Vətənpərvər gənclik: təhlükəsiz gələcək Layihə

Vətənpərvər gənclik: təhlükəsiz gələcək

Gənclərin milli şüuru və vətənpərvərlik hisslərinin formalaşdırılması hər bir cəmiyyətin gələcəyi üçün prioritet məsələdir. Bu prosesdə əsas rol ailəyə, məktəbə və cəmiyyətə məxsusdur. Ailə uşağın ilkin tərbiyəsini təmin edən, milli və mənəvi dəyərləri aşılamaqla onun dünyagörüşünün və şəxsiyyətinin formalaşmasında təməl rol oynayan institutdur. Məktəb isə bu təməli sistemli şəkildə inkişaf etdirir, tarix, ədəbiyyat və vətənpərvərlik dərsləri vasitəsilə gənclərin milli kimlik şüurunu möhkəmləndirir. Cəmiyyət isə media, mədəniyyət, sosial layihələr və ictimai təcrübə vasitəsilə gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynayır.

Bu üç əsas elementin birgə fəaliyyəti nəticəsində gənclər yalnız sağlam ruhlu və milli kimlikli deyil, həm də cəmiyyətə bağlı, Vətən sevgisi ilə dolu vətəndaş kimi formalaşır. Beləliklə, ailədə emosional əsaslar üzərində qoyulmuş təməl, məktəbdə intellektual təsir və cəmiyyətdə əldə olunan təcrübə gənclərin milli şüuru və vətənpərvərlik hissinin möhkəmlənməsini təmin edir.

“Gənclərin milli şüuru ailədə formalaşır”

Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirib ki, gənclərin milli mənlik şüurunun möhkəmləndirilməsi, öz mənsubiyyətini bilməsi və gələcək şəxsiyyətinin formalaşması üçün ailə və məktəb əsas bünövrəni təşkil edir: “Bu prosesdə ilk və əsas rol anaya məxsusdur. Ana uşağın tərbiyəsində və həyata hazırlanmasında öncül mövqeyə malikdir. Sağlam övladın böyüməsi, bədən və ruh sağlamlığına diqqət yetirilməsi, milli və mənəvi dəyərlərlə tanışlığı şəxsiyyətin düzgün formalaşması üçün vacibdir. Sonrakı mərhələdə məktəb və cəmiyyət prosesləri uşağın milli kimlikli şəxsiyyət kimi inkişafında mühüm rol oynayır. Ailə və məktəb arasındakı koordinasiya, müəllimlərin istiqamətləndirməsi və dövlət proqramlarının tətbiqi uşağın milli şüurunun möhkəmlənməsini təmin edir. Eyni zamanda, cəmiyyətdə gedən proseslərin izlənməsi və ailənin bu prosesi düzgün yönləndirməsi də vacibdir. Bütün bunlar birlikdə gənclərin milli ideallar əsasında yetişməsinə imkan yaradır”.

Deputat vurğulayıb ki, yalnız ailə, məktəb və cəmiyyətin uzlaşmış fəaliyyəti nəticəsində gənclər sağlam ruhlu, milli kimlikli və vətənpərvər şəxsiyyət kimi formalaşa bilər.

Milli kimlik – vətən sevgisinin təməli

Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib ki, milli kimlik fərdin özünü müəyyən bir millətə aid bilməsi, həmin millətin dili, tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə özünü eyniləşdirməsidir. Milli kimlik həm fərdi, həm də ictimai şüurun ayrılmaz tərkib hissəsi olmaqla, cəmiyyətin bütövlüyünü və davamlılığını təmin edir.

