Moskvada erməni baş nazirə nələrsə “tam çatmayıb” Siyasət

Moskvada erməni baş nazirə nələrsə “tam çatmayıb”

Sentyabrın 1-də Rusiya prezidenti Soçidə Azərbaycan lideri İlham Əiyevlə görüşüb, bir həftə sonra isə Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Putin üçün Əliyevlə görüş daha məhsuldar olub – tərəflər müxtəlif sahələri əhatə edən 10-dan çox saziş imzalayıb. Ümumiyyətlə, hazırda Rusiya-Azərbaycan münasibətləri özünün bir növ, intibah dövrünü yaşayır.
Moskvanın Ermənistanla münasibəti dalana dirənməsə də, artıq o istiqamətə yön alıb. Bu ölkədə inqilab yolu ilə hakimiyyəti ələ keçirmiş deputat Paşinyan hazırda Putinin və Rusiyanın ünvanına "bəy tərifi" oxusa da, formalaşdırdığı hökumət kimi, özü də Qərbə meyl göstərir. Bu, artıq təkcə Kremli deyil, həm də Ermənistan əhalisinin əhəmiyyətli hissəsini, o cümlədən inqilaba dəstək vermiş elektoratı narahat etməyə başlayıb.
WorldMedia Rosbalt-a istinadən yazır ki, Paşinyanın hərəkətləri və qeyri-diplomatik bəyanatları ermənilər üçün azı dörd vacib məsələnin həllini sual altına qoyub. Söhbət bu ölkənin güzəştli şərtlərlə müasir Rusiya silahları ilə təmin edilməsindən, Azərbaycanla müharibə olarsa, Rusiyanın Ermənistana dəstək verməsi və onu qorumasından, Qarabağ münaqişəsinin Bakının deyil, Yerevanın xeyrinə həll olunmasından, keçmiş ölkə rəhbərliyi və onun yaxın ətrafına qarşı repressiyaların və həmin şəxslərin mülklərinin əlindən alınmasının dayandırılmasından gedir.
Rusiyanın rəsmi dairələri Putin ilə Paşinyanın görüşü haqda heç nə danışmır. Paşinyanın Moskvaya səfəri ərəfəsindən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov demişdi ki, tərəflər arasında həllini gözləyən xeyli məsələ var. Onun sözlərinə görə, Kreml "həm ikitərəfli formatda, həm də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlıqla bağlı açıq və ciddi söhbət gözləyir".
Bəs bu baş verdimi? Çətin. Sentyabrın 25-də Putin Bakıya, oradansa Yerevana uçacaq. Görünür, nələrsə danışılmayıb və ya razılaşdırılmayıb ki, onları təcili həll etmək lazımdır.
Yeri gəlmişkən, Paşinyan Rusiya prezidentilə görüşdən sonra KİV-lə ünsiyyətə həvəsli görünürdü. Lakin onun bu canfəşanlığı heç də Moskva ilə Yerevan arasında hər şeyin Ermənistanın baş nazirinin dediyi kimi, "çox gözəl" olduğuna dəlalət etmir.
Ekspertlər, siyasətçilər və KİV Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın görünməmiş miqyas aldığını iddia edir. Söhbət iki ölkə liderinin müntəzəm şəxsi əlaqələri, Bakıya ən yeni Rusiya silahlarının satılmasına dair müqavilələr, energetika, nəqliyyat, təhlükəsizlik sahələrində sıx əməkdaşlıq, Xəzərin satusuna dair sazişin bağlanması və s. gedir. Artıq əksər ekspertlər bu fikirdədir ki, Rusiyanın Cənubi Qafqazdakı yeganə və etibarlı müttəfiqi Azərbaycandır. Eyni zamanda, Qarabağ münaqişəsinə yalnız Moskvanın son qoya biləcəyi birmənalı olaraq söylənilir. Aydındır ki, Putin bu məsələni mütəmadi olaraq həm Əliyev, həm də Paşinyanla müzakirə edir. Üstəlik, yalnız Cənubi Qafqazın təhlükəsizliyi kontekstində yox, həm də Azərbaycan və Ermənistanla ortaq sərhədləri olan Rusiya, Türkiyə və İranın təhlükəsizliyi baxımından.
