Ermənilərin Qarabağ ərazisinə köçürülməsi Layihə

Ermənilərin Qarabağ ərazisinə köçürülməsi

4-cü yazı

Ermənilər "Böyük Ermənistan" adıyla dünyaya cəfəng iddialarını sırımağa çalışırlar. Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı ermənilərin "özününküləşdirmə" siyasətinin isə heç bir əsası yoxdur. Q.Hacıyev və Ə.Əbdüləzimovun araşdırmasında vurğulanır ki, traktat və ya müqavilə adlandırılmasına baxmayaraq mahiyyətcə təslimçilik aktı olan bu sənəd Qarabağın faciəli taleyinin başlanğıcını qoydu. 11 maddədən ibarət "Andlı öhdəlik" adlanan bu traktat ilə Qarabağ xanlığı Rusiyanın himayəsinə qəbul edildi. Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sayılan bu sənəd təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın taleyində mühüm rol oynadı. Bu traktatın şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı, Rusiya çarına görə digər xarici dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum olurdu. Çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Bundan əlavə Şuşa-Pənahabadda və xanlığın ərazisində Rusiya qoşununun yerləşdirilməsi barədə də razılıq verilirdi. Bunlarla yanaşı çar qoşunları general-leytenantı rütbəsi verilmiş İbrahimxəlil xan birbaşa çar baş komandanına tabe idi. Eyni zamanda Rusiya hökuməti də xanın və onun varislərinin daxili idarəetmə hüquqlarına toxunmayacağını öhdəsinə götürdü. XIX yüzilliyin əvvəllərində Rusiyanın Qafqazı ələ keçirmək üçün Osmanlı dövləti və İranla apardığı müharibə nəticəsində Azərbaycan torpaqları parçalandı. Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqaviləsi ilə Azərbaycan iki hissəyə bölündü".
Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalının başlanması (1801-1813-cü illər). XIX yüzillikdə ermənilərin Qarabağ ərazisinə köçürülməsi prosesi başladı: "Rusiya imperiyası hələ XVIII yüzillikdən Qafqazı öz təsiri altına keçirməklə öz iqtisadi maraqlarım təmin etmək istəyirdi. Bu məqsədlə geniş hərbi fəaliyyətə başlayan Rusiya XIX yüzilliyin birinci yarısında istədiyinə nail oldu. Azərbaycan xanlıqlarına işğalçı hücumlara başlayan Rusiya Car-Balakən camaatlığını (1803-cü il) və Gəncə xanlığını (1804- cü il) işğal etdi. 1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xanla Rus imperatoru arasında bağlanan Kürəkçay traktatı ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi. Qarabağ xanlığı Rusiyaya birləşdirilən kimi P.Sisianov Qarabağda çarizmin mövqeyini möhkəmləndirmək məqsədilə Qafqazın digər bölgələrindən erməniləri buraya köçürməyə başladı. Rusiya ilə İran arasında bağlanan Gülüstan və Türkmənçay müqaviləsindən sonra Qarabağda erməniləşdirmə prosesi üçün münbit şərait yaradıldı. Rusiya dövləti Qarabağa ermənilərin köçürməsinə hər vasitə ilə səy göstərir, hər cür şərait yaradırdı.
Rus hökuməti Qarabağ regionuna çoxlu sayda erməni əhalisi köçürmüşdü. Rus ordusunun köməyi ilə Qarabağın türk-müsəlman kəndləri boşaldılır, erməni ailələri yerləşdirilirdi. Köçürülmüş ermənilərin hesabına Qarabağda demoqrafiq quruluş dəyişdirildi, süni surətdə ermənilərin yerli türk-müsəlman əhalisindən sayca üstünlüyü təmin edildi. İki il ərzində - 1828-1830-cu illərdə 130 min (İrandan 40 min, Türkiyədən isə 90 min) erməni Azərbaycan ərazilərinə köçürüldü. İran ərazisindən ermənilərin maneəsiz olaraq Rusiyanın tərkibindəki yeni ərazilərə, konkret olaraq Qarabağa köçürülməsi Türkmənçay müqaviləsinə əsasən həyata keçirilirdi.
Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalının başa çatdırılması (1826-1828-ci illər): "Çar Rusiyasının apardığı 1846-cı il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe edildi. Qafqaz və Cənubi Qafqaz diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetapol quberniyası yaradıldı. Şuşa onun tərkibinə daxil edildi. 1873-cü ildə Yelizavetapol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları var idi.
Qarabağ, onun mərkəzi olan Şuşa-Pənahabad şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırdı. Çar hökumətinə və onun müstəmləkəçilik siyasətinə xidmət edən ermənilərin bütün maneə və müqavimətinə baxmayaraq, Qarabağ Azərbaycanın bir regionu olaraq tanınırdı. Rusiya hökuməti tərəfindən köçürülüb gətirilən ermənilərin Yuxarı Qarabağda – onlarla eyni dindən (xristian) olan yerli əhalinin (qriqoriyanlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması xüsusi məqsədlə və uzaqgörən plan əsasında edilirdi. Burada gəlmə ermənilərin kompakt şəkildə yaşamasını təmin etməklə strateji niyyət güdülürdü. Ermənilərin köçürülmə yolu ilə saylarının mexaniki surətdə artırılması və onların iqtisadi cəhətdən möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi. Beləliklə, ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər.
Beləliklə, çar Rusiyası bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda ermənilər üçün geniş imkanlar yaratdı. Kütləvi surətdə bu torpaqlara köçürülən ermənilər çox keçmədən Azərbaycan torpaqlarında "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğranda açıq mübarizəyə başladılar. Həmin ideyanın tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarını ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi
Ermənilərin Qafqazda yerləşdirilməsini təmin edən Rusiya dövlətinin məmur və canişinlərinin yazdıqlarından məlum olur ki, nəinki Şimali Azərbaycan ərazisində, hətta indiki Ermənistan ərazisində 100 minlərlə azərbaycanlı öz doğma yurdlarında yaşayır və əhalinin əksəriyyətini təşkil edirdi. İndiki Ermənistan adlanan ərazi Azərbaycanın qədim, əzəli torpağıdır - azərbaycanlıların doğma yurdudur. Bu, danılmaz tarixi faktdır".
XIX 19-cu yüzilliyin sonlarında Şimali Azərbaycanın ümumi əhalisinin 25%-ə qədəri şəhərlərdə, qalan 75 %-i kəndlərdə yaşayırdı. Həmin dövrün tarixinə dair məlumatlarda 200 mindən artıq əhalisi olan Bakı şəhərindən başqa 40-60 mindən artıq əhalisi olan 3 şəhərin (Gəncə, Nuxa (indiki Şəki) biri də Şuşa- Pənahabad şəhəri idi. Şuşa-Pənahabad bənzərsiz memarlıq abidələri ilə zəngin olmaqla yanaşı, dahi sənətkarların, görkəmli ictimai-siyasi və dövlət xadimlərinin, alimlərin vətənidir. Lakin təəssüflə qeyd olunmalıdır ki, Şuşa-Pənahabadda mövcud nadir memarlıq inciləri, məscidlər, dahi sənətkarlara qoyulmuş abidələr, məzarlar erməni vandalları tərəfindən dağıdılıb.
Şimali Azərbaycana öz müstəmləkəsi kimi baxan Rusiya, onun təbii sərvətlərindən xammal kimi istifadə edirdi. Sənaye mallarına tələbatını Rusiya istehsalı vasitəsilə ödəməklə yerli istehsala imkan verilmirdi. Bu zaman Azərbaycanın iqtisadi inkişafdan geri qalan şəhərləri nəinki zəifləmiş, hətta bir çoxu şəhər kimi mövcudluğunu itirmək səviyyəsinə enmişdi. Şəhərdə gündəlik tələbat malları və kənd təsərrüfatı məhsullarının ticarəti ilə bağlı bazarlardan başqa "həftəbazarı", yəni həftənin bir günü fəaliyyət göstərən bazarın təşkili səciyyəvi hal almışdı. Qarabağ təbii-coğrafi cəhətdən əlverişli ərazidə təsərrüfatın güclü inkişafı zəminində inkişaf etmiş, eyni zamanda sıx ticarət əlaqələrinə malik olmuşdu. Qarabağın şəhərləri sənətkarlıq mərkəzi kimi də məşhurlaşmışdı.
