“Qarabağ məsələsinin müzakirəsindən uzaq tutulmuş xalqı bu müzakirələrin içinə qaytarmalıyıq” Layihə

“Qarabağ məsələsinin müzakirəsindən uzaq tutulmuş xalqı bu müzakirələrin içinə qaytarmalıyıq”

Millət vəkili: “Qarabağ problemini hər anında, hər günündə, məişətində belə yaşayan bir xalqı diriltməliyik”

Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri üçün məqbul olan variant üzərində işə başlamağı təklif edib. Rusiyalı jurnalistlərlə görüşündə bu barədə danışan Paşinyan vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli Ermənistanın təhlükəsizliyi və ölkənin gələcəyini təmin etmək baxımından prioritetdir. Baş nazirin sözlərinə görə, onun Qarabağ tənzimlənməsinə yanaşması Ermənistanın əvvəlki prezidentlərinin mövqelərindən fərqlənir: “Əgər bir həll yolundan danışırıqsa, davamlı sülh və sabitlik istəyiriksə, üç xalq üçün məqbul bir həll tapmalıyıq. Əgər Azərbaycan Prezidenti eyni bəyanat versə, bu, danışıqlar prosesində həqiqi bir irəliləyiş əldə etmək şansımızın olacağını göstərir”. Bununla əlaqədar olaraq, Nikol Paşinyan Azərbaycan tərəfini “üç tərəf” üçün məqbul olan bir həll variantı üzərində işləməyə dəvət edib. Bununla yanaşı, o qeyd edib ki, bu günə qədər hamı üçün məqbul olan variantlar olmayıb.
Qeyd edək ki, Paşinyan daxil olmaqla indiyə qədər hakimiyyətdə olan işğalçı Ermənistan rəhbərliyi həmişə danışıqlar prosesini pozmağa cəhd ediblər. Bütün vasitələrlə status-kvonun saxlanmasına çalışıblar. Həmsədr dövlətlər isə daim öz maraqlarından çıxış edib, ədalətsizliyə göz yumub, əksər hallarda işğalçıya açıq və gizli dəstək veriblər, bunula da problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə mane olublar.
Politoloq Arzu Nağıyev deyib ki, nə hərb, nə sülh”ün olmaması artıq status-kvonun olduğu kimi saxlanması deməkdir: “Lakin mən deməzdim ki, danışıqlar dayanıb. Bildiyimiz qədər hər iki dövlətin xarici işlər nazirlərinin görüşü gündəmdədir. Diqqətlə xronologiyanı izləyəndə hiss olunur ki, hər hansı kompromis variant tapılan vaxt ya Rusiya, ya da ABŞ tərəfindən müdaxilələr baş verir”.
Politoloqun fikrincə, bu müdaxilələr o qədər birtərəfli olur ki, əldə edilən razılaşmaların mahiyyətini sıfıra endirir: “Məlumdur ki, yenidən sıfırdan başlamaq da çox çətindir. Son zamanlar baş verən proseslər də buna bariz bir nümunədir. Çox təəssüf ki, bunu edənlər birbaşa elə danışıqlara cavabdeh olan ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərdir. Onlar nəyin bahasına olursa-olsun problemin iki dövlət arasında həllinə razı olmurlar. Sanki sülhün pozulacağı adı altında özlərinin mühüm əhəmiyyətini göstərmək istəyirlər. Təbii ki, bu proseslər ikili standartlar fonunda baş verir. Məlumdur ki, Azərbaycan üçün ən həssas məsələ ərazi bütövlüyünün toxunulmazlığıdır. Beynəlxalq qurumlar da bundan öz xeyrinə istifadə etməkdə davam edirlər”.
