“Mənim sənətim düşündüyümü yazmaqdır“ Layihə

“Mənim sənətim düşündüyümü yazmaqdır“

Avropada azad sözün qələbəsi tarixindən

Söz və fikir azadlığı çağdaş dünyanın ən çox müzakirə olunan məsələlərindən biridir. İnsanın öz fikirlərini azad şəkildə ifadə etməsi onun ən doğal haqqıdır. Bəzən öz fikrini azad şəkildə ifadə edən insanlar, xüsusilə, jurnalistlər müxtəlif təzyiqlərə, təqiblərə məruz qalır. Dövlət tərəfindən mətbuat orqanlarına senzura tətbiq edilir və yaxud müxtəlif yollarla onların fəaliyyətinə süni əngəllər yaradılır. Bundan ən çox əziyyət çəkən isə bütün cəmiyyət, xüsusən də onun fikir adamlarıdır. Axı hər bir ziyalı üçün fikirlərinin məhdudlaşdırılmasından daha böyük qadağa ola bilməz. Qəzetlərə, jurnallara, kitablara və müxtəlif nəşrlərə tətbiq edilən senzuraya isə ilk dəfə 17-ci əsrdə İngiltərədə rast gəlinir. Senzura sözünün mənası latıncadan tərcümədə "dövlət nəzarəti" deməkdir.
1637-ci ildə İngiltərədə çap işi geniş vüsət aldı və bir çox müəlliflər öz fikirlərini azad şəkildə ifadə etməyə başladılar. Təbii ki, bu, demokratiyanın ən mühüm elementlərindən biri idi. Ölkə öz yüksəliş dövrünə qədəm qoymuşdu. İngiltərədə mövcud olan azadlıqlar həmin vaxt heç bir dövlətdə yox idi və bu, ingilis fikir adamlarının ən böyük qürur mənbəyi idi.
Bundan narahat olan kral hakimiyyəti senzuranın tətbiq edilməsi haqqında fərman verdi. Bu qanuna riayət etməyənləri sərt cəzalar gözləyirdi. Cəzaya ilk məruz qalan müəllif Uilyam Prinn oldu. O, öz kitabında kraliçaya şər atmaqda günahlandırıldı, buna görə də qulaqları kəsildi və ömürlük həbs cəzasına məhkum edildi.
Söz və fikir azadlığının ilk ən fəal müdafiəçisi "İtirilmiş cənnət" poemasının müəllifi, məşhur ingilis şairi Con Milton senzura qərarı əleyhinə qəti mübarizəyə başladı. "...Mənə hər cür azadlıqlardan daha öncə bilmək, danışmaq və öz məsləkimə uyğun olaraq sərbəst fikir yürütmək azadlığı verin..." - Milton yazırdı. O, əsərlərində kral hakimiyyətinin qondarma qanunlarına qarşı çıxdı. Sonda Miltonun səyləri öz nəticəsini verdi - senzura aradan götürüldü.
Amma bütün bunlar müvəqqəti xarakter daşıyırdı. Bir müddət sonra kral hakimiyyəti senzuranı yenidən bərpa etdi. Ümumiyyətlə, İngiltərədə senzura 1648-ci il Böyük Burjua İnqilabınadək gah tətbiq edilir, gah da fikir adamlarının təzyiqləri nəticəsində ləğv olunurdu. Yeri gəlmişkən, bu inqilabın baş verməsində azad mətbuat əhəmiyyətli rol oynadı.
Fransa kralı 16-cı Lüdovik həbsxanada Volterin və Russonun əsərlərini oxuduqdan sonra "Fransanı (Burbonlar sülaləsini - R.C) bu iki adam dağıtdı" demişdi. Ona qul kimi sitayiş edən xalqın indi ondan üz döndərməsini heç cür həzm edə bilməyən Lüdovik üçün həbsxananın bir küncündə taleyinin necə həll ediləcəyini gözləməkdən daha acınacaqlı heç nə ola bilməzdi, amma artıq hər şey gec idi. Volterin və Russonun əsərləri - azad söz qalib gəlmişdi!
Öz əsərləri ilə əsrlərdən bəri Fransaya qan udduran Burbonlar sülaləsinə, riyakar kilsə hakimiyyətinə, xurafata, cahilliyə qalib gəlmiş Frans Arue Volter 18-ci əsr Fransa inqilabı ərəfəsində yaşayıb yaratmış ən məşhur filosof, yazıçılardan biridir. Məşhur "Fəlsəfi hekayətlər" kitabının müəllifi Uill Dürant Volteri belə səciyyələndirir: "İtaliya öz renessansına, Almaniya öz reformasiyasına, Fransa isə öz Volterinə malik idi. O, öz ölkəsi üçün həm renessans, həm reformasiya, həm də inqilabın yarısı idi... Volterin öz zəmanəsi ilə döyüşməyə vaxtı vardı. O, bu döyüşü uddu və ömrünü bir fateh olaraq başa vurdu".
