Yeni mediada “açıq-saçıqlıq” problemi... Layihə

Yeni mediada “açıq-saçıqlıq” problemi...

Mütəxəssislər bu barədə nə düşünürlər?

Bu gün Azərbaycanın yeni mediasının, həmçinin sosial şəbəkələrin problemlərindən biri də heç bir çərçivə tanımadan açıq-saçıq şəkillərin, videoların, videokliplərin, həmçinin yazıların yayılmasıdır. Bu tendensiya daha çox internet saytlarında və bəzi televiziyalarda müşahidə olunur? Bəziləri bunu sırf məqsədli etsələr də, bəziləri sadəcə olaraq axına uyur. Bunun zərərli tərəfləri nə qədərdir? Mütəxəssislər bu barədə nə düşünürlər?
Psixoloq Elnur Rüstəmov bildirib ki, bu cür şəkillər insanları nəyəsə təhrik edə bilər: "Bu həm onların özlərinə qarşı, həm də digər insanlarda cinsəlliyi qabardır. Cinsəllik zatən bu gün bizim ən böyük problemlərimizdən biridir. Və bu cür şəkillər də insanları dolayısı yolla bu istiqamətdə təhrik edir. İnsanların fərdi psixoloji təhlükəsizliyi qorumaq naminə bunu etməmələri daha yaxşı olardı".
Psixoloqun sözlərinə görə, bu cür şəkillər psixiatrik problemi olan insanlar üçün təhlükə mənbəyidir: "Təyinatına uyğun olaraq hər hansı reklam rolikində bunu başa düşmək olar. "Ancaq mənim könlüm belə istəyir, açıq-saçıq fotosessiya edirəm" kimi düşüncə düzgün deyil. Nəzərə almaq lazımdır ki, buna uşaqlar və hətta psixiatrik problemi olan insanlar baxa bilər və bu onların həyatına təhlükə yarada bilər. Onlar həm özlərini, həm də cəmiyyəti düşünməlidirlər. Cinsəllik bu insanın bioloji tələbatıdır. Psixoloji narahatçılığı olan insanlarda isə o normadan artıqdır. Yəni bu bütün insanların diqqətini çəkə bilər. Ancaq hər bir insan bunun öhdəsindən gələ bilmir axı. Bu, insanlarda bir instinktdir. İnsanlarda hər zaman buna doğru maraq olub. Sadəcə bunların bu şəkildə verilməsi insanlarda problem yarada bilər. İstər-istəməz normal insanda da narahatçılığa səbəb ola bilər".
Elnur Rüstəmov bildirib ki, bununla mübarizə üçün ən yaxşı yol maariflənməkdir: "Əgər biz desək ki, insanlar bu cür şeylərə fikir verməsinlər, bu, qeyri-mümkündür. Ən yaxşısı cəmiyyəti maarifləndirməkdir. Hə qədər də çətin olsa da, insanlar buna biganə yanaşsalar, onlar bu yolla diqqət çəkməyə çalışmazlar. İnsanların belə açıq-saçıqlığa biganə yanaşmadıqları təqdirdə, onlar görsələr ki, buna diqqət var, sabah bir daha edəcəklər. Mütəmadi olaraq bunlar təkrarlanacaq".
Psixoloq Aynur Bəbirova isə insanların yarıçılpaq şəkil çəkdirərək paylaşmasının demonstrativliyin əlaməti olduğunu deyib: "İnsanların diqqətini cəlb etmək üçün demonstrativ insan hər şeydən istifadə etməyə hazırdır. Cəmiyyətin belə şəkillərə qarşı fikri isə birmənalı deyil. Kimsə baxır və qınayır, kimsə də bəyənir. Qınayanlar əsasən yaşlı nəsildir, bəyənənlər isə gənclərdir. Gənclərin psixofizioloji xüsusiyyətlərinə nəzər salsaq, görərik ki, belə reaksiya normaldır". Psixoloq həmçinin uşağın və yaxud yeniyetmənin maraq dairəsinin böyüklərin nəzarətində saxlanılmalı olduğuna diqqət çəkib: "KİV-də, sosial şəbəkələrdə nəyə baxıb-baxmamaq hər kəsin öz seçimidir. Amma unutmamalıyıq ki, həm KİV, həm də sosial şəbəkələr uşaqlar üçün də əlçatandır. Bəzi məlumatlar və fotolar uşaqların diqqətindən yan keçmir. Hər kəsin nəyə baxıb-baxmaması öz seçimi olsa da uşağın formalaşan vaxtı böyüklər tərəfindən uşağın və yaxud yeniyetmənin maraq dairəsi nəzarətdə olmalıdır".
