Ölkəmizdə plüralizm və tolerantlıq ənənələri Layihə

Ölkəmizdə plüralizm və tolerantlıq ənənələri

Azsaylı xalqların həyatı yerli mediada geniş şəkildə öz əksini tapır

II yazı

Milli azlıqlar üzrə araşdırmaçı-jurnalist Niyaz Niftiyev deyib ki, mediada etnik xalqların təbliğatına, onların problemlərinin, mədəniyyətinin işıqlandırılmasına heç bir məhdudiyyət qoyulmur. Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən media üçün elan olunan layihələrdə azsaylı xalqlarla bağlı mövzular təklif olunur: "Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində milli azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir. Azərbaycan qanunvericilik aktlarında milli azlıqların hüquqlarının qorunması ilə bağlı konkret maddələr var. Bu müddəalardan dolayı milli azlıqlar nəinki Azərbaycanda mətbuatda çıxış edə bilər, hətta kütləvi informasiya vasitələri belə təsis edə bilərlər. Necə ki, edirlər. Bu gün Azərbaycanda sayından asılı olmayaraq bir çox milli azlıqlar həm yazılı, həm də internet portallara sahibdirlər. Məsələn, "Samur", "Talişo Sədo", "Dəngi Kürd" ləzgi, talış və kürd dillərində nəşr olunur, Yəhudi Cəmiyyəti "Soxnut" isə "Əziz" qəzetini nəşr edir. Talış.org, udi.az, www.xinaliq.com və s. onlarla internet saytlar mövcuddur.
Eyni zamanda Azərbaycan dövlət radiosu bir ay ərzində talış, kürd, ləzgi dilində ayrı-ayrılıqda 1 saat 20 dəqiqə, gürcü dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində isə 15 saatdan çox verilişlər yayımlayır. Sonuncu rəqəm həm də AzTV-1-ə aiddir. Bütün ölkə ərazisində yayımlanan özəl kanallardan "ANS", "Lider", "Azad Azərbaycan" və "Space" kanallarında rus dilində verilən verilişlərin həcmi sutka ərzində verilən verilişlərin 25-30%-ni təşkil edir. Regional telekanallarda rus dilindəki verilişlərin həcmi 25-40% təşkil edir. Həmçinin milli azlıqların kompakt şəkildə yaşadığı Xaçmazda "Xaçmaz TV", Qubada "Xəyal TV" və "Qütb TV", Lənkəranda "Cənub TV" kimi yerli telekanallar fəaliyyət göstərir. Balakən rayonunda yerli radio ilə azsaylı xalq olan avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər yayımlanır".
N.Niftiyev deyir ki, bunlardan əlavə istər dövlət, istərsə də özəl teleradio kanallarında musiqili, sənədli və etnoqrafik xarakterli verilişlərdə milli azlıqların dillərindən geniş istifadə olunur: "Burada xüsusi məqam ondan ibarətdir ki, Milli Televiziya və Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edir, yeni yaranan teleradio kanallarından bəziləri milli azlıqların dillərindən istifadəyə meylli yayımçılara üstünlük verir. 2002-ci il 01-31 dekabr və 2003-cü il 15 yanvardan - 15 fevrala qədər milli azlıqlarla bağlı gündəlik qəzetlərin monitorinq aparılıb. Monitorinq zamanı məşhurluq reytinqinə və bu mövzuya daha çox müraciət etmələrini nəzərə alıb 8 qəzet tədqiq olunub. Bunlar "Xalq qəzeti", "Yeni Azərbaycan", "Azadlıq", "Yeni Müsavat", "Şərq", "525-ci qəzet", "Zerkalo", "Exo" və s-dir.
