
Son illər Xəzər dənizinin səviyyəsinin azalması, suyun sürətlə geri çəkilməsi müşahidə edilir. Yeni qalıqlar üzə çıxdıqca dənizin suyunun geri çəkilməsi açıq-aydın görünür. Eyni zamanda, su səviyyəsinin azalması ilə sahilyanı torpaq ərazilərin sahəsi də genişlənib. Xəzərin səviyyəsi 1990-cı illərin ortalarından etibarən azalmağa başlayıb. Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib.
Rumıniyanın “Adevărul” qəzeti yazır ki, Xəzər dənizi son onilliklərdə sürətlə dayazlaşır və bu proses artıq region ölkələrinin iqtisadiyyatına və ekoloji tarazlığına ciddi təsir göstərir. Məqalədə qeyd olunur ki, son 5 ildə dənizin səviyyəsi 93 santimetr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb. Hazırda illik azalma tempi 20–30 santimetr təşkil edir.
Qəzetin məlumatına görə, dəniz səviyyəsinin enməsi ilə bağlı fərqli mövqelər mövcuddur. Bir sıra ekspertlər Rusiyanın Volqa çayı üzərində tikdiyi bəndlərin Xəzərə daxil olan suyun həcmini azaltdığını bildirirlər.
“Adevărul” yazır ki, Xəzərin dayazlaşması nərə balıqlarının və Xəzər suitilərinin çoxalma ərazilərinin ciddi şəkildə azalmasına səbəb olur. Mütəxəssislərin hesablamalarına görə, nərə balıqlarının kürüləmə yerlərinin təxminən 45 faizi artıq itirilib. Suitilərin isə yaxın onilliklərdə çoxalma sahələrinin 80–100 faizini itirəcəyi ehtimal edilir.
Alimlərin proqnozlarına görə, əsrin sonuna qədər Xəzər dənizinin su səviyyəsi 8–21 metr aşağı düşə bilər. Bu isə region ölkələri üçün həm iqtisadi, həm də ekoloji baxımdan ciddi fəsadlar yaradacaq.
“Xalq Cəbhəsi” mövzunu ekspertlərlə araşdırıb.
Ekspertlərin sözlərinə görə, Xəzərin səviyyəsindəki azalma iqlim amilləri ilə izah olunmur. Volqa çayının hövzəsindəki sənaye fəaliyyəti, suyun kənd təsərrüfatı məqsədilə həddindən artıq istifadəsi, eləcə də dəniz ətrafında aparılan tikinti və enerji layihələri bu prosesi daha da sürətləndirir. Mütəxəssislər hesab edirlər ki, əgər region ölkələri birgə monitorinq və su idarəçiliyi mexanizmləri tətbiq etməsələr, Xəzərin ekoloji tarazlığını bərpa etmək son dərəcə çətin olacaq.
Xəzərin səviyyəsi gözlə görünəcək dərəcədə enir
Milli Məclisin deputatı Sadiq Qurbanov bildirib ki, “Xəzər dənizində suyun səviyyəsi getdikcə aşağı düşür və bu artıq gözlə görünəcək səviyyədədir: “Müşahidələr göstərir ki, proses təkcə Xəzərdə deyil, ümumilikdə dünyada da müşahidə olunur”.
Deputatın sözlərinə görə, Xəzərdə suyun azalmasının əsas səbəblərindən biri Volqa çayından dənizə axan suyun həcminin azalmasıdır: “Eyni zamanda, dənizdə qabarmalar və çəkilmələr prosesi də gedir. Hazırda bu istiqamətdə həm tədqiqat işləri aparılır, həm də məsələ hökumətlərarası komissiyanın müzakirəsindədir. Xəzər dənizində suyun səviyyəsinin enməsi təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan ciddi nəticələr doğurur. Bu, həm gəmiçiliyə, həm də Xəzər hövzəsində yerləşən bütün dövlətlərə zərər vurur. Yəni burada heç bir dövlət bu prosesdə maraqlı ola bilməz, çünki hamıya eyni dərəcədə təsir göstərir”.
Deputat əlavə edib ki, suyun azalması ilə bağlı antropogen amillərin – yəni su üzərində qurulmuş sənaye obyektlərinin və stansiyaların da müəyyən mənfi təsirləri var: “Ona görə də prosesin qarşısını almaq üçün regional səviyyədə elmi və praktiki tədbirlər gücləndirilməlidir”.
