“Rəsmi olaraq ilk qeyri-hökumət təşkilatları, 1992-ci ildə “İctimai təşkilatlar haqqında” qanun qəbul edildikdən sonra yarandı” Layihə

“Rəsmi olaraq ilk qeyri-hökumət təşkilatları, 1992-ci ildə “İctimai təşkilatlar haqqında” qanun qəbul edildikdən sonra yarandı”

İbrahim Əliyev: "Həmin qanunun ictimai təşkilatları hüquqi cəhətdən dəqiq xarakterizə etməsi və onun fəaliyyət çərçivələrini müəyyənləşdirməsi əhəmiyyətli hadisə idi"

Əvvəli ötən sayımızda...

Tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyev əlavə edib ki, cəmiyyətdə bu mürəkkəb və vacib funksiyaları yerinə yetirən QHT-lər birdən-birə yarana və mükəmməl ola bilməzdi: "Hələ sovet hakimiyyətinə qədər Azərbaycanda bu kateqoriyaya aid ola biləcək təşkilatlar – yaradıcılıq birlikləri, həmkarlar təşkilatları, ictimai birliklər, xeyriyyə cəmiyyətləri olub və ölkə tarixində özünəməxsus iz qoyublar. Lakin sovet hakimiyyətinin qurulması ilə bu ənənə qırılıb, az-çox saxlanılmış təşkilatlar isə öz mahiyyətindən uzaqlaşdırılaraq, sovet imperiyasının maraqlarına xidmət edən qurumlara çevriliblər. Bu tipli təşkilatların yaranmasının yeni dalğası 1980-ci illərin axırı - 90-cı illərin əvvəllərinə təsadüf edir. Əhalinin ən müxtəlif qruplarının konkret problemlər və məqsədlər ətrafında birləşməsinin yeni mərhələsi 1988-ci ildə Qarabağ probleminin açıq şəkildə ortaya çıxması ilə bağlı oldu. Lakin o vaxt əhalinin fəallığı yüksək olsa da təcrübəsizlik, kortəbiilik, qeyri-mütəşəkkillik öz mənfi təsirini göstərib.
Müstəqilliyin ilk illərində bu və ya digər formada fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı hesab edilə biləcək təşkilat az idi. Bunlara müxtəlif yaradıcılıq təşkilatlarını, müharibə veteranları birliyini və bu tipli digər təşkilatları göstərmək olar. Rəsmi olaraq ilk qeyri-hökumət təşkilatları, əsasən, 1992-ci ildə "İctimai təşkilatlar haqqında" qanun qəbul edildikdən sonra yaranmağa başladı. Həmin qanunun ictimai təşkilatları hüquqi cəhətdən dəqiq xarakterizə etməsi və onun fəaliyyət çərçivələrini müəyyənləşdirməsi əhəmiyyətli hadisə idi. Lakin bu qanunda müəyyən boşluqların olması, xüsusən bu təşkilatların fəaliyyətinə ictimai və dövlət nəzarəti mexanizmlərinin zəifliyi praktikada çoxsaylı problemlərin üzə çıxmasına səbəb olurdu. Həmin dövrdə cəmiyyətin problemlərinin kifayət qədər çox olması və müstəqil dövlətçiliyin yeni formalaşdığı bir şəraitdə dövlətin bu sahəyə diqqət ayırmaq imkanının məhdudluğu pərakəndəlik və qarışıqlıq üçün zəmin yaradırdı".
Onun sözlərinə görə, həmin illərin ən böyük problemlərindən biri Azərbaycanın müxtəlif dövlətlərin təsir dairəsi uğrunda mübarizə mərkəzlərindən birinə çevrilməsi idi: "Bu proses güclü təsir vasitəsi olan QHT-lərdən də yan keçmirdi. Bu vəziyyət Azərbaycanda müxtəlif maraqları olan qüvvələrə vəziyyətdən istifadə etməyə, formalaşmaqda olan QHT-lərin fəaliyyətini özlərinə sərf edən məcraya yönəltməyə və onlardan öz məqsədlərinə çatmaq üçün istifadə etməyə imkan verirdi. O vaxt sağlam məqsədli təşkilatlarla yanaşı, ölkənin milli maraqlarının əleyhinə fəaliyyət göstərən təşkilatlar da yaranmışdı. Onlar xeyriyyəçilik və digər ictimai əhəmiyyətli fəaliyyət pərdəsi altında əhalinin müxtəlif kateqoriyalarını öz tərəflərinə çəkmək, onlardan sabitliyi pozmaq, təxribatlar törətmək, ölkədə gedən quruculuq işini pozmaq kimi məqsədlərə xidmət edirdilər. Müstəqilliyin ilk illərində ölkə əleyhinə xaricdən və daxildən törədilmiş təxribatlarda bu istiqamətdə aparılan işin təsiri müşahidə edilirdi. Ölkədə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr, separatçı qüvvələr, təxribatçı qurumlar çox vaxt yaratdıqları ictimai birliklərin arxasında pərdələnir, həmin qurumlar vasitəsilə xaricdən və daxildən maliyyə yardımları alırdılar. Həmin illərdə Azərbaycanda törədilmiş təxribatlarda, terror hadisələrində, separatçı qiyamlarda bir sıra yerli
