Qurani-Kərim Azərbaycanca oxunmalıdırmı? Siyasət

Qurani-Kərim Azərbaycanca oxunmalıdırmı?

Hacı Şahin Həsənli: "İnsanlar Qurani-Kərimdə nədən söhbət getdiyini bilməlidirlər"
Hacı Fuad Nurullah: "Qurani-Kərimin Azərbaycan dilində oxunmasında fayda var, lakin elə ayələr var ki, onlar məhz ərəb dilində, orijinaldan oxunmalıdır"

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında spiker Oqtay Əsədov ölkədə keçirilən dini mərasimlərdə Qurani-Kərim və dini kəlamların insanlara onların başa düşəcəyi dildə çatdırılmalı olduğunu bildirib. Spiker qeyd edib ki, dinimizin əsas kitabı Qurani-Kərimdir və o, Azərbaycan dilinə tam səlisliyilə tərcümə olunub: "Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə Qurani-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Qurani-Kərimdəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsünlər".
İlahiyyatçıların isə bu məsələyə yanaşması isə fərqlidir
"Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli parlament sədrinin fikirlərini şərh edib. Qurani-Kərimin məhz ərəbcə oxunmasının əhəmiyyətini qeyd edən, onun insanların qəlbləri üçün bir şəfa olduğunu deyən axundun sözlərinə görə, Allah Quranı ərəb dilində nazil edib və oradakı kəlmələrin quruluşunun özündə bir ilahi ahəng var: "Bu da insan ruhuna xüsusi təsir edir. Bununla yanaşı, hesab edirəm ki, insanlar Qurani-Kərimdə nədən söhbət getdiyini bilməlidirlər. Burada din xadimlərinin üzərinə məsuliyyət düşür. Yəni, Qurani-Kərimin ayələrini düzgün tərcümə edərək təfsirləri deyilməlidir".
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah isə deyib ki, Qurani-Kərimin Azərbaycan dilində oxunmasında fayda var, lakin elə ayələr var ki, onlar məhz ərəb dilində, orijinaldan oxunmalıdır: "Bu gün mərasimlərdə, məclislərdə Quran oxunursa, bu surələr insanlara öz ana dilində də başa salınmalıdır. İnsanlar oxunan surələrin mənasını anlamalıdır. Amma mərasimlərdəki rəsmiyyət hissələrində, müəyyən surələr var ki, onlar Quranın orijinalından oxunmalıdır, buna əməl olunmalıdır. Bu mütləqdir. Məsələn, insan dəfn olunan zaman onun cənazə namazının orijinaldan deyilməsilə bağlı mövcud qayda-qanuna əməl olunmalıdır. Amma sonradan bunlar insanlara başa salınmalıdır. İnsanlar namazlarında nələri söylədiklərini bilməlidir. Quran dünyanın çox müxtəlif dillərinə tərcümə edilə bilər. Lakin Qurani-Kərimin tam səlis tərcüməsi bu dillərin imkanı xaricindədir. Azərbaycan dilinin bir milyona yaxın lüğət imkanı varsa, Quran dilində 12 milyona qədər belə söz var. Bunu tam şəkildə əhatə eləmək mümkün deyil. Quran heç bir dilə tam şəkildə tərcümə edilə bilmir. Peyğəmbərimiz tərəfindən də qoyulan yol bundan ibarətdir ki, hər bir fərd, hər bir millət Quranı orijinalından oxumağı bacarmalıdır. Bu, müstəhəb və sünnətdir. Amma oxunanların insanların ana dilində başa düşülməsi vacibdir. İnsan istədiyi duanı öz ana dilində oxuya bilər. Amma peyğəmbərimiz buyurub ki, namaz və bəzi vacib ayinlər Quran dilində, orijinalda oxunmalı və deyilməlidir. Bu, bütün dünya müsəlmanları üçün, onların hansı dildə danışmasından asılı olmayaraq, birləşdirici faktor rolunu oynayır. Yəni, bir şəxs Quran oxuyan zaman başqa millətdən olan müsəlman da Quran oxunduğunu bilsin, müsəlmanlar bir-birlərini tanısın. Azanı, iqaməni, Fatihə surəsini eşidən şəxs dərhal anlayır ki, bunu oxuyan şəxs müsəlmandır. Burada Quran ayələri icra olunur. Bu, dünya müsəlmanlarının birliyi üçündür. Bununla yanaşı, oxunan surələrin insanlara onların öz ana dillərində başa salınması müsbət və faydalıdır".
