“ABŞ və Rusiya münasibətləri isti olmayacaq” Siyasət

“ABŞ və Rusiya münasibətləri isti olmayacaq”

"Argentinada baş tutan G20 sammiti əvvəlki, xüsusən də son illərdə təşkil edilənlərdən daha fərqli formada idi". Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. G20 sammitində ölkələr arasında gərginliyin müşahidə olunduğunu deyən ekspert bildirib ki, burada xüsusilə Rusiya və ABŞ-ı qeyd etmək olar.
O deyib ki, əgər əvvəlki dövrlərdə Rusiya və ABŞ prezidentləri arasında ən azı belə soyuq münasibətlər müşahidə olunmurdusa, son sammitdə prezidentlərin bir-biri ilə salamlaşmaması diqqət çəkən məqamlardan oldu: "Belə olan halda, G20 sammiti növbəti dövrlərdə də ABŞ və Rusiya münasibətlərinin heç də isti olmayacağından xəbər verir".
Vüqar Bayramov söyləyib ki, sammit çərçivəsində ABŞ ilə Çin arasında əldə olunan anlaşma çox mühüm məqam idi: "Anlaşma nəticə etibar ilə tariflərin tətbiq edilməməsi ilə yadda qaldı. Bu çox mühüm məqam idi və uzun müddət müzakirə edilən ticarət müharibələrinə son qoyulması deməkdir. Anlaşma reallaşarsa, bu kontekstdən praktik olaraq uzun müddət gündəmi zəbt edən iqtisadiyyat müharibəsi baş tutmaya bilər. Ticarət müharibəsinin baş tutmaması, qlobal iqtisadi artım baxımından çox vacibdir və qlobal iqtisadi artımı təşkil edən faktorlar deməkdir".
Ekspertin fikrincə, əgər anlaşmada nəzərdə tutulan öhdəliklər yerinə yetirilərsə və hər iki tərəf qarşılıqlı olaraq gömrük tariflərini tətbiq etmək fikrindən yayınarsa, bu, nəticə etibarı ilə birmənalı şəkildə uzun müddət gündəmi tutan qlobal ticarət müharibələrinin baş verməməsinə imkan verəcək.
Vüqar Bayramov vurğulayıb ki, G20 sammiti dünyanın aparıcı 20 ölkəsini bir araya yığdığı üçün burda müzakirə edilən məsələlər, qəbul edilən qərarlar dünya iqtisadiyyatı üçün vacibdir: "Düşünürəm ki, ən vacib məqam ticarət müharibələrinin baş verməməsi ilə bağlı anlaşmanın əldə edilməsi oldu. Güman olunur ki, bu bütünlükdə bazarlara, hətta neft bazarına təsir göstərə bilər, çünki iqtisadiyyat müharibələri və qlobal azalma baş verməyəcəksə biz yenidən neftə olan tələbin artmasını müşahidə edə bilərik. Bu fərqli bazarlara, xüsusilə əmtəə bazarlarına birbaşa təsir göstərən qərarlardır. Bu baxımdan G20-də baş tutan anlaşma reallaşarsa, biz yenidən qlobal iqtisadiyyatda böhran təhlükəsinin aradan qalxmasını müşahidə edə bilərik".