“Etiraz edənlərin bir çoxu İsa Qəmbərin başqanlığı dönəmində partiyada yüksək postlarda təmsil olunublar” Siyasət

“Etiraz edənlərin bir çoxu İsa Qəmbərin başqanlığı dönəmində partiyada yüksək postlarda təmsil olunublar”

Tural Abbaslı: "O zaman belə anlaşılır ki, İsa Qəmbər Arif Hacılıdan daha zəif və informasiyasız rəhbər olduğu üçün bunları partiyadan "təmizləmirdi"

Sabiq divan üzvü, Müsavatın qurucularından olan Vurğun Əyyubun rayon təşkilatının qərarı ilə partiyadan çıxarılması narazılığı daha da alovlandırıb. Mayın 6-da bir qrup partiya üzvü Müsavat Partiyasının binası qarşısında etiraz aksiyası keçirib. Narazılar partiyadan çıxarılanlarların yenidən bərpasını istəyiblər. Təxminən 30-40 müsavatçının qatıldığı aksiyada plakatlar qaldırılıb. Etirazçılar Müsavat başqanının yenidən seçilməsini tələb ediblər. Etirazçıların əllərindəki plakatlarda "növbədənkənar qurultay çağırılsın" sözləri qeyd olunub. Aksiyaçılar Arif Hacılıya istefa şüarını səsləndiriblər. Aksiyaya Vurğun Əyyubun ən yaxın adamı, Müsavatın Suraxanı təşkilatının sədri Rövşən Dəmirli rəhbərlik edib. Arif Hacılı etiraz aksiyasına heç bir reaksiya verməyib. Müavinləri isə narazılar haqqında sərt danışıblar. Başqan müavini Elman Fəttah aksiyaya çıxanları "xain və satqın" adlandırıb. Qeyd edib ki, yaxın günlərdə aksiyaya çıxanları sərt cəzalandırılması haqqında partiya rəhbərliyi qarşısında məsələ qaldıracaq. Başqanın başqa bir müavini Səxavət Soltanlı da narazıları sərt tənqid edib, Müsavat qərarlarına tabe olmayanların sərt şəkildə cəzalandırılacağını deyib. Ancaq narazıları dəstəkləyənlər də var. Partiyanın Qadınlar Təşkilatının sədri Ellada Məmmədli açıq-aşkar Vurğun Əyyubu dəstəkləyir və Arif Hacılını qınayır. Məclis üzvü Tural Abbaslı partiya rəhbərliyini sərt tənqid edib. Arif Hacılı və komandasını dolayısı ilə bolşevizmdə suclandıran Tural Abbaslı deyib ki, sərt cəza tədbirləri ilə narazılığı yatırmaq mümkün olmayacaq. "Bu gün Müsavat Partiyasında baş verən hadisələrin məsuliyyəti birbaşa partiyanın rəhbəri Arif Hacılının üzərinə düşür" deyən Tural Abbaslı bildirib ki, partiyanın uğurları da, ağır vəziyyətə düşməsi də başqanın adına yazılır: "Bunu inkar edirlərsə, deməli, partiyanın yükünü daşımaq gücündə deyillər. Vurğun Əyyubun, ondan əvvəl Qubad İbadoğlunun partiyadan çıxarılması, bir çox narazılara partiya daxilində təzyiqlər edilməsi partiyanın qərargahı qarşısında müsavatçıların etiraz aksiyası keçirməsini şərtləndirdi. Unudulmamalıdır ki, Müsavat bizə əmanətdir, heç bir qrup şəxsi maraqlarını təmin etmək üçün yüzlərlə insanın həyatını fəda etdiyi bu partiyanı zəiflədə, gözdən sala bilməməlidir. Bu gün partiyanın rəhbərliyi, müavinlər təhdid dilində danışır, partiyada hansısa problemin olduğunu inkar edirlər. Amma elə bu gün onlarla insan öz partiyasının siyasətinə etiraz edib. Problem yoxdurmu?.. Partiya üzvləri ilə təhdid və cəza ritorikası ilə danışmaqdansa, yaranmış vəziyyətdən itkisiz çıxış yolu tapılmalıdır. Kimisə partiyadan qovmaq, kiməsə xain, agent demək çıxış yolu deyil".