"Yeni media"nın sosioloji problemlərini araşdıran ekspert İlkin Ağayev bildirdi ki, ziyalılığın konkret kriteriyaları ilə bağlı cəmiyyətin məlumatlandırılmasına və maarifləndirilməsinə ehtiyac duyulur: "Orası doğrudur ki, ədəbiyyatda, mediada yazı üslubu zaman-zaman dəyişikliyə uğrayır. Bu baxımdan bizdə də istər ədəbiyyatda, istərsə də köşə yazarlığında müxtəlif "janr"ların və üslubların ortaya çıxdığının şahidi oluruq. Əmması odur ki, bəziləri fərqli görünmək, daha çox oxunmaq xatirinə əslində etik çərçivələri aşdıqlarının fərqində deyillər. Bu gün kütlə zövqünün korlandığı, əhalinin mənəvi-kulturoloji baxımdan maariflənməsinə ehtiyac duyulduğu barədə tez-tez eşidirik. Belə bir zamanda məhz medianın həlledici rol oynadığını, yazarların bu məsələdə əsas istiqamətvericilərdən olduğu da tez-tez diqqətə çatdırılır. Amma təəssüflər olsun ki, bəziləri "sarı" yazıları ilə medianın bu funksiyasına xələl gətirmiş olurlar. Onlar yazdıqları yazıları guya hər hansı ictimai motivə əsaslanan "aktual" mövzu kimi təqdim edirlər. Halbuki belələrinin bütün yazılarında intim məsələlər qırmızı xətt kimi keçir. Bu gün texnoloji inkişaf bir sıra fəsadları ilə də diqqət çəkir. Daha doğrusu, bu inkişafdan bəziləri sui-istifadə etməyə çalışırlar. Məsələn, açıq-saçıq videogörüntülər və internetin neqativ təsirinin yeniyetmələr, yetkinlik yaşına çatmayanlar, lap elə çatanlar üçün də zərərli psixoloji təsirlərinin minimuma endirilməsinin lazım gəldiyi zamanda onlar bu cür yazılarla həmin intim videogörüntüləri sanki yazıları ilə davam etdirirlər".
Onun sözlərinə görə, bununla isə əslində sırf "sarı" mətbuat nümayəndələri olduqlarını sübut etmiş olurlar:
"Bu cür yazarlar beyinləri yalnız bu cür təsvirlərə əsaslanmaqla klaviaturaya əl atır. Fikir verilsə, bu cür yazılarda heç bir tərbiyəvi motiv, yaxud informativlik yoxdur. Belə yazılarda sadəcə əyləncə üçün diqqət cəlbetmə var ki, burada da heç bir yazar istedadından, yaradıcılıqdan söhbət gedə bilməz. Sadəcə "açıq-saçıq" və "sarı" mövzular ənənəvi cəmiyyətlərdə yeniyetmələri cəlb edə biləcək mövzu və motiv olduğu üçün bu cür insanların oxucu "kütləsi" tapılır. Məhz kütlə üçün də onlar "yazara" çevrilirlər. Halbuki hansısa açıq-saçıq Avropa cəmiyyəti üçün onlar ən istedadsız və bayağı adamlar olaraq qiymətlərini almış olardılar.
İndiki halda isə Azərbaycan əhalisinin dəyərlərə və ənənələrə önəm verməsi sanki onlar üçün bir fürsət açıb ki, öz açıq-saçıq yazıları ilə "fərqli" görünməyə çalışaraq diqqət cəlb etsinlər. Məhz belə bir mühitdə - ictimai rəydə "açıq-saçıqlığa" tabu olduğu məqamda onların söz azadlığından istifadə etmələri bu cürlərini mahiyyətcə "sarı" yazarlara çevirir. Amma diqqət edilsə, belələri özləri haqqında çox yüksək fikirdədirlər və çox yüksək titullara, məqamlara da iddia edirlər. Əslində belələrinin yazılarını yerləşdirən saytlar və media orqanları barədə ayrıca qeyd etməyə dəyər. Sirr deyil ki, saytlar bəzən oxunmaq xatirinə şou biznesin açıq-saçıqlıqlarını nümayiş etdirdikləri kimi, belələrinin də yazılarını verirlər. Bu cür saytlar heç bir informasiya yükü omayan yazılar yaymaqla oxucu kütləsi cəlb etməyə çalışırlar. Hətta açıq-saçıq videoxəbər və şəkillərdən yararlanmağa çalışırlar. Bəzən elə açıq-saçıq şəkillər verirlər ki, burada etik məqam tamam unudulur. Bu isə oxunmaq xatirinə oxuculara, cəmiyyətə və dəyərlərə qarşı hörmətsizlikdir. Daha çox bu cür saytların həmin yazarları cəmiyyətə "istedadlar" kimi təqdim etməsi oxucu zövqünün korlanmasına səbəb olur.
