
Fransa-Azərbaycan əlaqələri: Paris reallığı qəbul edir
22 Oktyabr 23:43
2025-ci il oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Aliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygun Aliyeva və 300-ə yaxın QHT təmsilçisi tədbirdə iştirak edib.
Tədbirlə bağlı bir neçə QHT rəhbərinin mövqelərini təqdim edirik.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli deyib ki, Adminstrasiyanın sektor müdiri Tural Əliyevin, o cümlədən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygun Əliyevanın çıxışlarında ölkədə QHT- lərin strateji inkişaf istiqamətlərinə yer verilməsi, bir sıra rəqəmlərin ürəklə çəkilməsi, etiraf edim ki, vətəndaş cəmiyyətinin bir nümayəndəsi olaraq bizim də üzərimizə məsuliyyət yükü qoyurdu: “Az müddət ərzində bu sektorda aparılan islahatlar göstərir ki, biz artıq daha geniş müstəvidə sözümüzü deməli, sözçülükdən real fəaliyyətə keçib ortalığa daha ciddi layihələr qoymalıyıq. Hər halda etiraf etməliyik ki, az müddət ərzində çox iş görülüb. Ancaq görüləsi işlərdə hələ çoxdur. Hər kəs bu forumda səslənən fikirlərdən özünə aid olanını götürdü.
Adminstrasiyanın sektor müdiri Tural Əliyev çıxışında bəzi neqativə, buraxılan səhflərə ötəri də olsa toxunsa da, “suvenrenliyimizin bərpasından sonra ölkəmizin daha geniş şəkildə tanıdılmasında QHT sektoru da öz sözünü deməlidir”, fikri ciddi siqnal idi. Səslənən fikirlər həmdə QHT-lərin strateji inkişaf proqramının əsas qayəsi idi.
Beləliklə, forumun təşkilatçılarına təşəkkür etməyi özümə borc bilirəm. Ən xirda detalı belə nəzərə alan təşkilatçılar tənqidə “yer qoymamışdılar”.
Agentlik, azsaylı kollektivi ilə, həqiqətən çox böyük iş görmüşdü. Sadəcə əhsən deyirəm.
Və sonda inanmaq istəyriəm ki, biz -QHT təmsilçiləri Forumda qaldırılan məsələlərə diqqətlə yanaşıb, üzərimizə düşən məsuliyyəti hiss edərək, bu sektorunun inkişafına öz töhfəmizi verəcəyik”.
“Pragma” İctimai Birliyinin sədri Taleh Şahsuvarlının fikrincə, tədbirdəki çıxışlar bu baxımdan diqqətə layiq idi, həm Şuşada, həm də Xankəndidəki tədbirlərdə vətəndaş cəmiyyətinin özünəinamına və yenidənqurma enerjisinə xitab edən nitqlər söyləndi.
Düşünürəm ki, bir zəfər toplumu olaraq qarşımızda yeni vəzifələr durur:
• Qələbənin mənəvi enerjisini institusional dayanıqlığa çevirmək;
• QHT-ləri “qrantyeyənlər” imicindən xilas edib, milli həmrəyliyin ictimai sütununa çevirmək;
• “Vətəndaş diplomatiyası” vasitəsilə Azərbaycanın beynəlxalq imicini möhkəmləndirmək;
• Və ən əsası- suverenliyin sosial təməlini gücləndirmək.
Bu mənada Şuşada və Xankəndidə keçirilən tədbirlər “postmüharibə dövrünün vətəndaş cəmiyyəti” konsepsiyasının inkişafı baxımından xüsusi önəm daşıyırdı. Bu önəmin içində bir xüsusi nüans da var ki, onu mütləq vurğulamalıyam: Qarabağ hərbi münaqişə zonasından inzibati məkana çevrildi, bu gün isə ictimai dirçəliş, sosial tərəqqi zonasıdır. QHT-lərin məhz Şuşada və Xankəndidə toplanması Azərbaycanın vətəndaş cəmiyyətinin bərpa və reinteqrasiya prosesinə töhfə vermək niyyətinin ifadəsidir: “Başqa sözlə bu o deməkdir ki, Qarabağda təkcə genişmiqyaslı inşaat işləri görülmür, eyni zamanda ictimai institutlaşma prosesi də gedir.
Dövlət infrastrukturu, QHT-lər dəyərləri bərpa edir.
Bu mənada həm respublika, həm də regional səviyyəli QHT-lərin üzərində böyük bir məsuliyyət var- azad Qarabağ vətəndaş cəmiyyətinin intellektual mərkəzinə, təşəbbüs laboratoriyasına çevrmək!”.
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı: “Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun keçirilməsi Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin nümunəsində milli həmrəyliyin və suverenliyin gücünün növbəti dəfə parlaq nümayişi idi.
