Milli Məclisdə dinləmələr keçirildi Siyasət

Milli Məclisdə dinləmələr keçirildi

QHT və Media nümayəndələri "Avropa Birliyi ölkələrində insan haqları"nın vəziyyətini müzakirəyə çıxardılar

Dünən Milli Məclisdə "Avropa Birliyi ölkələrində insan haqları" mövzusunda dinləmələr keçirilib.
Azərbaycan-Avropa Parlamenti əməkdaşlıq qrupunun rəhbəri Valeh Ələsgərov, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar, I Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyasının təmsilçiləri iştirak ediblər.
Dinləmələrdə çıxış edən Valeh Ələsgərov və deputat Azay Quliyev Avropa Oyunları yaxınlaşdıqca Avropada Azərbaycana qarşı bəzi qüvvələr tərəfindən qarayaxma kampaniyasının gücləndirildiyini deyiblər. Azay Quliyev bildirib ki, bu kampaniyaları təşkil edənlərin çoxu Avropa Parlamentində uydurma "erməni soyqırımı" barədə qətnamənin qəbul edilməsində təşəbbüskar rolunu oynayanlardır: "Dolayısı ilə onlar Azərbaycanda guya insan haqları ilə bağlı problemləri qabardaraq Ermənistanın xeyrinə işləyirlər. Bu, Ermənistanın, erməni lobbisinin son vaxtlar geniş vüsət alan kampaniyasının tərkib hissəsidir. Göstərmək istəyirlər ki, guya Azərbaycanda insan haqları pozulur və belə olan halda Dağlıq Qarabağdakı ermənilər Azərbaycan dövlətində necə yaşaya bilərlər. Təbii ki, bunlar hamısı düşmənin məkridir".
Azay Quliyev isə bildirib ki, müəyyən qüvvələr Avropa Oyunları ilə bağlı Azərbaycan əleyhinə kampaniya aparır və son vaxtlar bu intensivləşib: "Bu yaxınlarda APA İnformasiya Agentliyində çox yaxşı araşdırma getdi və bu qüvvələrin mənbəyi, niyyəti açıq ortaya qoyuldu".
Deputat qeyd edib ki, ABŞ-ın keçmiş diplomatları bu işdə xüsusi canfəşanlıq nümayiş etdirirlər. Onun sözlərinə görə, vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Rebekka Vinsent aparılan kampaniyada iştirak edir: "Biz bu kampaniyaya səssiz qala bilmərik".
Milli Məclisin sədr müavini, Azərbaycan-Avropa Parlamenti əməkdaşlıq qrupunun həmsədri Valeh Ələsgərov bu prosesin davamlı olduğunu vurğulayıb: "Bizim üçün ən təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin bəzi üzvləri Azərbaycana qarşı qarayaxma kampaniyalarına qoşulurlar və özü də bunu silsilə şəkildə həyata keçirirlər. "Son zamanlar vətən xaini Əlikram Hümbətovu Avropa Parlamentinə dinləmələrə dəvət ediblər. Cəbhəni tərk edən hər hansı bir xaini ora dəvət etmək hansı niyyətdə olduqlarının göstəricisidir. Azərbaycan başqa ölkələrdən fərqli olaraq, müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasət aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlıq qurması, onu tənqid, tərif etməsi üçün kifayət qədər platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik. "Şərq Tərəfdaşlığı" adlı bir missiya var. Orada Avropanı təmsil edən 60 deputatla yanaşı, tərəfdaş ölkələrin hərəsindən 10 deputat da var. Adını tərəfdaş qoysalar da, bizimlə bərabər hüquqda danışmaq istəmirlər. Təzyiq dilində danışırlar. Avropa Parlamentinə dəfələrlə bildirmişik ki, Azərbaycanla bağlı nə iradınız varsa, gəlin bir tədbiri də Bakıda keçirib, burada aydınlaşdıraq. Amma üz-üzə gəlmirlər. Türkiyə 60 ilə yaxındır Avropa Birliyinə qəbul olunmur. NATO-ya dərhal qəbul etdilər, çünki söhbət öz təhlükəsizliklərindən gedirdi, amma humanitar, iqtisadi məsələlərdə Türkiyəni yaxın buraxmırlar. Çünki onlar üçün din, etnik mənsubiyyət əsas amildir".
