Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri dəyişib Siyasət

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri dəyişib

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib. İcmanın dünən keçirilən qurultayında 23 nəfərdən ibarət yeni idarə heyəti seçilib.
Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib. Asif Cahangirov isə idarə heyəti sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.
Qeyd edək ki, bu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayıdır. İndiyədək İcmanın rəhbəri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov idi.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.
2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib. İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.
İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərinin dəyişdirilməsi doğru qərardır: "Açıq demək lazımdır ki, Bayram Səfərov bu işin öhdəsindən gələ bilmirdi. Bu vəzifədə çevik şəxsə ehtiyac var. İcmamızın rəhbəri erməni separatçıları, Ermənistan hakimiyyəti, erməni lobbisi ilə mübarizədə güclü olmalıdır. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri həm açıqlama vermək, həm də üçüncü ölkələrdə ermənilərlə polemika aparmaq bacarığına malik olmalıdır. İcma rəhbərinin rus və ingilis dillərində sərbəst danışması da vacibdir. İnanmaq istərdim ki, Qarabağın azərbaycanlı icmasının rəhbəri üçün bütün lazım olan keyfiyyətlər Tural Gəncəliyevdə var. Ona gərgin və məsul fəaliyyətində uğurlar arzulayıram", - deyə politoloq vurğulayıb.