“Gələn il Nikol Paşinyan üçün çətin olacaq” Siyasət

“Gələn il Nikol Paşinyan üçün çətin olacaq”

Elxan Şahinoğlu: "Çünki onun qarşısında çox ciddi problemlər var"

Ermənistanda maraqlı proseslər baş verir. Ermənistanda sosial şəbəkələrdə yer alan xəbərlərdə Xankəndini yenidən etiraz dalğasının bürüdüyü bildirilir. Artıq bir neçə gündür şəhərin mərkəzi küçələrində müxtəlif təbəqələrdən olan əhalinin iştirakı ilə mitinqlər, etiraz aksiyaları və yürüşlər keçirilir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə xüsusi təyinatlı dəstələri Xankəndiyə göndərsə də, görülən tədbirlər Ermənistan ictimaiyyətindən gizlədilir. Xəbərlərdə qeyd edilir ki, görünür, Nikol Paşinyan Yerevanda nail olduğu məqsədinə burada da çatmaq və "Qarabağ klanı"nı hakimiyyətdən birdəfəlik uzaqlaşdırmaq fikrindədir.
Politoloq Elxan Şahinoğlu bildirib ki, həqiqətən də üzümüzə gələn il Nikol Paşinyan üçün çətin olacaq. Çünki onun qarşısında çox ciddi problemlər var: "Birinci problem isə Dağlıq Qarabağ münaqişəsidir. Əgər Paşinyan bu istiqamətdə hər hansı müsbət addım atmasa, aydındır ki, cəbhə bölgəsində vəziyyət yenidən gərginləşəcək. Bu birinci problemdir. İkincisi, iqtisadiyyatı düzəldə bilməyəcək. Çünki bunun üçün resurslar yoxdur. Heç kim Ermənistana pul vermək istəmir. Üstəlik Paşinyan son aylarda Qərbdən pul ala bilməyib. Bundan sonra da ala bilməyəcək. Rusiya isə Nikol Paşinyana pul vermir. Üçüncü məsələ isə xarici siyasət kursudur. Nikol Paşinyanın xarici siyasət kursuna ciddi korrektələr etmək istədiyi hiss olunur. Çünki o, Rusiya ilə müəyyən məsafələr saxlamaq istəyir. Aparılan sorğular da göstərir ki, insanlar Rusiyadan narazıdırlar. Rusiyanın qulu olmaq istəmirlər. Ancaq buna baxmayaraq, İrəvan Moskvadan asılıdır. Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq istəsə problemləri artacaq. Bunu da nəzərə almaq lazımdır. Bu baxımdan düşünürəm ki, ilin ilk rübündə Paşinyanın problemləri artacaq. O zaman orada müəyyən təlatümlər də ola bilər.
Politoloqun sözlərinə görə, Ermənistanda baş verənləri araşdırarkən özümüz üçün hər hansı müsbət və ya mənfi tendensiya axtarmamalıyıq. Yəni, biz öz yolumuzla getməliyik. Paşinyanın Qarabağdakı separatçıları ilə münaqişə həddinə gəlib çatacağını və bundan öz maraqlarımızı təmin etməyimizi gözləməməliyik: "Bütün hallarda Ermənistanı zəiflətmək siyasətini gücləndirməliyik. Bu aydın məsələdir. Nikol Paşinyan gələcək aylarda heç bir addım atmasa, biz özümüz cəbhə bölgəsində istər-istəməz onun problemlərini artırmalıyıq. Onun Qarabağ separatçılarının rəhbəri ilə münasibətlərinin normal olub-olmaması da bizi bu mənada maraqlandırmamalıdır. Biz öz yolumuzla getməliyik. Bu o demək deyil ki, biz hərəkət etməyəcəyik. Doğrudur, Ermənistanda baş verənləri diqqətlə izləməliyik. Orada baş verənləri öz mənafelərimiz baxımından istifadə etməyi bacarmalıyıq. Köçəryan və Sarkisyandan torpaqlarımızın qaytarılmasını tələb edərkən Ermənistanda daxili vəziyyətin necəliyinə baxmırdıq. Amma hər halda, 20 ildən sonra Ermənistanda