“Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri” beynəlxalq təşkilatlar tərəfindən tanınmadı” Layihə

“Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri” beynəlxalq təşkilatlar tərəfindən tanınmadı”

Nəsib Məhəməliyev: “Həmsədrlər ikili standartları kənara qoyaraq, beynəlxalq hüquqa söykənən Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməlidirlər”

Azərbaycanın işğal altındakı torpaqlarında qondarma prezident seçkilərinin ikinci turu keçirilib. Separatçılar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVİD-19 pandemiyası ilə əlaqədar tövsiyyələrini nəzərə almamaqla yanaşı, növbəti dəfə beynəlxalq hüquq normalarını heçə sayıblar. “Seçkilər” beynəlxalq birlik tərəfindən tanınmayıb.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb. Bəyanatda Böyük Britaniyanın qondarma “prezident seçkilərini” tanımadığı vurğulanıb.
Xatırladaq ki, dünyanın əksər dövlət və beynəlxalq təşkilatları da bu qanundankənar “seçkiləri” tanımadıqlarını bəyan ediblər.
Onu da bildirək ki, Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə giriş nitqində qondarma seçkilərə toxunub.
Dövlət başçısı bildirib ki, bütün beynəlxalq aləmin qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilmiş qondarma “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir: “Münaqişə ilə bağlı onu da bildirməliyəm ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilmiş qondarma "prezident"in qondarma "seçkiləri"ndən gedir. Bu "seçkilər" bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. "Seçkilər"dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu "seçkiləri" tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.
Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir...”.
Qeyd edək ki, aprelin 14-də qondarma Dağlıq Qarabağ rejimində “prezident seçkisi”nin ikinci turu keçirilib. İkinci turda namizədlər qondarma rejimin sabiq “baş naziri” Araik Arutyunyan və qondarma rejimin hazırda “xarici işlər naziri” olan Masis Mailyan olub. Qondarma rejim ərazisindəki 282 məntəqədə səslərin hesablanmasından sonra A.Arutyunyanın 39 860, M.Mailyanın isə 5 428 səs aldığı məlum olub.
Millət vəkili Nəsib Məhəməliyev “Xalq cəbhəsi”nə açıqlamasında “fakt odur ki, Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri” dünyanın əksər beynəlxalq təşkilatları tərəfindən tanınmadı”, - deyə bildirdi. O, əlavə etdi ki, ATƏT-n Minsk qrupu, ATƏT Parlament Assambleyası, NATO, İslam əməkdaşlıq təşkilatı, Qoşulmama hərəkatı, Avropa İttifaqı, Türk Şurası, Avropa parlamenti həmin “seçkiləri” pislədi: “Yalnız Avropa Şurası Parlament Assambleyasını çıxmaq şərti ilə dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi. Bu da təbii olaraq Ölkəmizin beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevin apardığı xarici siyasətin doğruluğunun göstəricisidir.
Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronovirus pandemiyasına görə seçkilərin keçirilməməsi ilə bağlı çağırışlar etmişdi. Görünür sepatçılar üçün öz millətinin sağlamlıqlarından daha önəmlisi şəxsi ambisiyalarıdır. Elə buna görə həm Ermənistanda, həm də Qarabağda virisa yoluxanların sayı durmadan artır. Öhdəsindən gələ bilmədikləri üçün əzəli düşmən hesab etdikləri qardaş Türkiyə dövlətinə kömək üçün müraciət ediblər.
Münaqişənin tənzimlənməsi ilə bilavasitə məşğul olan həmsədrlər ikili standartları kənara qoyaraq, beynəlxalq hüquqa söykənən Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməlidirlər”.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu diqqətə çatdırdı ki, Azərbaycan işğal edilmiş ərazilərimizdə baş verən qeyri-qanuni hərəkətləri izləyir və müvafiq operativ reaksiyalar verir:”Doğrudur, bu, hələlik yalnız diplomatik və siyasi müstəvidə baş tutur. Ancaq işğalçı Ermənistan və qondarma rejim əmin olsun ki, problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün də uzaqda deyil”.
