Pol Qobldan Minsk qrupuna və Rusiyaya ittiham Siyasət

Pol Qobldan Minsk qrupuna və Rusiyaya ittiham

"Dağlıq Qarabağ münaqişəsində əsas tərəf Rusiya Federasiyasıdır"

"Minsk qrupu münaqişəni həll edə bilməyəcək, sadəcə olaraq donduracaq"

Cavid

Bu dəfə Minsk Qrupunun fəaliyyətsizliyi və münaqişənin həllində Rusiyanın birbaşa təsiri ilə bağlı açıqlama məşhur amerikalı politoloq Pol Qobldan gəlib.
O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri təkcə Azərbaycan və Ermənistan deyil. Burda əsas tərəf Rusiya Federasiyasıdır və ötən 25 ildə Moskva münaqişənin nizama salınması üzrə heç bir öhdəliyinin olmadığını sübut etdi.
Amerikalı ekspert Minsk qrupunun münaqişənin həlli prosesində səhv yolda olduğunu düşünür. Onun sözlərinə görə, həmsədrlər bir-birinə zidd iki prinsip arasında uzlaşma axtarır: "Bir tərəfdən ərazi bütövlüyü, digər tərəfdən öz müqəddəratını təyin etmə prinsipi əsas götürülür və tərəflər bu iki prinsip arasında uzlaşmaya dəvət olunur. Bu da münaqişənin nizama salınmasını qeyri-mümkün edir. Mən həmişə bir şeyə əmin olmuşam: Minsk qrupu münaqişəni həll edə bilməyəcək, sadəcə olaraq donduracaq. Fikrimcə, ən unikal çıxış yolu tərəflərin öz aralarında razılığa gəlməsi və soyuq başla düşünüb ortaq xətti tapmasıdır".
Pol Qobla görə, bütün münaqişələrdə kimlərsə daha çox qazanır: "Dağlıq Qarabağ münaqişəsində də belədir. Bütün tərəflər və vasitəçilər həll variantını dəstəkləyir. Lakin kimlərsə münaqişənin fasiləsiz davam etməsindən qazanc əldə edir. Münaqişə tərəfləri bunun davam etməsindən vətənpərvərliyin yüksəldilməsi üçün istifadə edə biləcəyi halda, silah satanların da burda marağı var. Çünki münaqişə tərəfləri ölkənin xarici təhlükəsizliyini qorumaq üçün mütləq şəkildə silahlanmaya üstünlük verirlər. Lakin tərəflər bir şeyin əhəmiyyətini anlamalıdır: Nə Ermənistan, nə də Azərbaycan münaqişə nizama salınmadan qalib olmayacaq. Bu həll olunarsa, ticarət və nəqliyyat əlaqələri genişlənə bilər. Həmçinin Ermənistan təcriddən qurtula bilər. Bununla yanaşı, münaqişə nizama salınacağı təqdirdə bir çox məsələlər özlüyündə həll olunacaq, o cümlədən Rusiyanın regiona təsiri azalacaq. Ən azından bu faktora görə Qərb münaqişənin Minsk qrupu çərçivəsində həllində maraqlıdır. Bu həm də Şərq-Qərb arasında boru kəmərlərinin daha asan formada çəkilməsidir. Ermənistan da öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bu yolu dəstəkləməlidir. Bu sadə ermənilər üçün də sərfəlidir və əminəm ki, onlar da mənim istədiyimi arzulayırlar. Lakin soruşmaq lazımdır ki, kim bu münaqişənin həllinə mane olur. Bundan Azərbaycan və Ermənistan əhalisi heç nə əldə etmir, deməli, kənar əl var. Bu da Rusiyadır. Çünki bölgədə Moskva öz rolunu saxlamaq üçün münaqişənin olmasında maraqlıdır".
Amerikalı ekspert Ermənistanı müstəqil siyasət aparmağa və münaqişəni həll etməyə çağırıb. Onun sözlərinə görə, İrəvan keçmiş fobiyalardan qurtulmalıdır.
"Ermənistan ilk növbədə hər şeyi tənqid etmək yolundan əl çəkməlidir. Əgər müasir dövlət olmaq istəyirsə, keçmiş fobiyalarının öhdəsindən gəlməlidir. Vaxtilə Almaniya və Fransa tarixi problemlərini anladı və səhvlərini etiraf etdilər. İkinci tərəfdən, Ermənistan geniş əraziyə nəzarət etməyin nə qədər milli maraqlarına zərər olduğunu anlamalıdır. Bunun yerinə, tranzit ölkə olmaq və regiondakı layihələrə qoşulmaq daha xeyirlidir. Digər tərəfdən, Ermənistan ümumi sərhədlərə malik olmadığı Rusiyanın Avrasiya İttifaqına qoşulmasının nələrlə nəticələnəcəyini anlamalıdır. Belə olacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həllində də fərqli yanaşmalar ortaya çıxacaq. Ermənistan tutduğu yoldan kifayət qədər əziyyət çəkib və gördüyü zərərlər ortadadır", - deyə ekspert vurğulayıb.