yeni şəxs hakimiyyətə gəlib. Həmin adam isə Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etməyib. Bu da Ermənistan və danışıqlar prosesi üçün müəyyən situasiya yaradır. Paşinyan bölgədə sülh olmağını istəyirsə, addım atmalıdır. Münaqişə həll edilərsə, Ermənitanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşa bilər. Yəni, regional əməkdaşlıq, əlaqələrin bərpası üçün işğala son qoyulmalıdır. Əgər Paşinyan Ermənistanı inkişaf etdirmək istəyirsə, bu addımları atmağa məcburdur. Əks halda onu da Sarkisyanın taleyi gözləyəcək".
Politoloq Cümşüd Nuriyev diqqətə çatdırıb ki, ümumiyyətlə Nikol Paşinyan Ermənistanda hakimiyyətə necə gəlibsə, elə də gedəcək. Politoloqun sözlərinə görə, bütün hallarda Paşinyan guya rəngli inqilab üstündə gəlib. Onun hakimiyyətdən getmə ehtimalı 2019-cu ildə baş tuta bilər. Bu proseslər yəqin ki, may ayından sonra baş verəcək. Amma hadisələrin gedişi göstərir ki, əvvəlki hakimiyyət elə-belə təslim olmaq istəmir. Çünki onların maliyyə imkanları böyükdür. Eyni zamanda onların cəmiyyətdə hələki müəyyən gücləri var. Ona görə də bu qarşıdurma bütün hallarda Paşinyanın xeyrinə deyil. Ümumiyyətlə Paşinyan siyasətçi deyil. Yəni o küçədən gəlmiş bir adamdır və yəqin ki, elə küçəyə də gedəcək. Hadisələrin gedişi Paşinyanı hakimiyyətdən tez yıxa bilər. Amma mən bunu may ayından tez gözləmirəm".
Politoloq Vasif Əfəndiyev bildirib ki, Ermənistanda parlament seçkilərindən sonra siyasi vəziyyət stabilləşmir: "Məğlub olan "Qarabağ klanı" ilə qalib Paşinyan tərəfdarları arasında gərgin mübarizə davam edir. Rusiyapərəst "5-ci kalon" öz varlıqlarını qoruyub saxlamaq üçün yenidən hərəkətə keçməyə məcburdur. Rusiya da öz layihəsi olan bu qüvvəyə dəstəyini əsirgəməyəcək". Onun sözlərinə görə, Paşinyanın tam qələbəsindən sonra bu klanın üzvlərinin cəzalandırılacağı da şübhəsizidir: "Respublikaçılar partiyasının mətbuat katibi Edurad Şarmazanovun "top-10" siyahısı bəzi həqiqətləri ortaya qoysa da bu faktlar Ermənistanın yenidən həyatda qalması üçün məcburi addımlardır. Xüsusən də Dağlıq Qarabağala bağlı məsələdə Paşinyanın güzəştə getməsi qaçılmazdır. Həmçinin təpədən dırnağa qədər korrupsiyalaşmış bir sistemi qəbul olunmuş demokratik qanunlarla və istəklə dəyişmək mümkünsüzdür. Bundan ötrü ilk növbədə çoxlu maliyyə və dəstək lazımdır. Bu təzyiqlərin qarşısında davam gətirməyən Paşinyan bu gün Moskvaya nəzərdə tutulmamış səfərə yollanıb. O bu səfər nəticəsində Putinə müəyyən güzəştlər barədə söz verəcəyi gözlənilir. Lakin bütün bunlar blefdir. Nə Ruisya öz təyiqini dayandıracaq, nə də Paşinyan qərbyönümlü siyasətindən əl çəkəcək. Artıq Paşinyan hökuməti Avropa ittifaqı ilə çoxsaylı müqavilələr imzalamaq barədə hərəkətə keçib. Yaxın zamanlarda Avropa Birliyi ölkələri ilə viza reyiminin qaldırılması sənədləri imzalanacaq. Bunun ardından qərb dairələri Ermənistan iqtisadiyyatını avropa standartlarına uyğunlaşdırmaq üçün qərbdən 50 milyard dollara qədər yatırım və ya yardım almaq planlarını həyata keçirməyə çalışacaq".

Əli