Məruzə ilə çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycan Respublikası ilə Avropa İttifaqı və bu qurumun təsisatları arasında olan münasibətlərdən danışıb: "Ötən müddət ərzində istər Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Şərq Tərəfdaşlığı proqramı, istərsə də 2006-cı ildə qəbul olunmuş Azərbaycan Respublikası-Avropa İttifaqı Fəaliyyət Planı və "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" çərçivəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi və möhkəmləndirilməsi üçün müvafiq mexanizmlər təmin edilib, siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, enerji təhlükəsizliyi, iqtisadi, mədəni və digər əməkdaşlıq sahələrində, o cümlədən Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olmasına, həssas geosiyasi mövqeyinə və təhlükəsizliyini təhdid edən bir sıra mühüm amillərə baxmayaraq, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verib, Avropa İttifaqının nəqliyyat və enerji sahələrində təşəbbüslərinin gerçəkləşdirilməsi istiqamətində yüksək siyasi iradə, dayanıqlılıq və ardıcılıq nümayiş etdirib.
Azərbaycanın öz öhdəliklərinə sadiq qalmasına, qarşılıqlı münasibətlərin inkişafı istiqamətində prinsipiallıq sərgiləməsinə rəğmən, təəssüf ki, Avropa İttifaqının bır sıra təsisatlarında, o cümlədən Avropa Parlamentində təmsil olunan bəzi qruplar ölkəmizə münasibətdə daim qərəzli mövqe nümayiş etdirərək, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq üçün ən kiçik imkan və vasitələrdən yararlanmağa çalışıblar.
Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində Avropa Parlamentində bu oyunların üzərinə öncədən kölgə salmaq məqsədi daşıyan dinləmələrin keçirilməsi, ölkəmizin ünvanına aqressiv-radikal mülahizələrin səsləndililməsi də bu qərəzli münasibətin bariz nümunəsidir. Avroparlamentin hazırda ayrı-ayrı siyasi dairələrin əlində müstəqil dövlətlərə təzyiq vasitəsi rolunu oynayan sifariş alətinə çevrilməsi, bu reallığı görməyi və dərk etməyi bacaran heç kimdə şübhə doğurmur. Bəzən yumşaq şəkildə "ikili standartlar" kimi qiymətləndirdiyimiz, əslində isə korporotiv və qrup maraqlarından doğan çoxüzlü, riyakar siyasət ölkəmizə münasibətdə də özünü qabarıq şəkildə büruzə verir.

Faktlara diqqət yetirək:
1. Avropa Parlamentində 2012-ci il mayın 20-də 56 deputatın iştirakı ilə keçirilmiş toplantı və müvafiq qərəzli qətnamənin qəbulu Bakıda "Eurovision" mahnı müsabiqəsi ərəfəsinə təsadüf edir.
2. 2013-cü il iyunun 15-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsindən bir neçə gün sonra Avropa Parlamentində 50-60 nəfərin iştirakı ilə müzakirələr təşkil olunur.
3. 2014-cü il sentyabrın 18-də yenə də azsaylı üzvlərin iştirakı ilə qətnamənin qəbulu "Əsrin müqaviləsi"nin ildönümü və "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimi ərəfəsində baş verir. Səsvermədə iştirak edənlərin əksəriyyətinin Azərbaycanda həbs olunmuş Ermənistan kəşfiyyat-diversiya qrupunun üzvü dünyasını dəyişdikdən sonra Ermənistan rəhbərliyinə başsağlığı verən şəxslərdən ibarət olması, üstəlik, bu qətnaməyə Azərbaycana qarşı daha radikal addımların atılması və sanksiyalar tətbiq olunması barədə bəndin daxil edilməsi isə ölkəmizə qarşı aparılan kampaniyanın mənbəyini və mahiyyətini tam çılpaqlığı ilə ortaya çıxarır.