Xəzər dənizini təhlükə gözləyir
Ekoloq Elman Cəfərli deyib ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi həm təbii, həm də antropogen amillərlə bağlıdır. Onun sözlərinə görə, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977–1995-ci illər ərzində 2,5 metr artım müşahidə olunub, lakin sonrakı illərdə yenidən azalma prosesi başlayıb. 2006-cı ildən bu günədək Xəzərin səviyyəsində enmə davam edir.
Ekspert qeyd edib ki, qapalı su hövzəsi olan Xəzərdə səviyyə dəyişiklikləri periodik xarakter daşıyır: “Mütəxəssislərin fikrincə, Xəzərdə suyun azalması iki əsas amillə bağlıdır – qlobal iqlim dəyişikliyi və antropogen təsirlər. Qlobal istiləşmə nəticəsində buzlaqlar əriyir, göllər və çaylar quruyur. Mərkəzi və Ön Asiyada bir çox iri göllərin yox olması da bu prosesin nəticəsidir. Bölgə əhalisinin artması və kənd təsərrüfatı sahələrinin genişlənməsi çaylardan su götürmələrin çoxalmasına səbəb olub. Çaylardan həm içməli, həm də suvarma məqsədilə istifadə artır. Bu da Xəzəri qidalandıran mənbələrin zəifləməsinə gətirib çıxarır. Hələlik Xəzərin səviyyəsindəki azalma ekoloji fəlakət sayılmasa da, proses davamlı olarsa, ciddi nəticələr qaçılmaz olacaq Dənizdə səviyyənin uzunmüddətli azalması neft-qaz əməliyyatlarına, limanların fəaliyyətinə, dəniz nəqliyyatına və balıqçılıq təsərrüfatlarına mənfi təsir göstərəcək”.
Ekoloq vurğulayıb ki, Xəzərdə yaranan ekoloji problemlər artıq regional çərçivədən çıxaraq qlobal miqyas alıb: “Xəzəryanı dövlətlər bu böhrandan çıxış yollarını birgə axtarmalıdır. Dənizdə çirklənmənin qarşısının alınması, flora və faunanın qorunması, bioresursların bərpası istiqamətində ortaq qərarlar qəbul edilməlidir”.
“Xəzərin səviyyəsinin enməsinin əsas səbəbi...”
Ekoloq Rövşən Abbasov diqqətə çatdırıb ki, Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı məsələni yalnız iqlim dəyişikliyi ilə əlaqələndirmək doğru deyil. Onun sözlərinə görə, əsas səbəb Xəzərə gələn çayların, xüsusilə də Volqa çayının sululuğunun kəskin azalmasıdır: “Əlbəttə biz bu barədə dəfələrlə danışmışıq. Hər şeydə iqlim dəyişikliyini günahlandırmaq doğru deyil. İqlim dəyişikliyi nə qədər dəyişsə də, bu, əsas səbəb deyil. Əsas səbəb Xəzərə gələn çayların, xüsusilə Volqa çayının sululuğunun kəskin azalmasıdır. Xəzəryanı dövlətlərin zirvə toplantısında bu məsələ çox kəskin şəkildə gündəmə gətirilməlidir. Hansı Xəzəryanı dövlətdən Xəzərə nə qədər su daxil olur və nə qədər daxil olmalıdır – bu razılaşdırılmalıdır. Birgə komissiya yaradılaraq su daxilolmaları üzərində monitorinq təşkil edilməlidir. Bu ölkələrin ərazisində yerləşsə də, monitorinqə bütün Xəzəryanı dövlətlər nəzarət etməli, ən azından onun tərkibi barədə məlumatlandırılmalıdır”.
Rövşən Abbasov qeyd edib ki, problemin həlli kimi Volqa, Ural və digər çayların hövzələrində su götürmələrin azaldılması və daha effektiv su istifadəsi texnologiyalarının tətbiqi vacibdir:
“Bu, Xəzərə gələn suyun həcmini artırmağa kömək edə bilər. Əlbəttə, bu, hər bir dövlətin suveren hüququdur, lakin Xəzəryanı dövlətlər Xəzər konvensiyası və ya başqa bir razılaşma çərçivəsində öz üzərlərinə müəyyən öhdəliklər götürməlidirlər”.
Günel Elxan