Lakin Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Qarabağ münaqişəsinin nizamlanması prosesində ləngimə başlayıb. Bu ölkənin keçmiş başçısı Serj Sarqsyan Paşinyandan daha üzüyola idi və məhz onun dönəmində münaqişənin mərhələli həllinə ümid yaranmışdı. Üstəlik, Sarqsyan "xalq hökumətinin başçısı"ndan fərqli olaraq, daha böyük siyasi və diplomatik təcrübəyə malik idi. Bu yerdə Paşinyanın Putinlə görüşdən dərhal sonra Qarabağla bağlı nə dediyini xatırlamağa dəyər. Onun sözlərindən belə çıxır ki, hətta Ermənistanın belə tanımadığı "Dağlıq Qarabağ Respublikası"nın "konstitusiyası"na görə, Azərbaycanın işğal olunmuş 7 rayonu da "DQR"in ərazisidir. O, güzəşt olmadan nizamlamanı mümkün saymır, lakin deyir ki, Bakının hər gün onları müharibə ilə təhdid ediyi, üstəlik Yerevanı və bütün Ermənistanı Azərbaycan ərazisi adlandırdığı bir şəraitdə danışıqları davam etdirmək istəmirlər. Paşinyan onu da deyib ki, "Qarabağ ətrafında istənilən təxribata sarsıdıcı zərbə ilə cavab verməyə" hazırdırlar. Bununla yanaşı, o, "DQR"in dı danışıqlara qatılmasını istəyir. Azərbaycansa bunun qəti əleyhinədir.
Bir sözlə, Putin Paşinyanın təkcə Azərbaycana qarşı yox, bütün ətrafa qarşı davakarlığının qarşısını ala bilməyib. Məlumdur ki, Moskva Ermənistanın Rusiyapərəst siyasət yürüdən keçmiş prezidentlərinin təqib olunmasından və KTMT baş katibinin həbsindən son dərəcə narazıdır. Guman ki, bu narazılıq Paşinyana da çatrıdılıb. Lakin o, hələ də israr edir ki, Robert Köçəryanla Serj Sarqsyan "siyasi meyit" olmalarına rəğmən, "qanun qarşısında cavab verməlidirlər".
Elə isə, Paşinyan inqilabdan sonra növbədənkənar parlament seçkisinin keçirilməsinə nədən cəsarət etmir? O niyə bunun "siyasi situasiyadan asılı olduğunu" deyir? Bəlkə "bir cüt meyit"in siyasi təsirindən qorxur?
O ki qaldı, erməni baş katibinin (onun səlahiyyət müddətinin başa çatmasına ilyarım qalırdı) təqibə məruz qaldığı KTMT-yə, Paşinyan bu məsələdə də dediyini deyir: təşkilatın yeni katibi də Ermənistan təmsilçisi olmalıdır! Yeri gəlmişkən, onun fikrincə, ölkəsi Azərbaycanın bu hərbi alyansa qəbuluna mane olmaq üçün "bütün rıçaqlara malikdir". Üstəlik, Paşinyanın KTMT-nin "effektivlikliyi"nə də iradları var.
"Görüşümüzün (Rusiya prezidenti ilə) yekunlarına əsasən deyə bilərəm ki, münasibətlərimiz çox yüksək, indiyədək görünməmiş dərəcədə yüksək səviyyədədir. Münasibətlərimizdə heç bir problem yoxdur" deyən Paşinyan eyni zamanda Rusiyaya "Ermənistanın daxili işlərinə qarışmaması" ilə bağlı eyham da vurub: "Qoy o, bizim silah təchizatımızı artırsın – təbii ki, güzəştli şərtlərlə".
Lakin Putinin Ermənistanın inqilabi baş nazirinin "daxili" adlandırdığı işlərə qarışmaq niyyəti olmasaydı, Paşinyanla görüşdən dərhal sonra çətin ki, Yerevana uçardı. Söhbət o Ermənistanın "daxili işlər"indən gedir ki, onun sərhədlərini Rusiya sərhədçiləri qoruyur, çox imtiyazlı şərtlərlə Rusiyadan silahı alır və nəhayət, Rusiya qazı ilə təmin olunur. Amma istənilən halda, bu dəfə Putini Yerevanda "yad"lar qarşılayacaq – Paşinyanın bütün hökuməti Qərbin qeyri-hökumət təşkilatları və fondları tərəfindən formalaşdırılıb. Beləliklə, Ermənistanda danışıqların necə alınacağını proqnozlaşdırmaq çətindir. Bir şeyi əminliklə təxmin etmək olar: Putin Yerevanın Qarabağ məsələsində ağlabatan güzəştlərə getməsinə, Kremlin tərəfdaşları sayılan siyasətçilərə və Rusiya biznesinə qarşı təqiblərə son qoyulmasına, Yerevanın Qərbə meyllənməsinin dayandırılmasına nail olmasa, tərəflər arasında müttəfiqlik münasibətləri dondurulacaq. Bu vəziyyətdə o vaxtadək davam edəcək ki, Rusiyadan tam asılı olan Ermənistan strateji tərəfdaşlıq üçün sadəcə sədaqət andı içməyin yetərli olmadığını, real iş də görməyin vacibliyini anlasın.