P. Qobl Qarabağ münaqişəsinin Cənubi Qafqazda ikinci "Ukrayna böhranı"na səbəb olacağına dair səslənən fikirlərə də münasibət bildirib. Onun fikrincə, Ukrayna ssenarisini Cənubi Qafqazda təkrarlamaq çətin məsələdir: "Hər münaqişə unikal elementlərə sahibdir. Məsələn, Rusiya Qarabağı öz qanadının altına götürsə, bunun tərəflərdən heç birinə xeyir gətirməyəcəyini hər kəs yaxşı bilirlər. Bu yalnız Moskvaya divident gətirə bilər. Bu ssenari regionda bütün vəziyyəti qarışdıra bilər".
P. Qobl tərəfləri daha sıx təmaslar qurmağa çağırıb. Onun sözlərinə görə, danışıqların intensivliyini saxlamaq lazımdır.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də Minsk qrupunun fəaliyyətsizliyindən danışıb. Səfir bildirib ki, bu problemin həlli region dövlətləri arasında olmalıdır, regiondan kənar dövlətlərin bu münaqişənin həllində rolunu görmürük: "20 illik təcrübə göstərir ki, Minsk Qrupuna daxil olan bəzi regiondan kənar dövlətlər dünyada super gücə malik olmalarına baxmayaraq bu problemin həllində maraqlı deyillər. Həmin dövlətlər Azərbaycanın onlara möhtac olmasının istəyirlər. Belə halda müsbət nəticə əldə etmək mümkün deyil. Əgər İranın vasitəçilik missiyası hüquqi qüvvəyə minərsə İran region ölkələrin birgə iştirakı ilə bu məsələnin həllinə çalışar. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim xüsusi layihəmiz var. Əgər Ermənistan və Azərbaycan İranın bu məsələdə vasitəçiliyini qəbul edərlərsə biz öz layihəmizi təqdim edə bilərik".
Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, işğalçı ölkə olan Ermənistan istənilən vasitələrlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini uzadır: "Yəni, Ermənistan tərəfi status-kvonun saxlanılmasına çalışır. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu həmsədrləri bəyan edib ki, status-kvo vəziyyəti saxlanılması ilə barışa bilmərik. Bir sözlə, ATƏT-in Minsk qrupunun münaqişə ilə bağlı bu cür bəyanatlar səsləndirməsinin arxasında heç bir ciddi əməli fəaliyyət görmürük. Demək olar ki, ATƏT-in Minsk qrupu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində boş-boş bəyanatlar verməklə məşğul olur. Ermənistan-Azərbaycan Dağlıq, Qarabağ münaqişəsin tənzimlənməsi ilə birbaşa məşğul olan bir qurum kimi ATƏT-in Minsk qrupu fəaliyyətsizlik nümayiş etdirir".
Politoloq onu da bildirdi ki, bu günə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı heç bir ciddi addım atmayıb. Demək olar ki, 20 ilə yaxındır ki, ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyət göstərirlər. Əgər Dağlıq Qarabağ probleminin həllində hər hansı bir real nəticə yoxdursa, təbii ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti mənfi qiymətləndirilməlidir.
Ekspert Elçin Əhmədov isə bildirib ki, ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Buna səbəb bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təş kilatların, qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır. Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı tə ca vüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qa ra bağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi ta nın masını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır. Bununla yanaşı, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımayıblar və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar. Bundan əlavə, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib".