Paşinyan Azərbaycan əleyhinə ritorikadan istifadə etməklə xal yığır Layihə

Paşinyan Azərbaycan əleyhinə ritorikadan istifadə etməklə xal yığır

Azərbaycanda sırf Qarabağ münaqişəsinin araşdırılması, həlli ilə məşğul olan dövlət qurumu, məmurların olmaması ilə bağlı məsələ müzakirələrə səbəb olub. Maraqlıdır, vəzifəsi yalnız bu münaqişə ilə məşğul olmaq olan dövlət qurumunun yaradılması Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi?
Məsələ ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Qarabağ probleminin həlli ilə bağlı məsələlər bütünlükdə Xarici İşlər Nazirliyinin üzərinə düşür:
"Müəyyən hallarda Dağlıq Qarabağın azərbaycanlı icması da sırf professional səviyyədə olmasa da, müəyyən təbliğatı və digər işlərdə bu prosesə yardım göstərir. Bəzi ictimai təşkilatlar da təklif və ideyaları ilə bu prosesi zənginləşdirir. Əlbəttə, ayrıca bir qurumun yaradılması pis olmazdı. Amma məsələ burasındadır ki, biz artıq o vaxtı ötürmüşük. Çoxdandır ki, bu məsələlərin əsas hissəsi, ana xətti XİN-in əlində cəmlənib. Burada Xaric İşlər nazirinin özündən tutmuş müxtəlif idarə və qurumlarda çalışan şəxsləri qeyd etmək lazımdır. Xüsusilə nazirin müavinləri səviyyəsində Qarabağ problemini gözəl bilən və problemlə məşğul olan şəxslər yetişib, formalaşıb. Yeni qurumun yaradılması, buraya lazımi mütəxəssislərin yetişdirilib cəlb edilməsi xeyli vaxt aparacaq. Üstəlik bu, qurumlararası müəyyən gərginlik də yarada bilər. Ümumiyyətlə, burada sual olunmalıdır ki, yeni yaradılan qurum XİN və PA-nın işlərini koordinasiya edə bilərmi? Zənnimcə, yox".
Politoloq vurğulayıb ki, problemin həlli ilə məşğul olan qurumların XİN səviyyəsində cəmləşdirilməsi və buraya xüsusilə yeni müdavimlərin cəlb olunması prosesi daha səmərəli ola bilər, nəinki xüsusi qurumun yaradılması:
"XİN-də Dağlıq Qarabağ problemi ilə peşəkar səviyyədə məşğul olan kadrların olmaması və yaxud da az olması fikri həqiqəti əks etdirmir. Son illərin nəticəsi göstərir ki, bu problemin həlli ilə bağlı diplomatik səviyyədə çox ciddi uğurlar əldə etmişik. Məsələn, XİN-də sırf bu problemin həlli ilə məşğul olan Araz Əzimov kimi peşəkar diplomat var. Bu şəxs qarabağşünasdır. Problemin həllində, nisbətən asan məsələlərin razılaşdırılması prosesini xeyli irəlilədiblər. Biz bu gün Dağlıq Qarabağ probleminin müəyyən hissələri razılaşdırılıb və öz həllini tapıb" deyiriksə, bu işdə XİN-də çalışan mütəxəssislərin rolu danılmazdır. Son vaxtlar Dağlıq Qarabağın azərbaycanlı icması nümayəndələri sırasına qarabağşünas tarixçi və alimlər də cəlb edilib".
Politoloq Fikrət Sadıqov da bildirib ki, bu işlə məşğul olan Xarici İşlər Nazirliyi, Minsk Qrupu formatı var:
"Xarici İşlər naziri vəzifəsində işləyən şəxs vaxtaşırı olaraq Ermənistanın XİN rəhbəri ilə görüşür. Xarici İşlər nazirinin müavini dövlət başçısının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsidir. Bu məsələ ilə mütəmadi olaraq, nazirlik məşğul olur. Məgər bu siyahının genişlənməsi məsələnin həllinə gətirib çıxara bilərmi?! Əmin deyiləm ki, təşkilatların çoxsaylı olması Dağlıq Qarabağ məsələsinin dərhal həllinə gətirib çıxara bilsin".
Politoloq qeyd edib ki, bu məsələ ilə əlbəttə ciddi şəkildə məşğul olmaq lazımdır:
"Bu fikirlə razıyam. Bu məsələdə politoloqlar öz sözünü deməyi bacarmalıdır. Eyni zamanda, ekspertlər səviyyəsində hansısa görüşlər keçirilə bilər. Amma bu məsələ ilə məşğul olan xüsusi qurumun yaradılması, dövlət qurumlarının sayının çoxalması heç də o demək deyil ki, işə müsbət təsir edəcək".
