“Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil” Layihə

“Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil”

Tahir Rzayev: "Çünki öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır"


Bəxtiyar Sadıqov: "Ermənistan status-kvonu qoruyub saxlamaq üçün danışıqlar prosesində guya iştirak edir"


Elman Məmmədov: "Dağlıq Qarabağ münaqişəsinin həlli Sarkisyan və onun komandasının məhv edilməsi deməkdir"


Prezidentlərin Cenevrə görüşündən sonra Sərkisyanın məlum açıqlaması danışıqlar prosesini pozmağa yönəlib. Ekspertlər hesab edirlər ki, danışıqlardan həmişəki kimi məğlub ayrılan Sərkisyan çıxış yolunu ənənvi olaraq təxribat xarakterli açıqlamalar verməkdə görür.
Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.
Erməni politoloq Manvel Sarkisyan deyib ki, Ermənistan Cenevrədə Vayana və Sankt-Peterburq razılaşmalarından imtina edərək, məğlub oldu. Onun sözlərinə görə, Ermənistan Cenevrə görüşünə məcburi getdi: "Azərbaycan prezidenti ora niyə getdiyini bilirdi. O, bütün dünyaya sübut etdi ki, Ermənistanın belə tələbi yoxdur, Minsk qrupunda da belə tələb yoxdur. Bəs Ermənistan niyə getdi? Bu haqda suallar cavabsızdır. Çoxları yazır ki, Ermənistanı buna məcbur etdilər. Biz buna öyrəşmişik, çünki ilk dəfə deyil. "Aprel müharibəsi"ndən sonra biz dəfələrlə gördük ki, qəbul edilən qərarlar bizim dövlət maraqlarımıza ziddir, əksinə, Rusiyanın, yaxud Azərbaycanın maraqlarına uyğundur. Biz Cenevrədə Əliyevə məğlub olduq".