Yəqin ki, indiyədək heç bir fikir adamı öz xalqı üçün Volterin fransız xalqına etdiyi yaxşılığın yarısını belə edə bilməyib. Onun əsərləri o zamanki dövr üçün fantastik bir rəqəmlə - 300 min tirajla çap olunurdu.
"Burbonlar özlərini qoruyub saxlaya bilərdilər, əgər onlar oxunan materialı öz nəzarəti altında saxlaya bilsəydilər... O zaman ki, millət düşünməyə başlayır, artıq onu dayandırmaq qeyri-mümkündür" - bunu sonralar Napoleon deyəcəkdi.
Volterin ömrü təzyiqlərlə, təqiblərlə müşaiyət olunub. Dəfələrlə həbsə atılıb, sürgün edilib. Demək olar ki, hər yeni əsəri qadağalara məruz qalırdı. Amma onun əsərləri gizli yollarla çap edilir, yayılırdı. Ömrünün 3 ilini İngiltərədə sürgündə keçirən Volter burada insanların malik olduğu siyasi azadlığın genişliyindən riqqətə gəlmişdi. Əfv olunub ölkəsinə qayıtdıqdan sonra "İngiltərədən məktublar" əsəri çap olundu. Əsər bütün Fransanı dəhşətə saldı. Kral, kilsə xadimləri ona qarşı çıxdı. Volter yenidən ölkəni tərk etmək məcburiyyətində qaldı.
Tarixə alman xalqının ən maarifpərvər imperatoru kimi Fridrixin Volterə böyük simpatiyası vardı. O, Volteri ölkəsinə dəvət etdi ki, alman xalqının maariflənməsinə yardım göstərsin. Volter xeyli müddət Almaniyada yaşadı və alman xalqının maariflənməsində yaxından iştirak etdi.
Amma vaxt gəldi ki, azad söz üstündə Volterlə Fridrix arasında ixtilaf yaşandı. Volter Fridrixin sarayında fəaliyyət göstərən riyyaziyyatçı alimi tənqid edən əsər yazdı. Kral Volterə əsəri çap etməyə qadağa qoydu, amma əsər çap edildi və Volter sarayı tərk etdi. "Mənim sənətim düşündüyümü yazmaqdır" deyən Volter yaxınlarına məktubunda "mən də müəllifəm və krala əks düşərgədəyəm, mənim əlimdə olan isə hökmdar çubuğu deyil, qələmdir"- yazmışdı.
Volterin fransız xalqını cahilliyinə görə tənqid, hətta təhqir etməsinə rəğmən xalq onu sevdi və qorudu.
Avropa xalqlarının inkişafında mühüm rol oynayan Böyük Fransa burjua inqilabı əsrlərdən bəri hökmranlıq etmiş Kral taxt-tacını devirdi və fransız xalqının işıqlı gələcəyini təmin etdi, bu prosesdə azad mətbuatın və fikir, ifadə azadlığının mühüm rolu oldu.
Dünya düzənini dəyişdirən, onu yeni nizama salan İngiltərə və Fransa burjua inqilablarından gətirilən misallardan, həmçinin bu gün öz cəmiyyətinin inkişafı ilə fərqlənən ölkələrə nəzər saldığımız zaman aydın olur ki, cəmiyyətin inkişafında azad sözün, mətbuatın olması vacibdir, hətta əksər hallarda həlledicidir! Məhz buna görədir ki, qeyri-demokratik ölkələr bir qayda olaraq, azad sözün qarşısını alır, senzura tətbiq edir, min cür bəhanələrlə insanların fikirlərini sərbəst ifadə etməsinə qarşı çıxırlar.
Cəmiyyətin inkişaf prosesində meydana gələn müxtəlif siyasi, iqtisadi, sosial təsisatların ictimai sistemdə xüsusi yeri və rolu vardır. İnsanların fərdi və kollektiv ünsiyyət tələbatının ödənilməsində sosial vasitəçi olan qəzet istənilən qrup və sosial struktur qarşısında geniş imkanlar açır, siyasi baxışların, mövqelərin, ideya və proqramların ötürücüsü kimi cəmiyyətin idarəçiliyində mühüm təsir mexanizminə çevrilir. Elə bu səbəbdən də qəzet və digər kütləvi informasiya vasitələri hər zaman dövlət xadimlərinin, mütəfəkkirlərin diqqətini cəlb edib. XVII-XVIII əsrlərdə Avropada siyasi fikir adamlarının bir qismi mətbuatı dövlət strukturuna daxil olan, hakimiyyət və idarə olunanlar arasında yer tutan üçüncü element hesab edirdilər.