Politoloq vurğulayıb ki, Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrdə faktiki olaraq, belə qurum fəaliyyət göstərir:
"Amma indiyə qədər bu qurumun olması Moldovada baş verən separatçılığın qarşının alınmasına gətirib çıxarıb? Yaxud Gürcüstanda Abxaziya və Cənubi Osetiya separatçıları artıq öz müstəqilliyini elan etdi. Bəs bu məsələlərlə məşğul olan qurum hara baxırdı? Yəni deməyim odur ki, bu işlə məşğul olan təşkilatların sayı önəmli deyil, onsuz da siyasi iradəni dövlət rəhbəri nümayiş etdirir".
Deputat Zahid Orucun fikrincə isə həmsədrlər situasiyanı öz nəzarətinə götürənə - mart ayına qədər proseslər bir qədər uzlaşma nöqtəsinə çata bilər:
"Ona görə də danışıqlar (Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Milanda keçirdiyi görüş nəzərdə tutulur) ehtiyatlı dialoqdur, burada qarşı tərəf nəyəsə söz verməyəcək, çünki keçid anındadırlar. Ümumiyyətlə, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Qarabağ danışıqlarını da tamamilə qeyri-mümkünlük müstəvisinə daşıdı və beynəlxalq vasitəçilik missiyasını az qala iflasa uğratdı.
2 il əvvəl aprelin 1-dən 4-nə qədər gedən savaşdan sonra erməni tərəfi guya müəyyən mövqelərdəki məğlubiyyətin əvəzini real danışıqları durdurmaq hədəfi ilə çıxmağa çalışırdı. Müəyyən qədər də həmsədrlər onların arqumentlərini sanki qəbul etmiş kimi görünürdülər. Aralıq mərhələlərdə hətta ATƏT-in regionda monitorinqlərini daha resurslu və əsaslı etmək üçün bölgədə kameraların qurulması, hər bir əsgərin tərpənişini fiksasiya edəcək mexanizmlərin tapılması, ABŞ-ın istehsal etdiyi nəzarət qurğularının səngərdə yerləşdirilməsi məsələləri dövriyyəyə çıxdı, lakin olmadı.
Azərbaycan tərəfi nəinki Lələtəpə yüksəkliyində möhkəmləndi, eləcə də qarşı tərəfdən hansısa vasitələrlə onun görüntü olaraq hədəfə çevrilməsinə razılığını vermədi. Onsuz da danışıqların intensivliyi aşağı düşmüşdü, indiki reallıqda əvvəlcə Nikol Paşinyanın küçədən başlayan eyforik durumu ultimativ tələblərlə müşayiət olundu, biz sanki Bako Saakyanla danışmalıyıq.
Amma təmas xəttində baş verən toqquşmalar və itkilərin real hakimiyyət kimi Paşinyanın ayağına yazıldığını görəndə Düşənbədə ayaqüstü Azərbaycanın dövlət başçısı ilə bir neçə dəqiqəlik söhbəti reallaşdı. Atəşkəsə daha ciddi şəkildə əməl olunması fonunda sanki Azərbaycan tərəfi seçki prosesində rəqib qüvvələrin gücünü artırmaq istəmədiyini göstərdi".
Zahid Oruc hesab edir ki, hər gün itkilər baş versə, avtomatik olaraq indiki iqtidarın mövqeyi zəifləyər, əksinə keçmiş cinayətkar rejim - Serj Sərkisyan və Robert Köçəryanın qüvvələri bir qədər bəraət alardı, xalqın nəzərində əvvəlki ovqatda qəbul olunması çətinləşərdi:
"Bu isə bizə lazım deyil. Əksinə, Paşinyanın sanki müəyyən qədər Azərbaycanın addımları vasitəsilə süni şəkildə güclənməsi bizim gələcək mənafelərimizə xidmət edə bilər.
Birincisi, geopolitik müstəvidə əvvəlki formada fəal şəkildə Rusiyaya söykənməkdən bir qədər kənara çıxmış olar, ikincisi, Türkiyə ilə bəlkə yeni münasibətlər başlatmağa dair addımlar ata bilər, üçüncüsü, hətta Azərbaycan rəhbərliyi ilə vasitəçilər olmadan görüşmək imkanları reallaşar və s.
Beləliklə, Azərbaycan şüurlu şəkildə atəşkəs məsələsində daha sərt intizama əməl etməkdədir".
Deputat qeyd edib ki, Paşinyan Azərbaycan əleyhinə ritorikadan istifadə etməklə seçici baxımından bəhrələnib xal yığır:
"Dekabr ayı qurtarsın, 2019-cu ildən qarşı tərəfin hansı davranış sərgiləyəcəyini, Qarabağa yönəlik seçmək istədikləri kursu görəcəyik.
