Qarabağda Rusiyanın önünə keçmək təşəbbüsü Siyasət

Qarabağda Rusiyanın önünə keçmək təşəbbüsü

Vaşinqton və Paris münaqişənin həllini istəyir, yoxsa sadəcə Rusiyaya "biz də varıq" mesajı verir?

Cavid

NATO-nun Uels sammiti çərçivəsində ABŞ dövlət katibi Kerrinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Fransa da növbəti görüş təşəbbüsü göstərib.
Minsk qrupunun üç üzvündən ikisinin - ABŞ və Fransanın Qarabağ münaqişəsinin həlli ilə bağlı münaqişə tərəfləri prezidentlər səviyyəsində görüş təşəbbüsü heç də təsadüfi deyil. Amma qrupun digər üzvü - Rusiyanın ABŞ və Fransanın bu təşəbbüsünü heç vaxt həzm etməyəcəyi aydındır. Xüsusilə də Qərblə Rusiya arasında Ukraynadakı savaş ucbatından böhranın dərinləşdiyi bir ərəfədə...
NATO-nun Zirvə toplantısı çərçivəsində ABŞ dövlət katibinin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistanın prezidentlərinin görüşündən əvvəl Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" hesabında qeyd etmişdi ki, ABŞ dövlət katibi Con Kerri Qarabağ danışıqlarda vasitəçilik missiyasını öz üzərinə götürməyə hazırdır. Azərbaycan və Ermənistan prezidentlərinin NATO sammiti zamanı gerçəkləşən görüşündə isə Con Kerri Qarabağ münaqişəsi ilə bağlı narahatlığını ifadə etdi.
ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar hesab edir ki, müharibənin dayandırılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması iki ölkənin xalqlarına sülh və əmin-amanlıq gətirəcək, Cənubi Qafqaz regionunda stabilliyi təmin edəcək.
Bütün məsələləri nəzərə alaraq, Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətinin sülhə hazırlaşdırılması üçün əlavə təbdirlər görməyə çağırıb.
İllərdən bəri Azərbaycanın Dağlıq Qarabağ probleminə ikili standartlar çərçivəsinə yanaşan ABŞ-ın gərgin Rusiya-Qərb münasibətləri fonunda münaqişənin həllinə bu qədər diqqət ayırması maraq doğurur.
Ekspertlər hesab edirlər ki, ABŞ-ın bu məsələdə aktiv görünməsi heç də təsadüf deyil. Birləşmiş Ştatların Qarabağ planının pərdəarxasında Rusiya dayanır. Belə ki, ABŞ və Qərbin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyi məqamda Qarabağ məsələsinin gündəmə gətirilməsi Moskvanı zəiflətmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
Bəs gerçəkdə ABŞ-ın münaqişə ilə bağlı fəallığının səbəbi nədir? Milli Məclisin təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib ki, Con Kerrinin israrlı xahişi ilə prezidentlərin görüşünün NATO-nun Zirvə toplantısı çərçivəsində reallaşması öz-özlüyündə istər ABŞ-ın, istərsə də Qərbin Qarabağ məsələsinə yanaşmasının dəyişdiyini sübut edir: "İllərlə Rusiyaya bu məsələdə əsas təşəbbüsü verməklə razılaşan Amerika hazırki dönəmdə Ukrayna ətrafındakı məlum qarşıdurma fonunda qonşu ilə çox ağır və ciddi siyasi-iqtisadi müharibə vəziyyətindədir. Belə olan təqdirdə mümkündür ki, Qafqaz cazibədar bir məkan kimi təzədən revanş götürməyə görə, Qərbin diqqətini cəlb etmiş olsun.
Xatırladaq ki, 2008-ci ildə avqustun 8-də Rusiya və Gürcüstan arasındakı məlum toqquşmadan sonra Azərbaycan və Ermənistan prezidentlərinin 11-12 dəfə bir araya gəlməsi məhz Rusiya dövlətinin rəhbərlərinin təşəbbüsü və birbaşa iştirakı ilə keçirilirdi. Amerikanın təmsilçiləri o zaman sanki seyrçi idi və burada ümumi müşahidəni həyata keçirirdilər.
İndi isə ABŞ Con Kerri səviyyəsində bu məsələyə müdaxilə edirsə və böyük sülh sazişinin bağlanması ilə bağlı çağırış edilirsə, həmçinin müharibənin istisna edilməsi üçün tərəflərə bununla bağlı çağırış bildirilirsə, çox etimal ki, qarşıdakı dönəmdə Barak Obamanın da təşəbbüsü ilə və hətta iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər. Mən bunu ümumi hadisələrin siyasi məntiqini analiz edərək deyirəm. ABŞ-ın fəallığı fonunda Barak Obama səviyəsində bu məsələyə münasibət göstərilməsini onlar çox əhəmiyyətli sayırlar".
