Kadr böhranını doğuran səbəblər... Siyasət

Kadr böhranını doğuran səbəblər...

Teyyub Qənioğlu: "Ölkəmizdə yüksək bilik, hazırlıq tələb edən edən iş yerlərinin sayı hər il ali məktəbləri bitirən gənc mütəxəssislərin sayı ilə müqayisədə dəfələrlə azdır"

Şahlar Əsgərov: "İşlədiyi sahə üzrə ixtisaslaşmamış şəxsdən sağlam qərar və idarəçilik gözləmək olarmı?"

"Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında etdiyi çıxış bir neçə gündür KİV-də müxtəlif çəhətlərdən təhlil olunur və çeşidli rəylər bildirilir. Mübaliğəsiz demək olar ki, cənab Ramiz Mehdiyev Azərbaycan cəmiyyətini dərindən narahat edən bir sıra məsələləri, sualları çox açıq şəkildə ictimai müzakirəyə çıxarıb. Cənab Ramiz Mehdiyev çıxışının sonunda iclas iştirakçılarına (eləcə də ictimaiyyətə) müraciətlə deyib: "Mən istərdim ki, bütün bu suallara biz sizinlə birlikdə cavab axtarıb tapaq. İlk növbədə ona görə ki, bu cavablar Azərbaycanın sabahkı inkişafını şərtləndirən və müəyyən edən taleyüklü məsələlərlə bağlıdır". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məsclisin sədri Teyyub Qənioğlu səsləndirib. O, "təbiidir ki, cənab Ramiz Mehdiyevin qaldırdığı taleyüklü məsəllələri araşdırmaq, onları doğuran səbəblər, bu səbəblərin həlli yolları barədə mülahizələr irəli sürmək, təkliflər vermək dərin, hərtərəfli təhlillərin aparılmasını tələb edir və buna ciddi ehtiyac vardır. Bununla yanaşı, bəzi problemləri doğuran səbələr üzdədir və onlar barədə fikirlərimi bölüşmək istərdim...", -deyə yazısında qeyd edib: "Cənab Ramiz Mehdiyev öz çıxışında qeyd edib ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir". O, bildirib ki. bu fikirlər düşündürücü etirafdır: "Bəs hərtərəfli hazırlıqlı kadr böhranını doğuran səbəblər hansılardır? Müasir Azərbaycanda hazırlıqlı kadr böhranının obyektiv və subyektiv səbəbləri vardır və fikrimizcə bunlar əsasən aşağıdakılarla bağlıdır:
1. Ölkəmizdə yüksək bilik, hazırlıq tələb edən edən iş yerlərinin sayı hər il ali məktəbləri bitirən gənc mütəxəssislərin sayı ilə müqayisədə dəfələrlə azdır. Ali məktəbləri bitirən gənclərin mütləq əksəriyyəti ya işsizdir, ya da az ixtisas tələb edən fəaliyyətlə məşğuldurlar ki, bu da gənclərdə yüksək bilik almağın əhəmiyyəti olmadığı fikrini formalaşdırır;
2. İkinci, təbidir ki, kadrlar orta və ali məktəbləri əhatə edən təhsil sistemində yetişdirilir və onların formalaşmasında təhsil işçilərinin rolu əvəzedilməzdir. Və gələcək kadrların keyfiyyəti də bilavasitə təhsil işçilərinin öz vəzifə borclarına əməl etmə səviyyəsindən asılıdır. İqtisadiyyatın yazılmamış qanunu vardır-öz fiziki və mənəvi enerjisini səfr edən işçi bunun müqabilində müvafik, yüksək əmək haqqı almayacaqsaəməyinin son nəticəsində, öz bilik və bacarığını tətbiq etməkdə də maraqlı olmayacaq! Bu günün acı reallığı ondan ibarətdir ki, cüzi məvacib alan orta məktəb müəllimləri, eləcə də ali məktəblərin professor - müəllim heyəti, bəzi istisnalar çıxılmaqla, öz fəaliyyətlərinin son nəticələrində maraqlı deyillər. 200 manat çivarında əmək haqqı alan orta məktəb müəllimi öz enerjisini məktəb siniflərində sərf etmir, onu evdə, repititorluqla məşğul olmaq üçün saxlayır. 