“Azərbaycan hökumətinin insan alveri ilə mübarizəyə verdiyi dəstəyi yüksək qiymətləndiririk” Siyasət

“Azərbaycan hökumətinin insan alveri ilə mübarizəyə verdiyi dəstəyi yüksək qiymətləndiririk”

"Amerika Birləşmiş Ştatları Azərbaycanda insan alverinə qarşı mübarizə işinə sadiqdir. Biz Azərbaycan hökumətinin bu sahəyə verdiyi dəstəyi yüksək qiymətləndiririk".
Bu sözləri Qusarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Dövlət Miqrasiya Xidməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Qusarda 30 iyul - Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü münasibətilə birgə təşkil etdiyi konfransda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill deyib.
U. Gill bildirib ki, bu tədbir bütün tərəflər üçün fikir mübadiləsi baxımından yaxşı imkan oldu və bu müzakirələrin davam etməsini gözləyir.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin rəis müavini Samir Zeynalov çıxışında qeyd edib ki, Azərbaycanda bu problemin həlli istiqamətində bir çox işlər görülüb. 14 il ərzində həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə 1279 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb, 526 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Bununla yanaşı, 200-ə yaxın mütəşəkkil dəstə və cinayətkar qrup zərərsizləşdirilib, müəyyən edilmiş 853 insan alveri qurbanının cəmiyyətə reinteqrasiyası təmin olunub.