Bu, qəzetlərdəki informasiya xəbərləri, reportaj, analitik məqalələr, oçerklər, müsabiqələr, müraciətlər, mətbuat konfransları və s. tədqiq olunub. Monitorinq zamanı aydın olub ki, 2002-ci ilin 1-31 dekabr tarixlərində bu qəzetlərdə üst-üstə 178 dəfə milli azlıqların bu və ya digər məsələlərinə yer verilib. Qəzet səhifələrində gedən materiallar isə müxtəlif xarakterlidir. Bura onların ümumi-nəzəri və tarixi materialları ilə yanaşı, etnik və dini ümumiliklərin müasir vəziyyəti, ictimai təşkilatların tədbirləri haqqında məlumat və s.daxildir.
N.Niftiyev bildirir ki, bütün bu faktlar ölkə mediasının azsaylı xalqlara, onlarn problemlərinə, eləcə də mədəniyyətinin təbliğinə kifayət qədər yer ayırdığının nəticəsidir: "Göründüyü kimi, milli azlıqlarla bağlı hər bir məsələ Azərbaycan KİV-ləri üçün prioritet mövzu olub".
Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Lalə Hovruzovanın bildirdiyinə görə, Azərbaycan beynəlxalq prnisiplərə istinad edərək öz milli adətlərinə uyğun şəkildə sosial tolerantlıq siyasətini həyata keçirir. Burada "tolerantlıq" termini çox əsrlik tarixə malik dinlərarası və millətlərarası birgə yaşayış təcrübəsinə əsaslanır. Əsrlər boyu müxtəlif xalqların, millətlərin, dinlərin mövcud olduğu, mədəniyyətlərin birləşdiyi bir ölkə olmasına baxmayaraq, Azərbaycanda heç bir zaman dini zəmində qarşıdurmaya, qarşılıqlı nifrətə yer verilməyib. Bu amillər Azərbaycanın müasir həyatında da öz əksini tapır. Azərbaycan Qərb və Şərq, Qərb və İslam dünyası arasında bir körpü rolunu oynayaraq, mədəniyyətlər və svilizasiyalar arasında dialoqa böyük əhəmiyyət verir. Azərbaycanda islam, xristianlıq və iudaizm kimi ənənəvi dinlər mövcuddur. VII əsrin əvvələrində Ərəbistan yarımadasında yaranmış islam dini tezliklə dünyanın böyük bir hissəsinə yayılmışdı. Azərbaycanın islamlaşması erkən fütuhatları ilə başlanmışdır. Bu tarix hicrətin 18-ci ilinə aiddir. Burada islam cərəyanları şiə-imamlar, sünni-hənəfi və şafilər kimi təmçil olunur. Ölkədə 1800-ə yaxın məscid, o cümlədən, "Təzəpir", "Bibiheybət", "Ağdam", "Əjdərbəy", "Buzovna", "İmam Hüseyn", "Maştağa" və s. mövcuddur. Ən məşhur məscid isə dünyanın ən qədim məscidlərindən biri hesab edilən və 1270-ci ildə inşa olunan Şamaxı Cümə məscididir. Müsəlmanlar ölkə əhalisinin 96 faizini təşkil edirlər. Tarixçilər yəhudilərin Azərbaycanda yaşamasının təxminən iki min il yaşı olduğunu qeyd edirlər. Azərbaycanda məskunlaşmış yəhudilərə qarşı nə tarixən, nə də müasir dövrdə heç bir düşmən münasibət faktı aşkarlanmayıb. Bu da yerli əhalinin tarixi ənənəyə əsaslanan etnik konfessiyalara dözümlülük səbəbindən irəli gəlir. Buna sübut kimi Quba rayonunda yerləşən məşhur "Qırmızı qəsəbə"də 1920-ci ildə 11 sinaqoqun olması faktdır. Burada indiyədək təxminən 4000 dağ yəhudisi yaşayır. Bu qəsəbə bütün postsovet məkanında yəhudilərin kompakt şəkildə yaşadığı yeganə yerdir. Bu gün Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinaz (avropalı) yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Dini icmaların verdiyi məlumata görə, bütövlükdə ölkədə yəhudilərin sayı 16000-dir. Xristianlığa gəldikdə isə demək olar ki, Azərbaycanda xristianlıq təxminən 1700 il bundan əvvəl yaranıb. Sonralar ölkə əhalisinin əksəriyyətinin islam dinini qəbul etməsinə baxmayaraq, Azərbaycanda müxtəlif konfessiyaların sülh içində yaşamaq ənənəsi davamlı xarakter alıb. SSRİ-nin süqutundan sonra rus dilli əhalinin ölkədən köçməsi ilə Azərbaycanda pravoslav xristianların sayı azalıb. Lakin xristianlığın bu istiqamətinə etiqad edən əhalinin sayı 200 min nəfərdir. Onlar müxtəlif millətlərin - rusların, ukraynalıların, belorusların və s. nümayəndələridir. Qeyd edək ki, indiki dövrdə mövcud olan və fəaliyyətlərini 28 dekabr 1998-ci il tarixində bərpa etmiş rus pravoslav məbədləri ölkənin Bakı-Xəzəryanı yeparxiyasında birləşdirilib.