Tədbirin miqyası, iştirakçıların sayı və ab-havası hər şeyi öz dili ilə danışırdı. 300-ə yaxın QHT təmsilçisinin bir araya gəlməsi, müzakirələrin canlılığı, fikir mübadiləsinin səmimiliyi, verilən mesajların konkretliyi— bütün bunlar bu gün Azərbaycanın vətəndaş cəmiyyətinin artıq formalaşmış, məqsədli və milli maraqlara xidmət edən qüvvə olduğunu göstərirdi.
Forumun təşkilatçılığı isə xüsusi qeyd olunmağa layiqdir. İştirakçılarla münasibətdən tutmuş qonaqlama mədəniyyətinə, səhnə dizaynından texniki təminata qədər hər şey ən yüksək səviyyədə idi. Bu, sadəcə tədbir deyildi - planlı düşüncənin, dövlət dəstəyinin və ictimai həmrəyliyin ahəngli bir tabloya çevrildiyi nümunə idi.
Forumda Prezident Administrasiyasının rəsmisi Tural Əliyevin, QHT Agentliyinin icraçı direktoru Aygün Əliyevanın və Prezidentin Xankəndi üzrə xüsusi nümayəndəsi Elçin Yusubovun çıxışları bu həmrəyliyin siyasi və ideoloji əsaslarını daha da möhkəmləndirdi.
Onların nitqlərində verdikləri mesajlardan çıxan nəticə aydın idi: Azərbaycan dövləti vətəndaş cəmiyyətini yalnız müşahidəçi deyil, inkişaf prosesinin əsas tərəfdaşı kimi görür. Dövlətimiz hesab edir ki, güclü və sabit gələcək həm də ictimai fəallığın, düşünən və məsuliyyətli vətəndaşların iştirakı ilə mümkündür.
Müzakirə olunan mövzular - “Türkman irsi: tarixi köklərə sədaqət”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, “Rəqəmsal QHT konsepsiyası” və digərləri - həm tarixi yaddaşa sadiqliyi, həm də müasir çağırışlara açıq baxışı əks etdirirdi. Bu, keçmişlə gələcəyin, ənənə ilə innovasiyanın harmoniyası idi.
“Şəhidə məktub” videoçarxının nümayişi və Dövlət Himninin səsləndirilməsi zalda elə bir ruh yaratdı ki, hər kəs bir anlıq özündə Azərbaycanın bütövlüyünü, şəhidlərin ruhunu və azad Xankəndinin qürurunu hiss etdi.
Xankəndidə keçirilən bu forum bir daha göstərdi ki, Azərbaycan artıq təkcə regionun deyil, ideyaların da lideridir. Bu, həm dövlət siyasətinin, həm də vətəndaş cəmiyyətinin vəhdətindən doğan gücdür. Və bu güc — təşkilatçılıqda, ideyalarda, ruhda, birliyimizdə idi”.
“Təhsilə dəstək və maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli isə deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti sektoru yeni mərhələyə qədəm qoyub. Son on illərə qədər passiv, yalnız xarici donorlardan asılı vəziyyətdə olan, Azərbaycan cəmiyyətindən daha çox donor təşkilat və dövlətlərin maraqlarına xidmət edən qeyri-hökumət təşkilatları artıq bu asılılıqdan qurtulub. Dövlətin vətəndaş cəmiyyətinə göstərdiyi diqqət və qayğı, onun inkişafına yönəlik addımları bu sahənin inkişafına öz müsbət təsirini göstərib.
İndi artıq Azərbaycanın qeyri-hökumət təşkilatları yerli deyil, beynəlxalq səviyyədə də fəaldır, aktivdir, eyni zamanda təşəbbüskardır. Ən yaxın tariximizdə şahidi olduğumuz COP29 təcrübəsi buna əyani sübutdur: “Qeyd etdiyimiz kimi bu müsbət tendensiyanın baş verməsində QHT sektoruna yönəlik addımlar, bu sahənin inkişafına xidmət edən amillər rol oynayır. Müntəzəm olaraq QHT-lərin təcrübə mübadiləsi, onların peşəkarlığı və aktivliyinin artırılması məqsədilə keçirilən görüşlər, mübadilə proqramları, forum və konfranslar bu sahədə mühüm rol oynayır. Bu mənada sayca üçüncü dəfə keçirilən QHT-lərin Əməkdaşlıq Forumu da olduqca əhəmiyyətlidir.