300-500 manat əmək haqqı alan ali məktəblərin professor-müəllim heyətinin az olmayan qismi dolanışığının təmin edilməsi üçün ya əlavə olaraq 2-3 ali məktəbdə çalışmağa (nəticədə keyfiyyətli bilik vermək fiziki cəhətdən mümkün olmur), ya da digər neqativ hallara meyl etməyə məcburdur. Sutkalıq vaxtının çox hissəsini öz məişət problemlərinin həlli yolları haqqında düşünən, buna nail olmağın yollarını axtaran və çox halda buna müvəffəq olmayan müəllimdən, alimdən keyfiyyətli tədris gözləmək olarmı?
3. Məlumdur ki, təbliğatın iki mühüm tərəfi var-sözlə və real vəziyyəti göstərməklə təbliğat. Professor tələbəyə yüksək bilik almağın vacib olduğunu söyləyəndə və tələbə onun üzündə məişət problemlərindən doğan kədəri seyr edəndə, ona "Müəllim, neçə ildir dərs deyirsininz və aylıq məvacibiniz nə qədərdir" sualını verəndə aldığı cavab onun elm, bilik almaq həvəsinə sarsıdıcı zərbə endirir.
4. Yüksək hazırlıqlı kadrların yetişdirilməsində keyfiyyətli dərsliklərin, dərs vəsaitlərinin, elmin inkişafında monoqrafiyaların, elmi məqalələrin müstəsna rolu vardır. Bu gün Azərbaycanda dərs vəsaitlərinin, monoqrafiyaların, məqalələrin mütləq əksəriyyətinin nəşr xərclərini müəllifin özü qarşılamaq məcburiyyətindədir. Bir keyfiyyətli dərs vəsaitinin, monoqrafiyanın ərsəyə gəlməsinə illərini sərf edən müəllif onun nəşri üçün az qala özünün illik məvacibinə bərabər miqdarda pul xərcləməyə, məqalənin hər səhifəsinin çap edilməsi üçün 5-10 manat verməyə məcburdursa, bunların müqabilində heç bir qanarar almırsa, öz əsərlərinin satılmasını özü həyata keçirmək məcburiyyətindədirsə ondan nə tələb etmək olar? Kitab mağazalarının ləğv edilib yerində kommersiya obyektləri açılan, azsaylı kitab mağazalarının mütləq əksəriyyəti zirzəmilərdə yerləşən ölkəmizdə elmə, tədrisə münasibət necə olmalıdır?
5. Bütün qüsurlara baxmayaraq Azərbaycanda hər il az da olsa yüksək hazırlıqlı mütəssislər, alimlər yetişir. Təbiidir ki, yüksək ixtisaslı, bacarıqlı işçi yüksək əmək haqqı almaq istəyir və ölkəmizdə buna nail olmayanda xaricə getmək məcburiyyətində qalır. Bunun nəticəsidir ki, son illər Azərbaycandan "beyin axını" baş verir və təəsüf ki, bu proses getdikcə sürətlənməkdədir, bu da təbii olaraq ölkəmizdə hazırlıqlı kadr problemi yaradır.
6. Heç kəsə sirr deyil ki, ölkəmizdə kadrlar seçilib-yerləşdirilərkən bir çox hallarda onların bilik və bacarığı deyil, qohumluq, yerliçilik prinsipləri əsas götürülür. Kadrların seçilib-yerləşdirilməsində siyasi mötivlər də yox deyil və s.
Təbiidir ki, keyfiyyətli kadr hazırlanması üçün təkcə qeyd edilən səbəblərin aradan qaldırılması kifayət deyil. Ancaq həqiqətən keyfiyyətli kadr hazırlığına nail olmaq istəyiriksə, mən əminəm ki, bunu hər kəs istəyir, onda ilk növbədə qeyd edilən problemlərin köklü həllinə nail olmaq lazımdır.