O qeyd edib kİ, milli kimlik insanın “mən kiməm?” sualına verdiyi cavabda özünü göstərir və onun formalaşması ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti ilə daha səmərəli olur:

“Milli kimlik aşağıdakı sahələrdə özünü göstərir:

• Xalqın tarixi yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi

• Milli dəyərlərə hörmət və sədaqət hissinin formalaşması

• Dövlətə və vətənə bağlılığın güclənməsi

• Qloballaşma şəraitində milli kimliyin itirilməsinin qarşısının alınması

Mehriban Vəliyeva vurğulayıb ki, böyük türk dünyasının yazarı Çingiz Aytmatovun yaratdığı “manqurt” obrazı milli kimliyini, tarixi yaddaşını itirən toplumun faciəsini göstərir. Yaddaşını itirən millətin varlığı sual altına düşür. Azərbaycan xalqı isə bu faciəyə məhkum olmayıb. Azərbaycan xalqının tarixi yaddaşı əsrlər boyu işğallar, soyqırımlar və deportasiyalar fonunda formalaşıb. Buna baxmayaraq, xalqımızın milli kimliyi qorunub saxlanıb. Analardan, nənələrdən gələn nağıllar, laylalar, oğullarımızın igidliyi Azərbaycan yaddaşını yaşadıb. Azərbaycan qadını tarix boyu xalqımızın ‘Nayman anası’ olub və Vətən sevgisini heç vaxt itirməyib”.

Deputat bildirib ki, ailədə milli dəyərlərin aşılanması, məktəbdə tarix, ədəbiyyat və vətənpərvərlik dərslərinin aparılması, cəmiyyətdə isə sağlam ictimai mühitin yaradılması gənc nəslin milli kimlik və vətənpərvərlik şüurunun güclənməsində əsas amillərdir: “Gənclərimizə milli kimliyi yaşatmaq, tariximizi və dəyərlərimizi qorumaq bizim əsas vəzifəmizdir. Yalnız yaddaşı canlı olan millət öz kimliyini itirməz və gələcəyə ümidlə baxa bilər”.

Milli dəyərlərlə formalaşmaq

Deputat Könül Nurullayeva əlavə edib ki, cəmiyyətlərin aparıcı qüvvəsi olan gənclərin maarifləndirilməsi ən məsuliyyətli və təxirəsalınmaz vəzifələrdən biridir: “Milli mənlik şüurunun formalaşmasında və vətənpərvərlik hisslərinin gücləndirilməsində ailə, məktəb və cəmiyyət əvəzsiz rol oynayır. Milli dəyərlərimizə xas olan anlayışlar ilk növbədə ailə mühitində mənimsənilir. Gənclərin mənəviyyatı və dünyagörüşü əsasən ailədə formalaşır. Ailə təməl tərbiyə ocağıdır və burada ana dili, milli dəyərlər, adət-ənənələr və Vətənə bağlılıq öyrədilir. Ailədə aşılanan tərbiyə baza rolunu oynayaraq məktəb və cəmiyyətin təsirini daha da gücləndirir”.

Könül Nurullayeva vurğulayıb ki, vətənpərvərlik ruhunun inkişafında təhsil sistemi də mühüm rol oynayır: “Elm və maarifçilik insan kamilliyinin əsas təminatıdır. Təhsil, keçirilən tədbirlər, layihələr və tədris olunan fənnlər milli şüurun və vətənpərvərlik hissinin formalaşmasında sistemli təsir mexanizmi rolunu oynayır. Amma maarifləndirmənin keyfiyyəti çox önəmlidir. Qeyri-dəqiq, şablon təqdimatlar əks effekt verə bilər, peşəkar və dəqiq maarifləndirmə isə gənclərin təfəkkürünü inkişaf etdirir. Cəmiyyət də bu prosesdə əhəmiyyətli rol oynayır. Milli mənəvi dəyərlərin qorunduğu cəmiyyətlərdə daha çox vətənpərvər gənclər yetişir. Cəmiyyət media, mədəniyyət və sosial layihələr vasitəsilə gənclərə təsir göstərir və ictimai həmrəylik formalaşdırır. Beləliklə, milli mənlik şüuru və vətənpərvərlik hissi ailədə emosional əsaslar üzərində, məktəbdə intellektual təsir vasitəsilə, cəmiyyətdə isə təcrübə ilə möhkəmlənir”.

Günel Elxan