“Rusiyanın aktivliyi təsadüfi deyil” Siyasət

“Rusiyanın aktivliyi təsadüfi deyil”

Əli Hüseynli: "Bəziləri haqq-ədalətin Azərbaycan tərəfində olduğunu desələr də, bizi müdafiə etməkdə çətinlik çəkirlər"

"Biz artıq görürük ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı real səylər və görüşlər məhz Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir. Qərbin Azərbaycanda enerji maraqları olmasaydı, çətin ki, bu məsələ ilə maraqlanardılar".
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə. Hüseynli bildirib ki, ABŞ-da və Avropada Dağlıq Qarabağ mövzusunda söhbət edəndə rəsmilər erməni lobbisinin gücündən danışırlar, bəziləri haqq-ədalətin Azərbaycan tərəfində olduğunu desələr də, Azərbaycanı müdafiə etməkdə çətinlik çəkirlər: "Yaxşı ki, son illər Azərbaycan prezidentinin həyata keçirdiyi qətiyyətli hücum siyasəti nəticəsində vəziyyət dəyişməyə başlayıb. Sırf Soçi görüşündən danışdıqda, Azərbaycan rəsmiləri tərəfindən bu görüş pozitiv dəyərləndirilib. Ən vacibi isə odur ki, döyüş bölgəsində son gərginlik zamanı Ermənistan layiqli cavabını aldı və böyük itkilər verdi. Ermənistan tərəfi üçün tam aydın olmalıdır ki, indiki şəraitdə heç kim, o cümlədən Rusiya özünün regionda strateji maraqlarını və tərəfdaşını Ermənistana qurban verməyəcək. Onların Azərbaycanla təkbətək nə hərbi, nə də iqtisadi sahədə mübarizədə davam gətirə bilməyəcəyi artıq hamıya məlumdur. Bunu son günlər hətta rusiyalı ekspertlər belə söyləyiblər".
Azərbaycan və Rusiyanın dövlətlərarası münasibətlərinə toxunan Ə.Hüseynlinin sözlərinə görə, baxmayaraq ki, orada da ermənilər müəyyən mövqeyə malikdirlər, amma qərarların qəbulunda son söz ölkənin siyasi rəhbərliyindədir: "Rusiya ilə Azərbaycan arasında, o cümlədən dövlət başçıları arasında mövcud olan etimad məsələlərin həllinə öz təsirini göstərməkdədir. Hətta vaxtilə anti-Azərbaycan fikirləri ilə seçilən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin belə son dövrlər fikirlərini korrektə etməsi bir tərəfdən Azərbaycanın regionda artan imicinin və prezident İlham Əliyevin şəxsi nüfuzunun təsirindən, digər tərəfdən isə sözsüz ki, bu məsələyə Rusiya prezidenti Vladimir Putinin baxışından irəli gəlir. Bu baxımdan Dağlıq Qarabağ konfliktinin həllinin indiki mərhələsində Rusiyanın aktivliyi təsadüfi deyil".
Ə. Hüseynli bildirib ki, ənənəvi olaraq Rusiya Ermənistanın himayədarı kimi tanınsa da, artıq XXI əsrdə dünya xəritəsində çox şey dəyişib: "Ermənilər Rusiya üçün ukraynalılardan da yaxın olmayacaq. Azərbaycan-Rusiya münasibətlərinə 1990-cı illərin əvvəllərində həm Azərbaycanda, həm də Rusiyada rəhbərlikdə olan şəxslərin yarıtmaz siyasəti nəticəsində ciddi zərər dəyib. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə vəziyyət bizim xeyrimizə dəyişməyə başladı. Müasir dövrdə isə ümumiyyətlə, münasibətlərimiz keyfiyyətcə yeni mərhələdədir. Bu gün Azərbaycanın müstəqil, suveren və iqtisadi baxımdan güclü dövlət olmasına rəsmi Rusiya ehtiramla yanaşır və məhz bu faktorlara görə Azərbaycanı strateji tərəfdaş gözü ilə görür".
Əli Hüseynli bir çox beynəlxalq təşkilatların ikili mövqe sərgilədiklərini diqqətə çatdırıb: "Təəssüf ki, Qərbin bir sıra dairələri, bəzən də xüsusi xidmət orqanları tərəfindən idarə olunan beynəlxalq fondlar və QHT-lər təkcə Azərbaycanda yox, digər ölkələrdə də bu cür qanunsuz fəaliyyətlə məşğuldur. Belə təşkilatlardan Ermənistanın işğalı nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının müdafiəsini gözləmək, buna çağırışlar etmək əbəsdir".
Komitə sədri Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın "siyasi məhbuslarla" bağlı məsələlərin müzakirəsi üçün hökumət və QHT-lərdən ibarət işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş etməsinə də aydınlıq gətirib: "Əgər ümumi siyasi qərar olarsa, bunu etmək mümkündür. Bununla yanaşı, milli və beynəlxalq QHT-lər, o cümlədən beynəlxalq təşkilatlar milli məhkəmə-hüquq sisteminin qərarlarına hörmətlə yanaşmalıdırlar. Biz hüquqi və cinayət təqibi problemlərinin hüquqi mexanizmlər ilə həll olunmasının vacibliyini qəbul etməliyik, bu cür məsələləri uzun-uzadı siyasi diskussiyalara çevirmək lazım deyil".
Əli Hüseynli bəzi beynəlxalq təşkilatların Azərbaycanda tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev və digərlərinin həbslərinə reaksiyalarına cavab verib.
O bildirib ki, əslində onları "tanınmış" edən elə həmin beynəlxalq təşkilatlardır: "O təşkilatlar ki, qeyri-şəffaf yollarla onlara qrantlar ayırıb, müxtəlif növlü, o cümlədən Azərbaycan əleyhinə fəaliyyətə yönəldiblər. Bəziləri xəyanətkar, bəziləri isə zəif iradəli olan belələri nəhayət ki, qanun qarşısında cavab verəcəklər. Onlar necə hüquq müdafiəçiləridirlər ki, heç özlərini müdafiə edə bilmirlər?"