“Düşmənlər bizim gücümüzü əyani şəkildə görməlidir” Layihə

“Düşmənlər bizim gücümüzü əyani şəkildə görməlidir”

Fikrət Sadıqov: "Onlar başa düşməlidir ki, hərbi potensial Azərbaycanın əsas qüvvəsi və amilidir"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Genişmiqyaslı təlimlərin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.
Müdafiə Nazirliyindən ki, qoşunların idarəedilməsi gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.
Təlimlər martın 17-dək davam edəcək.
Qeyd edək ki, genişmiqyaslı hərbi təlimlər ilk növbədə ordunu daim ayıq və tətikdə saxlamaq məqsədi daşıyır. Müharibə şəraitində olan bir ölkənin ordusunun belə təlimlər keçirməsi normal haldır. Lakin burada diqqət çəkən məqamlardan biri təlimlərin prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gözlənilən proseslər öncəsi baş tutmasıdır.
Şübhəsiz ki, Azərbaycanda prezident seçkilərinin vaxtının önə çəkilməsinin arxasındakı əsas səbəblərdən biri – bəlkə də birincisi – Dağlıq Qarabağ faktorudur. Çünki apreldə Ermənistanda da seçkilər keçiriləcək. Əgər Azərbaycanda prezident seçkiləri nəzərdə tutulduğu kimi oktyabr ayında keçirilsəydi, bu, danışıqlar prosesində durğunluğa səbəb ola bilərdi. Rəsmi Bakı məhz bunu istəmir.
Həmsədrlər ötən ay Bakıda səfərdə olarkən, onları qəbul edən Prezident İlham Əliyev də seçkilərdən sonra danışıqların ciddi şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu görüş haqqında danışarkən bildirdi ki, "Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin".
XİN rəhbəri Elmar Məmmədyarov da seçkilərdən sonra keçiriləcək danışıqların pozitiv ola biləcəyini vurğuladı.
Mümkündür ki, seçkilərdən dərhal sonra rəsmi Bakı danışıqların konkret nəticələr verməsi istiqamətində ciddi addımlar atsın. Bu proseslərdən öncə 25 minlik ordu ilə hərəkətə keçmək məhz işğalçı ölkəyə, həmçinin, münaqişənin həllinə maneə yarada biləcək kənar güclərə sonuncu mesaj vermək gedişidir.
Müdafiə Nazirliyinin təlimlərlə bağlı rəsmi məlumatında "Təlimlərdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək" sözləri də xüsusi diqqət çəkir. Bu taktika "aprel müharibəsi" ssenarisinə çox bənzəyir. 2016-cı ilin aprelində də Ermənistan hərbi birləşmələri təxribat hücumuna keçdi, Azərbaycan Ordusu bu təxribatın qarşısını alaraq, müdafiəni bərpa etdi və əks-hücumla düşmənə ağır zərbələr endirərək, işğal altındakı ərazilərin bir hissəsini azad etdi. Belə ssenari Ermənistanı qorxuya salıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Azərbaycan Ordusunun təlimlərə başlaması Bakının mövcud status-kvo ilə barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcəyini göstərir: "Ermənistanda bəziləri bunu seçkilərə hesablanmış addım kimi dəyərləndirir, halbuki, bu yanaşma özünü aldatmaqdır. Çünki İlham Əliyevin buna ehtiyacı yoxdur. Bu addım seçkidən sonra gedişlərdən xəbər verir. İlham Əliyev həmsədr ölkələrinə göstərir ki, Qarabağdakı status-kvo ilə barışmayacaq".
Erməni şərhçi hesab edir ki, rəsmi Bakı bu siyasətini davam etdirərək, seçkidən sonra istədiyinə nail olacaq.
"Qartal" ictimai birliyinin rəhbəri, general-mayor Astvatsatur Petrosyan Ermənistan mətbuatına "biz hücum taktikası və əks-hücum taktikası icra ediləcək təlimlərdə Azərbaycanın hərbi təlimlər keçirməsinin nə məqsəd daşıdığını kəşfiyyat yolu ilə öyrənməliyik. Bu ən mühüm əməliyyat strategiyaları, əhəmiyyətli istiqamətlər üzrə hərbi-strateji bir təlimdir", - deyə bildirib. Onun sözlərinə görə, müharibə qanunlarına görə hərbi əməliyyatlardan əvvəl hərbi təlimlər keçirilir. "Təlimlər adı altında qüvvələr cəmləşdirilir və təlimlər adına yavaş-yavaş 2-ci mərhələyə keçməklə, müharibə şəklini alırlar. Bu vəziyyət istisna edilmir, hazır olmalıyıq, heç bir fikri rədd etməməliyik", - deyə erməni general qorxusunu gizlədə bilməyib.
