“Azərbaycan milli inkişaf üzrə fərdi strategiya hazırlaya bilib” Siyasət

“Azərbaycan milli inkişaf üzrə fərdi strategiya hazırlaya bilib”

Belarus-Azərbaycan münasibətləri çox səmimi xarakter daşıyır.
Bunu Trend-ə Belarus parlamenti Nümayəndələr Palatasının Beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Andrey Savinıx deyib.
O qeyd edib ki, Azərbaycanla Belarus arasındakı münasibətlər artıq tərəfdaşlıq səviyyəsinə çatıb və bu, beynəlxalq fəaliyyətin bütün sahələrində bir çox məsələləri həll etməyə imkan verir:
“Bu, həm beynəlxalq arenada, beynəlxalq təşkilatlar sistemində, o cümlədən BMT-də dəstək, həm də elmi, humanitar, sənaye əməkdaşlığı üzrə ikitərəfli proqramlardır. Mən əminəm ki, ölkələrimiz arasında əməkdaşlıq hər iki ölkənin rifahı naminə konstruktiv inkişaf edəcək. Əslində, bunun başqa izahı da var, postsovet ölkələri arasında məhz Belarus və Azərbaycan milli inkişaf üzrə fərdi strategiya hazırlaya bilib və bu strategiyalar bir-biri ilə toqquşmur, əksinə bir-birini dəstəkləməyə imkan verir”.
Deputat əminliklə bildirib ki, ölkələr arasındakı münasibətləri parlaq gələcək gözləyir:
“Bizim bir sıra istiqamətlər üzrə əlaqələrimiz və əməkdaşlığımız illər, hətta onilliklər boyunca dayanıqlı inkişaf edəcək. Mən bir neçə sahəni vurğulamaq istərdim ki, bu sahələrdə yaxşı nəticələr əldə etmişik, amma hələ də artım üçün ciddi potensial var. İlk növbədə bu, maşınqayırma və tankqayırma sahələridir. Bu sahələrdə biz əməkdaşlıq edə, birgə müəssisələr yarada və faktiki olaraq bir-birimizin xeyrinə işləyərək ölkələrimizin sənayesinin inkişafına kömək edə bilərik. Belarusun Azərbaycana böyük marağı var. İlk növbədə ölkələrimiz yaxın mentallıq və yaxşı qarşılıqlı anlaşma birləşdirir. Bundan başqa, Azərbaycan işgüzar dairələri Yaxın Şərq və Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanına malikdir. Bu, Belarusun işgüzar dairələri üçün də cəlbedicidir. Digər maraqlı istiqamət elm sahəsi ola bilər. Bizim elmi sistemlərimiz bir-birini tamamlayır və əminəm ki, ölkələr üçün xüsusi əhəmiyyət kəsb edən sahələrdə birgə elmi tədqiqatlar çox yaxşı perspektivlərə malikdir. Bu cür nümunələr çoxdur və fikrimcə, bu, gələcək inkişaf edəcək cox ciddi istiqamətdir”.