Ekspert onu da bildirib ki, Azərbaycan dövləti tolerantlığın inkişafı siyasətini ölkəmizin hüdudlarından kənarda da davam etdirir. Əsasən də bu işləri xarici ölkələrdə fəaliyyət göstərən diaspor və dünyaya yayılan tələbə gənclərin yaratdığı QHT-lər vasitəsilə həyata keçirir: "Ən mühüm təşkilatlardan biri kimi Rusiyada fəal işləyən AMOR, həmçinin UNESCO, DHƏF və digər beynəlxalq humanitar təşkilatlarda da Azərbaycan öz ərazisində yaşayan digər xalqların irsinin qorunub saxlanılması məsələlərinin müzakirəsində fəal iştirak edir.
Qeyd edək ki, mehriban qonşuluq, tolerantlıq və dini dözümlülük sahəsində beynəlxalq təcrübə mübadiləsi naminə 2010-cu ilin aprel ayında Bakıda Ermənistan belə daxil olmaqla dünyanın 5 ölkəsindən təxminən 150 dini liderin toplaşdıqları dinlərarası sammit keçirilib. Sammitdə bütün ermənilərin katolikosu II Qaragin də iştirak edib. Erməni tərəfi Qərbə və Rusiyaya Azərbaycandan "islam təhlükəsi"nin gəldiyini təlqin etməyə, dəfələrlə din amilindən istifadə etməyə cəhd etsə də, Ermənistan-Azərbaycan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi heç bir zaman dini çalara sahib olmayıb. Samitin gedişatı və qəbul edilmiş qərarlar bir daha sübut etdi ki, Azərbaycanda dünyanın müxtəlif ölkələri ilə tarixən formalaşmış mədəni-mənəvi əlaqələrin yalnız qorunub saxlanmasına deyil, həm də bu əlaqələrin yeni keyfiyyət müstəvisində inkişafına nail olunub. Eyni zamanda tolerantlıq siyasətinin həyata keçirilməsində əsas məqsəd ölkənin gənc nəsli ilə işdir. Hazırda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" adlı Dövlət Proqramının bu məsələ ilə bağlı müxtəlif bəndləri üzrə işlər icra olunur. Azərbaycanın tolerantlığın inkişafı sahəsində əldə etdiyi təcrübə bir sıra dünya ölkələrinin də marağına səbəb olub. Qeyd etmək lazımdır ki, dünyada dözümlülük faktlarının sayının artmasına baxmayaraq bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda mədəni və dini müxtəlifliyin unikal tarixi harmoniyası formalaşıb. Azərbaycanın dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevrilib. Bu gün Azərbaycan dünyaya dini tolerantlığı, multikulturalizmin inkişaf modelini, millətlararası münasibətlərin bariz örnəyini nümayiş etdirir və dinlərarası dialoqu aktivləşdirir. Çünki hər hansı bir dözümsüzlüyün qarşısını ala bilmək üçün insanları yalnız dialoq yolu ilə bir araya gətirmək olar. Azərbaycan dövləti son illər konstruktiv mədəniyyətlərarası və dinlərarası dialoq və əməkdaşlıqlara əhəmiyyət verərək həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Beləliklə, Azərbaycanın yenidən müstəqilliyə qovuşmasının çox qısa tarixi olsa da, bu dövrdə əldə etdiyi mühüm nailiyyətlərlə özündə müxtəlif dini mədəniyyətləri birləşdirərək dünyada toderantlıq məkanı kimi tanınır".

Cavid