Mirəli Seyidov və ulusal düşüncə Layihə

Mirəli Seyidov və ulusal düşüncə

S.Rzasoy: "M.Seyidovun araşdırmaları əslində bugünkü faciələrimizin dünən əsasını qoyanlara qarşı yönəlmişdi"

Yaradıcılığının əsas dövrü sovet ideologiyasının meydan suladığı dövrə təsadüf edən tanınmış mifoloq-alim, professor Mirəli Seyidov bütün çətinliklərə, qadağalara baxmayaraq Azərbaycan mifik təfəkkürünün ilkin qatlarını özünəməxsus şəkildə, milli ruhun tələbləri səviyyəsində araşdırdı, gərəkli nəticələrə gəldi. Azərbaycan türkünün ilkin düşüncə sistemini bu sarıdan elmi aspektdə araşdırmaq olduqca çətin idi. M.Seyidov bu çətin işin öhdəsindən bacardığı qədər gələ, bu yöndə özül yarada bildi. O, 1918-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub, ilk təhsilini də orada alıb. İrəvan Dövlət Pedaqoji İnstitutunda, Ermənistan Dövlət Universitetində təhsil alıb. Alim kimi Nizami adına Ədəbiyyat Muzeyində (1945-1969), Nizami adına Ədəbiyyat İnstitutunda (1960-1992) müxtəlif vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifələrində işləyib. 1970-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi, 1979-cu ildə professor adını alıb. Alimin yaradıcılığını gənc tədqiqatçı Emin Ağayev hərtərəfli araşdırıb. O, bildirir ki, professor M.Seyidov Azərbaycan mifologiya elminin inkişafında danılmaz xidmətləri olan görkəmli alim olub: "Onun çap olunmuş hər bir əsəri elmi ictimaiyyət, o cümlədən kütləvi oxucular tərəfindən çox böyük maraqla qarşılanırdı. M.Seyidovun elmi fəaliyyəti, o cümlədən mifoloji tədqiqatları barəsində Azərbaycan alimləri dəyərli fikirlər söyləyib, onun mifologiya elminin inkişafındakı rolunu səciyyələndirməyə çalışıblar".
M.Seyidovun "Azərbaycan mifik təfəkkürünün qaynaqları" monoqrafiyasına (1983) ön söz yazmış mərhum professor Əkbər Ağayevin fikrincə, onun elmi fəaliyyəti tarix, etnoqrafiya, toponimika, mifologiya, folklor, linqvistika, ədəbiyyat tarixi və digər sahələrlə bağlıdır: "Alimin yaradıcılığı ilə yaxından tanış olanlar bilir ki, yuxarıda sadalanan bağlılıqdan başqa M.Seyidova xas olan mühüm bir keyfiyyət də var. Bu da ondan ibarətdir ki, alimin özünəməxsus baxışlar sistemi, tarixə münasibəti, təhlil və ümumiləşdirmə metodu, orijinal elmi-fəlsəfi məntiqi var. M.Seyidov öz mifoloji araşdırmalarında etimologiyalara çox diqqət verib. Ümumiyyətlə, alimin heç kəsə bənzəməyən tədqiqat metodu olub. O, mifologiyanın, həmçinin xalqımızın tarixinin, etnogenezinin (milli mənşəyinin) tədqiqində ayrı-ayrı adların, sözlərin, anlayışların leksik təhlilinə, onların etimoloji yozumuna böyük üstünlük verib. M.Seyidov ayrı-ayrı mifoloji anlayışların, sözlərin etimoloji təhlil və izahını geniş mənalandıraraq belə hesab edir ki, həmin sözlərin, anlayışların böyük əksəriyyəti dil və mifoloji regionlarla bağlıdır və bir çox qonşu xalqlar, qəbilələr üçün müştərək mədəni irs sayılmalıdır. Məsələnin bu cür qoyuluşu daha doğrudur, çünki müəllifin araşdırdığı problemin özünün xarakteri, izah etdiyi söz və anlayışların məna tutumu tələb edir ki, təhlilin dairəsi genişlənsin, qarşıya qoyulmuş məsələlər xalqların mədəniyyətləri arasındakı tarixi əlaqələr baxımından və səviyyəsindən nəzərdən keçirilsin".
