Azərbaycanlılar – Gürcüstanın yerli xalqı Siyasət

Azərbaycanlılar – Gürcüstanın yerli xalqı

Əli Babayev
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri

Son vaxtlar gürcü cəmiyyətində elmə zidd təbliğat aparılaraq belə iddia irəli sürürlər ki, guya azərbaycanlılar Gürcüstana "gəlmə"dirlər. O da qeyd olunur ki, onlar bu torpaqlara Şah Abbasın dövründə köç ediblər.
Amma bütün bunlara baxmayaraq, ta qədimdən Gürcüstanda məskunlaşan azərbaycanlılar gürcülərlə birgə xarici düşmənlərə qarşı mübarizə aparıblar, dost, qardaş olublar.
Öncə onu qeyd etmək lazımdır ki, gürücü tarixi salnamələrindən olan "Kartlis Cxovreba"ya daxil olan "Kartlis çarının həyatı" kitabında da göstərilir ki, türklər burada əsrlər boyu yaşaımışlar. Bu mənbələrə əsaslanaraq demək olar ki, türklər Kartli bölgəsinə Navuxodonosr çarının dövründə gəliblər. Digər bir gürcü tarixi salnaməsi - "Kartlinin müraciəti"ndə isə göstərilir ki, türklər Gürcüstanın qədim yerli sakinləridirlər.
Sonradan türklər Gürcüstan dövlətinin vahidliyi və müstəqilliyi yolunda açar rolunu oynayıblar. Xüsusən, çar David Aqmaşenebelinin ordusunun Tiflisi Gürcüstan dövlətinə qatdığı və onu paytaxt elan etdiyi zaman burada 40 min qıpçaq türkü vardı ki, çar onların ailələrini Kvemo Kartliyə göndərmişdi. Elə qıpçaqların köməkliyi ilə tarixi Didqor döyüşündə qələbə əldə edilmişdi. Tarixi qaynaqlara əsasən David Aqmaşeneblinin çarlığı dövründə qıpçaq türklərinini sayı 200 min göstərilirdi, bura Gürcüstanda onlardan qabaq yaşamış türk əsilli insanların sayı daxil deyildi. Azərbaycanlıların yaşadığı Kvemo Kartlinin – Borçalının adı burada yaşamış Burcoğlu qıpçaq tayfalarından götürülüb.
Dmanisi, Salkinsk, Bolnisi, Tetri-Skayroysk, Marneuli, Qardabani və Gürcüstanın cənub rayonlarında türklərə aid qədim daş abidələri, başdaşları, qoç və at heykəlləri, qədim toponimlər, kənd, qala və dağ adları burada qədimdən türklərin məskunlaşmasının sübut edən tarixi dəlillərdir.
Gürcüstanın müstəqilliyi və suverenliyinin qorunmasında da azərbaycanlıların böyük xidmətləri olub. 1795-ci ildə Tiflisin Ağa Məhəmməd xandan müdafiəsi zamanı 200 türk qəhrəmancasına həlak olub.
Gürcüstanda yaşayan azərbaycanlılar bütün müharibələrdə öz dövlətlərini qoruyublar. Bu gün azərbaycanlıların Gürcüstana "gəlmə"lərini iddia edənlər Azərbaycan xalqını aşağılamaq planını həyata keçirmək niyyətindədir. Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti islam təmayüllüdürlər. Onların kompakt yaşadığı rayonlarda 8-11-ci əsrlərə aid məscidlər hələ də qorunmaqdadır.
Müsəlmanların Gürcüstanın həyatında nə kimi rol oynadığına gəlincə isə bununla bağlı kifayət qədər faktlar mövcuddur: Böyük gürcü çarı Aqmaşenebeli xristianlara şəhərdə donuz saxlamağı qadağan etmişdi ki, müsəlmanlar təhqir olunmasın. Bundan başqa müsəlmanlara tətbiq olunan vergilər xristianlarla müqayisədə azaldılmışdı. Tiflis şəhəri çiçəklənən dövrdə burada 16 məcsid vardı. Təəssüflər olsun ki, tarixi abidələrin qeydiyyatı zamanı onların çoxu siyahıya salınmayıb. Hansı ki, məscidlərin əksəriyyəti qədim tarixi və arxitektura əsərlərindən olub. Hətta Dmanisinin uzun müddət müsəlmanların elm və təhsil paytaxtı olması, müsəlman və xristian nümayəndələrinin Dmanisi əmirliyində sülh şəraitində yaşadığı belə qeyd olunmur.
Gürcü alimi Mixail Kurdiani daim öz işlərində azərbaycanlıların Gürcüstan dövləti və dövlətçiliyi tarixində önəmli rol oynadıqlarını qeyd edib. Təəssüflər olsun ki, həqiqəti deyən alimlər indi yoxdur. Bu gün bəzi siyasi spekulyantlar tarixi təhrif edərək qədimdən bir yerdə məskunlaşmış xalqlar arasında nifaq salmağa çalışırlar. Bizim bu gün əsas məqsədimiz bu kimi təxribatların qarşısını almaqdır.