Tural Abbaslı həmçinin əlavə edib ki, partiyadakı istefa tələblərini normal qarşılayır: "Demokratiyanın bir üzü seçilmək və vəzifə başına gəlməkdirsə, digər üzü də zamanı gəldikdə çəkilməyi bacarmaqdır. Həm bu tələblər partiya Nizamnaməsinə də zidd hərəkət deyil. Hər bir üzvün partiyanın istənilən qərarını tənqid etmək və təbii ki, istənilən seçilmiş şəxsin istefasını tələb etmək hüququ var. Bu tələblərə aqressiv yanaşmaq yox, bu tələbləri doğuran səbəbləri araşdırmaq və buradan irəli gələn addımları atmaq lazımdır. Əslində könül istərdi ki, partiya rəhbəri Arif Hacılı bu çağırışlara lazımı diqqət ayırsın. Narazıları dəvət edib onların narazılıqlarını aradan qaldırmağın yollarını axtarsın. Partiya daxilində qarşılıqlı dialoq və konsensusla problemlər həll olunsun. Ancaq təəssüflər olsun ki, rəhbərliyin və şəxsən Arif Hacılının reaksiyası adekvat olmayacaq dərəcədə aqressivdir. Bunu istər onların müsahibələrindən, istərsə də sosial şəbəkələrdəki fikirlərindən aydın şəkildə görmək olur. Əminəm ki, Arif Hacılı son aksiyadan istifadə edərək partiya daxilindəki rəqiblərini və opponentlerini cəzalandıracaq və onları partiyadan kənarlaşdıracaq. Bu da partiyadaxili gərginliyi daha da artıracaq".
"Əvvəlcə onu qeyd edim ki, Arif Hacılıya və onun idarə metoduna qarşı çıxmaq Müsavata qarşı çıxmaq deyil",- deyən Abbaslı bildirib:"Yəni buradan da bu nəticə çıxır ki, bu partiya üzvü olub partiyaya qarşı çıxan heç kim yoxdur. Narazıları "təxribatçı", "agent", "düşmən dəyirmanına su tökən" və s. adlandırmaq isə siyasi zəiflik və arqumentsizlikdir. Çünki bu gün etiraz edənlərin bir çoxu İsa Qəmbərin başqanlığı dönəmində partiyada yüksək postlarda təmsil olunublar. O zaman belə anlaşılır ki, İsa Qəmbər Arif Hacılıdan daha zəif və informasiyasız rəhbər olduğu üçün bunları partiyadan "təmizləmirdi". XXI əsrdə Azərbaycan rəhbərliyinə iddialı olanların heç bir fakt və əsas göstərmədən siyasi rəqiblərini belə məsələlərdə ittiham etməsi gülüncdür. Həm mən etiraz edənlərin hər birini şəxsən tanıyıram...".
Tural Abbaslı diqqətə çatdırıb ki, Müsavatdaxili problemləri həll etmək üçün hansısa vasitəçilərə ehtiyac yoxdur: "Bu partiyadaxili məsələlərdir və təbii ki, partiya daxilində də partiya üzvlərinin birgə müzakirələri ilə həll olunmalıdır. Ancaq istisna kimi Cəmil Ünal bəyi demək olar. O, Müsavatı Türkiyədə qoruyub saxlayan və bizlərə təhvil verən böyüklərimizdəndir. Onun bu məqamdakı müdaxiləsi proseslərə müsbət təsir göstərə bilər. Həm Cəmil bəyi də zatən Müsavatdan kənar insan kimi təsəvvür etmək olmaz... Təbii ki, Müsavatda baş verən hadisələrin cəmiyyətdə partiyaya mənfi imic gətirdiyi və xalq arasındakı mövqelərini zəiflədiyi danılmazdır. Müsavatın illərlə minlərlə insanların fədakar mübarizəsi sayəsində əldə etdiyi dividentlərin yalnış idarəçilik nəticəsində yox olması çox ağrıdıcıdır. Elə buna görə də təxirə salınmadan vəziyyət düzgün və obyektiv analiz olunmalı və bu vəziyyətdən optimal çıxış yolları tapılmalıdır. Bir daha qeyd edirəm ki, partiyadakı hər kəs razı, narazı fərq etmədən hər kəs anlamalıdır ki, Müsavat bizə Rəsulzadə və silahdaşlarından yadigar qalan müqəddəs bir əmanətdir. Bizim də borcumuz bu əmanəti layiq olduğu şəkildə sonrakı nəsillərə ötürməkdir".

Əli