Radikalların mitinqinə niyə icazə verilmədi? Siyasət

Radikalların mitinqinə niyə icazə verilmədi?

Aydın Quliyev: "Bu qərar heç bir halda sərbəst toplaşmanın məhdudlaşdırılması kimi yozula bilməz"

"Aksiyaya icazə verilməməsinin hakimiyətin belə aksiyalardan narahat olması, çəkinməsi və ya qorxması amili ilə bağlanması əsassızdır. Bunu sübuta yetirən əsas fakt odur ki, ən yaxşı halda bu aksiyalara toplanan 2-3 min nəfər heç bir halda siyasi nöqteyi-nəzərdən hakimiyyət üçün təhlükə mənbəyi ola bilməz".
Bunu müxalif qüvvələrin 23 fevralda planlaşdırdıqları aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən icazə verilməməsi barədə danışan siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, rəsmi icra orqanları növbəti mitinqə icazə verilməməsi qərarını çox ciddi faktlarla, qanunvericilik normaları və təhlükəsizlik aktları ilə əsaslandırdıqları halda aksiya təşkil edən qüvvələr yalnız və yalnız özlərinin siyasi qrup maraqlarından və ambisiyalarından çıxış edirlər:
"23 fevralda planlaşdırılan aksiyaya icazənin verilməməsi məhz mövcud qanunvericilik əsasında icra edilib. Tamamilə doğrudur ki, ötən aksiyalarda baş vermiş qanun pozuntularının, vətəndaşların rahatlığının, asayişin pozulması halları ilə bağlı məsələlərin araşdırılmasının hələ başa çatmadığı bir vaxtda növbəti aksiyanın keçirilməsi yolverilməzdir. Mən şəxsən gözləyirdim ki, aksiya təşkilatçıları əvvəlki aksiyada yol verilmiş hüquq pozuntularının sona qədər araşdırılması üçün dövlət orqanları ilə əməkdaşlıq edəcəklər, onlara dəstək olacaqlar, bu pozuntular tamamilə araşdırılandan sonra yeni aksiyalara qərar verəcəklər. Amma radikal qüvvələr başqa taktika seçdilər. Baş vermiş qanun pozuntularının araşdırılması əvəzinə, yeni qanun pozuntularının baş verməsinə münbit şəraitin və gərginliyin yaranmasına səy göstərdilər. Ona görə də hökumət orqanlarının bu aksiyaya icazə verməməsi mövcud şəraitin diqtə etdiyi bir qərardır. İnsanların, dövlətin təhlükəsizliyinə və asayişin qorunması tələblərinə tamamilə uyğun olan qərardır".
Eksper vurğuladı ki, bu qərar heç bir halda sərbəst toplaşmanın məhdudlaşdırılması kimi yozula bilməz. Eyni zamanda, bunu hakimiyyət orqanlarının nədənsə qorxub-çəkinməsi kimi əsassız siyasi yozumun obyektinə də çevirmək olmaz. Bu, qanunçuluğun, dövlət təhlükəsizliyinin, asayişin qorunması və insanların sərbəst toplaşmaq hüququ arasında balans yaratmaq tələbindən ortaya çıxan optimal bir qərardır".
Qeyd edək ki, müxalifətin fevralın 23-nə təyin etdiyi mitinqə BŞİH razılıq verməyib. Çünki yanvarın 19-da müxalifətin keçirdiyi mitinqdə ictimai asayişin pozulması, mitinq iştirakçılarının nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanuni tələblərinə müqavimət göstərilməsi faktlarının araşdırılması hələ başa çatmayıb.
Görünür, mitinqin təşkilatçıları belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç bir məsuliyyət götürmürlər və ya bunda maraqlı deyillər.
Belə olan halda, BŞİH hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir və hüquq mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi məqsədəuyğun sayır.