Ahıska türkləri Layihə

Ahıska türkləri

Axısqalılar təsərrüfat və mədəni inkişafda yaxından iştirak edirlər


VII yazı

Araşdırmaçı Sevil Piriyeva 1989-cu il Fərqanə hadisələri və Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının ikinci mərhələsi ilə bağlı bildirir: "Fərqanə hadisələrindən sonra Ahıska türkləri keçmiş SSRİ-nin bir çox şəhərlərində yerləşdirilmişdi. Ahıskalıların 40 min nəfərdən çoxu Azərbaycan ərazisində məskunlaşdılar. Onların müxtəlif ehtiyacları ancaq respublika hesabına ödənilməsi mümkün olmadığı üçün Azərbaycan hökuməti SSRİ Nazirlər Sovetinin sədri L.A.Voroninə yardımla bağlı müraciət etmişdi. Azərbaycan SSR-ə köçmüş Ahıska türklərinə yardım haqda SSRİ Nazirlər Sovetinin 15 sentyabr 1989-cu il tarixli PP-25076 saylı qərarında deyilirdi: "Azərbaycan SSR Nazirlər Sovetinin məlumatına görə, məlum Fərqanə hadisələrindən sonra Ahıska türklərinin könüllü olaraq Azərbaycana köçüb gəlmələrini nəzərə alaraq, 1989-cu ilə kapital qoyuluşu limiti bitdiyi üçün SSRİ Nazirlər Soveti 1990-cı ilə 703 milyon manat pul
ayrılmasını nəzərdə tutub. SSRİ Dövlət Plan Komitəsinin sədr müavini V.A.Durasov 23 sentyabr 1989-cu ildə 526 Ahıska türkü Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirova və Azərbaycan SSR Nazirlər Sovetinin sədri A.Mütəllimova baş vermiş faciənin əsl günahkarlarının tapılması və başqa problemlərlə bağlı müraciət etmişlər.
Özbəkistanda baş verən hadisələr haqqında əldə olan məlumatlara görə, komissiya üzvlərinin və müşahidəçilərin rəylərinə əsasən Özbəkistandakı "pambıq işi" ilə əlaqədar burada T.Qdlyan və N.İvanovun rəhbərliyi altında işləyən yoxlama komissiyasının bu faciədə əli olması təsdiqlənir. Komissiya üzvlərindən
birinin etirafına görə, istintaq komissiya üzvləri tərəfindən türk əhalisi və ayrı-ayrı türklərin adından saxta şikayət ərizələri tərtib edilir, bu ərizələr vasitəsi ilə həm Özbəkistanın yüksək rütbəli dövlət məmurlarından böyük məbləğdə rüşvət alınır, həm də onların qəzəbi türk əhalisinə qarşı yönəldilirdi. Sonralar müxtəlif qırğın
aksiyaları həyata keçirilərkən bu pulların müəyyən hissəsi türkləri öldürən və evlərini yandıran ekstremistlərə mükafat olaraq verilibmiş. Həmin hadisələr zamanı Ahıska türklərinin Vətənə qayıtmaq uğrunda ictimai hərəkatı özünün ən yüksək inkişaf pilləsinə qalxmışdı və real nəticələrin qazanılacağı vaxt uzaqda deyildi.
Lakin Fərqanə faciəsi nəticəsində geniş bir ərazidə vurulan maddi və mənəvi çətinliklərlə üzləşən Ahıska xalqı yeni mürəkkəb problemlərlə qarşılaşdı. Fərqanə avantürası xalq hərəkatına ağır zərbə vurdu, ahıskalıların geri dönmək planları alt-üst edildi. Lakin milli düşüncəyə, etnik şüura endirilən ən böyük mənəvi ziyan bu idi ki, çoxları Fərqanə hadisələrinin araşdırılmasını onun şişirdilməsi kimi başa düşür, hətta həmin faciələr barədə susmağı lazım bilirdilər. Lakin onlar, görünür, təsəvvürə belə gətirmirdilər ki, bu hadisələri unutmaq və onlara siyasi qiymət verməmək gələcəkdə daha dəhşətli hadisələrin yenidən baş verməsi, təkrarlanması ehtimalını artıra bilər. Bu cür sosial biganəlikdən istifadə edən qüvvələr türk dünyasını parçalamağa, türk dövlətləri və xalqları arasında nifaq salmaqla onların zəifləməsinə cəhd göstərirlər".