Faktlar onu göstərir ki, bütün müzakirələr və səsvermələr təxirəsalınmaz şəkildə, yalnız məlum bir qrup deputatın iştirakı ilə keçirilir və Azərbaycanda hər hansı mühüm bir hadisəyə təsadüf edir. Bu da həmin sənədlərin sifarişli xarakter və təzyiq məqsədi daşıdığını deməyə tam əsas yaradır.
Bu baxımdan, Avropa Parlamentində fəaliyyət göstərən Anti-Azərbaycan qrupu haqda real mənzərənin ortaya çıxarmaq üçün "Bakı Oyunları: insan hüquqları naminə qaç!" mövzusunda dinləmələr təşkil edən şəxslər haqqında bəzi məlumatlara diqqət yetirmək maraqlı olardı.
Qeyd edim ki, dinləmələrin iştirakçıları Avropa liderlərini Avropa Oyunlarının iyunun 12-də keçiriləcək açılış mərasiminə getməməyə səsləyiblər.
AP-nin vitse-prezidenti Ulrike Lunaçek - AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə nümayəndə heyətinin üzvüdür. AP-də Avstriya Yaşıllar nümayəndə heyətinin, eyni zamanda LGBT (lezbian, gey, biseksual, transseksual) hüquqları üzrə qruplararası komitənin rəhbəridir. Onun cinsi azlıqlara xüsusi hüquq və imtiyazların tanınması barədə hesabatı, uşaqların 3 və daha çox cinsi azlığın himayəsinə verilməsi ilə bağlı təşəbbüsü hətta Avropa Parlamentində belə etirazla qarşılanmışdı.
Aprelin 15-də Avropa Parlamentində qondarma "erməni soyqırımı"nın müzakirəsi zamanı təmsil olunduğu qurumu "soyqırımı soyqırım kimi çağırmağa", Türkiyəni isə "öz tarixi ilə barışmağa" dəvət edib.
Lunaçek, həmçinin işğal altında olan Azərbaycan torpaqlarına səfər etdiyi üçün ölkəmizə buraxılmayam avstriyalı jurnalistə görə Avstriyanın xarici işlər nazirini Azərbaycana səfərdən imtina etməyə çağıran şəxsdir.
Ramil Səfərov Azərbaycana ekstradisiya olunarkən Avroparlamentin insan haqları komissiyasında ölkəmizin ünvanına ən sərt ittihamlarla çıxış edən deputatlardan biridir.
AP-nin vitse-prezidenti Alexander Graf Lambsdorff – AP-yə qədər, Friedrich Naumann Fondunda və Almaniya Federal Xarici Əlaqələr İdarəsində Rusiya üzrə əlaqələndirici kimi çalışıb. Türkiyənin Avropa Birliyinə daxil olmasına tənqidi yanaşır. Eyni zamanda o, öz həmkarları Marietje Schaake, Ramon Tremosa ilə birlikdə Leyla Yunusun 2014-cü ildə Saxarov mükafatına namizədliyini irəli sürüb. Lambsdroff Avropa Demokratiyaya Dəstək Fondunun təsisçisi və idarə heyətinin üzvüdür (Fond Azərbaycanda radikal siyasi qrupların nəzarətində olan QHT-lərin layihələrinə dəstək verir. Məsələn: Meydan TV-yə 300.000 Avro vəsait ayırıb).
Azərbaycanla bağlı aşırı tənqidi çıxışları ilə tanınır.

Roza Qrafin fon Tun Hohenşteyn – Qızlıq soyadı Voznikovskaya. Polşada uzun illər postsovet məkanından gələn 5-ci kolon nümayəndələri üçün təlimlər təşkil edən Robert Şuman Fondunun sədri olub. Azərbaycana qarşı ən sərt və qərəzli mövqedən çıxış edən, ölkəmizə qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırışlar səsləndirən, Avropanın böyük şirkətlərini Avropa oyunlarına sponsorluq etməməyə çağıran siyasətçidir.

