Azərbaycan: nəticəsiz səylər və Minsk qrupunun fəaliyyətsizliyi Layihə

Azərbaycan: nəticəsiz səylər və Minsk qrupunun fəaliyyətsizliyi

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul ediblər, öz mövqeyini ortaya qoyublar.
WorldMedia Anaj-a istinadən yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan cəmiyyətində ciddi məyusluq yaradıb.
Minsk qrupunun münaqişənin həllilə bağlı vədləri 2019-cu ildə də özünü doğrultmadı. Halbuki, Azərbaycan cəmiyyəti bu vədlərin yerinə yetiriləcəyinə çox ümidli idi.
ATƏT-in Qarabağ probleminin həllində vasitəçilik edən Minsk qrupuna 1997-ci ildən Azərbaycan və Ermənistanla yanaşı, ABŞ, Fransa, Rusiya, Almaniya və Belarus da daxildir. Lakin bu qrupun 20 illik fəaliyyətinin heç bir nəticəsi yoxdur.
Dağlıq Qarabağ münaqişəsi şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin ən vacib, ən əsas problemidir. Dağlıq Qarabağla yanaşı, onun ətrafındakı 7 rayon da Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunub. Bütün ötən illər ərzində ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu işğala son qoyulması istiqamətində çalışıb. Lakin beynəlxalq vasitəçilərin səyləri bu günədək nəticəsiz qalır.
2019-cu ildə Minsk qrupunun vasitəçiliyilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 4 görüş keçirilib. Davos, Vyana, Düşənbə və Sankt-Peterburqda aparılmış bu danışıqlarda da heç bir irəliləyişə nail olunmayıb.
Azərbaycan prezidenti İlham Əliyev bir neçə Azərbaycan telekanalına bu yaxınlarda verdiyi müsahibədə 2019-cu ili Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində nəticəsiz il adlandırıb. O, nəticəsizliyi Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutması ilə əsaslandırıb.
2019-cu ilin sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən Azərbaycanın XİN başçısı Elmar Məhəmmədyarov da təxminən eyni fikri səsləndirib. “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi “dalana dirənib”. Prosesdəki mövcud atmosfer onun həllinə kömək etmir”, - deyə nazir qeyd edib.
Problemin həllinə əsas maneə təbii ki, Bakı ilə Yerevanın məsələyə yanaşmasındakı ciddi ziddiyyətlərdir. Bakı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən yolla həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. O, Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verməyə də hazırdır. Ermənistan isə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına qarşı çıxır və bu, faktiki olaraq danışıqların “dalana dirənməsinə” səbəb olur.
Beləliklə, Minsk qrupunun fəaliyyətinin nəticəsizliyi Azərbaycan cəmiyyətində ciddi məyusluq yaradıb. Artıq bir sıra azərbaycanlı ekspert hesab edir ki, Minsk qrupunun fəaliyyətinə ümumiyyətlə, son qoyulmalıdır. Onların fikrincə, prosesə regional ölkələr, o cümlədən İranla Türkiyənin cəlb olunmasına ehtiyac var.
Azərbaycanın “Teleqraf” saytının məlumatına görə, rusiyalı siyasi ekspert Vladimir Lepxin də bənzər fikirdədir: “Mövcud şəraitdə Dağlıq Qarabağ bölgəsində gərginlik artmayacaq. Lakin Minsk qrupu problemi həll edəcək gücə, qətiyyətə malik deyil. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsi 6 regional ölkə – Ermənistan, Rusiya, Gürcüstan, İran, Azərbaycan və Türkiyənin iştirakı ilə, “3+3” formatında həll olunacaq”.