Arzu Nağıyev qeyd edib ki, digər məsələ Paşinyanın mövqeyidir: “Paşinyan çox istəyir ki, münaqişə öz həllini tapsın, tarix qarşısında mühüm bir siyasətçi obrazı yaratsın, lakin bu iqtidarda deyil. Çünki münaqişənin necə həllindən asıl olaraq, o, hətta fiziki cəhətdən məhv ediləcəyindən də qorxur. Ona görə də son vaxtlar Masis Mailyanı irəli verir. Məlumdur ki, işğal olunan ərazilərin saxlanması iqtisadi cəhətdən praktiki olaraq mümkün deyil. Bundan irəli gələrək sərmayələrin yatırılması və digər məsələlərin də həlli alına bilməz. İstər Rusiya, istər İran və digər qonşu və regional dövlətlər də bu iqtidarda deyillər. Deməli, ən mühüm yol sülhdür. Buna da nail olmaq üçün qarşılıqlı kompromisə getmək və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin həllinə nail olmaq lazımdır. Bir sözlə, regional aktorlar da, beynəlxalq təşkilatlar da bunun marağında olmalı və Ermənistanı təcavüzkar siyasətdən əl çəkməyə vadar etməlidirlər. Əks halda, onların heç biri Azərbaycanın ehtiyat variantı ilə problemin həllində istifadə edə biləcəyi və atacağı addımdan kənarda qalıb müşayiətçi kimi dura bilməyəcəklər”.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, Dağlıq Qarabağ məsələsinin həllində ABŞ, Rusiya və Fransa başda olmaqla bir çox Qərb dövlətləri maraqlıdır: “Lakin bu maraq Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi üzərində qurulub. ATƏT-in Minsk qrupu da bu marağı təmin etmək üçün yaradılıb. Bizi də zəif durumumuza görə bu prosesin içində əsəb gözləntisinə düçar ediblər. Hər nə qədər ki, Azərbaycan Dağlıq Qarabağın qaytarılması üçün israrını davam etdirir, bu əsəb mübarizəsi davam edəcək. Zatulinin açıqlamalarına da bir rus siyasətçisinin səfeh danışıqları kimi baxmaq olmaz. O, da rəsmi Rusiyanın siyasətinin mahiyyətində yatan görüşləri dilə gətirir. Poznerin də səfehləməsi bununla eyni mahiyyətdədir. Bizim bu maraqları alt-üst etmək üçün iki faktor önəmlidir: xarici güclərə bağlı ünsürlərdən təmizlənmiş güclü ordu və bölgədə əlverişli geosiyasi vəziyyətin yaranması. Bunlar bir-biri ilə sıx əlaqəli məsələlərdir. Güclü ordu yarana bilər, ancaq əlverişli geosiyasi situasiya olmadığından uğur qazanmaq çətin olar. Və yaxud da əksinə. Əlverişli durum yaranar, bu işi çözməyə yetkin ordu gücü olmaz. Bu cür açıqlamalar bizlərə qarşı həm də psixoloji savaşın tərkib hissəsidir. Ona görə də biz Qarabağ məsələsinin müzakirəsindən uzaq tutulmuş xalqı bu müzakirələrin içinə qaytarmalıyıq, Qarabağ problemini hər anında, hər günündə, məişətində belə yaşayan bir xalqı diriltməliyik. Bu komponentlər bir araya gətirilərsə, bu işğal reallığını dəyişə bilərik".
