ADB kredit limitini ləğv etdi – illik maliyyələşdirmə 36 mlrd. dollara çatacaq İqtisadiyyat

ADB kredit limitini ləğv etdi – illik maliyyələşdirmə 36 mlrd. dollara çatacaq

Asiya İnkişaf Bankının (ADB) İdarəçilər Şurası Bankın Xartiyasına dəyişiklikləri təsdiqləyib.

"APA-Economics" xəbər verir ki, bu dəyişiklik ADB-yə kreditləşmə limitini aradan qaldıraraq illik maliyyələşdirməni 50% artırmağa, yəni 36 mlrd. dollardan yuxarı səviyyəyə çatdırmağa imkan verəcək.

ADB-nin prezidenti Masato Kanda qərarı “tarixi addım” adlandırıb və bildirib ki, bu artım səhmdarlardan əlavə kapital tələb etməyəcək.

Xartiyaya dəyişiklik 1966-cı ildən bəri ilk dəfədir edilir və rəsmi bildirişdən 3 ay sonra qüvvəyə minəcək. 61 üzv ölkənin dəstəyi ilə səsvermə həddi keçilib.

ADB bildirir ki, kredit imkanlarının genişlənməsi regionda yoxsulluğun azaldılması, məşğulluq və təhsil imkanlarının artırılması, eləcə də həssas icmaların dəstəklənməsi üçün daha çox resurs yaradacaq.

Bankın planına görə, illik maliyyələşdirmə 2024-cü ildəki 24 mlrd. dollardan 2034-cü ilədək 36 mlrd. dollardan yuxarı səviyyəyə yüksələcək. Bu plan 2023-cü ildə təsdiqlənən kapital idarəçiliyi islahatları və çoxşaxəli inkişaf bankları ilə portfel risklərinin azaldılmasına dair sazişlər üzərində qurulub.

Bu resurslar ADB-nin 2030 üzrə hədəflərinə çatması üçün həlledici rol oynayacaq. Bankın məqsədi özəl sektor maliyyələşdirməsini illik 13 mlrd. dollara çatdırmaqla dörd dəfə artırmaq və suveren əməliyyatların 40%-ni birbaşa özəl sektorun inkişafına yönəltməkdir.

ADB hazırda 69 üzv ölkəyə malikdir və onların 50-si Asiya–Sakit Okean regionunda yerləşir. 14 noyabr 2025 tarixinədək düzəlişi dəstəkləyən üzvlərin ümumi səsvermə payı 75,2% təşkil edib.