Əgər ənənəvi mövqe təkrarlanacaqsa, yenidən sərt ultimatumlar, hədələr, öz oğlunun səngərə göndərilməsi üzərindən təcavüzkarlıq davranışları ortaya qoyulacaqsa, avtomatik olaraq proses təzədən gərginləşəcək. Bu halda bizim xeyrimizə olan vəziyyət budur ki, əvvəlki iqtidarlardan fərqli olaraq, Paşinyan səngərdə və döyüş əməliyyatlarında olmayıb, onun ordu üzərində nüfuzu yoxdur. Bu da öz nəticələrini verə bilər".
Bu arada qeyd edək ki, 5 dekabr Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımının anım günüder. Bununla bağlı Azərbaycan Qaçqınlar Cəmiyyəti bəyanat verib.
Cəmiyyətin sədri Əziz Ələkbərli bildirilib ki, bir neçə ay bundan əvvəl Azərbaycan Qaçqınlar Cəmiyyətinintəşəbbüsü ilə bir sıra QHT rəhbərlərinin, ziyalıların və qaçqınların nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirdik və bu 30 illiyin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ölkə Prezidentinə Müraciət ünvanladıq: "Məqsədimiz bu 30 illiyin ölkə və beynəxalq səviyyədə qeyd edilməsi, bu yolla ölkə və beynəxalq ictimaiyyətin diqqətinin 30 il əvvəl Azərbaycanın tarixi torpaqlarında – indiki "Ermənistan Respublikası" ərazisində baş verən hadisələrə cəlb edilməsi, Qarabağ ermənilərinin hüquqlarını müdafiə pərdəsi arxasında gizlənərək Qarabağ münaqişəsi ilə manipulyasiya və siyasi alver edən ermənilərin əsl simasının bir daha ortaya qoyulması idi. Dünya bilməlidir ki, bugünkü Qarabağ münaqişəsi ermənilərin yüz illərdən bəri bölgədə apardıqları separatçılıq və terrorçuluq siyasətinin növbəti halqasıdır. Dünya bilməlidir ki, Qarabağ münaqişəsi zamanı ermənilər Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunda Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri bu münaqişənin ilk mərhələsində "Ermənistan Respublikası" ərazisində yaşayan öz vətəndaşlarına – 250 min nəfər dinc azərbaycanlı əhaliyə qarşı törətmişlər. Həm də heç bir səbəb olmadan, sırf dini və etnik mənsubiyyətlərinə, yəni müsəlman və azərbaycanlı olduqlarına görə törətmişlər. Dünya ermənilərin saxta göz yaşları arxasında onların yırtıcı sifətini bir daha görməli idi".
QHT sədri qeyd edib ki, biz bu ideyanı irəli sürəndə Ulu Öndər Heydər Əliyevin azərbaycanlıların deportasiyasına və soyqırımına 20 il əvvəl verdiyi tarixi-siyasi qiymətə, bu məsələlərlə bağlı gələcək nəsillərə tövsiyələrinə və cənab prezident İlham Əliyevin "İrəvan, Göyçə, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır, biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir" siyasi iradəsinə söykənmişdik: "Lakin təəssüf ki, Ermənistan hakimiyyəti Azərbaycan ərazisinin 20 faizini işğal edib, bu ərazinin bir milyon sakinini yurd-yuvasından didərgin salıb, bu ərazidə bütün beynəlxalq qanunlara zidd olaraq özlərinə qondarma dövlət yaradan ermənilərin "hüquqlarını" beynəlxalq danışıq masası üzərinə qoyduğu halda, Azərbaycan hakimiyyəti 250 min Qərbi Azərbaycan qaçqınının hüquqlarını nəinki bu 30 ildə beynəlxalq danışıqların predmetinə çevirə bilməmiş, heç onların hüquqlarının beynəlxalq səviyyədə tanınmasına belə cəhd etməmiş, BMT-nin qaçqınlar siyahısına düşməməsindən belə narahat olmamışdır. Hətta hakimiyyət daxilindəki bəzi qüvvələr Azərbaycan dövlətinin və Azərbaycan xalqının siyasi maraqlarına zidd olaraq Qərbi Azərbaycanlı soydaşlarımızın son deportasiya və soyqırımının 30 illiyinin dövlət səviyyəsində keçirilməsini belə məqsədəuyğun saymırlar.
Biz bu addımı bəzi qüvvələrin indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olmasını millətə unutdurmaq cəhdi, bu yolla erməni "ağalarına" xidmət təşəbbüsü kimi qiymətləndirir və Azərbaycan dövlətinə, Azərbaycan millətinə qarşı tarixi xəyanət aktı kimi pisləyirik. Belə hesab edirik ki, 1988-ci ildə ata-baba torpaqlarından qovulmuş 250 min soydaşımız 30 il əvvəl yaşadıqları tarixi faciəni dövlət səviyyəsində yad etməyi, işğal altında qalan yurdlarını, ocaqlarını, doğmalarının məzarlarını anmağı tamamilə haqq edirlər və bu haqqı tanımaq da xalqın seçdiyi, müdafiə etdiyi və üz tutduğu hakimiyyətin borcudur".