ATƏT-in Minsk Qrupunun digər həmsdər dövləti ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger “Facebook” vasitəsi ilə canlı efirdə insanların suallarını cavablandırarkən Qarabağ möpvzusunda olan sualı da cavablandırıb. Li Litzenberger ABŞ üçün Dağlıq Qarabağ münaqişəsi məsələsi böyük önəm kəsb etdiyini deyib: “Qeyd edim ki, istənilən görüşümdə mən, bu məsələni müzakirə edirəm. Onu da qeyd etmək istərdim ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Bu qismdə çıxış edərkən ABŞ iki tərəflə birgə fəaliyyət göstərir və Dağlıq Qarabağ münaqişəsinin dinc həll yolunun tapılması istiqamətində öhdəliyinə sadiqliyini bildirir. Bizim bu sahədəki fəaliyyətimiz Helsinki Yekun Aktının prinsiplərinə əsaslanır. Bu sırada üç prinsipi qeyd etmək istərdim. Razılaşdırılmış sülh müqaviləsi əsas olaraq güc və ya gücün istifadə olunmaması prinsipinə əsaslanmalıdır. İkinci prinsip ərazi bütövlüyünə göstərilən hörmət prinsipi olmalıdır. Üçüncü prinsip ondan ibarətdir ki, insanların öz müqəddaratını müəyyənləşdirmək haqqına hörmətlə yanaşılmalıdır. Əminəm ki, bu prinsiplər barədə məlumatları artıq eşimisiniz. Sadəcə olaraq yenidən qeyd etmək istərdim ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında çox maraqlıdır. Biz iki tərəflə danışıqlar apararaq, hər iki tərəfin bir araya gəlib münaqişənin həll yolunu tapmasına yardım edirik. Bu istiqamətdə hər hansı tərəfin üzərinə sanksiya qoymaq əvəzinə, biz, iki tərəflə də işləyirik. Bunu da qeyd edim ki, ABŞ iki tərəfə də maliyyə yardımları göstərib. 1992-ci ildən bəri ABŞ Azərbaycana 1,5 milyard dollardan artıq yardım göstərib ki, bu da Azərbaycan cəmiyyətinin müxtəlif sahələrində istifadə olunub. Yardımlar səhiyyə, kənd təsərrüfatı, iqtisadi inkişaf, təhsil, təhlükəsizlik və başqa sahələri əhatə edib. Biz Azərbaycana yardım etməklə münaqişənin fəsadlarının aradan qaldırılmasına və inkişafına təminat vermək istəyirik”.
Millət vəkili Elman Məmmədov isə bildirib ki, ABŞ səfirinin müsahibəsi tamamilə Amerikanın bu məsələ ilə bağlı siyasətini özündə əks etdirir. O, əlavə edib ki, burada təəccüblü bir şey yoxdur: “Demokratiyadan, insan hüquqlarından danışan ABŞ 1992-ci ildə fevralın 25-dən 26-sına keçən gecə ermənilərin Xocalda törətdikləri soyqırımdan sonra Ermənistana yox, Azərbaycana qarşı iqtisadi sanksiya tədbiq etdi. 28 ilə yaxındır ki, tanınmamış, cinayətkar, terrorçu qurum Qondarma Dağlıq Qarabağ Respublikasına hər il Ermənistandan əlavə maliyyə yardımı ayırır. Budurmu ABŞ-ın ədaləti, demokratiyası, insan hüquqlarının qoruması? 5-10 min dığaya maliyyə yardımı göstərir ki, onlar yaxşı yaşayıb, silahlanıb yeni yeni soyqırımlar törətsinlər. Onların cinayətkar əməllərinə görə bir milyondan artıq insanın bütün hüquqları pozulub. Bu günə kimi ABŞ ermənilərə bizə qarşı törətdikləri vəhşiliklərə görə hər hansı bir sanksiya tədbiq edibmi? Əlbəttə xeyir. Bu yaxınlarda tanınmamış separatçı qurumun rəhbərlərini dəvət edib, konqresində, senatında və digər rəsmi, qeyri-rəsmi qurumlarında dinləmələr keçirdi. Onlara əlavə köməklər edib, ilhamlandırdı. Sanki düz ediblərmiş kimi və ya bundan artığını da edə bilərsiniz, biz sizin arxanızdayıq. ABŞ dünyanın böyük dövlətlərindən biridir. Bu dövlət BMT-nin Təhlükəsizlik Şurasının aparıcı 5 dövlətindən biri hesab olunur. ABŞ Dağlıq məsələsində həllində vasitəçi dövlət mandatına malikdir. Ona görə də o tərəfsiz mövqedə dayanmalıdır. Ancaq onlar hər zaman ermənilərin tərəfindədirlər. Sanki bu işğala bəraət qazandırıb, həmişə kömək edirlər”.

Əli