
“Cənab Prezident İlham Əliyevin Naxçıvana səfərinə yalnız Naxçıvanda görülən işlərin təqdimatı kimi baxmaq düzgün deyil. Bu səfərin arxasında daha böyük iqtisadi və geosiyasi məna var. Naxçıvan uzun illər blokada şəraitində yaşayıb. Bu gün isə həmin coğrafi mövqe yeni imkanların mənbəyinə çevrilmək üzrədir. Ulu Öndər Heydər Əliyevin Naxçıvana xüsusi diqqəti və qayğısı, Prezident İlham Əliyevin bu siyasəti ardıcıl şəkildə davam etdirməsi nəticəsində regionda son illərdə ciddi infrastruktur, enerji, sosial və iqtisadi layihələr həyata keçirilib. Bu layihələr Naxçıvanın təkcə daxili inkişafını deyil, onun Azərbaycanın regional iqtisadi sistemində rolunun dəyişməsini də şərtləndirir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
A.İbrahimov bu gün Naxçıvana başqa prizmadan baxmaq lazım olduğunu vurğulayıb: “Naxçıvan artıq yalnız blokada şəraitində yaşayan ərazi deyil. Qarşıdakı dövrdə o, Azərbaycanı Türkiyə ilə, Türkiyəni Mərkəzi Asiya və daha geniş türk dünyası ilə bağlayan mühüm iqtisadi və nəqliyyat platformalarından birinə çevrilə bilər. Burada TRİPP çərçivəsində kommunikasiyaların açılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Əgər nəzərdə tutulan nəqliyyat bağlantıları reallaşarsa, Naxçıvanın iqtisadi çəkisi əhəmiyyətli dərəcədə artacaq. Yükdaşımalar, logistika, ticarət, turizm və istehsal üçün yeni imkanlar yaranacaq. Naxçıvanın coğrafi təcridinin yaratdığı məhdudiyyət tədricən onun tranzit üstünlüyünə çevrilə bilər. Amma bir məsələni xüsusilə vurğulamaq istəyirəm: nəqliyyat dəhlizi öz-özlüyündə iqtisadi inkişaf yaratmır. Dəhlizdən istifadə edəcək istehsal və logistika infrastrukturu, investor, sahibkar və rəqabətqabiliyyətli məhsul olmalıdır. Ona görə Naxçıvanın növbəti mərhələsində əsas məsələ yollarla yanaşı, həmin yolların üzərində iqtisadi fəaliyyət yaratmaqdır. Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması mühüm addımdır. Lakin parkın uğuru onun ərazisinin böyüklüyü ilə deyil, cəlb etdiyi özəl investisiya, yaratdığı müəssisələr, iş yerləri, istehsal etdiyi məhsullar və ixrac göstəriciləri ilə ölçülməlidir. Naxçıvanın digər böyük üstünlüyü isə insan kapitalıdır. Regionun bacarıqlı, əməksevər və peşəkar əhalisi yeni iqtisadi modelin əsas dayağı ola bilər. Yeni müəssisələr yalnız Naxçıvanda iş yeri yaratmamalı, burada yaşayan insanların peşə və bacarıqlarından istifadə etməklə yüksək əlavə dəyər yaratmalıdır”.
Onun sözlərinə görə, enerji sahəsində baş verən dəyişikliklər də xüsusi əhəmiyyət daşıyır: “Naxçıvanın enerji idxalçısından enerji təminatını getdikcə daha çox öz daxilində formalaşdıran, gələcəkdə isə müəyyən imkanlar yaranacağı təqdirdə enerji ixrac potensialına malik regiona çevrilməsi iqtisadi baxımdan ciddi dönüşdür. Günəş enerjisi potensialından istifadə etməklə Naxçıvanda enerji təhlükəsizliyi ilə yanaşı, yaşıl sənaye və yeni investisiya imkanları da formalaşdırmaq mümkündür. Mən hesab edirəm ki, Naxçıvanın qarşısında indi tamamilə yeni iqtisadi mərhələ dayanır. Bu mərhələdə məqsəd yalnız dövlət investisiyalarını artırmaq olmamalıdır. Əsas hədəf özəl kapitalın cəlb edilməsi, istehsalın genişləndirilməsi, qeyri-neft ixracının artırılması, logistikanın inkişafı və əhalinin gəlirlərinin yüksəldilməsidir. Naxçıvanın yeni dirçəlişi məhz bu göstəricilərlə ölçülməlidir”.
İqtisadçı həmçinin bildirib ki, uzun illər blokadada qalan Naxçıvanın indi Şərqlə Qərb arasında formalaşan yeni nəqliyyat və iqtisadi xəritədə özünəməxsus mövqe qazanması tarixi fürsətdir: “Bu fürsəti real iqtisadi üstünlüyə çevirmək üçün dövlətin yaratdığı infrastruktur, regionun əlverişli coğrafiyası, enerji imkanları və ən əsası, Naxçıvanın bacarıqlı insanları vahid iqtisadi modeldə birləşdirilməlidir. Fikrimcə, cənab Prezidentin səfərinin əsas iqtisadi mesajı da məhz budur: Naxçıvan artıq yalnız dövlət dəstəyi alan region kimi deyil, investisiya cəlb edən, istehsal edən, tranzit imkanlarından gəlir əldə edən və regional bazarlara çıxan iqtisadi mərkəz kimi inkişaf etməlidir. Naxçıvan üçün yeni dirçəliş dövrü başlayır. İndi əsas məsələ bu yeni eranı real iqtisadi nəticələrə çevirməkdir”.
Röya İsrafilova