Bu prosesin Azərbaycana nə kimi fayda verəcəyinə və Rusiya ilə münasibətlərimizə necə təsir edəcəyinə gəlincə isə, deputat belə cavab verib: "Hesab edirəm ki, Azərbaycan dövlətinin rəhbəri bu proseslərin fərqindədir. Yəni ABŞ-ın bu fəallığı Qarabağ münaqişəsinin həlli üçündür, yoxsa regionda öz mövqelərini genişləndirmək və Rusiyaya zərbə vurmağa görə? Ölkə rəhbərliyi bu sualın cavabını çox yaxşı bilir. Ona görə də heç bir halda Azərbaycanın addımlarını Amerikanın bu məsələdə fəallığını Rusiya əleyhinə bir prosesə çevrilməyəcəyinə də əminəm".
Politoloq Ərəstun Oruclu isə bildirib ki, ABŞ Rusiyanın imperiya ideyalarından əl çəkməsi üçün belə bir addım atıb: "Rusiya dondurulmuş münaqişələri nəzarətdə saxlamaqla faktiki olaraq bölgədə iki 20 il dominantlıq eləməyə müvəffəq oldu. Bundan sonra Rusiyanın hərbi baxımdan güclənməsi və yaratdığı qurumlara postsovet ölkələrini cəlb etməyə çalışmasından da gördük ki, burada zorakılıq amili müstəsna rol oynayır. ABŞ anladı ki, Moskva artıq yeni imperiya iddiasına düşüb və onu bundan çəkindirməkdən ötrü bütün münaqişələri eyni vaxtda həll etmək lazımdır. Çünki Rusiyanın artıq Ukrayna prosesinə cəlb olunması onun gücünü zəiflətdi. Yaranmış şəraitdə ABŞ artıq cəbhə xəttini genişləndirmək qərarına gəldi. Bu dolayı olaraq müxtəlif məsələlərdə özünü göstərdi".
Politoloq Rusiyaya qarşı cəbhənin daha da genişlənəcəyini söyləyib: "NATO sammiti faktiki olaraq Rusiyanın əleyhinə idi. Biz gördük ki, həmin sammitdən sonra ABŞ müdafiə naziri Çak Hegel dərhal Gürcüstana səfər etdi. Burada yenə də Gürcüstanın dəstəklənməsi və Rusiyanın ağalıq etdiyi iki separatçı bölgədən qoşunların çıxarılması məsələsi qaldırıldı. Digər tərəfdən, Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü, Ukraynaya ifadə olunan dəstək onu göstərir ki, Rusiyayla başlanmış geosiyasi qarşıdurma daha geniş müstəviyə keçəcək. Bu baxımdan da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi zəruri elementlərdən biri olur. Əslində, ABŞ hər iki tərəfə təklif edir ki, kompromis sülhə hazır olsunlar. Əgər diqqət etdinizsə, orada belə bir fikir səsləndi ki, xalqlar kompromisə hazır olmalıdır. Bu kompromisin nədən ibarət olduğunu söyləmək çətindir. Çünki bilirsiniz ki, belə məsələlər ancaq qapalı görüşlərdə bəlli olur. Amma hər halda ümumi konturlar bəllidir. Konturlar ondan ibarətdir ki, ABŞ təşəbbüs göstərir və bu əslində yenilikdir".
Onu da bildirək ki, Fransa prezidenti Fransua Ollandın təşkilatçılığı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü artıq altı aydır ki, təxirə salınır. Paris görüşünün bu qədər gecikməsinin səbəbi nədir?
Politoloq Vəfa Quluzadənin fikrincə Olland ola bilsin ki, Parisdəki görüş zamanı münaqişənin həlli istiqamətində hansısa yeniliyə nail olacağını düşünür. Bundan əvvəl də Olland görüş təşəbbüsündə olub, amma bunun reallaşmamasına səbəbkar Rusiyadır: "Ermənistan Rusiyanın "caynağındadır". Ona görə də Rusiyanın icazəsi olmadan Sarkisyan hökuməti heç bir əsaslı addım ata bilmir. Əminəm ki, Fransanın ermənilərlə gizli əlaqələri var, hətta ermənilərə yalvarırlar ki, gəlin rusdan qorxamayın, münaqişəni həll edək. Ermənilər isə bilirlər ki, Rusiyanın icazəsi olmadan hansısa məsələyə razılıq verdikləri zaman başlarına "rus qapazı" dəyir. 1999-cu ildə Ermənistan parlamentində baş verənləri, məlum güllələnmə olayını onlar unutmayıblar. Hələ indiyə qədər də o hadisənin arxasında kimin dayandığı barədə danışılmır. Bu o demək deyil ki, hadisəni törədənin kimlər olduğunu bilmirlər. Sadəcə olaraq, qorxularından cınqırlarını çıxarmırlar. Ermənistan hələ uzun müddət "1999-cu il şapalağı"nı unutmayacaq".