Millət vəkili Tahir Rzayev deyib ki, Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil: "Bu, əvvəllər də olub. Çünki öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır".Onun sözlərinə görə, düşmən ölkə prezidenti dövlət rəhbəri kimi tanınmır: "Bu gün hər birimiz biliriki ki, Ermənistanın himayəçisi kimdir və Dağlıq Qarabağ münaqişəsinin həllinə kim mane olur. Məhz bunun nəticəsidir ki, Ermənistan prezidenti görüş zamanı başqa, görüşdən sonra isə tamamilə fərqli fikirlər irəli sürür. Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur, daima idarə olunur. Ona görə də buna təbii baxmaq lazımdır".
Deputat əlavə edib ki, Ermənistan prezidenti Serj Sarkisyan müstəqil siyasət yeritməyi, danışıqlarda öz sözünü deməyi bacarmayan bir şəxsdir:"Serj Sarkisyan daima himayədarlarının fikirləri ilə hərəkət edib və sona qədər də belə olacaq".
Deputat Bəxtiyar Sadıqov vurğulayıb ki, aprel hadisələri olmasaydı, Ermənistan prezidenti heç görüşə də gəlməyəcəkdi: "Düşmən ölkə görüşə qorxusundan gəldi". Onun sözlərinə görə, əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə, özgə torpağında olan qoşunların çıxarılması barədə söz deyilmirsə, deməli, həmin görüşün konkret nəticəsi yoxdur: "Yenə ATƏT-in həmsədr dövlətləri özlərinə məxsus ifadələr işlətməklə bu görüşə qiymət verir, yeni görüşlərin vacibliyi barədə fikirlər səsləndirir və növbəti görüşdə bu məsələnin bir daha müzakirə ediləcəyini bildirirlər. Bunlar bizim indiyə qədər eşitdiyimiz ümumi fikirlər, ATƏT-in "fəaliyyətinin" göz qabağında olan elementləridir". B. Sadıqov söyləyib ki, Ermənistan status-kvonu qoruyub saxlamaq üçün danışıqlar prosesində guya iştirak edir: "Əgər görüşdə BMT-nin məlum 4 qətnaməsinin icrası ilə bağlı konkret addımlar atılmırsa, yaxın müddətdə hansısa tədbirlərin görüləcəyi barədə açıqlamalar verilmirsə, tərəflər öz üzərilərinə öhdəliklər götürmürsə və ATƏT bu öhdəliklərin yerinə yetirilməsinə necə nəzarət ediləcəyini söyləmirsə, problemin həlli ilə bağlı müsbət nəsə söyləmək mümkün deyil. Amma bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi isə öz prinsipial mövqeyindən geri çəkilən deyil".
Millət vəkili Elman Məmmədov diqqətə çatdırıb ki, Ermənistan prezidenti Serj Sarkisyan və onun komandası ilə aparılan danışıqlar heç bir nəticə verməyəcək. Millət vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Sarkisyan və onun komandasının məhv edilməsi deməkdir: "Çünki Sarkisyan kimi hərbi cani Dağlıq Qarabağ dalğası üzərindən hakimiyyətə gəlib. Danışıqların konstruktiv aparılması Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına gətirib çıxarmalıdır. Bu problem həll edilsə, Sarkisyan hakimiyyəti məhv olar. Ona görə də, Sarkisyan nə qədər danışıqlara getsə də, danışıqlardan sonra sərsəmləyir. Onlar danışıqlarda ədalətli mövqe tutmaq istəmir. Sarkisyan hərbi canidir. Həbsxanada olmalı olan bir hərbi cani dövlət başçısıdırsa, ondan başqa nə gözləmək olar. O, beynəlxalq hüquq normalarına uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır. Xocalı soyqırımının törədilməsində birbaşa hərbçi kimi iştirak edən Sarkisyan bu gün Ermənistan prezidentidir. O, müəyyən qüvvələrin hesabına həmin vəzifədə oturdulub. Azərbaycan Sarkisyana hərbi gücünü göstərməyincə o, ağıllanmayacaq".
Siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü uzun fasilədən sonra baş tutdu: "Ötən ilin aprel hadisələrindən sonra Ermənistanda bir qədər boğazdan yuxarı bəyanatlar səslənirdi". Onun sözlərinə görə, Azərbaycan Prezidenti, dövləti və xalqı da həmişə sülh yolu ilə münaqişənin həllində maraqlı olduğunu əməldə göstərib: "Yəni biz bunu söz olaraq demirik. Təbii ki, Ermənistan isə bunu söz olaraq deyir. İndi bu görüşün baş tutması, hətta heç kimin iştirakı olmadan prezidentlərin təkbətək görüşməsi düşünürəm ki, məsələnin pozitiv tərəfidir. Çünki mən başa düşürəm ki, Ermənistan prezidentinin və Azərbaycan Prezidentinin öz mövqeyi var. Bu məsələnin önəmli tərəfidir. Digər tərəfdən biz Ermənistan mediasını mütəmadi izləyirik. Görürük ki, onlar sözdə bir şey deyib, əməldə tamam başqa işlə məşğuldurlar. Yəni nə baş verir. Tutaq ki, bunlar dünyaya car çəkirlər biz sülh yolu ilə münaqişəni həll etməyə meylliyik. Amma əməldə onu görürük ki, Ermənistan mediası, ictimai rəyi Azərbaycana qarşı, azərbaycanlılara, ümumiyyətlə isə türklərə qarşı düşmənçilik meylləri baş alıb gedir. Yəni bu nə deməkdir. Bu o deməkdir ki, Ermənistan hazırki şəraitdə münaqişənin sülh yolu ilə həllinə hazır deyil. Burada isə Azərbaycan bir yerə qədər dözəcək. Ondan sonra biz bu məsələni öz bildiyimiz üsullarla həll etməli olacayıq".
Politoloq Qabil Hüseynli deyib ki, Minsk Qrupunun həmsədrləri regiona son səfərləri zamanı çox nikbin danışır və yeni təkliflərlə gəldiklərini bildirirdilər. O qeyd edib ki, həmsədrlər hətta, regiona səfərdən sonra yaydıqları bəyanatda dövlət başçılarını yeni təkliflərə inandıra bildiklərini iddia edirdilər: "Amma görüşdən sonra məlum oldu ki, həmsədrlər hər hansı nəticəyə nail ola bilməyiblər. Müzakirələr, fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, fikir mübadiləsi davam etdirilsin. Hər halda görüşdə nikbin atmosfer hökm sürüb. Prezidentlər əvvəlcə təkbətək, sonra isə Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüşüblər. Bu formatın özü ilk dəfə tətbiq olunan praktikadır. Ancaq hansı nəticələrə gəlindiyi haqda açıqlama verilmir. Bir şey aydındır ki, iştirakçılar görüşün bundan sonra da davam etdirilməsinin tərəfdarı kimi çıxış ediblər və bu görüşlərin davam etdirilməsinin zəruriliyini vurğulayıblar".
Politoloq bildirib ki, bundan başqa görüşdə təmas xəttində atəşkəs rejiminə əməl edilməsi məsələsi də müzakirə olunub: "Bu, daha çox ermənilərə sərf edən məqamdır. Tərəflər razılığa gəlib ki, bundan sonra atəşkəs rejiminin qorunması üçün monitorinq sistemi təkmilləşdirilsin, ümumiyyətlə, təmas xətti boyunca atəşkəsin pozulması hallarının qarşısı alınsın. Halbuki, təmas xəttində erməni qoşunlarının mövcudluğunun özü nonsensdir, heç bir əndazəyə sığmayan haldır. Ermənilər orada əsgərlərinin atəşə məruz qalmasının qayğısını çəkirsə, bunun özü anormal haldır. Axı, sənin əsgərlərin bu ərazidə nə gəzir? Bu ərazidə Azərbaycan insanı yaşamalı, əkin-biçinlə məşğul olmalıdır. Sən isə burda səngər qazırsan, artilleriya qurğuları, zirehli texnika yerləşdirirsən. Bu gün qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti işğalçı rejimin hərbi potensialının artdığını, yeni-yeni silahlar aldıqlarını və rejimin silahlı qüvvələrinin daha güclü potensiala malik olacağını bildirib. Bir sözlə, vəziyyət o qədər də ürəkaçan deyil. Sadəcə olaraq, görüşlərin keçirilməsində müsbət məna axtarmaq mümkündür. Yəni, danışa-danışa sülhə getməyin mümkünlüyü barədə qədim aforizmdən istifadə edərək demək olar ki, silahların danışmasındansa, diplomatların danışması daha yaxşıdır".

Əli