Cənab Ramiz Mehdiyev Azərbaycanda əhalinin artımının müşahidə olunduğunu bildirir: "Lakin indi orta statistik Azərbaycan ailəsinin strukturu, onun tələbatı necə ödənilir, iqtisadiyyatda rolu, ailədə vəzifələrin bölünməsi necə aparılır? Bütün bunlar barədə bizim çox səthi məlumatımız var". Haqlı iraddır və bunun nəticəsidir ki, hökümətin əmək haqqı, pensiya, təqaüd siyasəti ailənin strukturunu, tələbatını qətiyyən nəzərə almır. Bir də... ali məktəblərdə, xüsusilə də özəllərdə, təhsil haqqı orta statistik Azərbaycan ailəsinin illik gəliri ilə müqayisədə həddindən artıq çoxdur və hər il artmağa doğru meyl edir. Təhsil haqqını ödəmək iqtidarında olmayan ailənin övladı isə təhsillə yanaşı işləmək məcburiyyətində qalır ki, bu da keyfiyyətli təhsil almağa mənfi təsir göstərir. Bu sahədə də ciddi islahatlara ehtiyac var. Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki: "... Bakı şəhəri sürətlə inkişaf edir. Burada cərəyan edən iqtisadi və sosial proseslər gec ya tez təhsil, səhiyyə və mədəni sahələrdə problemlərə çevriləcək. Bunlara hazır olmaq üçün ciddi araşdırmalar aparılmalıdır. Əgər biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasının zəruriliyini dərk ediriksə, biz ümumən ölkədə insan potensialının strukturunu kifayət qədər dərindən təhlil etməliyik". Bu həqiqətən də ölkəmiz qarşısında duran ciddi problemdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatının inkişafında ərazi disproporsiyaları mövcuddur və Bakıya əhali axınının başlıca səbəbi bununla əlaqədardır. Fikrimizcə, bu problem regionlarda yerli təbii və insan resurslarının mövcudluğunu nəzərə alan istehsal sahələrinin geniş şəbəkəsinin yaradılması ilə həll edilə bilər. Ramiz Mehdiyevin çıxışında yer alan fikirlərdən siyasi baxışlarından, tutduğu mövqedən asılı olmayaraq hər kəs lazımi nəticələr çıxarmalıdır. Problemlər var, çoxdur. Onları sadalamaq, kimlərisə bu problemin yaradılmasıda, onların aradan qaldırılması üçün lazımi tədbirləri həyata keçirilməməsində suçlamaq, qınamaq, hətta cəzalandırmaq olar. Amma hər kəsin öz məsuliyyətini dərk edib öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən yaxşı bir yol varmı?".
Təhsil eksperti Şahlar Əsəgərov isə deyib ki, bəzi insanların uğur qazana bilməməyinin bir çox səbəbləri ola bilər: "Bu səbəblərdən biri gənclərin müxtəlif ixtisas üzrə təhsil almaları, lakin ixtisaslarına uyğun olmayan sahələrdə işləmələridir. İşlədiyi sahə üzrə ixtisaslaşmamış şəxsdən sağlam qərar və idarəçilik gözləmək olarmı? "Avropa ölkələrində "Yaşlıların təhsili" adlı təhsil sahəsi mövcuddur. İxtisasından fərqli peşədə çalışmağı seçən insanlar mütləq həmin sahədə çalışan özlərindən yaşlı insanların təcürbəsindən yararlanmaq üçün müxtəlif kurslar keçirlər. Məsələn, biri jurnalistika fakültəsində oxuya bilər, amma bankda işləmək istəyər. Həmin şəxs mütləq bank üzrə kurslara getdikdən, kolleclərdə təhsil aldıqdan sonra işə qəbul olunmalıdır. Azərbaycanda isə bu təhsil forması formalaşmayıb". Onun sözlərinə görə, bu məsələ ilə bağlı ciddi müzakirələr gedib. 2000-2005-ci illərdə Əmək və Sosial Müdafiə Nazirliyi də dəstəkləyəndən sonra parlamentdə müzakirəyə çıxarılıb: "İndi bunu dəstəkləyən yoxdur, heç kim iş görmək istəmir. Ancaq həlli vacib olan çox vacib məsələdir. Bütün qərarlar bilik səviyyəsindən aslıdır. İxtisaslaşmamış şəxsin iş prosesində verdiyi qərarlar qəbul edilə bilməz".

Əli