1989-cu ildə M.Seyidovun "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı kitabı işıq üzü gördü, elmi ictimaiyyət arasında böyük marağa səbəb oldu. Kitaba ön söz yazan S.Rüstəmxanlı bu qənaətdədir ki, Mirəli Seyidovun hər məqaləsi, hər kitabı oxucular arasında, ədəbi mühitdə ayrıca maraqla qarşılanır: "Bunun səbəbi odur ki, o heç bir yazısında təkcə mifoloq və ya folklorşünas deyil. Alim üçün bütün yazıları əslində, bütöv bir kitabın səhifələri və ya fəsilləridir. Həmin böyük kitabın adı "Azərbaycanşünaslıq"dır. Yəni Mirəli Seyidov xalqın ən böyük sərvəti olan söz xəzinəmizi və onun ünlü abidələrini öyrənərkən əslində, etimoloq və ya filoloq məqsədindən daha çox tarixçi, vətənşünas məqsədi izləyir".
Alimin ölümündən sonra (1994) "Qam-Şaman və onun qaynaqlarına ümumi baxış" adlı kitabı çıxdı. Vəli Həbiboğlu "Qu quşunun son nəğməsi" adlı ön sözündə yazır: "Müəllif öz tədqiqatında təkcə bir ədəbiyyatşünas-mifoloq kimi deyil, həm də tarixçi, etnoqraf, dilçi, çox vaxt isə qədim dövr fəlsəfəsinin kamil bilicisi kimi diqqət yetirir. Böyük ustad istər bu əsərdə, istərsə də şəxsi söhbətlərdə dəfələrlə belə bir ideyanı təlqin edirdi ki, qamçılığın-şamançılığın öyrənilib tədqiq edilməsi türk xalqları arasında mifoloji, ictimai-siyasi köklərin üzə çıxmasına kömək göstərəcək. Bu isə ümumtürk əlaqələrinin tarixən nə qədər dərindən bir-birinə bağlı olduğunu aşkar edəcək. Onun tədqiqindən aydın olur ki, türk xalqlarının mif dünyası vahid dünyabaxışına əsaslanır, vaxtilə onların düşünmə tərzi, dünyanı dərk etməsi, bədii təfəkkürü bir-birinə çox yaxın olub".
Füzuli Bayat isə yazır: "Məşhur araşdırmaçı Mirəli Seyidovun elmi araşdırmalarının məhsulu olan "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının soykökünü düşünərkən", "Qam-şaman və onun qaynaqlarına ümumi baxış" və s. əsərləri yalnız Azərbaycana aid önəmli bir hadisə kimi dəyərləndirilməməlidir. "Azərbaycan mifik təfəkkürünün qaynaqları" kitabında M.Seyidov təbiət kultu ilə bağlı olaraq Azərbaycan türkləri arasında yayılmış inancların, adət və ənənələrin qaynaqlarını ortaya çıxarıb, Azərbaycan türklərinin təşəkkülündə iştirak edən tayfaların tarixini və etnoqrafiyasını araşdırıb, ayrı-ayrı sözlərin etimoloji təhlilini verməklə bəzi mifoloji və tarixi məsələlərin həllinə çalışıb. "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı əsərində isə xalqın soykökü ilə bağlı məsələlər Azərbaycan miflərinin və tarixi sübutların yardımı ilə aşkarlanıb. Azərbaycan xalqının soykökündə iştirak edən tayfa birləşmələrini, onların həyata baxışlarını, inanclarını, fikir dünyasındakı çəkişmələrini və bunların ictimai-siyasi səbəblərini araşdırmağa çalışıb".
Professor İsmayıl Vəliyev bu qənaətdədir: "Mirəli müəllim qədim ədəbiyyatı, tarixi sistemli və ardıcıl öyrənməyi qarşısına məqsəd qoyduğuna görə yalnız elmi tədqiqatlarla kifayətlənmir, ilk mənbələri, hətta əlyazma kıtabları öyrənməyə səy göstərir və çox şey əldə edirdi. Ona görə də Mirəli müəllim göydəndüşmə faktlarla qənaətlənmirdi, yazdığı, dediyi hər fikrin mənbələrdə, məxəzlərdə yerini göstərirdi. O, dünya və Şərq xalqlarının mifologıyası ilə yanaşı erməni mıfologiyasını da yaxşı öyrənmişdi. Erməni alimlərinin çoxunun bilmədikləri, öyrənmədikləri şeyləri Mirəli müəllim yaxşı bilirdi. Bir neçə dəfə ermənilər özləri baxmayaraq ki, Mirəli müəllimi sevmirdilər, onu müəllim kimi universitetə, məruzələr oxumağa dəvət eləmişdilər və sonra da daimi iş vəd etmişdilər ki, o, erməni tələbələrə Şərq və erməni mifologiyasından dərs desin. O, fikrini qəti bildirərək bundan imtina eləmişdi: "Bakıda mən öz elmi işimi davam etdirirəm və heç yana da getmək istəmirəm".