Hələ 1944-cü ildə Ahıska türkləri Özbəkistanda məskunlaşdıqdan sonra kənd təsərrüfatının bütün sahələrində sürətli dönüş yaranmışdı: "Fərqanə hadisələrindən sonra əkinçiliklə məşğul olan Ahıska türklərinin böyük bir qisminin Özbəkistanı tərk etməsi nəticəsində Özbəkistan kənd təsərrüfatının bütün infrastrukturu ağır vəziyyətlə üzləşməli olmuşdu. Özbəkistan Respublikası Nazirlər Sovetinin başçısı Geyrət Qadirov etiraf etmişdi ki, "Türkləri əvəz edən yoxdur, bu ağır işlərin öhdəsindən yalnız onlar gəlirdilər. Biz onları geri qaytarmaq üçün çalışmalıyıq. Respublika 600 min ton pambıq verirdi, 50 ildə Ahıska türklərinin hesabına bu rəqəm 3 milyon tona çatdı". Həqiqətən 1989-cu ildə Şamaxı rayonunun Mədrəsə
kəndinə Özbəkistan rəhbərliyini təmsil edən nümayəndə heyəti gəlmişdi. Onlar ahıskalılara geri dönməyi təklif etdikdə: "Biz bu xəyanəti heç vaxt bağışlamayacağıq" deyərək onları geri qaytardılar".
Fakt: "İlqar Qədimov 1940-cı ildə Gürcüstan SSR-in Adıgün rayonunun Dersel kəndində anadan olub. 1944-cü ildə Özbəkistan SSR-in Səmərqənd vilayətinin Bulunduq rayonuna deportasiya olunub. 1958-ci ildən sonra ahıskalıların böyük bir qismi kimi, o da Azərbaycana köçərək ailəsi ilə Şamaxı rayonunda məskunlaşıb. Onun baş vermiş Fərqanə hadisələri ilə bağlı söylədikləri əsl reallığa söykənirdi. O qeyd edirdi ki, "Özbək ziyalıları Özbəkistanda çıxan dövrü mətbuatda Fərqanə hadisələrində günahkar kimi yerli türkləri təqsirləndirirdilər. Sonradan bu işdə ermənilərin əli olduğu bilindi. Belə ki, Fərqanə hadisələrinin baş verməsinin əsas səbəbkarı ermənilər, xüsusilə də, orada yoxlama aparan SSRİ baş prokurorluğunun işçisi, milliyyətcə erməni olan T.Qdlyanın apardığı kütləvi təbliğat işi oldu". T.Qdlyan istintaq zamanı Fərqanə vilayətindən türk əsilli bir dəstə sovet təsərrüfat fəallarını da həbs etdirmişdi. Onların çoxu Özbəkistan Respublikasında rəhbər vəzifədə çalışanların qohumları idilər. T.Qdlyan onlara ayrı-ayrılıqda tapşırıbmış ki, "Siz türkləri özbək torpaqlarından çıxarın, mən həbsləri dayandırım, tutulanları buraxdırım". İ.Qədimov: "Mən dediklərimi özbəklərin rəhbər vəzifədə işləyənlərinin dillərindən də eşitmişəm"-deyir".
Müxtəlif dövrlərdə Azərbaycanda yaşayan Ahıska türkləri istər respublikanın təsərrüfat, istərsə də mədəni həyatında yaxından iştirak edir, öz qüvvə və bacarıqlarını əsirgəməyiblər. Araşdırmaçı yazır: "Tədqiqat işilə bağlı Azərbaycanın 46 rayonunda məskunlaşmış ahıskalıların həyat və məişəti ilə tanışlıq göstərdi ki, onlar Azərbaycan kəndlərinin ictimai və siyasi həyatında, təsərrüfat və mədəni inkişafında yaxından və layiqincə iştirak edirlər. İllər boyu ağır zəhmətə qatlaşmış ahıskalılar harada məskunlaşmalarından asılı olmayaraq özünəməxsus mədəni həyat qurmuşlar. Onlar iş və istirahətlərini, asudə vaxtlarını üzvi şəkildə əlaqələndirməyi bacarırlar. Məskunlaşdıqları kəndlərin əksəriyətində elə ilk günlərdən asudə vaxtlarını səmərəli və mənalı keçirmək məqsədilə qədim adətlərinə söykənən musiqi kollektivləri yaradıblar. Məlum Fərqanə hadisələrindən sonra Azərbaycan dövləti ahıskalıların Azərbaycana gəlmələri üçün hər
