Kiyev BMT-də Qarabağdan danışacaq Layihə

Kiyev BMT-də Qarabağdan danışacaq

Çağatay Balıcı: "BMT tribunasından Dağlıq Qarabağ kimi problemlərin baş vermə səbəbləri səsləndirilsə bir o qədər yaxşıdır"

Nail Cəlil: "Ukrayna rəsmiləri Dağlıq Qarabağ probleminin həllinə münasibətdə hər zaman obyektiv və ədalətli mövqe tutmağa çalışıblar"

Serqey Belaşko: "Qarabağ münaqişəsi Avropa Birliyi - Rusiya-Türkiyə - Azərbaycan-Ermənistan" formatında nizama salına bilər"

Bu ilin fevralın 1-də Ukrayna Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədrliyini İsveçdən qəbul edib.
Təhlükəsizlik Şurasının iş proqramı təsdiqlənib. BMT-nin TŞ-də sədr kürsüsünü Ukraynanın təşkilatdakı səfiri Vladimir Yeleçenko tutub.
Mart ayında BMT-nin TŞ-də sədrlik Böyük Britaniyaya keçəcək.
Qeyd edək ki, Ukrayna BMT-nin Təhlükəsizlik Şurasının on daimi olmayan üzvündən biridir.
Bu ərəfədə BMT-nin Təhlükəsizlik Şurası Ukraynanın şərqində vəziyyətin kəskinləşməsinə dair narahatçılığını bildirərək atəşkəs rejimini dərhal bərpa etməyə çağırıb.
Onu da bildirək ki, bu günlərdə Yelçenko bildirib ki, Avropada təhlükəsizlik və münaqişələr mövzusu və BMT-nin onların həllində rolu, iştirakı artıq neçə illərdir nəzərdən keçirilmir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xüsusi irəliləyiş görünmür".
V.Yelçenkonun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Şurasında sədrliyi çərçivəsində fevralın 21-də Avropada münaqişələr ilə bağlı nazirlər səviyyəsində görüşün keçirilməsini təşkil etmək niyyətindədir.
O bildirib ki, nə qədər təəccüblü olsa da, Avropada təhlükəsizlik və münaqişələr mövzusu və BMT-nin onların həllində rolu və iştirakı artıq neçə illərdir nəzərdən keçirilmir: "Sonuncu dəfə bu məsələyə Yuqoslaviya böhranından sonra Balkanlardakı gərgin vəziyyət zamanı baxılıb. Başqa sözlə, hardasa ötən əsrin 90-cı illərinin ortalarında".
"Bütövlükdə Avropaya baxsaq, bir sıra dondurulmuş münaqişələr var. Onların bəzilərində - Gürcüstanda və ayrıca Abxaziyada ötən əsrin 90-cı illərində BMT nümayəndəliyi və ya BMT missiyası olub. İndi isə bu təsisatlar fəaliyyət göstərmir, bu işlə daha çox ATƏT məşğul olur, bəzən isə ümumiyyətlə, heç kim məşğul olmur. Dondurulmuş Dnestryanı münaqişə var və bu məsələdə uzun illərdir heç bir irəliləyiş yoxdur. ATƏT Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi var. O məsələdə də xüsusi irəliləyiş görünmür. Və nəhayət, Donbass problemi var", - deyə V.Yelçenko bildirib.
Bəs Ukraynanın BMT TŞ-a sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər, bu müddətdə rəsmi Kiyev Ermənistanın işğalçılıq siyasətini, Azərbaycan həqiqətlərini yüksək tribunadan bir daha dünya ictimaiyyətinə çatdıra biləcəkmi və bunun effekti necə ola biləcək?
Ukraynalı politoloq, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Serqey Belaşko bildirib ki, Ukrayna BMT Təhlükəsizlik Şurasının tribunasından işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması məsələsini qaldıracaq.
Bu mövzuda danışarkən, analitik Ukrayna diplomatlarının BMT-də ardıcıl olmamalarından və bəzi səhv addımlarından da şikayətlənib.
Belaşkonun sözlərinə görə, diplomatik cəbhədə separatizmlə mübarizə məsələləri xüsusi yanaşma tələb edir.
"MDB məkanında dondurulmuş münaqişələrin öz xüsusiyyətləri var. Regionlar var ki, ayrılmağa cəhd edirlər, regionlar da var zəbt olunublar. Belə məsələlər üzrə BMT çərçivəsində müvəffəqiyyət qazanmaq çətindir. BMT-nin daimi üzvləri veto qoya bilərlər və problem siyasi qiymətini almaya və ya hüquqi həllini tapmaya bilər. Amma hər halda, BMT-nin tribunası beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilər, o öz mövqeyini ifadə etməyə icazə verir", — Belaşko vurğulayıb.
Ekspert qeyd edib ki, ərazi bütövlüyü iki yolla bərpa olunur: hərbi və ya diplomatik.
"Azərbaycan hərbi yolla bir neçə gün ərzində ərazilərni qaytara bilər, əgər Ermənistanla Dağlıq Qarabağın sərhədi kəsiləcəksə. Amma regionda müxtəlif oyunçular bu varianta qarşı duracaqlar", — Belaşko bildirib.
Onun fikrincə, Qarabağ münaqişəsi çoxtərəfli - "Avropa Birliyi - Rusiya-Türkiyə - Azərbaycan-Ermənistan" formatında nizama salına bilər.
