Dağlıq Qarabağda yeni toqquşmalar və prezidentlərin görüşləri Layihə

Dağlıq Qarabağda yeni toqquşmalar və prezidentlərin görüşləri

Dağlıq Qarabağda yeni hərbi döyüşlərin baş verdiyi, yeni silahlı toqquşmalar nəticəsində Ermənistan və Azərbaycan tərəfinin itkilər verməsi fonunda Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilib. İndi Ermənistan prezidentilə görüş aktualdır.
IRNA agentliyinin məlumatına görə, həm Ermənistan, həm də Azərbaycanla olduqca yaxın hərbi, regional, diplomatik və iqtisadi əlaqələrə malik olan, hər iki ölkəyə müasir hərbi texnika və silah satan Rusiya son həftələrdə münaqişə tərəflərini təmkinli olmağa, toqquşmalara yol verməməyə çağırıb.
Bütün bunların fonunda Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Rusiyanın Soçi şəhərində görüş keçirilib.
Kremlin mətbuat xidməti iki dövlət başçısının görüşü haqda sadəcə qısa məlumat yayıb. Prezidentlərin danışıqlarının əsas hissəsi jurnalistlərin iştirakı olmadan keçib. Kreml iki ölkə başçısının Dağlıq Qarabağdakı vəziyyətdən danışdıqlarını bildirməklə kifayətlənib.
Qeyd edək ki, Rusiya, ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsdridir.
Bununla yanaşı gərginliyin azaldılması məqsədilə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi də mümkündür. Amma belə görüşlərdə əldə olunacaq nəticələr çox da ümidverici sayılmır.
Məlumata görə, Putin ayrıca olaraq Ermənistan prezidenti ilə də görüşəcək. Əliyev ilə Soçidə aparılmış müzakirələr bu prosesin tərkib hissəsidir.
İndi, Putinin Ermənistan prezidenti Serj Sarqsyanla ikitərəfli görüşdə Qarabağ məsələsini müzakirə edəcəyi gözlənilir. Yalnız bundan sonra 3 dövlət başçısının birgə görüşünün baş tutması mümkün ola bilər.
"News" Sarqisyanın ən son açıqlamalarına istinadla yazır ki, ATƏT-in Minsk qrupunun bu yaxınlarda keçirilmiş müzakirələrində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə bağlı razılıq əldə olunub. Ermənistanın xəbər portalı Sarqisyanın ölkə televiziyasında iyulun 15-də yayımlanmış çıxışına istinad edərək bildirir ki, Yerevan bu mümkün görüşdən xüsusi nəticə gözləmir, lakin görüşə qarşı da deyil: "Prezidentlər səviyyəsində görüşün keçirilməsinə ciddi hazırlıq aparılmalı, konkret təkliflər qarşısında ortaya aydın mövqe qoyulmalıdır. Hələlik belə bir şey yoxdur. Bununla belə, Ermənistan prezidentlərin görüşünə qarşı deyil. Görüş payızda keçirilə bilər".
İlham Əliyev ilə Serj Sarqisyan sonuncu dəfə 2016-cı il mayın 16-da Avstriyanın paytaxtı Vyanada görüşüblər. Lakin həmin danışıqlar da nəticəsiz olub.
Cəbhədə toqquşmalar
IRNA agentliyinin məlumatına görə, bölgədə ən son toqquşmalar iyulun 7-də baş verib. Bu arada Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan hərbi birləşmələrinin Dağlıq Qarabağdakı mövqelərinin hədəfə alındığı haqda məlumat yayıb. Bəyanatda deyilir: "Azərbaycan ordusu cəbhə xəttində Ermənistanın yeni təxribatlar törədəcəyinə dair dəqiq məlumatlar əldə etdikdən sonra, eləcə də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumun intiqamını almaq məqsədilə, Ermənistan silahlı qüvvələrinin bölgədəki mövqelərini hədəfə alıb".
Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində Ermənistan ordusu itkilər verib və onun bir sıra hərbi texnikası, infrastrukturu məhv edilib.
Bu toqquşmadan sonra Azərbaycan ordusu tam hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, KİV Ermənistan silahlı qüvvələrənin Azərbaycanın Qarabağdakı cəbhə xəttinə yaxın Füzuli rayonunun Alxanlı kəndinə hücumu nəticəsində 2 dinc sakinin həlak olduğu, münaqişə bölgəsində vəziyyətin gərginləşdiyi haqda məlumat yayıb.