və xarici təşkilatların yaxından iştirakı aşkar edilmişdi. Ümumiyyətlə, 1991 - 1995-ci illərdə öz missiyasından uzaqlaşaraq, təsir altına düşmüş ictimai təşkilatları iki tipə bölmək mümkündür. Bu təşkilatların bir qismi məqsədyönlü şəkildə siyasi qruplaşmaların aləti kimi yaradılırdısa, onların xeyli hissəsi mövcud vəziyyətin qarışıqlığı şəraitində səriştəsizlikdən və sadəlöhvlükdən bu və ya digər siyasi qüvvənin təsiri altına düşürdü". O, bildirib ki, 1993 - 1994-cü illərdən etibarən Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, QHT-lərin həyatında da yeni bir mərhələ başlanır: "Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi həyatında baş vermiş köklü dəyişiklik, onun rəhbərliyi altında məqsədyönlü və ardıcıl dövlət quruculuğu işinin başlanması, dağıdıcı qüvvələrin qarşısının alınması sayəsində vətəndaş cəmiyyətinin də əsaslarının qurulması üçün zəmin yarandı. Bütövlükdə, dövlət quruculuğu işinin, ayrılıqda isə cəmiyyətin xarakterinin, ideallarının, prioritetlərinin dəqiqləşdirilməsi, münasibətlər sisteminin formalaşdırılmasının zirvəsi Azərbaycan Respublikasının 1995-ci ildə Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiya Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət xarakterini, onun vətəndaş cəmiyyəti və hüquqi dövlət qurmaq əzmini bəyan edərək təsbit etdi. Mükəmməlliyi ilə dünyanın ən demokratik ölkələrinin konstitusiyaları ilə müqayisə oluna bilən belə bir konstitusiyanın qəbul edilməsi ictimai sektorun da maksimum inkişaf etməsi, öz missiyasını yüksək səviyyədə həyata keçirməsi üçün möhkəm hüquqi baza yaradırdı. Konstitusiyanın qəbul edilməsi ilə bir sıra prinsipial məsələlərə aydınlıq gətirilməsi QHT-lərin formalaşması və cəmiyyətdə öz hüquqi yerini tutması, onların normal fəaliyyət göstərməsi üçün fundamental hüquqi bazanın yaradılması və o vaxta qədər mövcud olan qeyri-müəyyənliklərin aradan qaldırılması baxımından ciddi irəliləyişə təkan vermişdi. Lakin bu prosesin özü də obyektiv səbəblər üzündən çox da sürətlə getmirdi. Belə bir fundamental hüquqi əsasın olması da bu sahədə bütün problemlərin həll olunması demək deyildi. Şübhəsiz, keçid dövrünü yaşayan bir cəmiyyətin konstitusiyada nəzərdə tutulan ideal vəziyyətə gəlib çıxması üçün uzun illərin gərgin əməyi, cəmiyyətdə, onun münasibətlər sistemində, ictimai şüurda köklü irəliləyişlərin olması tələb edilirdi". Onun sözlərinə görə, Azərbaycanda müstəqilliyin bütün tarixi boyu QHT-lərin inkişaf məntiqini və dövlətin bu sahədə müəyyənləşdirdiyi və yeritdiyi xəttin əsil mahiyyətini daha dərindən dərk etmək üçün onların xarakterik cəhətlərinə diqqət yetirmək lazım idi: "Bu reallıqlardan çıxış edən Azərbaycan dövləti üçüncü sektorun təşəkkülünə və möhkəmləndirilməsinə nail olmaq üçün bu sahədə öz strategiyasını konkret
istiqamətlərdə həyata keçirirdi. Onların sırasına aşağıdakılar daxildir:
• bu sahənin normal fəaliyyətini təmin edə biləcək mükəmməl hüquqi bazanın yaradılması;
• QHT-lərin mövcud vəziyyətinə və fəaliyyətinə milli dövlətçilik baxımından qiymət verərək, onların zərərli təsirlərdən qorunmasına dəstək verilməsi;
• onların iş təcrübəsinin artırılması və kadr təminatına kömək edilməsi;
• onların fəaliyyət istiqamətlərinin müəyyənləşməsinə və əhatə dairəsinin genişlənməsinə dəstək verilməsi;
• onlara metodik, texniki və təşkilati köməyin təşkil edilməsi;
• dövlət – QHT münasibətlərinin nəzəri və praktik əsaslarının işlənib hazırlanması;
• QHT-lərin üzləşdiyi problemlərin və çətinliklərin aradan qaldırılmasına davamlı şəkildə dəstək verilməsi;
• onların xaricdən maliyyə asılılığının aradan qaldırılması üçün daxili maliyyə mənbələrinin formalaşmasına dəstək verilməsi;
• QHT sektorunun genişlənməsi və gücləndirilməsi üçün əhali arasında geniş maarifləndirmə işlərinə dəstək verilməsi;
• üçüncü sektorun təkcə paytaxtda deyil, ölkənin bütün ərazilərində, xüsusilə də regionlarda təşəkkül tapmasına və inkişafına nail olunması;
• QHT-lərin də Azərbaycanın bütövlükdə üz tutduğu Qərbə inteqrasiyasına dəstək verilməsi;
• QHT-lərin fəaliyyətinin daha çox ictimai əhəmiyyət kəsb edən prioritet sahələrə yönəldilməsinə nail olunması və sair.
İctimai sektor sahəsində nəzərdə tutulan bu məqsəd və vəzifələr dövlətin qəbul edilmiş bütün sənədlərdə öz əksini tapmışdır. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında deyilir: "Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətimizdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir. QHT-lərin inkişafında onun qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Dövlət quruculuğu prosesində bir-birinin ardınca ayrı-ayrı sahələr üzrə hakimiyyət strukturlarının yaradılması və onların arasında səlahiyyət və məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi dövlət idarəçiliyini tənzimləməklə yanaşı, ictimai sektorun da müvafiq strukturlarla işbirliyinə şərait yaradırdı...".

Əli

Ardı var...