Mifoloq-alim Ramazan Qafarlı isə bu fikirdədir ki, M.Seyidov mifologiyanın müxtəlif problemlərinə aid zəngin yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti ilə məktəb yaradan alimlərdən biridir. O, onlarla istedadlı gənci bu sahənin araşdırılmasına istiqamətləndirib. Mifoloq-alim Seyfəddin Rzasoyun fikrincə, çağdaş Azərbaycan folklorşünaslığında vüsət götürmüş mifoloji tədqiqatların başlanğıcı, bir növ mərhum professor Mirəli Seyidovun tədqiqatlarına söykənir: "O, 70-ci illərin ortalarından başlayan mifoloji araşdırmaları ilə tez bir zamanda məşhurlaşdı və həm də elmin bu sahəsinə diqqəti fəallaşdırmış oldu. Heç təsadüfi deyil ki, alim etnogenez və mifologiya məsələlərini bir-birindən ayırmır, bir növ etnogenetik-mifoloji araşdırmalar aparırdı. Hər hansı bir mifoloji obrazın, yaxud etnik mədəniyyət üçün əhəmiyyətli olan kültür vahidinin nominativ işarəsinin (adının) linqvoetimoloji təhlilini aparmaq onun sevimli metodu idi. O, sözü götürür, onu leksemlərə, morfemlərə, fonemlərə qədər parçalayır, ümumtürk materialı əsasında leksik mənasını tapmağa cəhd edir və bundan sonra əldə etdiyi mənaları tarixi-müqayisəli kontekstdə etnik mədəniyyətin məlumatları əsasında dəyərləndirirdi. Bu baxımdan, onun tarixi-filoloji yanaşması türk kültürünün müxtəlif funksionallaşma qatları ilə bağlı informasiya ilə son dərəcə zəngindir. M.Seyidov Azərbaycan türklərinin tarixinə kompleks yanaşıb, onu tədqiq edərkən tarixi, etnogenetik, etnoqrafik, etnopsixoloji, kulturoloji, o cümlədən mifoloji yanaşma yönlərini birləşdirib. M.Seyidov mifoloji obrazların təhlili zamanı onların adlarının linqvistik etimologiyasına meylli olub. Bu, onun sevimli üsulu idi. M.Seyidov bu linqvistik etimologiyaları ilə ilk növbədə təhlili verilən sözün türk mənşəli olduğunu təsdiq edirdi. Bu, alimin apardığı araşdırmaların milli qayə və amacı baxımından çox vacib idi. Çünki Azərbaycan türklüyünün tarixi son dərəcə eybəcər şəkildə saxtalaşdırılmışdı. Alim milli tarix üçün əhəmiyyətli olan kültür vahidlərinin linqvistik mənşəyinin türkə məxsus olduğunu təsdiq etməklə öz tarixinin haqlı maraqlarını ona yönəlmiş çirkin hücumlardan qorumuş olurdu. Sözün türkmənşəli olması onun təmsil etdiyi mədəniyyətin türkə məxsusluğunu təsdiq edir, bu da öz növbəsində Azərbaycan türklüyünün öz halal torpağında yaşamaq haqqını əsaslandırmış olurdu. Bütövlükdə götürdükdə M.Seyidovun araşdırmaları əslində bugünkü faciələrimizin dünən əsasını qoyanlara qarşı yönəlmişdi".
Emin Ağayev isə bu qənaətdədir ki, Mirəli Seyidovun mifologiyaya dair tədqiqatları öz aktuallığını saxlayır: "O, özünün geniş və hərtərəfli tədqiqatları ilə türk mifologiyasının əsas məsələlərinə diqqət yetirib, onun problem sayıla bilən çox məsələlərindən bəhs edib. Tədqiqatçının toxunduğu məsələlərin bir çoxu elmdə bu gün də öz gərəkliliyini qoruyur. Ona görə M.Seyidovun tədqiqatları hələ bundan sonra da oxucular tərəfindən oxunacaq, çox məsələlərdə tədqiqatçıların axtarışlarına işıq salacaq".

Uğur