Kati Piri – Hollandiyalı siyasətçi. Azərbaycanın Avropa Qonşuluq siyasətinin prinsiplərini pozduğunu bildirən, Avropa parlamentarilərini bu məsələyə sərt reaksiya verməyə çağıran avroparlament üzvüdür. Onun "Maks van der Stul" mükafatı fondunun layihə rəhbərlərindən biri Marina Oxanyanın təşəbbüslərində fəal iştirakı maraq doğurur.
Mark Demesmaeker – Belçikalı siyasətçi. Qondarma "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbulunda fəal iştirak edən deputatlardan biridir.

İgnazio Corrao –İtalyan siyasətçi. O, həmçinin "Azərbaycanda insan hüquqları müdafiəçilərinin təqibi" adlı video-rolikin müəllifidir.
"Miledi" ləqəbli Rebekka Vinsent - 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsində "Demokratiya naminə oxu" layihəsini idarə edən, müsabiqənin baş tutmaması üçün bütün vasitələrdən istifadə edən şəxs, Avropa oyunları ilə bağlı Azərbaycana qarşı həyata keçirilən, NED, Soros Fondu və İMS tərəfindən maliyyələşdirilən layihənin əlaqələndiricisi.
Xatırladım ki, Avropa Parlamentində dinləmələrin təşkilatçısı Yaşıllar fraksiyasıdır. Bu Fraksiyanın üzvləri vaxtilə Almaniya bundestaqında Azərbaycanda keçirilən "Eurovision" müsabiqəsini boykot etməyə çağırırdılar. Eyni davranış Avropa oyunları öncəsi də sərgilənir. Beləki Azərbaycanla bağlı Almaniya bundestaqında müzakirəyə çıxarılan son qətnamənin müəllifləri də məhz Yaşıllar Fraksiyasının üzvləridir.
İstər Avropa Parlamentindəki anti-Azərbaycan qrupuna daxil olan şəxslərin, istərsə də ölkəmizə qarşı təşkil olunan qarayaxma kampaniyasının digər iştirakçılarının kimliyinə diqqət yetirdikdə onları birləşdirən bir neçə mühüm məqamın olduğunu görə bilərik:
1. Ermənistanla və erməni diasporu ilə əlaqələr. Bu fakt özünü təkcə Azərbaycana münasibətdə deyil, eyni zamanda qondarma "erməni soyqırımı" ilə bağlı nümayiş etdirilən aşırı canfəşanlıqda da büruzə verir.
2. Anti-Azərbaycan kampaniyasında iştirak edən şəxslərin ayrı-ayrı ölkələrdə siyasi sabitliyin pozulmasında iştirak edən beynəlxalq təşkilatlarla və onların ölkəmizdəki nüfuz müvəkkilləri ilə əlaqələri.
3. Onların birbaşa və yaxud ayrı-ayrı şəxslər vasitəsi ilə həyata keçirdikləri layihələrin iflasa uğraması, qrant maxinasiyalarının ifşa olunması və bunun nəticəsində maliyyə mənbələrinin itirilməsi.
4. Azərbaycanda təmin olunmayan korporativ maraqlar və bundan irəli gələn şəxsi qisas hissi.
Maraqlıdır ki, Avropa İttifaqı ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar olsa da, Avropa Parlamenti onları müzakirəyə çıxarmaq və lazımi tədbirlər görmək istiqamətində bu günədək heç bir iş görməyib. İslamafobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması faktları əksər hallarda araşdırılmır. Avropa Parlamenti Avropa İttifaqının sərhədləri çərçivəsində baş verən kobud insan hüquqları pozuntularını "görmür", ancaq Azərbaycan kimi ölkələrdə adi bir halı süni şəkildə qabartmaqla öz fəaliyyətinə prinsipiallıq donu geyindirməyə çalışır.
Bəs Avropa Parlamentindəki məlum qrupun üzvlərinin, ayrı-ayrı beynəlxalq təşkilatlarının indiki halda Azərbaycana qarşı total qarayaxma kampaniyası aparmalarının səbəbi nədir?