İlahiyyatçı Elşad Miri isə spikerin dini kitabımızın öz dilimizdə səsləndirilməsi fikrini təqdir edərək, Qurani-Kərimin Azərbaycan dilində izahlı mənasını başa düşməyi vacib sayır: "İnsanlar, Azərbaycan əhalisi bu kəlamların mənasını başa düşüb, Allahın onu nə üçün göndərdiyini bilməlidir. Hər halda, rəsmi şəkildə məmurlarımızın bu məsələyə diqqət yetirməsi böyük nailiyyətdir".
"Furqan" İctimai Birliyinin sədri, ilahiyyatçı hacı Vüqar İsgəndərov ötən gün Milli Məclisdə "Qurani Kərim"in Azərbaycan dilində oxunması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib: "Quranın, namazın, azanın xalqın, millətin öz dilində oxunması ideyası yeni ideya deyil. Qonşu Türkiyə bunu yaxın keçmişdə təcrübə edib və çox uğursuz nəticə qazanıb." Onun sözlərinə görə, bu məsələ siyasətçilərin, deputatların yox, din alimlərinin müzakirə edəcəyi mövzudur. İlahiyyatçı deyib ki, Quranın məhz ərəbcə oxunuşunda İlahi bir təsir qüvvəsi var. Quran dinlərkən insanın ruhu dincəlir, qəribə bir şirinlik mənəviyyatına hopmuş olur: "Müasir dövrdə dünya təbabəti Quran dinləməyin insan ruhuna verdiyi səfanın və şəfanın sirlərini axtararkən Azərbaycanda belə bir təklif çox anormal səslənir. Ən yaxşı halda Quran oxunuşundan sonra onun anlamının da öz dilimizdə səsləndirilməsi ideyası yarana bilər ki, bunu biz də isti qarşılayırıq. Əks halı isə absurd sayıram".
"Əbu Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov hesab edir ki, Quran ayələrinin dilimizdə izah olunması problem deyil: "Ola bilsin ki, spiker Quran ayələrinin, duaların Azərbaycan dilində şərh olunmasını nəzərdə tutub. Quran Azərbaycan dilinə tərcümə olunub, dilimzdə ayələrin izahları verilib və s. Amma Azərbaycan dilində ibadət etmək, ayələr oxumaq düzgün deyil. Olmaz. Bunun savabı da yoxdur. Bu, artıq kəlam sayılmır. Heç bir müsəlman ölkəsində belə şey yoxdur".
Araşdırmaçı, "Batini-Quran" kitabının müəllifi Firudin Gilar Bəg bildirib ki, Quran Ərəb dilində nazil olub: "Burada Ərəb dili deyəndə - sufizm, Batin elmi nəzərdə tutulur ki, bu elmdə hər bir samit bir rəmzdir və onun açması da çox dərin mətləblərlə aparıb çıxarır. Quranın rəmzləri də bütün qədim dilçiliyin rəmzləri ilə eyni mənadadır və yalnız sufilərə aydındır. Mən hesab edirəm ki, Quran ərəb dilində oxunmalıdır. Çünki bu rəmzlərin gücü ərəb dilində daha qüdrətlidir. Bunu Azərbaycan dilinin zəifliyi kimi və s. qəbul etmək lazım deyil. Sadəcə söz qüdrəti deyilən anlayış var ki, bu ilkin materiya ilə bağlıdır. Təsadüfi deyil ki, ərəbcə yazılmış dualar son dövrə qədər öz qüdrətini saxlamışdılar. Biz qədim sirləri bilmədiyimiz üçün insanları danışdığı dilə görə qruplara bölürük. Bu böyük səhvdir. Dil, dillər bir nəsilin, Kamil İnsan adlanan sufi pirlərinin elmi ilə bağlı yaradılıb. Qədimdə insanlar, danışdığı dilinə görə yox, ümumiyyətlə iki növə bölünürdülər ki, adi insanlar ümumiyyətlə yazılarda, kitablarda qeyd olunmağa layiq görülmürdülər. Dil anlayışı isə kamil insan nəslinin elminin məhsuludur. Bu baxımdan ərəb dilini də məhz kamil insan nəsli olan pirlər yaratmışlar. Mən hesab edirəm ki, istənilən halda Quran ərəbcə oxunmalıdır. Onsuz da adi insan Quranda nədən danışıldığını heç vaxt bilməyib. Quranın əsas mənasını yalnız batinilər dərk edirlər ki, onlar üçün də dil maneəsi yoxdur".
