiv mövqe tutmasına yardım göstərməlidir: "Ermənistanı pozucu, destruktiv hədələrdən, davranışlardan əl çəkməyə vadar etməlidir. Rusiya bu bölgədə maraqları olan dövlətdir. Biz o maraqları tanımağa hazırıq. Amma eyni zamanda Rusiya da bizim maraqlarımızı, özü də beynəlxalq hüquq normaları ilə tətbiq edilmiş maraqlarımızın təmin edilməsinə ədalətli yardım göstərsin. Məhz bunların olacağı təqdirdə danışıqlar prosesi uğurla nəticələnə bilər".

Əli