Qarabağda arxeoloji qazıntı işləri zamanı müxtəlif ölkələrin pulları, həmçinin Bərdədə və Şuşada kəsilmiş gümüş pullar aşkar edilmişdi. Qarabağ bölgəsi Azərbaycan xalçaçılığının mərkəzlərindən biri idi. Rəng çalarları və naxışlarının orijinallığı ilə seçilən, bədii və texnoloji xüsusiyyətlərinə görə üstün olan Qarabağ xalça növünün bu gün də dünya şöhrətli olması həmin sənət ənənəsinin öz təsirini saxlaması ilə bağlıdır. Qarabağda xalçaçılıq məhsulları - xovlu (xalça, xalı, gəbə) və xovsuz (palaz, kilim, cecim, sumağı, zili) xalçalar geniş yayılmışdır. Qarabağın xovlu xalçaları naxışlarının incəliyi və rənglərin zənginliyi ilə fərqlənirdi. Qarabağda toxunmuş süjetli kompazisiyalı xovsuz xalçalar Azərbaycan xalçalarının ən gözəl nümunələrindəndir. Qarabağ xalçaları öz şöhrətini günümüzədək saxlayıb. Qarabağ qrupuna daxil olan Bərdə, Ağcabədi, Cəbrayıl və Şuşa xalçaları adları və naxışları ilə seçilir. Qarabağda xalçaçılıq sənətinin ənənələri bu gün də davam etdirilməkdədir.
Qarabağda Xan qızı adı ilə tanınan şairə Xurşudbanu Natəvan (1830-1897) 1872-ci ildə "Məclisi-Üns" ("Dostluq məclisi") adlı ədəbi məclis yaratmaqla bərabər, o, həm də xeyriyyəçi olmuşdur. 1873-cü ildə öz vəsaiti hesabına 8-10 km məsafədən Şuşa şəhərinə su çəkdirmişdi. Qarabağlı Mir Möhsün Nəvvab (1833-1918) öz dövrünün qabaqcıl, elmi və ədəbi-bədii yaradıcılığın müxtəlif sahələrində geniş fəaliyyət göstərən ziyalılarından idi. O, həm şair və ədəbiyyatçı, rəssam və xəttat, həm də dövrünün görkəmli maarifçisi, alimi və sənətkarı olmuşdu. O, "Məclisi Fəramuşan" ("Unudulmuşların məclisi") (1872) şairlər məclisinin təşkilatçısı və rəhbəri olmuş, Qarabağ şairlərinə həsr etdiyi "Təskireyi-Nəvvab", klassik Şərq musiqisi haqqında "Vüzuhul-ərqam", astronomiya elminə aid "Kifayət-ül-Ətfal" və s. elmi və ədəbi-bədii əsərlər yazmışdı.
"Şükümameyi-Şahənşah" və "Təzkireyi-Məhəmmədşah" əsərlərinin müəllifi Bəhmən Mirzə Qacar ömrünün son dövrlərində Qarabağda (Bərdə və Şuşada) yaşayıb yaratmışdı. Şuşanın Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Səfərəli bəy Vəlibəyov, Əhməd bəy Ağayev, Həmidə xanım Cavanşir, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli kimi görkəmli şəxsiyyətləri olub. Şuşa şəhəri Azərbaycan təhsilinin, musiqisinin beşiyi, həmçinin saz-söz sənətinin ocaqlarından biri olub. Şuşa şəhəri "Azərbaycanın konservatoriyası" adlandırılmışdır. Qarabağda aşıq-şairlər - Xəstə Qasım, Valeh, Haqverdi, Məmmədağa, Şamil, Qəmbər, Nəcəfqulu, Abbasqulu, həmçinin hikmətli söz ustası, hazırcavablığı ilə tanınmış Abdal Qasım kimi yaradıcı şəxslər olub. Məşhur müğənnilər - Hacı Hüsü, Kərbəlayi Hüsü, Abdulbagi Hilalov, Ələsgər Fərzəliyev, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Malıbəyli Həmidin Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri var.

Uğur