Ermənistanın növbəti qorxusu Layihə

Ermənistanın növbəti qorxusu

Ermənistanda baş nazir vəzifələrini icra edən Paşinyan KTKM üzvi olan bəzi ölkələrlə tərəfdaşlıq münasbətlərindən şübhə etməyə başlayıb. "Biz dəqiq cavab almaq istəyirik. Heç kim bizi tərəfdaşlıq öhdəliklərimizi yerinə yetirməməkdə ittiham edə bilməz", deyə o Sankt Peterburqda kilsədə erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Ermənistan etibarlı tərəfdaşdır və eynisini hərbi blokdakı öz partnyorlarından da tələb edir. Erməni məmur KTMT-nin Azərbaycana Qarabağ münaqişəsini silah yolu ilə həll etməyə imkan verməyəcəyinə ümid etdiyini də etiraf edib.
Ermənistanın baş inqilabçısı yenə yalan danışıb. Bu hərbi təşkilatın rəhbərliyi dəfələrlə bildirib ki, heç bir halda Dağlıq Qarabağ münaqişəsinə, burada baş verəcək hərbi əməliyyatlara müdaxilə etməyəcək.
"KTMT-nin baş katib məsələsi bizim üçün ikinci dərəcəlidir. Qoy Belarus nümayəndələri bu postda daimi olsunlar. Amma bir şərtlə - bizim qarşılıqlı öhdəliklərimiz uğurla icra edilsin".
Paşinyanın bir istəyi var – KTMT Azərbaycana işğal edilən torpaqlarını azad etməyə imkan verməsin.
Paşinyan öz xalqını da "bir az daha səbr edin", "az qaldı" deməklə aldatmağa davam edir. Bu aydındır. Bir iki gündən sonra seçkidir və ölkənin əsas adamı olmağı çox istəyir.
Amma qəlbində yəqin ki, özü də anlayır ki, gec-tez oğurlanan hər şeyi qaytarmaq lazım gələcək. Hətta onun böyük "qurbanı" – oğlunu Qarabağa göndərməsi də heç nə verməyəcək.
Politoloq Ehtiram Aşırlının fikrincə, regionda son zamanlar əhəmiyyətli strateji və taktiki gedişatların yaşanıb. Xüsusilə, regiondakı prosesləri təhlil edərkən Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı səfərləri, Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionunda yerləşən ölkələrə səfər etməsi, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü söhbətləşmənin olması, Angela Merkelin səfərindən qısa bir müddət sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri kimi amillər geniş təhlil edilməsi lazim olan önəmli məqamlardır". Onun sözlərinə görə, bütün bu proseslərin fonunda KTMT-nin Astana sammitində Ermənistan baş katibliyi məsələsinin fiaskoya uğraması və sammitdə müşahidəçi statusunun qəbul edilməsi haqqında qərarın verilməsi, çox keçmədən cənab Prezident İlham Əliyevin Belarus ölkəsinə səfərinin reallaşdırılması və səfərin gözlənildiyi kimi yüksək perspektiv vəd edən şəraitdə keçməsi, həmçinin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr tarixində Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşünə dəvət edilməsi Azərbaycanın geosiyasi və goestrateji cəhətdən nə qədər əhəmiyyətli bir ölkə olduğunu ortaya qoyur: "Bundan əlavə onu qeyd edim ki, Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli görüşün keçirilməsi Azərbaycanın regionda hərbi strateji və taktiki baxımdan əhəmiyyətini bir daha ortaya qoymuş olur. Xüsusilə də İsrail Müdafiə nazrinin Azərbaycana səfər etməsi və səfərdən çox keçmədən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun İsrailə səfərinin reallaşdırılması iki ölkə arasındakı hərbi strateji əlaqələrinin dinamik şəkildə inkişaf etdyinin bariz nümunəsidir.