Bütün bunlarla yanaşı, Moskva Ermənistanı Qarabağ və Azərbaycanla da şantaj edə bilər. Bakı isə Yerevanın siyasi baxımdan arzuolunmaz vəziyyətlə üzləşməsindən mütləq istifadə edəcək.
Bir sözlə, Putin Yerevana Paşinyanın yaratdığı və bölgənin təhlükəsizliyinə təhdid olan xarici və daxili siyasi xaosun qarşısını almağa, Rusiyanın Cənubi Qafqaza təsirinin azalmasına yol verməmək üçün gedir. Görünür, Moskvada erməni baş nazirə nələrsə "tam çatmayıb".
Azərbaycana gəlincə, Əliyevlə görüşdən dərhal sonra Bakıya ediləcək səfər bir şeydən xəbər verir: İran, Suriya və Yaxın Şərq ətrafında gedən proseslər fonunda Bakı Rusiya üçün regional təhlükəsizlik sisteminin modernləşdirilməsi işində ciddi iştirakçısıya çevrilib. Üstəlik, ona Qarabağ probleminin də təsiri var. Görünür, indi maraqlı tərəflər Cənubi Qafqaz və Yaxın Şərqdəki münaqişələrin genişlənməsinin qarşısını almaq üçün sistem qurmağa çalışır. Putinin Əliyev və Ərdoğanla tez-tez görüşməsi, Ərdoğanın Azərbaycan liderilə daimi əlaqəsi, həmçinin bir çox məsələyə aydınlıq gətirə biləcək Rusiya, İran və Azərbaycan prezidentlərinin qarşıdakı sammiti və s. buna dəlalət edir.
Bir sözlə, "dəstək bazası"nın genişlənməsində Rusiya hazırda Azərbaycana üstünlük verir. Bu isə Ermənistanı çox qıcıqlandırır. Bakı ardıcıl davranır və öz suverenliyini gözləmək şərtilə, Rusiyanın maraqlarına toxunacaq addım atmır. Yerevansa bunun əksini edir. Məhz bu səbəbdən Putinin Ermənistan səfərinin tərəflərin birgə siyasi perspektivləri üçün məhsuldar olacağını gözləməyə dəyməz. Üstəlik, bu səfər yerli əhalini ayılda da bilər. Hər halda ölkədə nə vaxtsa parlament seçkisi də keçiriləcək.
Azərbaycanla isə strateji tərəfdaşlıq prinsiplərinin geniş geosiyasi mənada təsdiqlənəcəyi, enerji, nəqliyyat, hərbi-texniki və humanitar sahələrdə, həmçinin Xəzərdə əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyət üçün yeni imkanların üzə çıxacağı gözlənilir.
Və, təbii ki, Qarabağ. Putinin Azərbaycan və Ermənistana səfəri hər iki ölkədə genişmiqyaslı hərbi təlimlərdən sonraya təsadüf edəcək. Azərbaycan Ordusu tanklarla bir neçə istiqamətdən düşmənin müdafiə xəttinin yarılması, Ermənistanın Dağlıq Qarabağ ərazisindəki hərbi qruplaşmaları, ön xətdəki bölmələrinin darmadağın edilməsi, düşmən ərazisindəki hərbi və strateji obyektlərin məhvilə işğal altındakı rayonların azad edilməsi ssenarisini məşq edir. Bəs Ermənistan ordusu? O, müharibənin elan olunacağı təqdirdə keçirəcəyi əməliyyatlara hazırlaşır. Çox rəmzidir. Belə çıxır ki, kimin qalib gələcəyinə Putin qərar verəcək.