Avropa Oyunları ərəfəsində beynəlxalq icrimaiyyətin və medianın diqqətinin Azərbaycanda olacağını nəzərə alan Ermənistan, erməni diasporu, işğalçı ölkənin dəstəkçiləri, ölkəmizdə geosiyasi və iqtisadi maraqları olan dairələr, korporativ maraqları olan şəxslər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa, oyunların keçirilməsindən əldə edəcəyimiz dividentlərin effektiv təsirinin azaldılmasına cəhd göstərirlər.
Bildiyiniz kimi, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin tənzimlənməsi prosesində ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün irəli sürdükləri əsas iddialardan biri Daqğlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlıdır. Ermənistan iddia edir ki, Azərbaycan xalqı tolerant olmadığı üçün Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz, çünki bu halda ermənilər üçün təhlükə yarana bilər. Lakin Avropa Oyunları və bu qəbildən olan digər tədbirlər Ermənistanın, eləcə də bu marionett ölkənin himayəçilərinin iddialarının alt-üst edilməsinə zəmin yaradır və onların əsas silahlarını əllərindən alır.
Hücumların daha bir səbəbi Avropa Oyunları ərəfəsində Azərbaycan dövlətinin və xalqının diqqətini əsas hədəflərdən yayındırmaq, bununla da oyunların təşkili prosesinə zərbə vurmaq, ölkəmizin nüfuzdan salınması üçün nəzərdə tutulan təbliğat üçün əsas yaratmaqdan ibarətdir.
Başqa bir səbəb isə total hücumlar vasitəsilə Azərbaycan xalqının təkləndiyini sübut etmək, cəmiyyətimizdə gərginlik və qarşıdurma yaratmağa cəhd göstətmək, sinirlərimizi gərmək, bunun müqabilində xalqımızın tarixi tolerantlıq ənənələri ilə bağlı ciddi şəkildə formalaşmaqda olan beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönəltmək, həmçinin xalqımızın güclənməkdə olan özünəinam hissini sarsıtmaqdır.
Digər bir səbəb isə Azərbaycanı bu prosesdən zəif çıxarmaqla iflas ərəfəsində olan Ermənistanla ölkəmiz arasında olan müqayisəyə gəlməz fərqi qismən də olsa azaltmaqdır".
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri
Azər Həsrət Avropada media və digər sahələrdə mövcud olan problemlərdən danışıb: "Bu il yanvarın 7-də Parisdə Charlie Hebdo jurnalının redaksiyasına basqın və sonrakı hadisələr sonucu 14 nəfərin öldürülməsi bütün Avropanı ayağa qaldırmışdı. Doğrudan da dəhşətli idi. Amma həmin hadisədən bir neçə gün sonra Nigeriyada Boko Haram terrorçularının 2 minədək insanı öldürməsi kimsənin tükünün belə tərpənməsinə səbəb olmadı. Avropa öz ərazisində 14 nəfər üçün matəm elan etdi, Nigeriyaya Allahın bir başsağlığını belə çox gördü…
Bunun adı ikili standartdır. Bütün məsələlərdə olduğu kimi insan haqları məsələsində də Avropa ikili standartı iş başındadır.
Vaxtımızın azlığını nəzərə alaraq sadəcə faktları konstatasiya etmək istərdim. Şərhləri sizə buraxıram.
Beynəlxalq Amnistiya təşkilatının məlumatına görə, Avropa Birliyi ölkələri özəlliklə də Afrikadan gələn köçkünlərin qitəyə girişini əngəlləmək üçün 1 il ərzində 2 milyard avrodan artıq vəsait xərcləyir. Köçkünlərin şəraitini yaxşılaşdırmaq üçünsə cəmi 700 milyon pul ayrılır.
Son günlər aralıq dənizində Afrikalı köçkünləri daşıyan bərənin batması sonucu 900-dək insanın həlak olması bir daha göstərir ki, Avropa Birliyi onlardan yaxa qurtarmaq üçün ən qəddar şəraitin yaradılmasından belə çəkinmir.
2014-cü ilin fevralında İspaniya sərhəd mühafizəçiləri 250 Afrikalı köçkünün ölkəyə girişini əngəlləmək üçün silahdan istifadə etmişdi. Nəticədə 14 nəfər ölmüş, digərlərininsə ölkəyə girişinə imkan verilməmişdi.
