“Sadəcə pul yemək lazım idi, ona görə yolu sökdülər” Siyasət

“Sadəcə pul yemək lazım idi, ona görə yolu sökdülər”

Fəzail Ağamalı: "20 Yanvar dairəsindən Masazıra qədər dəhşətli tıxac yaşanır"

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib. Parlamentin iclasının gündəliyinə 39 məsələ daxil edilsə də Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, gündəliyə 1 məsələ də əlavə olunub: "Bu, "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsidir".
İclasda "2018-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarılıb. Spiker bildirib ki, cari ilin ilk 4 ayında makroiqtisadi göstəricilər yüksəlib. Ölkənin valyuta ehtiyatları 43 milyard dollara çatıb"- deyə o əlavə edib. Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "2018-ci ilin dövlət büdcəsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb: "Ölkənin valyuta ehtiyatları Ümumi Daxili Məhsula bərabər səviyyədədir". Onun sözlərinə görə, əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. "Dövlət Neft Fondunun gəlirləri 5,2 milyard dollar artıb. Gömrük Komitəsində proqnozlar uğurla icra edilib"- deyə Z.Səmədzadə qeyd edib. Deputatın fikrincə, Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq genişləndirilməlidir ki, ölkənin maliyyə sistemi daha da təkmilləşsin: "Əgər qurumlar arasında birgə əməkdaşlıq həyata keçirilərsə, uğurlarımız daha da çox olar".
Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradan səbəblərdən danışıb. "Qeyd edək ki, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi (pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatı) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın "Azərenerji" ASC-nin müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin, ölkədə turizmin inkişafı, yol infrastrukturlarının tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin tənzimlənməsi, bəzi infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi və digər zəruri dövlət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlavə maliyyə təminatının formalaşdırılması üçün ehtiyac yaranıb. Yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaitin 2018-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi imkan xaricindədir. Beləliklə, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, əlavə xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2018-ci il dövlət büdcəsinə yenidən baxılması zərurəti yaranıb"-deyə S.Şərifov bildirib.
Samir Şərifov bildirib ki, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22,11 mlrd. manat, xərcləri isə 23,061 milyard manat məbləğində nəzərdə tutulur.
O qeyd edib ki, büdcənin gəlirlər hissəsi Ümumi Daxili Məhsulun (ÜDM) 29,6%-ni təşkil etməklə 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1,983 mlrd. manat və yaxud 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 5 593,3 mln. manat və yaxud 33,9% çoxdur. "Yenidən baxılma ilə dövlət büdcəsinin xərclərinin 2,014 mlrd. manat artırılması nəzərdə tutulur. Bu da təsdiq olunmuş proqnoza əsasən, 9,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 466,5 mln. manat və yaxud 31,1% çoxdur. Artımdan sonra dövlət büdcəsinin xərclərinin cari ilin sonuna gözlənilən ÜDM-in 30,9%-inə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz bəndi, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz bəndi çoxdur. 2018-ci ilin yenidən baxılan dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 mln. manat artırılaraq 951 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-nin 1,3%-nə bərabər olacaq. Kəsirin bu artımı dövlət büdcəsinin 2018-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək".