İlahiyyatçı Rəsul Mirhəşimli isə "əvvəlcə onu deyim ki, dinimiz yas dini deyil",- deyə vurğulayıb: "Bu təklifi ortaya atanlar da dinə ancaq yas mərasimlərində xatırlanan bir inanc imici qazandırmaq istəyilər. Qurani-Kərim həyata endirilmiş kitabdı və bu ilahi ehkamlar arasında həyatın bütün sahəsələrinə dair cavab tapmaq mümkündür. Quranın öz dilimizdə oxunması məsələsi bir neçə gündü, sosial şəbəkələrdə dəmüzakirə olunan mövzudur. Bu müzakirələr artıq Milli Məclisə də gedib çıxdı. Hər kəs oxudğunun mənasını anlasa yaxşıdı. Amma ritual olaraq, Quranın yalnız Azərbaycan dilində oxunması ilk növbədə dəstək qazanmayacaq. İkincisi, ən mühümü isə Quranın başqa dillərdə oxunması ilkin mənanı göstərmir. Fikir vermisinizsə, bizdən başqa dünyanın heç bir yerində "Quran tərcüməsi" ifadəsi işlənmir. Çünki tərcümə bir ifadənin başqa bir dilə olduğu kimi çevrilməsidir. Türklər tərcümə deyil, məal kimi təqdim edir Quranın öz dillərinə çevrilməsini. Yaxşı olar ki, Quranı nazil olduğu dildə oxuyanlar, onu anlamaq istəyənlərə izahını da versinlər. "Türkcə Quran, namaz, azan" kampaniyası bir zamanlar Türkiyədə ortaya atıldı və uğur qazana bilmədi. İnanıram ki, "Azərbaycanca Quran" təşəbbüsləri də uğru qazana bilməyəcək".
İlahiyyatçı Fizuli Şəfiyev vurğulayıb ki, bu mövzuda bir dəfə də oxşar təklifi millət vəkili Fazil Mustafa səsləndirib: "Məclislərdə Quran niyə ərəb dilində oxunmalıdır?" deyə irad bildirmişdi. Kaö kt, məclislərdə elə ərəb dilində Quran səsləndirilərdi. Bizim əksər məclislərimizdə Qurandan başqa nədən desən danışılır. Siyasətdən tutmuş bazara qədər, istənilən mövzularda söhbət açılır. Ümumi götürəndə də məclisin Quran oxunan hissəsi ehsandan qabaq "Yasin" surəsinin tilavəti və ehsandan sonra isə süfrə duası ilə məhdudlaşır. Süfrə duasını çoxları ya tərcüməsi ilə birgə oxuyur, bəzən də qarışıq, cümləbəcümlə tərcümə ilə deyirlər. Yeganə "Yasin" surəsidir ki, ərəbcə oxunur. 5,6 saatlıq məclisdə 10 ya 15 dəqiqəlik bir hissədə Quran ərəbcə oxunur. Bir də arada "Fatihə" verilir ki, bu da öz yerində. Moizələr öz dilimizdə gedir. Ara-sıra Qurandan ayələr misal çəkilirsə, ardınca tərcüməsi də deyilir. Əgər söhbət "Yasin" surəsinin Azərbaycanca oxunmasından gedirsə, onu da bir şəkildə belə etmək olar. Hər ayə ərəbcə oxunandan sonra ardınca tərcüməsi də deyilsin. Quran dirilər üçün oxunur, bu öz yerində, aydın məsələlərdəndir. Amma Quranın ərəbcə səslənməsində çox adamın bilmədiyi, bəlkə də zahirdə hiss etmədiyi qəribə qüvvə və şəfa da var. Eləcə də "Fatihə" surəsində. Heç bir oxunuş heç bir vəchlə həmin effekti əvəz etmir. Məqsəd məclisdəkilərin maariflənməsidirsə, başa düşmələridirsə, məclisdə bunun üçün kifayət qədər vaxt var. Heç kim Quranın öz dilimizdə oxunmasının, mənasının başa düşülməsinin əleyhinə ola bilməz. Mən başa düşə bilmirəm camaat Quranı başa düşmək, dinləmək üçün (Azərbaycan dilində) niyə yas məclisinin həmin 15 dəqiqəsindən yapışıblar? Məclisdə əyləşən ruhanidən də çox şey aslıdır".
Qeyd edək ki, Quranın yas məclislərində oxunması və bunun anlamının nə olması ilə bağlı dəfələrlə fikirlər bildirilib. Əksər fikirlərə görə yas mərasimlərində Quran ona görə oxunur ki, onu dinləyənlər Allah kəlamlarını anlayırlar. Bu da həmin ölüyə savab qazandırır. Çünki kiminsə nəsə öyrənməsinə ölən şəxs səbəb olur. Keçmişdə yazıb oxuyanlar çox az olduğundan Quran daha çox yas mərasimlərində öyrənilirdi. Bu baxımdan da Azərbaycanda yas mərasimlərində Qurani Kərimin ərəbcə oxunuşundan sonra onun izahı da verilməlidir.

Əli