Bu arada 2019-cu il Yerevan-“DQR” əlaqələri baxımından da təlatümlü il olub. İl ərzində yerevanlılarla “Qarabağ klanı” arasında mübahisələr dəfələrlə özünü açıq şəkildə göstərib, Ermənistanın siyasi səhnəsinə ayaq açıb. Ermənistanın sabiq prezidenti Robert Koçaryan başda olmaqla, “Qarabağ klanı” baş nazir Paşinyanı “DQR”i zəiflətməkdə günahlandırır. Paşinyan isə qarabağlıların Yerevanda “at oynatması” ilə barışmır.
Ötən il münaqişənin həllində heç bir irəliləyişin olmadığını ermənilər də təsdiqləyiblər. 1992-1995-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş, 1993-cü Müdafiə naziri vəzifəsini müvəqqəti icra etmiş general-leytenant Norat Ter-Qriqoryants da deyib ki, 2019-cu ildə Qarabağ danışıqlarında heç bir müsbət dəyişiklik olmayıb, çünki ATƏT-in Minsk qrupu və danışıqlar aparanların hamısı problemin nədən yarandığı, hansı yolla getməli olduğu və hansı həllərin tapılmasının əsl səbəblərini bilmirlər.
Norat Ter-Qriqoryantsın sözlərinə görə, bu cür formatda görüşlərə görə Ermənistanda Nikol Paşinyanın torpaqları təhvil verəcəyini söyləmək olar.
“Danışıq aparmaq xatirinə danışıqlar, bu, sadəcə axmaqlıqdır, nəticəsiz şeydir, biz hamımız ölənə qədər 100-150 il bu cür davam edə bilər. Sualı olduğu kimi qoymaq lazımdır: bütün bunlar nə üçün baş verib? Biz uşaq deyilik, başa düşürük, Azərbaycan və Ermənistan rəhbərləri görüşürlərsə və ATƏT-dən heç kim burada iştirak etmirsə, bu, danışıq deyil, mən bu cür danışıqlara inanmıram. Heç kim bilmir ki, nə danışırlar, güman edək, mən Baş nazirə inanıram, lakin Azərbaycanda da İlham Əliyevə inanırlar. Nə barədə danışırlar, nə danışırlar? Heç kim bilmir. Söhbət hansı kompromisdən gedir, hansı istiqamətdə gedəcəyik? ATƏT olmadan Paşinyanın Əliyevlə görüşləri təhlükəli nəticələrə malik ola bilər”, - deyə o bildirib.
Politoloq Arzuman Muradlının fikrincə, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır!” mesajı beynəlxalq miqyasda böyük rezonans yaratdı. Dölətimizin başçısının bu xatırlatması, eyni zamanda, xalqımızda heç zaman səngiməyən vətənpərvərlik ovqatını, torpaqlarımızın qeyd-şərtsiz geri qaytarmaq əzmini və inamını qat-qat artırdı.
"Valday” Klubunun iclasında dövlətimizin başçısının nitqi Azərbaycanın düşmənlərinə bir xəbərdarlıq xarakteri daşıdı. Belə ki, cənab İlham Əliyev çıxışının sonunda Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalından, etnik təmizləmədən, bu gün də Ermənistanın hərbi təcavüzünün davam etməsindən danışaraq, vurğuladı ki, son zamanlar təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın publikaya hesablanan "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatı sülh proseslərinə zərbə vurur. Prezident qeyd etdi ki, Qarabağın Ermənistanın bir hissəsi olması yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.
Politoloq Arzuman Muradlı ölkə rəhbərinin həmin mötəbər tədbirdə Azərbaycanın haqq səsini dünyaya çatdırması, "Qarabağ Azərbaycandır!” mesajını verməsi ilə beynəlxalq aləmin dövlət başçımızın qətiyyətinin və cəsarətinin bir daha şahidi olması fikrini xüsusi vurğuladı.