Azərbaycan regionda genişmiqyaslı geosiyasi və geostrateji əhəmiyyətli addımlar atarkən işğalçı ölkə Ermənistan isə daxili və xarici siyasət kursu baxımından xaosa sürükləndiyini qeyd etmək yerinə düşər. Təbii ki, Azərbaycan tərəfi bununla kifayətlənmək fikrində olmadığını və regionda durmadan siyasi, hərbi, iqtisadi, diplomatik baxımdan inkişaf yolunu tutduğunu göstərir. Ələlxüsus da cənab Prezident İlham Əliyevin Türkmənistana səfəri və bu səfərdən sonra Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri cənab prezident İlham Əliyevin reallaşdırdığı uğurlu xarici siyasətinin nəticəsidir. Bununla yanaşı fövqəldövlət olan ABŞ da Azərbaycan ilə olan münasibətlərinin qorunub saxlanmasının və inkişaf etdirilməsinin tərəfdarıdır. Belə ki, Prezidenti İlham Əliyev dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərək NATO çəçivəsində əlaqələrimizin inkişafından məmnunluğunu ifadə edib.
Azərbaycan xarici siyasət kursunda uğurlar və yeni-yeni nailiyyətlər əldə edərkən Ermənistan tərəfi hələ də KTMT-nin Astana sammitində uğradığı fiaskonun təsirində qaldığını deyə bilərik. Belə ki, Paşinyan 6 dekabr tarixində Sankt-Peterburqdakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşündə baş katib məsələsi ətrafında yaranan gərginliyin İrəvan üçün ən az əhəmiyyətli olduğunu əsas prioritet məsələnin Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib. Baş katiblik məsələindən əlini üzən Paşinyan indi də KTMT-dən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətində olduğunu bildirib. Çünki Paşinyan Azərbaycanın siyasi, iqtisadi, hərbi cəhətdən durmadan inkişaf etdiyini çox gözəl anlayır və bilir ki, Azərbaycan Ordusu ilə mübarizə apara biləcək hərbi potensiala sahib deyil. Bu baxımdan Paşinyan Azərbaycan Ordusunun hər hansı hərbi müdaxiləsi nəticəsində Ermənistan ordusunun biyabırçılığının qarşısını almaqdan ötrü KTMT-yə sığınma yolunu seçdiyini ifadə edə bilərik. O, artıq çox gözəl bilir ki, Dalıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo gec tez pozulacaq, çünki artıq bir çox dünya ölkələrinin Qarabağı Azərbaycan torpağı olduğunu qəbul edirlər. Xüsusilə də son günlər Avropa İttifaqının bu münaqişənin həllində maraqlı olmasına dair çıxışlar səsləndirməsi Paşinyanı narahat edən digər amillərdən biridir. Bir sözlə, Azərbaycanın siyasi, iqtisadi və ələlxüsusda hərbi cəhətdən durmadan inkişaf etməsi Ermənistanı qorxuya salan ən əsas amillərdən biridir.
Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, 6 dekabr tarixində Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Hərbi sənaye kompleksləri departamentinin direktoru Tarabrin Konstantin Anatolyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri arasında görüş baş tutub. Görüşün əsas məğzi Azərbaycan ilə Rusiyanın hərbi sənayesi kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsinə və əməkdaşlıq layihələrinin müzakirə edilməsinə dair fikir mübadiləsi aparılması olub. Göründüyü kimi Azərbaycan hərbi baxımdan gücünə-güc qatmağa davam edir və bu da gün keçdikcə Ermənistanın sonun gəldiyini göstərir. Bu reallıqları dərk edən Paşinyan sığınmağa yer axtarır və üzvü olduğu KTMT kartını oynamağa çalışır, lakin bu da baş tutmadığı təqdirdə yəqin ki, İrəvanın KTMT-dən çıxma məsələsi gündəmə gətiriləcək".
"Hazırda Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsi daha çox seçkiöncəsi təbliğat və təşviqat proqramının bir tərkib hissəsidir. Əks təqdirdə xeyli elektoral qüvvə Nikolu tərk edə bilər. Paşinyan öz yerini möhkəmlədənə qədər Qarabağ kartından istifadə edəcək".