Beynəlxalq Ədalətli Mühakimə təşkilatının hesabatına görə, Avropada 2011-13-cü illərdə istintaq altında tutulan hər 5 nəfərdən 1-i müvafiq tərcümə xidmətinin təmin edilməməsindən şikayətçi olub.
Eyni təşkilat eyni illərdə hər 10 şübhəlidən 1-nin hüquqları haqqında bilgi alması və həbsinin səbəblərini öyrənməsi üçün müraciətlərinin cavabsız qaldığını bildirib.
Yenə də həmin illərdə şübhəli şəxslərin 13%-nin həbsdən sonra özünə vəkil tutması və ya vəkililə əlaqə saxlaması əngəllənib.
Beynəlxalq Həbsxanaları Araşdırma Mərkəzi adlı təşkilatın məlumatlarına görə, Avropa Birliyi ölkələrində dustaqxanalarda yol veriləndən daha artıq dustaq saxlanılır. Örnək üçün, yunan Kiprində yüz nəfərlik yerdə orta hesabla 137,5, Yunanıstanın özündə 136,5, İtaliyada 128,8, Belçikada 124,4 Maltada 133,6 nəfər dustaq saxlanılır.
Avropa ölkələrində eyni zamanda həm də dini və irqi ayrıseçkilik zəminində cinayət halları artmaqdadır. Bu ölkələrdə tolerantlıq yerini getdikcə daha çox dözümsüzlüyə verir. Nəticədə islam, yəhudi dinindən olanlar, eyni zamanda dərisinin rəngi fərqli olanlar ayrıseçkiliyə məruz qalırlar.
Örnək üçün, bu ilin fevralında Fransanın Strasburq şəhərində yəhudi qəbristanlığına hücum nəticəsində 100-dək yəhudi məzarı dağıdılmışdı.
Yaxud da ötən ilin may ayında Brüsseldəki yəhudi muzeyinə hücum sonucu 4 nəfər öldürülmüşdü.
2012-ci ilin fevralında isə Fransanın Tuluza şəhərindəki yəhudi məktəbinə hücumda bir kişi və 3 yəhudi uşağı öldürülmüşdü.
Avropa Birliyi Təməl Hüquqlar Agentliyinin araşdırmalarına görə, 2013-cü il ərzində Belçika, Fransa, Almaniya, İtaliya, İsveç, Böyük Briyaniya kimi ölkələrdə rəyi soruşulanların 75%-i antisemitizm hallarının artdığını deyib. Yəhudi olduğu üçün küçəyə çıxmağa qorxduğunu deyənlərin sayı isə 50%-i təşkil edib.
Hər 100 nəfərdən 33-ü bu səbəbdən hücuma məruz qala biləcəyindən qorxur.
Antisemitizmlə bərabər Avropa Birliyi ölkələrində antiislam hərəkatları da getdikcə güclənməkdədir. Bu hal o qədər sürətlənib ki, ötən ilin oktyabrında Almaniya mərkəzli PEGIDA – Patriotische Europäer gegen die Islamisierung des Abendlandes – Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı adlı təşkilat da qurulub. Bu təşkilat təkcə Almaniyada deyil, bir sıra Avropa ölkələrində şöbələrini açıb, rəsmi dövlət iznilə kütləvi tədbirlər təşkil edir. Artıq on minlərlə sözdə vətənpərvər Avropalı PEGIDA-nın müsəlmanlara qarşı açıq nifrət saçan mitinqlərinə qatılır. Və dövlətlər də onların bu çağırışlarını sakit şəkildə seyr edir.
Məscid və başqa ibadət yerlərinə hücumlar da getdikcə adiləşir. Belə hallar Almaniyayla bərabər Fransada, Avstriyada, İsveçdə müşahidə edilib. Bəzən məscidlər yandırılıb, bəzən də onların qapısına kəsilmiş donuz başı qoyulub. Bununla da Qərb ölkələrində islamofobiya öz işini görməkdədir.
