“Leyla Yunus əməllərinin nəticələrini görür” Siyasət

“Leyla Yunus əməllərinin nəticələrini görür”

Fəzail Ağamalı: "Həhayət, Azərbaycanın hüquqi qaydaları Lelya Yunusa da tətbiq olunmağa başladı"
Aydın Mirzəzadə: "Mənə dostunun kim olduğunu de..."

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusa və həyat yoldaşı Arif Yunusova qarşı ittiham elan olunub. Bu barədə vəkil Cavad Cavadov bildirib. O, qeyd edib ki, Lelya Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), A.Yunusov isə 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər. Vəkilin sözlərinə görə, istintaq Arif Yunusovdan başqa yerə getməməklə bağlı iltizam alıb. Leyla Yunus isə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi rayon məh0kəməsinə aparılıb.
Qeyd edək ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunusov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar. Baş Prokurorluq bəyan etmişdi ki, Leyla Yunus və əri Arif Yunusov istintaqa gəlməyəcəkləri tədqirdə, barələrində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Millət vəkili Fəzail Ağamalı deyib ki, Leyla Yunus əməllərinin konkret nəticələrini artıq görür. Fəzail Ağamalı qeyd edib ki, nəhayət, Azərbaycanın hüquqi qaydaları Lelya Yunusa da tətbiq olunmağa başladı: "Bunu mən müsbət qarşılayıram. Dünənki açıqlamalarda da bəlli oldu ki, bir sıra maddələrlə onun haqqında cinayət işi qaldırılıb. Leyla Yunusun qadına yaraşmayan hərəkətlərinə və arxasında dayanan erməni lobbisinə görə onun haqqında Azərbaycanın qanunları çərçivəsində konkret addımlar atılmalı idi və nəhayət, atıldı". Millət vəkili əlavə edib ki, bu, hər kəs üçün örnək olmalıdır və kimliyindən asılı olmayaraq, hər bir kəs qanun qarşısında, qanunun aliliyi qarşısında cavab verməlidir.
Millət vəkili Məlahət İbrahimqızı deyib ki, Azərbaycanı sevməyən xarici qüvvələr Azərbaycana nə qədər ziyan vurublarsa, Leyla Yunus onlardan bəlkə də 10 dəfə artıq ziyan vurub. Məlahət İbrahimqızı qeyd edib ki, Leyla Yunus hər zaman xaricdə, beynəlxalq təşkilatlarda Azərbaycanın imicinə ziyan vurmağa çalışıb: "Azərbaycanın beynəlxalq səviyyədə çox yüksək imici var. Azərbaycanın imici olmasaydı, Azərbaycan dövlətinə etibar etməsəydilər, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana 150-dən artıq ölkə səs verməzdi. Bu, çox böyük nailiyyətdir və dövlətimizə, dövlət başçısına olan münasibətdir. Amma Leyla Yunus Azərbaycanda ictimai fəaliyyətə başlayandan onun missiyası öz millətinə, dövlətinə böhtan atmaq olub. Bir adam ki, öz ana dilində danışa bilmir və deyir ki, mən Azərbaycan dilini ancaq pis sözlər demək üçün istifadə edirəm, yəni bir adam ki, öz ana dilinə həqarət edir, ondan nə gözləmək olar?"
Millət vəkili əlavə edib ki, Leyla Yunus Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Müdafiə Nazirliyində işləyərkən də casusluq fəaliyyəti ilə məşğul idi: "Leyla Yunus öz vətəninə, öz xalqına xəyanət edirdi. Elə torpaqlarımızın işğal edilməsində də Leyla Yunusun böyük xidmətləri var. Mən hüquq mühafizə orqanlarının işinə qarışa bilmərəm, onlar özü hər şeyi çox yaxşı bilir. Hesab edirəm ki, Leyla Yunusun hansı əməlində cinayət işi varsa, araşdırılacaq və qanun çərçivəsində layiqli qiymət veriləcək".
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, Leyla Yunus haqqında 3 aylıq həbs qəti-imkan tədbirinin seçilməsi dünən Azərbaycanın əsas xəbərləindən biri oldu. YAP rəsmisi bildirib ki, Leyla Yunusun rəsmi vəzifəsi olmasa da, bu xanım ölkədə yaxşı tanınır: "Özünü hüquq müdafiəçisi kimi təqdim etməyə çalışsa da, indiyə qədər onun konkret nə işlə məşğul olduğunu demək çox çətindir. Leyla Yunus 1992-93 illərdə AXC-Müsavat hakimiyyətənin əsas fiqurlarından biri idi və bir illik hakimiyyət Azərbaycanı vətəndaş müharibəsi və müstəqilliyini itirmək həddinə gətirib çıxardı. Hakimiyyətdən getdikdən sonra yoxa çıxan Yunus ara-sıra meydana çıxaraq radikal və təhrikçi addımları ilə özünü yada salmağa çalışırdı. Ən əsası isə ölkə daxilində və xaricində öz çağırışları ilə Azərbaycana qarşı sərt addımların atılmağını tələb edirdi. Bu çağırışların Ermənistanın çağırışları ilə üst-üstə düşdüyünün isə açıq-aydın görmək olardı. Leyla Yunus Azərbaycanın Avropa Şurasına qəbulunun, Azərbaycanda "Avroviziya" mahnı yarışmasının keçirilməsinin əleyhinə idi, eləcə də o, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının keçirilməsinin əleyhinədir. Tək əleyhinə olsaydı məsələyə diqqət etməmək olardı. O, QHT yaradır və onu dövlət qeydiyyatına keçirməkdən imtina edir. Əlbəttə bunu etsəydi, onda xaricdən aldığı böyük məbləğdəki qrantlar barəsində rəsmi hesabat verməli olardı. Ancaq o, yaddan çıxarırdı ki, bu artıq qanunsuz sahibkarlıq fəaliyyətidir. O, QHT yaradır və nədənsə ən sıx əlaqələrini Ermənistanın QHT-ləri ilə yaradır. Sadəcə əlaqələr də problem yaratmır, ancaq bu fəaliyyətin qaranlıq tərəflərinə dair isə Azərbaycanın hüquq-mühafizə orqanlarının artıq müəyyən sualları var. O, QHT yaradır və onu gah siyasi cəbhədə, gah insan hüquqları sahəsində istifadə etməyə çalışır. Ancaq bu fəaliyyət hətta bu sektorun tanınmış nümayəndələri tərəfindən qəbul edilmirdi. Çünki, onu ancaq Azərbaycan əleyhinə fəaliyyət maraqlandırırdı, kolleqaları isə onun bu xüsusi marağında müttəfiq olmaq istəmirdilər. Leyla Yunusun istintaqa çağırışlara məhəl qoymaması və istintaqda olan faktlar onun qısa müddətə saxlanmasına səbəb oldu.
İndi isə bəzi müxalifət partiyaları onun müdafiəsinə qalxırlar. Diqqəti çəkən odur ki, onlar da Leyla Yunusla vaxtı ilə bir siyasi komandada idilər. Ola bilsin ki, onların Yunusun ittiham edildiyi məsələlərdə birbaşa iştirakı yoxdur, ancaq necə deyərlər "mənə dostunun kim olduğunu denən...".

Əli