Nazirin sözlərinə görə, bu ilin beş ayında neftin orta qiyməti 71,1 dollar-barel olub, hazırda 78 dollar-bareldən çoxdur. 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barrelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılması nəzərdə tutulur. Bunun müqabilində cari ilin sonunadək Neft Fonduna əlavə olaraq gözlənilən 5 mlrd. 600 mln. manat daxilolmaların 1 mlrd. 750 mln. manatının dövlət büdcəsinə transfert edilməsi, gömrük inzibatçılığının gücləndirilməsi və digər islahat tədbirlərinin keçirilməsi hesabına Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir proqnozunun 725 mln. manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlərinin 35 milyon manat artırılması, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 31 milyon manat istifadə olunması nəzərdə tutulur.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, neftin qiymətində baş verən dəyişiklər büdcəyə təsir edən amildir: "Bir neçə il bundan öncə dünya bazarında baş verən maliyyə iqtsadi böhran və neftin qiymətinin aşağı düşməsi nəticəsində həmin dövrdə dövləti büdcəyə yenidən baxmağa sövq edib". O deyib ki, cari ilin ötən dövründə həm dünya, həm də Azərbaycam iqtisadiyyatında müsbət təsirlər qeydə alınıb: "Neftin qiymətinin artması nəticəsində büdcədə neftin qiymətində dəyişikliklərə zərurət yaranıb. Neftin bahalaşması, dövlət maliyyə sistemində aparılan islahatlar nəticəsində ölkəmizdə Ümumi Daxili Məhsul 1.2 faiz artıb. Neft sektorunda 28.1 faiz, qeyri-neft sektorunda 5.7 faiz artım qeydə alınıb. Ölkəmizin valyuta ehtiyatları artaraq xarici borcu bir neçə dəfə üstələyib. Bir sıra sosial layihələrin maliyyə hesabında artım qeydə alınıb. Hesablama Palatası büdcə haqqında hesabat təqdim edib".
Milli Məclisdə həmçinin digər qanun layihələri də müzakirə edilib. Deputat Fazil Mustafa Bakı-Sumqayıt yolunda təmirə görə yaranmış tıxacdan danışıb. Deputat bildirib ki, minlərlə insan tıxacdan əziyyət çəkir, alternativ yollar da yoxdur. "İstanbulda avtobus yolları ayrıdır. Bizdə isə marşrut avtobusları başqa avtomobillərlə eyni yolu gedirlər"- deyə deputat bildirib. O qeyd edib ki, Bakıda metro stansiyalarının sayı çoxalmalıdır: "Metro xətləri çəkilməlidir. Belə olmasa, Bakıda bir ildən sonra fəlakət yaşanacaq".
Deputat Fəzail Ağamalı da yol tikintisi ilə bağlı yaranmış problemlərdən danışıb. O, dolayısı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini ittiham edib: "3 gündür ki, 20 Yanvar dairəsindən Masazıra qədər dəhşətli tıxac yaşanır. Çıxıb bir jurnalist də deyir ki, guya Bakı-Sumqayıt yolunda çatlar yaranıb. Heç elə şey yoxdur. Tam məsuliyyətimlə deyirəm ki, orada heç bir çat yox idi. Sadəcə pul yemək lazım idi, ona görə yolu sökdülər. Mən bu yaxınlarda Naxçıvanda oldum. Gedib oradan nümunə götürsünlər, yollar ən müasir standartlara cavab verir".
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, onun özü də həmin istiqamətdəki Sulutəpə qəsəbəsində yaşayır: "Mən özüm də o yolu gedib-gəlirəm, tıxacdan mən də əziyyət çəkirəm. Amma yol genişləndirilməlidir. Yolun genişləndirilməsi üçünsə yolkənarı evlər sökülməlidir. Bu istiqamətdə işlər gedir".
Deputat Elmira Axundova diqqətə çatdırıb ki, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə qadağa və məhdudiyyətlər nəzərdə tutan, 16-cı maddənin 1.8-ci bəndində əvvəllər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya qanunvericiliyini pozduğuna görə iki və daha çox inzibati məsuliyyətə cəlb olunduqda onların ölkəyə girişinə qadağa və məhdudiyyətlər tətbiq olunurdu. Deputat bildirib ki, amma indi təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, həmin inzibati məsuliyyətə görə tətbiq edilən cəriməni ödədikdə bu qadağa götürülür: "Buradan belə çıxır ki, ölkəmizə gələn əcnəbilər yaşama qaydalarını pozduğu halda müəyyən məbləğdə cərimə ödəyərək yenə də burada qalıb istədiyi davranışı davam elətdirə bilər. Bəzi xaricilər üçün bu məbləği ödəmək elə də çətin olmayacaq. Bu halda belə liberallaşma neqativ halların çoxalmasına gətirib çıxarmayacaqmı? Onsuz da mətbuatımızda, xüsusən də sosial şəbəkələrdə bəzi xarici turistlərin bizim ölkəmizdə özlərini artıq dərəcədə sərbəst aparmasına dair, xoşagəlməz hərəkətlərinə dair (məsələn xanımlarımıza qarşı) çoxsaylı şikayətlər və etirazlar nəzərə çarpır. Mənə elə gəlir ki, bu maddəyə bir əlavə də etmək lazımdır ki, əgər hansısa əcnəbi artıq bir dəfə cərimələnib və ikinci dəfə yaşama qaydalarını pozubsa onu respublikamızın hüdudlarından kənara çıxarmaq məqsədəuyğun olardı. Yoxsa ancaq cərimələrlə kifayətlənsək neqativ hallar çoxala bilər. Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin".
Qanun layihələri səsə qoyularaq qəbul edilib.
Bununla da Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başa çatıb. Sessiya dünən keçirilən ikinci iclasla işini yekunlaşdırıb. Spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.

Əli