Amma bu halda onlar öz "sarı" statusda olduqlarını da boyunlarına almalı və jurnalistikaya iddia etməməlidirlər. Çünki yazılarının həqiqi jurnalistikaya heç bir aidiyyəti yoxdur. Hər hansı "yarıədəbi", "yarıjurnalistik" bir "sarı" köşə yazmaq jurnalistika, publisistika ilə məşğul olmaq deyil. Onların yazdıqları qeyd edilənlərdən heç birinə aid deyil. Belələri cəmiyyətdə nəyləsə bağlı təkliflərlə çıxış etmək üçün də yararsızdırlar. Onların real ictimai motivlərlə bağlı axtarışları yoxdur, bu onları maraqlandırmır da".
İlkin Pğpykv vurğuladı ki, qeyd edilənlər deməyə əsas verir ki, hər yazan ziyalı da ola bilməz: "Bu gün Azərbaycan mediasında "saqqallı uşaq" misalı, bəzi belə "yazar"lar var ki, cəmiyyətə qurşaqdan aşağı düşüncə ilə baxmağa çalışırlar. Bütün bunlar həm də onu göstərir ki, bu gün ziyalılığın konkret kriteriyaları ilə bağlı da cəmiyyətin məlumatlandırılmasına və maarifləndirilməsinə ehtiyac duyulur. Bu barədə ictimai müzakirələrin keçirilməsi milli dəyərlərimizin və kimliyimizin qorunması baxımından çox önəmlidir".
Filologiya elmləri doktoru, professor, teletənqidçi Qulu Məhərrəmli bir sıra janrların müəyyən dərəcədə özünə uyğun geyim tərzi, davranış tələb etdiyini deyir: "Maraqlanmaq lazımdır ki, bu gün ekran arxasında əyləşən tamaşaçı nə istəyir, televiziyalardan nə tələb edir? Televiziyalar Teleradio yayımı haqqında qanuna nə dərəcədə əməl edirlər? Bizim xəbərlərimiz nə dərəcədə balanslıdır? Nə dərəcədə tamaşaçı auditoriyasını qayğılandıran, onu narahat edən problemlərdən danışılır? Bunlar olmayanda, üçüncü dərəcəli, mənasız mövzuları müzakirə edib, televiziyanın zərərçəkən obrazını yaratmağa çalışırlar. Ona görə də bu gün efirlərdə yayımlanan kliplərdəki açıq-saçıq səhnələrin hesabına reytinq qazanmağa çalışırlar. Klipi çəkən rejissor ciddi qaydalara əməl etməlidir. Düzdür, elə kliplər var ki, öncədən nəzərə alınır ki, həmin klip yalnız sosial şəbəkələrdə nümayiş olunacaq. Onlar bilərəkdən bu cür səhnələr çəkirlər və klipin mövzusunu məhz bunun üzərində qururlar. Ancaq onlar efirlərdə nümayiş olunandan sonra məlum olur ki, belə kliplər efir üçün deyil. Ona görə də televiziyalar həmin klipləri nümayiş etdirəndə çox diqqətli olmalıdır. Belə kliplər gecə saat 12-dən sonra verilir. Bəzi işarələr var ki, onlar yaş həddini müəyyənləşdirir. Misal üçün "16+", "18+" və sair işarələrdən istifadə olunmalıdır ki, valideynlər övladlarını ekran qarşısından çəkindirsinlər. Televiziyalar bunu etmədikdə isə aləm dəyir bir-birinə və nəticədə də bir sıra narazılıqlar yaranır. Efirlərdə açıq-saçıq səhnələr yalnız şou verilişlərində müşahidə olunur. Həm də müəyyən qrup qadınlar var ki, onlar sənətinin gücü çatmayan məsələlərə özlərinin bədən quruluşları, geyimi ilə nail olmaq istəyirlər".

Əli