Diplomatik korpusun inhisarçılıq ənənəsi... Siyasət

Diplomatik korpusun inhisarçılıq ənənəsi...

Politoloq Tofiq Abbasov: "Siyasi təşkilatların fəaliyyəti, iş üslubu demokratik əsaslarla təmin edilməlidir"

İlqar Altay: "ABŞ-ın Azərbaycana münasibətdə hələlik, elə bir yeni, təkmil siyasi proqramı yoxdur"

ABŞ-ın Azərbaycandakı səfir əvəzi Derek J.Hoqan son həftə Müsavat və AXCP rəhbərləri ilə görüşüb. Maraqlıdır ABŞ-ın səfir əvəzinin görüş formatını ekspertlər necə dəyərləndirirlər və Birləşmiş Ştatların Bakıdakı səfirliyinin eyni adamlarla çoxillik əlaqələrinin arxasında hansı maraqlar dayanır?
Politoloq Tofiq Abbasov "məsələ bundadır ki, Azərbaycanda bəzi siyasi təşkilatların aparıcı şəxsləri daim öz rəqiblərini demokratik prinsiplərin pozulmasında ittiham etməyi özləri üçün bir ənənəyə çeviriblər",- deyə bildirdi: "Lakin həmin şəxslər özlərinin fəaliyyətində heç bir qəbahət görmədən də obyektivliyi danıb sərt eqosentrik hərəkətlərə yol verirlər. Bu insanlar əgər ölkənin siyasi sahəsində hər hansısa islahatları həyata keçirib vəziyyətə yenilik gətrimək istəyirlərsə, gərək ilk olaraq özlərindən başlasınlar. Onlar bir qayda olaraq xarici əlaqələr sektorunu öz inhisarlarında saxlayıb onu heç kəsə etibat etmirlər və bu minvalla da özlərinin əvəzedilməz olduqlarını bir növ təsdiqləməyə çalışırlar. Bu düzgün deyil. Bütün baxış bucaqlarından siyasi təşkilatların fəaliyyəti, iş üslubu demokratik əsaslarla təmin edilməlidir. Bunun üçün isə yeni-yeni adamların cəlb edilməsi, korporativ ideya savaşları tətbiq edilməlidir ki, daim yenilənmə baş versin. Həmin xoşagəlməz inhisarçılıq ənənəsinə dəstək verənlər sırasında xarici diplomatik korpusun da payı var. Onlar daim eyni simalarla görüşüb oturuşmuş formatdan kənara çıxma məsələsinə biganə qalırlar. Partiyalar, birliklər - canlı orqanizmlərdir və onların daxilində gərək sərbəst abu-hava mövcud olsun. Eləcə də yeni simalar ortaya çıxıb fikir ayrılığının tək sözdə deyil, əməldə də əzünü əks etdirməsini nümayiş etdirməlidirlər. Guman edirəm ki, Azərbaycanın siyasi təşkilatları ilə münasibət qurmuş xarici nümayəndəliklərin təmsilçiləri bu məsələni yerli tərəf müqabillərinin nəzər-diqqətinə çatdırmalıdırlar".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay dedi ki, hər bir səfir öz ölkəsinin bütün ictimai-siyasi sistemini yox, konkret olaraq hökumətini təmsil edir: "ABŞ səfirinin də həmçinin Azərbaycandakı bütün hərəkətləri öz hökuməti tərəfindən tənzim olunur. ABŞ səfiri bu dəfə Azərbaycandakı parlament seçkiləri ərəfəsində çox dar çərçivədə müxalifət nümayəndələri ilə görüşlər keçirir. Yəqin ki, yenicə təyin olunmuş səfirə əvvəlki səfirlərin ehtiyatsız davranşlarından ibrət götürməyi, dərinə getməməyi məsləhət biliblər. Bilirsiniz, ABŞ-a bu saat Rusiya ilə çox gərgin münasibətlər dövründə digər postsovet ölkələri ilə vəziyyəti gərginləşdirmək sərf etmir. Hətta Kremlin yaxın müttəfiqləri olan Belorusiya və Qazaxstanla istiləşmə rejiminə keçib. Bu mənada, ABŞ hökuməti Azərbaycanda da ehtiyatlı addımlar atır. Ölkə ictimai-siyasi mühitində "köhnə müxalifət dostlarından" savayı kimsəylə əməkdaşlığa meyl göstərmir. Bu da onu göstərir ki, ABŞ-ın Azərbaycana münasibətdə hələlik, elə bir yeni, təkmil siyasi proqramı yoxdur".

Əli