Qəzet, mətbuat bir tərəfdən dövlət, hakimiyyət orqanları üçün cəmiyyətin səmərəli idarəçilik alətinə çevrilir, qanunların, göstərişlərin, qərarların vətəndaşlara ötürülməsində əvəzsiz rol oynayırdı. Digər tərəfdən isə vətəndaşlar öz sorğularını, tələb və təkliflərini qəzet vasitəsilə hakimiyyət strukturlarına ünvanlayır, cəmiyyətin dövlət orqanları üzərində nəzarətini həyata keçirirdilər. Beləliklə də, qəzet dövlətin fəaliyyətinə dair informasiya azadlığının "şəffaflığını" təmin etmiş olur, ictimai rəyin ifadəçisi kimi real hakimiyyətə güclü təsir göstərir, bəzən də onun qarşısına sədd çəkirdi.
Dövri mətbuatın cəmiyyətin həyatına təsir imkanlarını nəzərə alan dövlət rəhbərləri Avropada hələ XVII əsrdən başlayaraq mətbuatı nəzarət altında saxlamaq üçün müxtəlif hüquqi təsir mexanizmlərinə əl atır, siyasi və ideoloji senzuranı qanunvericilik yolu ilə təsbit edirdilər. Söz və mətbuat azadlığı genişləndikcə Avropa hökmdarları daha çox qorxuya düşürdülər. Napoleon Bonapart kimi qüdrətli şəxsiyyət belə azad mətbuatın fəaliyyətinə laqeyd baxa bilmir, dözümsüzlük göstərirdi. İmperator deyirdi: "Mən üç qəzetdən daha çox qorxuram, nəinki yüz min əsgər süngüsündən. Siz məni Fransanın sahibi kimi görürsünüz, amma mən azad mətbuat şəraitində heç üç ay da ölkəni idarə edə bilməzdim".
Bu sözlər azad mətbuatın yarandığı ilk dövrlərdə birinci hakimiyyətin dördüncü hakimiyyətə münasibətinin real ifadəsidir. Zaman keçdikcə söz və fikir azadlığı çətinliklə də olsa, özünə yol açdı, cəmiyyətin həyatına daha dərindən nüfuz edərək demokratikləşmə, tərəqqi və inkişaf meyarına çevrildi. Dövlətin və dövlət xadimlərinin də mediaya münasibəti dəyişdi.
Azad media sferası genişləndikcə, onun ictimai rəyə təsiri artdıqca jurnalistikanın peşəkarlıq səviyyəsinin də yüksəldilməsinə ehtiyac daha çox duyulur. Odur ki, beynəlxalq jurnalistika təcrübəsini öyrənməklə, plüralist siyasi mühit və demokratiyanın imkanlarından bəhrələnməklə yanaşı, həm də cəmiyyətin ictimai tələbatını bütünlüklə nəzərə almalı, hüquq və azadlıqlarımız kimi vəzifə və öhdəliklərimizi, mənəvi borcumuzu, ictimai məsuliyyətimizi də dərk etməliyik. Jurnalist fərd olaraq üzvü olduğu cəmiyyətə öz işi, intellekti, qələmi ilə maksimum fayda verməli, öz mənəvi borcunu ləyaqətlə yerinə yetirməlidir. Cəmiyyətin ictimai tələbatını yerinə yetirməyə qabil olmayan, insanların arzu və istəklərini dərk etməyən, əməli fəaliyyətində qanunvericiliyin və peşə etikasının tələblərinə məhəl qoymayan media orqanlarına bizim aramızda yer ola bilməz.
Azərbaycan dövləti bu gün özünün media siyasətini mətbuat və söz azadlığının təmin olunması, siyasi plüralizmin bərqərar edilməsi, demokratik və azad mətbuatın formalaşmasına hərtərəfli dəstək, müstəqil medianın səmərəli fəaliyyət göstərməsi üçün mütərəqqi dünya təcrübəsini özündə ehtiva və təsbit edən qanunvericilik bazasının formalaşdırılması, normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində həyata keçirir. Qətiyyətlə deyə bilərik ki, bu sahədə Azərbaycan qanunvericiliyi dünya standartlarına tamamilə uyğundur.

Cavid