Və ən dəhşətlisi isə kiçik uşaqların zorla ailəsinin əlindən alınması Avropada getdikcə adiləşir. Hər il on minlərlə uşaq müxtəlif bəhanələrlə ailəsindən qoparılır və bir daha geri qaytarılmır. Bu münasibətə daha çox köçkün və qaçqın uşaqları məruz qalır. Örnək üçün, təkcə 2011-ci ildə Almaniyada yeniyetmələrlə iş üzrə dövlət qurumu – Jugendamt 38 min 456 uşağı zorla ailəsinin əlindən alıb ki, bunların da 5 mini türk uşaqlarıdır.
Sonda bir sitat: "Avropa hələ də bir çoxları üçün təcrid olunma, ayrıseçkilik və əziyyət məkanıdır". Bu sözlər Human Rights Watch təşkilatının Avropa və Orta Asiya bölməsinin direktoru Bencamin Uorda aiddir".
Digər məruzəçi Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev qeyd edib ki, Azərbaycana qarşı aparılan bu kampaniyanın arxasında bir neçə məqsəd dayanır: "Azərbaycanı müstəqil siyasətindən sapdırmaq və Dağlıq Qarabağmünaqişəsini ermənilərin xeyrinə həll etmək niyyəti var. Bizi ittiham edən Avropa ölkələrinə baxdıqda görürük ki, orada siyasi korrupsiya mövcuddur. Siyasi korrupsiya dedikdə, lobbiçilik fəaliyyətlərinin qeyri-şəffaf olduğunu qeyd edə bilərik. Avropa İttifaqı ölkələri ilə bağlı Beynəlxalq Şəffaflıq Təşkilatının apardığı hesabatda da qeyd olunub ki, Avropa ölkələrində siyasi korrupsiya geniş yayılıb".
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, bəzi dairələr insan hüquq və azadlıqlarından istifadə edərək Azərbaycana qarşı çirkli kampaniya aparırlar. O, Azərbaycana qarşı kampaniya aparan xarici QHT-ləri 3 qrupa ayırıb: "Bunlardan birincisi Azərbaycana qarşı düşmən mövqeyində olan QHT-lərdir. Digər qrup sifariş yerinə yetirən QHT-lərdir. Bu təşkilatlar Azərbaycana qarşı kampaniyada iştirak edirlər. Başqa bir qrup isə yanlış informasiya əsasında Azərbaycana dair mənfi məlumatlarla yüklənən təşkilatlardır".
Deputat Çingiz Qənizadə cinayət törətməyən və hansısa ab-havaya qoşulub Azərbaycandan Avropaya mühacirət edənlərlə sıx əməkdaşlıq qurulmasını tövsiyə edib: "Onlar onsuz da Azərbaycan üçün yanırlar, vətən həsrəti ilə yaşayırlar. Eyni zamanda, orada yaxşı təşkilatlanırlar. Biz onlarla əməkdaşlıqdan fayda görə bilərik. Bunda onların özləri də maraqlıdır".
Deputat Asim Mollazadə isə xarici mətbuatda Azərbaycana qarşı 4500-ə yaxın məqalə dərc olunduğunu söyləyib: "Bunlar təkcə insan hüquqları ilə bağlı deyil. Harada Azərbaycanı ləkələmək imkanları varsa, ondan istifadə edirlər. Bunun da səbəbi beynəlxalq səviyyəli yarışların Azərbaycanda keçirilməsidir. Qərb ölkələrindən gələnlər Azərbaycandakı inkişafın şahidi olub, bu kampaniyanın yalan olduğunu görürlər. Bu kampaniyanı aparanlar beynəlxalq erməni təşkilatlardır".
Dinləmələrdə iştirak edən Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli Azərbaycana qarşı aparılan kampaniyanın qərəzli və əsassız olduğunu bildiriblər.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan QHT-ləri Avropada obyektiv fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığa hazırdırlar: "Bu və digər məsələlərlə bağlı kimin təklifi varsa, yazılı müraciət etsin, biz maliyyələşdirməyə hazırıq".