Yaxın tarixə nəzər salaraq deyə bilərik ki, Azərbaycan uzun illər ərzində ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı mübarizəni 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ilə başa çatdırdı. Artıq ölkənin bütün əraziləri üzərində tam suverenlik bərpa olunub. Bu mərhələdən sonra əsas vəzifə Qarabağ bölgəsinin sosial, iqtisadi və ictimai-siyasi həyatla inteqrasiyasıdır. Bu inteqrasiya prosesi təkcə dövlət qurumlarının deyil, həm də ictimai təşkilatların – xüsusilə qeyri-hökumət təşkilatlarının (QHT) fəal iştirakı ilə mümkündür. Belə bir şəraitdə Xankəndidə QHT-lərin Əməkdaşlıq Forumunun keçirilməsi mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu forum həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə bir sıra ciddi mesajlar daşıyır. Ən başlıcası isə, vətəndaş cəmiyyətinin Qarabağa qayıdışının rəmzi kimi çıxış edir.
Azərbaycanın bölgədə bərpa və reinteqrasiya işlərini aparıcı ictimai institutlar vasitəsilə həyata keçirməsi, xaricdə bəzi dairələrin irəli sürdüyü təbliğata cavab rolunu da oynayır.
Xankəndidə keçirilən QHT-lərin Əməkdaşlıq Forumu təkcə vətəndaş cəmiyyəti üçün bir görüş yeri deyil, həm də Azərbaycanın Qarabağda sülh, inkişaf və birgə yaşayış prinsiplərinə əsaslanan gələcək vizyonunun ifadəsidir. Bu cür tədbirlər bölgədə davamlı sabitliyə və sosial-iqtisadi inkişafın sürətlənməsinə xidmət edir.
Bildyimiz kimi, Qarabağda, o cümlədən Xankəndidə sülh və sabitliyin bərqərar olunması, dövlətimizin siyasi iradəsinin və xalqımızın birliyinin nəticəsidir. Bu forum bir daha göstərir ki, artıq Qarabağda münaqişə yox, inkişaf, bərpa və əməkdaşlıq var.
Xankəndidə QHT-lərin toplaşması isə bölgədə sülh quruculuğuna və reinteqrasiya prosesinə vətəndaş cəmiyyətinin prosesə verdiyi dəstəyi əyani şəkildə nümayiş etdirir.
Eyni zamanda, bu tədbir Azərbaycanın dünyaya ünvanladığı açıq bir mesajdır ki, biz münaqişəni geridə qoymuşuq, indi isə bölgədə birlik, rifah və inkişaf dövrü başlayıb. Vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakı, bölgədə sabit və sağlam ictimai münasibətlərin qurulmasına böyük töhfə verəcəkdir.
Unutmayaq ki, vətəndaş cəmiyyəti olmadan dayanıqlı inkişaf mümkün deyil. Qarabağda cəmiyyətin bütün təbəqələrinin səsinə qulaq asmaq, onların ehtiyac və təkliflərini dinləmək vacibdir. Bu baxımdan, QHT-lərin iştirakı ilə keçirilən forumlar, təkcə rəsmi siyasətin yox, həm də xalqın iradəsinin ifadəsidir.
Qarabağ bölgəsi uzun illər ərzində müharibə və gərginlik şəraitində olduğundan, burada sosial-psixoloji bərpa işləri mühüm rol oynayır. Məhz QHT-lərin bu sahədə fəaliyyəti – sosial layihələr, təhsil təşəbbüsləri, mədəni tədbirlər və insan hüquqları üzrə maarifləndirmə işləri – əhalinin cəmiyyətə adaptasiyasına kömək edə bilər.
Eyni zamanda, QHT-lər forum vasitəsilə yerli problemlərin daha dərindən araşdırılması və həlli üçün çevik və operativ vasitə rolunu oynaya bilər. Onlar dövlət strukturlarının çatmadığı yerlərdə boşluqları doldura, yerli icmalarla birbaşa ünsiyyət quraraq real ehtiyaclara uyğun fəaliyyət göstərə bilirlər.
Forumun “Əməkdaşlıq” adı da təsadüfi seçilməyib. Bu, QHT-lər arasında şəbəkələşməni gücləndirmək, resurs və təcrübə mübadiləsi aparmaq, eyni zamanda regionda reinteqrasiyanı sürətləndirmək üçün mühüm platformadır. Xankəndidə keçirilən forum, regionun artıq yalnız münaqişə məkanı deyil, həm də əməkdaşlıq və birgə inkişaf sahəsi olduğunu göstərir.
QHT-lərin Xankəndidə keçirilən Əməkdaşlıq Forumu Azərbaycan vətəndaş cəmiyyətinin tarixində mühüm bir dönüş nöqtəsidir. Bu forum təkcə bir tədbir deyil – o, Qarabağın yeni dövrünün başlanğıcının, əməkdaşlıq və birliyin rəmzidir”.
Cavid