Bunu isə politoloq Tofiq Abbasov Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən N.Paşinyanın seçki öncəsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər və tutduğu mövqeyinə münasibətində açıqlayıb.
Politoloq qeyd edib ki, ancaq o özünü daimi baş nazir kimi təsdiqləsə, onda onun Dağlıq Qarabağ məsələsindəki manevrləri və Qarabağın danışıqlarda tərəf kimi iştirak etməsi tezisi öz qüvvəsini itirəcək. Çünki Azərbaycan tərəfi buna heç vaxt imkan verməyəcək. Bu, ümumiyyətlə, siyasi danışıqlar prosesinin iflasına apara biləcək bir xətt ola bilər. Əgər Paşinyan Azərbaycanla iri müharibə kampaniyasının başlanmasını istəmirsə, bu məsələyə münasibətini dəyişməli və kompromislərə meyilli olmasını təsdiqləməlidir. Bu mənada danışıqlar prosesi 2019-cu ilin əvvəlində bir növ yeni bir formata keçə bilər. Əks təqdirdə müharibə ehtimalı artacaq.
Bu arada Ermənistan İctimai Televiziyasında keçirilən debatda çıxışı zamanı Ermənistanın Xristian Demokratik Partiyasının sədri Levon Şirinyan Qarabağ danışıqlarının formatının dəyişdirilməsi gərəkdiyini bildirib. O, bunun üçün əsas nümunə kimi BMT-nin 1960-cı il koloniyaların müstəqilliyi haqqında qərarını göstərib və bunun tətbiq olunması halında Qarabağın danışıqlarda tərəf olacağını deyib.
Ermənistanın Xristian Demokratik Partiyasının sədri Levon Şirinyanın açıqlamasını şərh edən hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Professor Şirinyanın Qarabağ danışıqlarının formatının dəyişdirilməsi üçün irəli sürdüyü fikri absurd hesab edib:
"Dağlıq Qarabağın müstəmləkə anlayışına daxil olması heç cür mümkün deyil. Birincisi, müstəmləkələr başqa bir dövlət tərəfindən ekspluatasiya, yəni istismar olunan torpaqlardır. Məsələn, bir dövlət istismar etdiyi ərazidən xam maddə çıxarır, pul götürür, amma əvəzində oraya investisiya qoymur. Dağlıq Qarabağın SSRİ-nin tərkibində olduğu illərə nəzər saldıqda, belə bir faktın olmadığı aşkar görünür. SSRİ dönəmində hətta Dağlıq Qarabağda erməni dilində fəaliyyət göstərən məktəblər var idi. Bu isə qətiyyən Dağlıq Qarabağa müstəmləkə statusu verməyə imkan vermir. Hətta ittifaq respublikalarının özləri belə, məsələn, Azərbaycan SSR və Türkmənistan SSR müstəmləkə olduqlarını irəli sürə bilməzdilər. Çünki SSRİ-də bu şəkildə ekspluatasiya yox idi. Bu, birbaşa Dağlıq Qarabağa da aid idi. İkincisi, müstəmləkəçiliklə bağlı beynəlxalq hüquqda daha bir anlayış var. Belə ki, müstəmləkə olduğunu iddia edən hər hansı ərazi və ya xalq toplumu yalnız bir dəfə milli dövlət qura bilər. Ermənilər isə artıq Ermənistan dövlətini qurublar. Bunu Azərbaycan hökuməti də dəfələrlə danışıqlarda bəyan edib. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına qətiyyən yol verilə bilməz. Bu səbəbdən də Dağlıq Qarabağın müstəmləkə rejim anlayışından istifadə edəcəyini irəli sürmək növbəti savadsız və əsassız iddiadan başqa heç nə deyil və onun da baş tutma ehtimalı olduqca aşağıdır".