“Tarixdə yaşayan Qələbə!” adlı tədbir keçirilib Mədəniyyət

“Tarixdə yaşayan Qələbə!” adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nəriman Nərimanovun xatirə muzeyində “Tarixdə yaşayan Qələbə!” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəhid ailələri, mədəniyyət işçiləri, 128, 189-190 nömrəli tam orta məktəblərin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə 44 günlük Vətən müharibəsinin tarixindən, qəhrəman Vətən oğullarının şücaətindən, milli birliyimizdən, hazırda işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq işlərindən söhbət açılıb.

Sonra Zəfər Günü ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra şəhid Sübhan Abdurrahmanlının anası Mehriban Abdurrahmanlı, şəhid Füzuli Əliyevin anası Fərasət Əliyeva çıxışlarında övladlarının vətənpərvərliyindən, qəhrəmanlıqlarından danışıblar, qazi İsmayıl Əhmədzadə isə keçdiyi döyüş yolundan bəhs edib.

Bədii hissədə şagirdlərin ifasında şeirlər, bədii kompozisiyalar və musiqi nömrələri təqdim olunub.

Sonda tədbir iştirakçıları muzey tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.