Yeri gəlmişkən, onu da diqqətə çatdırmaq istərdim ki, Ermənistanın baş naziri N.Paşinyanın Xankəndidəki məlum məsuliyyətsiz bəyanatından sonra ermənilərə elə gəldi ki, Azərbaycan heç dövlət səviyyəsində bu məsələyə reaksiya vermir və artıq xalq da işğalla barışır. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev elə bir məqamda, elə bir məkanda xalqının mövqeyini cəsarətlə nümayiş etdirən "Qarabağ Azərbaycanındır və nida işarəsi” ifadəsini səsləndirdi ki, bununla məsələyə, başqa sölə, N.Paşinyanın avantürasına sərt münasibət bildirdi, eyni zamanda, Ermənistanın əsl xislətini bütün dünyaya göstərdi.
Azərbaycan Prezidenti sözügedən çıxışı ilə, həm də Ermənistana və onu dəstəkləyən güclərə bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qarşı tərəfin inadkarlığı üzündən hələlik aradan qaldırılmaması, nizamasalma prosesinin bilərəkdən ləngidilməsi Qarabağın mənsubiyyətini dəyişdirmir, dəyişdirə bilməz və dəyişdirməyəcəkdir.
Politoloq onu da diqqətə çatdırdı ki, keçən il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işğalçı ölkə ilə aparılan danışıqlarda Ermənistanın mövqeyi tamamilə iflasa uğrayıb. Bu fikir Ermənistan Respublika Partiyasının sədr müavini, parlamentin xarici əlaqələr üzrə komitəsinin sabiq rəhbəri Armen Aşotyanın bir müddət bundan əvvəl keçirdiyi mətbuat konfransında da öz ifadəsini tapıb. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın guya münaqişə barədə hər şeyi bildiyi və prosesi öz nöqteyi-nəzərindən başlayacağı haqqında bəyanatı lovğalıqdan başqa bir şey deyil.
Armen Aşotyan əlavə edib ki, baş nazir gec-tez siyasət meydanından öz fəaliyyətinin səbəb olduğu tör-töküntünü yığışdırmaq məcburiyyətində qalacaq. Böyük siyasi oyuna çevrilən Dağlıq Qarabağ problemini həll etmək üçün hazırkı hakimiyyətə "üzərində öz portreti olan corab və şamlar yox”, vahid siyasi təfəkkür lazımdır.
Bu arada qeyd edək ki, ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan sərhədçisi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub. Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan sərhəddin Qazax istiqamətində Azərbaycan hərbiçisini şəhid etməsi münaqişənin həllində illik aparılacaq danışıqlara zərbə vurmuş oldu. İlin başlanğıcında erməni tərəfinin bu təxribatının məsuliyyətini baş nazir Nikol Paşinyan daşıyır: “Azərbaycan atəşkəs rejiminə əməl edir və danışıqların növbəti mərhələdə konusturktiv keçirilməsinə çalışır. Amma, rəsmi Yerevan ilin başlanğıcında bu təxribatı etməklə birbaşa diplomatik danışıqlarda real nəticələrin əldə olunmasında maraqlı olmadığını aydın şəkildə göstərdi.
Bu insdenti dövlət sərhəddində edərək birbaşa Azərbaycanı təxribata çəkməyə çalışır. Qeyd edim ki, Azərbayacan Qazaxdan Ermənistan tərəfinə güclü zərbələr endirsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu prosesə qarışmayacaq. Hərçənd Ermənistan tərəfi çalışır, KTMT Azərbyacana qarşı hərəkətə gətirsin.
Yaxın Şərqdə vəziyyətin gərginləşdiyi bir məqamda Ermənistanın qızışdırcı mövqeyi öz əleyhinə işləyə bilər. Azərbaycan növbəti aylarda Ermənistan mövqelərinə zərbələr endirməsi reallaşa bilər. Göründüyü kimi Ermənistan tərəfi vəziyyəti mürəkkəbləşdirməkdə və münaqişənin həllində maraqlı olmadığını ilin başlanğıcında göstərdi. Artıq. Ermənistana ön xəttə möhkəmlənməsinə imkan tanınmamalıdır”.

Cavid