"Bu, Gürcüstanda, Moldovada və Ukraynada dondurulmuş başqa münaqişələrin nizama salınması üçün də nümunə ola bilər", — deyə Ukrayna politoloqu vurğulayıb.
Türkiyəli siyasi ekspert Çağatay Balcı bildirib ki, Ukrayna BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi müddətdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırcaq: "Ukrayna və Azərbaycan münasibətləri yaxşıdır. Hər iki dövlət bir-birinin ərazi bütövlüyünü dəstəkləyir, hər iki ölkənin ərazisi işqal edilib, terrordan əziyyət çəkir. Bundan başqa Ukrayna və Rusiya hazırda döyüş vəziyyətindədir. Ukrayna Rusiyanın Cənubi Qafqazda mövqeyini zəiflətmək məqsədilə BMT tribunasından istifadə edə bilər. Düzdür, bu rəsmi Moskvaya az təsir göstərəcək. Amma hər bir halda Qarabağ və Krım probleminin belə beynəlxalq tribunalarda gündəmə gətirilməsinin özü də bir xeyirdir".
Ekspert onu da qeyd edib ki, nə qədər BMT tribunasından Dağlıq Qarabağ kimi problemlərin baş vermə səbəbləri səsləndirilsə bir o qədər yaxşıdır: "Düzdür BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var ki, onların heç biri yerinə yetirilməyib. Bunun da müəyyən səbəbləri var. Dağlıq Qarabağ münaqişəsinin sülh və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına mane olan qüvvələr var. Amma bu o demək deyil ki, Ermənistanın işğalçılıq siyasəti haqda danışılmamlıdır. İmkan və fürsət əldə edildiyi zaman bu, edilməlidir. Mənə elə gəlir ki, dost Ukrayna da Azərbaycana bu məsələdə dəstək olacaq. Bunun effekti olacaq, olmayacaq, bu barədə danışmaq tezdir. Yetər ki, hər dəfə belə yüksək tribunalardan ermənilərin işğalçılıq siyasəti pislənilsin".
Politoloq Nail Cəlilin fikrincə isə, Ukrayna geosiyasi maraqlar baxımından, tarixən Azərbaycana yaxın və müttəfiq olan ölkələrdən sayılır:" Bu mənada, Ukrayna rəsmiləri Dağlıq Qarabağ probleminin həllinə münasibətdə hər zaman obyektiv və ədalətli mövqe tutmağa çalışıblar. Ukrayna ərazisinin bir hissəsinin itirilməsindən – Krımın Rusiyaya birləşdirilməsindən, Donbasın bir hissəsində separatçı rejimlərin yaradılmasından sonra rəsmi Kiyev Azərbaycanın üzləşdiyi vəziyyəti daha yaxşı başa düşür. Bu səbəbdən son zamanlar Ukrayna rəsmiləri Qarabağ məsələsini postsovet məkanında Rusiyanın birbaşa və ya dolayı iştirakı ilə yaradılan siyasi münaqişələrdən biri kimi daha fəal şəkildə gündəmə gətirirlər. Bir qədər əvvəl AŞ PA-da Ukrayna nümayəndə heyətinin təşəbbüsü ilə Qarabağ məsələsinin xüsusi qətnaməyə salınması, Ukrayna dövlət başçılarının birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi deyilənlərə əyani misaldır. İndiki halda nəticədən asılı olmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində qaldırılması, gündəmə gətirilməsi Azərbaycanın maraqlarına uyğundur. Əgər xatirinizdədirsə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edən zaman müəyyən obyektiv və subyektiv səbəblərdən bunu edə bilməmişdi. Ukraynanın bu problemi BMT-nin ali strukturu səviyyəsində beynəlxalq ictimaiyyətə çatdırması Azərbaycanın ərazi bütövlüyünün bərpasına açıq siyasi dəstəkdir.
Ukraynaya Qərbdə olan pozitiv münasibəti, bu ölkənin postsovet məkanında demokratik dəyərlərin daşıyıcısı olan sivil dövlət kimi dəyərləndirilməsi Azərbaycanın haqq səsinin eşidilməsinə də yardımçı ola bilər. Sözsüz ki, bu təşəbbüsün siyasi əhəmiyyətini həddən artıq şişirtmək də doğru deyil. Bununla yanaşı, belə təşəbbüslər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsini aktuallaşdırır. Ölkəmiz bununla problemin ədalətli, ərazi bütövlüyü prinsipi çərçivəsində həlli üçün fəaliyyət prioritetlərini genişləndirmək, yeni səylər göstərmək imkanı əldə edir.
Təbii, hazırda ən yaxşı halda, məsələ bu və ya çağırış xarakterli sənədin, qətnamənin qəbul ilə yekunlaşacaq. Yəni, Ukraynanın imkanı indiki halda yalnız problemi BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə çıxarmağa çatır. Burada məsələyə münasibətdə xüsusi dönüş, fərqli yanaşma gözləmək də bir qədər sadəlövhlük olardı. Lakin diplomatik fəallıq və problemin həllinə beynəlxalq hüquq müstəvisinəd konstruktiv yanaşma baxımından bu, bizim üçün müsbət, arzuolunan hadisədir".

Cavid