Millət vəkili qeyd etdi ki, buna görə də seçki şouları ilə işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq: “Artıq qondarma rejimin seçki oyunu mart ayının 31-dən dərhal sonra bütün beynəlxalq qurumlar və dünya siyasətini müəyyənləşdirən ölkələr tərəfindən pislənildi. İndi isə uydurma ikinci mərhələ adı ilə yenidən seçki oyunu təkrarlandı”.
Hikmət Babaoğlu vurğulayıb ki, bu hadisə vahid siyasi təxribatın tərkib hissəsi olduğu üçün qondarma 31 mart seçkilərinə verilən qiymət avtomatik olaraq onun davamına da şamil edilir: “Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq. Tam əksinə, bu cür təxribatlar siyasi prosesləri sürətləndirməklə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nəticələnəcək”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dedi ki, Dağlıq Qarabağda 14 apreldə “prezident seçkisinin” ikinci turunun qalibi bəlli oldu: “Separatçıların keçmiş baş naziri Araik Arutunyan separatçıların yeni “lideri” təyin edildi. Təyin edildi ona görə yazırıq ki, birincisi, bölgədə koronavirusun geniş yayıldığı vəziyyətdə ermənilərin “seçki məntəqələrinə” getdiyi ağlabatan deyil. Təsadüfi deyil ki, “seçki” oyunu keçirsələr belə vətəndaşlara müraciət ediblər ki, “məntəqələrdə” sosial məsafəni qorusunlar. Hətta 65-ən yuxarı olan ermənilərə müraciət edilib ki, “seçki məntəqələrinə” gəlməsinlər.
İkincisi, Araik Arutunyanın “ikinci turda” rəqibi olmayıb. “İkinci tura” keçən separatçıların keçmiş “xarici işlər naziri” Masis Mailyan koronavirusun yayıldığı dövrdə seçkinin “ikinci turunun” keçirilməsinin əleyhinə olub. Masis Mailyan “ikinci tur” öncəsində tərəfdarlarını “seçkini” boykot etməyə çağırıb”.
Ekspert dedi ki, bəlkə də Dağlıq Qarabağ dünyada yeganə bölgə olub ki, separatçılar koronavirusun yayılmasına baxmayaraq, insanları təhlükə altına ataraq “seçki” keçirməyə qərar veriblər: “Halbuki, seçkinin “ikinci turu” ərəfəsində Dağlıq Qarabağda onlarla virusa yoluxanlar var və bu say getdikcə artır. Təsadüfi deyil ki, separatçılar “seçkidən” əvvəl Ermənistanla sərhədi bağlamağa məcbur olublar, üstəgəl bölgədə məktəblərin fəaliyyətini dayandırıblar. Separatçılar mayın 12-ə qədər bölgədə fövqəladə vəziyyət elan ediblər.
Bəs separatçıları fövqəladə vəziyyət rejimində “seçki” keçirməyə nə məcbur edib?
Birincisi, separatçıların artıq keçmiş lideri Bako Saakyan Araik Arutunyanın xələfi seçilməsi üçün nə yolla olursa-olsun “ikinci turu” keçirməyə qərar verib.
İkincisi, Araik Arutunyanı Ermənistanın baş naziri Nikol Paşinyan da dəstəkləyirdi. “Seçkinin” təxirə salınması separatçılarla Ermənistan hakimiyyəti arasında suallar yarada bilərdi. Tamamən Ermənistandan asılı olan Dağlıq Qarabağ separatçıları “seçkini” keçirməklə İrəvanın da mövqeyini nəzərə alıblar.
Üçüncüsü, separatçılar qorxublar ki, “seçki” təxirə salınsaydı bölgədə xaos yarana və bundan Azərbaycan hərbi təzyiqi artırmaq üçün istifadə edə bilərdi.
Araik Arutunyanı dərhal Ermənistan prezidenti Armen Sərkisyan “təbrik” edib. Arutunyanın separatçıların “yeni prezidenti” seçilməsiylə heç nə dəyişməyəcək. Nə danışıqlarda irəriləyiş olacaq, nə də separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini qəbul edəcəklər. Dəyişən sadəcə, bu olacaq ki, Bako Saakyandan fərqli olaraq Araik Arutunyan Nikol Paşinyandan daha çox asılı olacaq. Bako Saakyan Paşinyanın qatı düşmənləri Robert Köçəryanın və Serj Sərkisyanın namizədi idi. Saakyan Paşinyanla tez-tez görüşsə də, Robert Köçəryana dəstəkdən imtina etmir, eks-prezidentin həbsinin əleyhinə çıxırdı. Paşinyan da bunu ikiüzlülük kimi qiymətləndirirdi. Araik Arutunyanla Paşinyanın bu məsələdə problemi olmayacaq. Buna baxmayaraq, Dağlıq Qarabağ əvvəlkitək Ermənistana həm siyasi, həm də iqtisadi yük olmaqda davam edəcək. Koronavirus Ermənistan iqtisadiyyatını daha bərbad vəziyyətə salıb. Belə vəziyyətdə Ermənistanın Dağlıq Qarabağı iqtisadi və hərbi baxımdan ayaqda tutması daha da çətinləşəcək”.

Əli