Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səlahiyyətləri artırılıb Siyasət

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səlahiyyətləri artırılıb

Qüdrət Həsənquliyev: "İdarənin regionlarda şöbələri yaradılmalıdır"
"Bu halda korrupsiya ilə daha effektli mübarizə aparmaq mümkün olacaq"

Milli Məclisin dünənki iclasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rəisinin və müavinlərinin təsnifat statusu, rəisin və idarənin səlahiyyətlərinin artırılması ilə bağlı layihələr müzakirəyə çıxarılıb.
Layihələr barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Prokurorluq haqqında" qanunlara əlavə və dəyişikliklər təklif edilir.
"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunun 10-cu maddəsinə təklif olunan dəyişikliyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rəisinin təsnifat statusu artırılaraq ikinci təsnifata - baş prokurorun müavinləri ilə eyni təsnifata daxil edilir. İdarənin müavinləri və idarə rəislərinin təsnifatı isə Baş Prokurorluğun idarə və müstəqil şöbə rəislərinin, hərbi prokurorun müavinlərinin mənsub olduğu üçüncü təsnifata yüksəldilir.
Qanuna təklif olunan 18.3.2-1-ci maddəsinə əsasən, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin səlahiyyətləri artırılır. Yeni maddəyə əsasən, idarənin işçilərinə rütbələrin verilməsi ilə bağlı təqdimatı artıq idarəsi rəisi özü edəcək (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir). "Prokurorluq haqqında" qanunun 8-ci maddəsinə təklif olunan əlavəyə görə də baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi adlanır və prokurorluğun sistemi və təşkili siyahısına daxil edilir. Eyni zamanda qanuna baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və onun rəisinin səlahiyyətlərinin artırılması ilə bağlı 11-1-ci maddə təklif olunur. Əlavəyə əsasən, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ixtisaslaşdırılmış prokurorluq orqanı olmaqla, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxacaq, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edəcək və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayacaq, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə baş prokuror qarşısında məsələ qaldıracaq. İdarə öz fəaliyyəti barədə baş prokuror vasitəsilə Azərbaycan prezidentinə və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına mütəmadi məlumat verəcək. Qeyd edək ki, hazırda bu məlumatlar yalnız sorğu əsasında həyata keçirilir.
Qanun layihələrilə bağlı müzakirələr zamanı çıxışında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Korrupsiya Qarşı Mübarizə idarəsi Milli Məclisə hesabat verməlidir. Onun sözlərinə görə, yalnız bir idarə ölkədəki korrupsiya halları ilə mübarizə apara bilməz: "Korrupsiya İdarəsinin regionlarda şöbələri yaradılmalıdır. Məncə belə şöbələr yaradılsa ölkədəki korrupsiya ilə bağlı daha effektli mübarizə aparmaq mümkün olacaq. Necə ki, müvafiq ixtisaslaşmış məhkəmələr regionlarda yaradılıb, hesab edirəm ki, qanunun bu prokurorluq haqqında qanunun 8-ci maddəsi buna imkan verir. Orada qeyd olunur ki, Baş Prokurorluq digər prokurorluq da yarada bilər. Orada "hərbi ixtisaslaşmış prokurorluq" sözündən "hərbi" sözünün çıxarılaraq "ixtisaslaşdırılmış prokurorluq" qoyulmasını təklif edirəm. Məsələn, Lənkəranda, Şəkidə baş idarənin müvafiq idarələri yaradılsa, daha effektli olacaq. O zaman korrupsiyaya qarşı mübarizəni daha effektli aparmaq olar".
Millət vəkili daha sonra bildirib ki, son vaxtlar ona çoxlu sayda müraciət olunur: "Bəzi özəl ali məktəblərdə 20 nəfərdən 17 nəfəri imtahanlarda kəsilir. Onları 4-cü kursa qədər kəsirlə aparırlar. Sonuncu kursda isə 4 il müddətdə təhsil aldıqları müddətdə ödədikləri təhsil haqqından 4-5 dəfə çox rüşvət alırlar. Onları diplom verməməklə qorxudurlar. Hesab edirəm ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu məsələnin araşdırılması istiqamətində müvafiq əməliyyat tədbirləri təşkil olunmalıdır. Necə ola bilər ki, bir qrupda 17 nəfər kəsilsin? Yoxsa korrupsiya TQDK-dadır ki, onların hamısı müvafiq qaydada universitetə daxil olublar? Ya da tədris müəssisəsi məqsədyönlü şəkildə bunu təşkil edir. Axırda da həmin tələbələrin valideynləri belə bir problemlə üz-üzə qalırlar".