Rusiyanın problemə yanaşması və Bakı ilə Yerevanın müdafiə potensialının güclənməsi
Rusiya Azərbaycana "S-300" hava hücumundan müdafiə sistemləri verir. Paralel olaraq o, Ermənistanla hərbi-texniki sahədə əməkdaşlıq edir, ona müasir silahlar, o cümlədən 400 kilometrədək məsafəni qət edəcək "İsgəndər" raketləri göndərir, Gümrüdə hərbi baza saxlayır. Bunun fonunda Rusiya münaqişə tərəfləri ilə təmasla gərginliyin artmasının, kiçik toqquşmaların böyük müharibəyə çevrilməsinin qarşısını almaq üçün vasitəçilik etməyə çalışır.
Qarabağ münaqişəsi SSRİ-nin mirasıdır
Ermənistanla Azərbaycan arasında bir neçə il davam edən müharibədən sonra Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış Azərbaycanın Dağlıq Qarabağ bölgəsində toqquşmaların dayandırılması üçün atəşkəs sazişi imzalanıb (1994-cü il). Lakin Dağlıq Qarabağda bu gün də tərəflər arasında hərbi toqquşmalar baş verir, qarşıdurma davam edir. SSRİ tərəfindən aparılan bölgüyə əsasən, bu qaynar bölgənin ərazisi 4378 kvadrat kilometr, əhalisi təxminən 250 min nəfər idi.
Azərbaycanla Ermənistanın çoğrafi və ərazi xəritəsinə baxışı, iki ölkənin ərazi bölgüsündə pərdəarxası mürəkkəblik, Dağlıq Qarabağın yerləşdiyi ərazi göstərir ki, əgər münaqişə tərəfləri və beynəlxalq birlik, xüsusilə də Rusiya dağılmış SSRİ-nin varisi olaraq problemin həlli yollarını axtarmazlarsa, bölgə yenidən müharibələrə və qanlı toqquşmalara şahid olacaq.
Qeyd edək ki, Dağlıq Qarabağ münqaişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində başlayıb. Onun regiona elə həssas mənfi təsirləri var ki, BMT Təhlükəsizlik Şurası toqquşmaların başlandığı 1993-cü ilin aprelindən atəşkəsin bərqərar edilməsinin vacibliyi haqda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsilə bağlı 4 qətnamə qəbul edib.
Sənədlərdə xüsusilə qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həll olunmalıdır.
SSRİ-nin parçalanmasından 26 il keçməsinə, geniş beynəlxalq səylərə baxmayaraq, rəsmi Bakı ilə Yerevanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi daha da kəskinləşib. Tərəflərin ən kiçik təxribata belə, yol verilməsi müharibə alovunu yenidən qızışdıra bilər.
Yeri gəlmişkən, İranın ANAJ agentliyi iyulun 23-də Ağdamın işağlından yazıb.
Yazıda qeyd olunur ki, Ağdam Azərbaycan Respublikasının işğal olunmuş regionları arasında ən böyük şəhərlərdən, Dağlıq Qarabağ ətrafındakı bölgələrdən biridir. Rayonun Azərbaycanın paytaxtı Bakı şəhərilə məsafəsi 358 kilometrdir.
1993-cü il iyulun 23-də Ağdam bölgəsinin böyük bir hissəsi erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Rayonun 1094 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri ermənilər tərəfinfən qəsb olunub.
Rusiyanın və bir sıra digər himayəçilərinin gizli və aşkar dəstəyilə Ağdamı ələ keçirməyə nail olan ermənilər şəhərdə törətdikləri kütləvi qırğınlardan sonra muzeyləri və məscidləri dağıdıb. Belə məscidlər arasında Ağdamın tarixi məscidi də var. İndi, ermənilər bu məsciddən heyvanların saxlandığı yer kimi istifadə edir. İşğal nəticəsində həmçinin 12 sənaye mərkəzi, 74 məktəb və 271 mədəniyyət ocağı da ermənilərin nəzarətinə altına keçib.
Rayonun işğal edilməsi ilə 128 min sakin ölkənin digər bölgələrinə sığınıb və ümumilikdə, rayona 6,179 milyard ABŞ dolları dəyərində ziyan vurulub.
Kənd təsərrüfatı sahəsində rayona dəymiş yalnız maddi ziyanın həcmi 992,8 milyon manat dəyərləndirilir.
Ağdamın işğalı zamanı baş vermiş döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox insan həlak olub. Hazırda Azərbaycanın işğal olunmuş bu rayonunun əhalisi ölkənin müxtəlif regionlarında məskunlaşıb və onların sayı 10%-dək artıb.
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində başlayıb. 1991-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi hücumları nəticəsində Azərbaycan ərazilərinin 20%-i, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan ordusu tərəfindən qəsb olunub.
1994-cü ildə tərəflər imzalanmış sazişlə, bölgədə müvəqqəti atəşkəs rejimi bərqərar olunub. O vaxtdan ATƏT-in Minsk qrupu Rusiya, Fransa və ABŞ-ın həmsədrliyilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün vasitəçilik edir. Lakin onların fəaliyyəti indiyədək heç bir nəticə verməyib. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən 4 qətnaməsi olsa da, bu günədək onlar kağız üzərində qalır.
Cavid