cür şərait yaratmışdı. Ona görə də onların böyük əksəriyyəti Azərbaycana köçərək respublikanın müxtəlif bölgələrində məskunlaşmağa başlamışlar. Azərbaycan hökuməti ahıskalı köçkünlərinin Fərqanədən gətirilməsi, məskunlaşdırılması, onların minimum ehtiyaclarının ödənilməsi üçün xüsusi komissiya yaratmışdı. Komissiya 1989-cu il 15 sentyabr PP 25076 saylı məktubla SSRİ Nazirlər Soveti və SSRİ Dövlət Plan Komitəsi qarşısında Azərbaycanda məskunlaşdırılmış Fərqanə qaçqınlarının maddi ehtiyaclarını ödəmək barəsində məsələ qaldırılır. Məktubda 1989-1990-cı illər üçün qaçqınlara yardım məqsədi ilə əlavə 300 milyon rubl kapital qoyuluşu ayrılması SSRİ Nazirlər Sovetindən xahiş edilirdi. Azərbaycan SSR Nazirlər Sovetinin yardım ayrılması haqqında təklifini müzakirə edən SSRİ Dövlət Plan Komitəsi SSRİ-nin iqtisadi və sosial inkişaf layihəsinə 1990-cı il üçün mərkəzləşdirilmiş formada Azərbaycan SSR Nazirlər Sovetinə 703 milyon rubl ayırdığını bəhanə edərək, 1990-cı ildə Ahıska türklərinin məskunlaşması üçün də bu məbləğin kifayət olduğunu bildirir. Azərbaycan SSR Nazirlər Sovetinin təklifinə və işin nəticələrinə 1990-cı ilin ikinci rübündə baxılmasının nəzərdə tutulduğu qeyd edilirdi. Faciəli və məşəqqətli hadisələrlə bağlı Ahıska türklərinin Azərbaycana köçməsindən sonra onların dili
bir Azərbaycan əhalisinin qədim adət-ənənələrinə olan marağı sayəsində hər iki xalqın qarşılıqlı mədəni əlaqələrinin inkişafında yeni mərhələ başladı. Beləliklə,
ahıskalıların özündə və eləcə də, Azərbaycanda bu etnosları bir-birinə bağlayan saf etnomədəni mühit formalaşmış oldu.
Həm Ahıskada, həm də Özbəkistanda bir yerdə yaşamış ailələr Azərbaycanda yenidən bir yerdə birləşmək imkanı əldə etmişdilər. Onlar yeni məskənlərə öz əvvəlki rayon və kəndlərinin adlarını verirdilər. Bu haqda dosent İ.Kazımov yazır: "Toponimlər bu xalqın etnolinqvistik yaddaşı kimi qiymətlidir. Keçmiş nəsillərin qoyub getdiyi yer-yurd adlarına türklər həmişə həssas münasibət bəsləyib, haraya sürgün olunmuşlarsa, yeni məskən saldıqları yerlərə keçmiş məskənlərinin adlarını veriblər. Bir vaxt Türkoba adı (Böyük və Didi Türkoba) cənubi Gürcüstanda məşhur idi. 1944-cü ildə ahıskalılar sürgün olunanda həmin toponimi də özləri ilə Özbəkistana apardılar, oradan ikinci dəfə Azərbaycana - Abşeron rayonu Şurabad
qəsəbəsinə gətirdilər. Yeni salınan kəndə Tükroba adını verdilər. Adı yaşatdılar, təskinlik tapmaq, tarixi birliyi yaşatmaq üçün. Eləcə də Ahıska, Adıgün, Azğur, Zeqan, Oşora və digər yer adları düz 46 ildir ki, yeni-yeni regionlarda öz varlığını qoruyur. Bu əlamət milli mədəniyyətə, el-obaya ehtiramın böyük ifadəsidir".
Azərbaycan hökuməti ahıskalıların mənzil və digər kommunal ehtiyaclarının təmin olunmasına diqqət və qayğı göstərmişdi. Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetinə dəfələrlə müraciət etməsinə baxmayaraq, Fərqanədən deportasiya olunmuş ahıskalılara yardım məqsədilə heç bir əlavə maliyə vəsaiti ayrılmadı. Azərbaycan hökuməti yalnız daxili imkanları hesabına müxtəlif səviyyələrdə köçkünlərə hər cür yardım göstərməyə çalışmışdı. Həmin yardımlar həm hökumət, həm ayrı-ayrı şəxslər, həm də kollektivlər tərəfindən göstərilmişdi. Ahıskalıların Azərbaycanda yaşayışı, adət-ənənələri barədə məsələlər "Azərbaycan qadını" jurnalının 1989-cu il 12-ci sayında jurnalist Svetlana Nəcəfovanın "Cavabsız suallar" məqaləsində öz real əksini tapıb. Məqaləni həyacansız oxumaq olmur: "Onlar gecələrini gündüzlərinə qatıb çalışır, özlərinə ev-eşik qururdular. Həyat tədricən öz axarına düşürdü, ağır faciələrlə üzləşmiş neçə-neçə yaxınlarını, qohumlarını, əzizlərini itirmiş bu insanlar həyatın bütün sahələrinə qarşı diqqətli idilər".


Uğur