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc diqqətə çatdırıb ki, ordu quruculuğunu həyata keçirərkən onu faktiki fəaliyyətlə, təlim və məşqlərlə, konkret məqsədləri, vəzifələri dinc dövrdə həyata keçirməklə formalaşdırmalıyıq. O xatırladıb ki, düşmən də işğal altındakı Dağlıq Qarabağ ərazisində zamanla hərbi təlimlər təşkil edir: "Bu təlimlər zamanı informasiya aləminə elə xəbərlər yeridilir ki, guya müasir hərbi texnika, hazırlıqlı şəxsi heyət formalaşıb, güclü hərbi imkanlara malikdirlər. Əvvəllər istər-istəməz sərhəd bölgələrdə yaşayan insanlarda narahatlıq təəssüratı doğururdu. Lakin bilirik ki, psixoloji savaşın hissəsi məlumatları kütləviləşdirmək, təxribatçı səviyyəyə qaldırmaqdır.
Bu gün Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirməsi o anlama gəlir ki, dünyanın hər yerində silahlı qüvvələr ən ciddi döyüş hazırlığı vəziyyətində də hazırlıq vəziyyətində olmalıdırlar. Ordunun döyüşə hazırlıq vəziyyətinə gələ bilməsi 4 gün vaxt alır. Dəqiq taktiki mövqelər tutmaq, konkret hədəflərə irəliləmək müəyyən zaman aparır. Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərik ki, təlim məşqlər çox vacibdir. Genişmiqyaslı təlimlərə daha çox kontingent qoşulur, müxtəlif növ qoşun birləşmələri burada iştirak edəcəklər. Birinci Qarabağ müharibəsinə qəfil yaxalandıq. Birləşmələrin nizam-intizamından söhbət getmirdi. Buna rəğmən koordinasiyanın qurulması, ən çətin vəziyyətdə əlaqələrin sıradan çıxarılmaması, birləşmələr arasında kontaktın bərqərar olması vacib məsələdir".
Azərbaycanda və Ermənistanda seçki prosesinin getdiyini xatırladan Z.Oruc vurğulayıb ki, çoxları bu məqamda genişmiqyaslı hərbi təlimləri müharibə qərarı kimi dəyərləndirir: "Azərbaycanın müharibəyə hazırlaşması, torpaqlarını bu yolla qaytarması hansısa ekspertin mediaya söylədiyi fikirlərlə baş tutan deyil. Bir var, başqa dövlətlərdən tapşırıqlar gəlir, müharibəyə başlayırsan, bu, yad müharibədir. Öz müharibəsini aparmaq isə tamam başqa şeydir. Dövlət öz mövqeyini müəyyən edir və məhz həmin anda zərbə vurulur. Ona görə, hərbi təlimlərin gələcəyə yönəlik olduğu, məqsədli təşkil edildiyi şübhəsizdir. Bu, Ermənistan cəmiyyətində, xüsusilə Qarabağda təsərrüfat həyatından tutmuş, mənəvi-psixoloji hazırlığa qədər təsir göstərir. Azərbaycanda isə əhalinin ruhunu yüksəldir. Arzulayaq ki, həmin 25 min nəfərlik heyət işğal altındakı ərazilərimizə hücum etsin. Atəşkəsi pozub, müharibəyə başlasın və ərazilərimizi azad etsin".
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə bildirib ki, təlimlərin keçirilməsində əsas məqsəd hərbi gücü, müdafiə potensialını nümayiş etdirməkdir. Politoloqun fikrincə, bununla sübut edirik ki, biz öz torpaqlarımızı işğaldan azad etməyə qadirik. O vurğulayıb ki, hərbi-texniki imkanlarımız da buna imkan verir və heç kəsin buna şübhəsi olmasın. F. Sadıqov hesab edir ki, vaxtaşırı belə təlimlər keçirmək vacibdir: "Xüsusilə müharibə vəziyyətdə olan ölkə üçün bunu etmək lazımdır. Düşmənlər bizim gücümüzü əyani şəkildə görməlidir. Onlar başa düşməlidir ki, hərbi potensial Azərbaycanın əsas qüvvəsi və amilidir. Bu amilin işə düşməsi isə şübhə altında deyil".

Əli