Vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində Konstitusiyasının qəbulu müstəsna rol oynayıb Layihə

Vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində Konstitusiyasının qəbulu müstəsna rol oynayıb

Dünyada elə bir konstitusiya quruluşuna malik ölkə mövcud deyil ki, onun əsas Qanununa tarixin ən müxtəlif məqamlarında əlavə və dəyişikliklər edilməsin, zamanın və cəmiyyətin tələblərinə uyğun olaraq dəyişikliklərə məruz qalmasın. Konstitusiya xalqın iradəsi ilə qəbul edildiyi üçün əlavə və dəyişikliklərin edilməsində də məhz xalqın rəyi nəzərə alınır. Lakin həmin əlavə və dəyişiklikləri ilk növbədə ictimai inkişaf səviyyəsi diktə edir. Bu mənada hər kəs belə bir həqiqəti qəbul edir ki, Azərbaycan çox sürətlə irəliləyir, böyük iqtisadi uğurlar əldə edir. Bu inkişafın nəticəsində bütün sahələrdə olduğu kimi, həm də ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb etmiş, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri daha da təkmilləşdirilib. Həmin islahatların nəticəsi olaraq hazırda respublikamız dünya dövlətləri içərisində öz müstəqil siyasəti, inkişaf perspektivləri, potensialı və dövlət idarəçiliyinin effektiv təşkili ilə seçilir. Bütün bunlar, heç şübhəsiz ki, Əsas Qanunumuzda növbəti dəfə bir sıra əlavə və dəyişiklərin edilməsini sosial sifariş kimi irəli sürdü və beləliklə 2008-ci ilin dekabrında “Konstitusiyaya əlavə və dəyişiklər edilməsi haqqında” Referendum Aktı ümumxalq səsverməsinə çıxarılaraq qəbul edildi.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib ki, Azərbaycanda yeni siyasi sistemin, o cümlədən vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir. Məhz ümummilli lider vətəndaş cəmiyyəti quruculuğu nüanslarına sadiq qalaraq Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu. Danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Bu baxışın nəticəsi olaraq ölkədə müxtəlif ideologiyalara malik siyasi partiyaların fəaliyyəti bərqərar oldu. Müasir vətəndaş cəmiyyətinin əsas elementi anlamında isə qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib. Artıq QHT-lər milli proqramların hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər ki, bu da ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına dəlalət edən amillərdəndir. Etiraf edilməlidir ki, son zamanlar QHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərirlər. Bunun nəticəsidir ki, artıq çoxsaylı QHT-lər qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində ixtisaslaşıblar. Siyasi hakimiyyət uğrunda mübarizədən çəkinmələri onların birbaşa nizamnamə fəaliyyətinə şərait yaradıb. Bu isə ölkənin demokratikləşməsi prosesində qeyri-hökumət təşkilatlarının rolunu xeyli dərəcədə artırıb.
QHT sədri vətəndaş cəmiyyəti anlayışına toxunub və bildiribki, “vətəndaş cəmiyyəti” anlayışı XX əsrin kəşfi deyil və onun kökləri çox qədimlərə gedib çıxır. Hələ iki min il yarım bundan əvvəl Sokrat deyirdi ki, “insanların şəxsi maraqları ilə cəmiyyətin maraqları arasında olan daimi konfliktləri necə aradan qaldırmaq olar ki, insanlar yaxşı yaşasınlar?” O bunun mümkünlüyünü problemlərin ictimai müzakirəsində və bu müzakirələrin inkar edilməz həqiqətin ortaya çıxmasına qədər davam etdirilməsində görürdü.
Aristotel isə, azad cəmiyyətin iki əsas aspektini önə çəkirdi. Birincisi, cəmiyyətin daha çox hissəsi dövlət idarəçilikdə iştirak etməlidir, ikincisi isə dövlət vətəndaşların həyatına qarışmamalıdır.
Vətəndaş cəmiyyəti ilə bağlı olan sonrakı nəzəri baxışlar da əsasən Aristotelin irəli sürdüyü aspektlərə söykənir. Bu aspektlər isə əslində cəmiyyət ilə dövlət arasında açıq və ya gizli ziddiyyətin olmasından xəbər verir.
Alman filosofu Hegel də qeyd edirdi ki, vətəndaş cəmiyyəti ilə dövlət arasında müxaliflik mövcuddur. Deməli, vətəndaş cəmiyyəti dövlətdən kənarda müstəqil fəaliyyət göstərən və ona potensial müxalif olan cəmiyyətdir.
Digər tərəfdən bu elə bir cəmiyyətdir ki, dövlətin addımbaaddım saflaşması üçün sağlam diskussiya aparmaq gücündə olur. Sovet sistemində, məhz bu mənada, vətəndaş cəmiyyəti ola bilməzdi, çünki dövlət ictimai həyatın bütün sahələrini nəzarətdə saxlayaraq dövlətdən və kapitaldan kənar cəmiyyətin mövcudluğuna imkan vermirdi. Deməli, vətəndaş cəmiyyətinin qurulması hər şeydən əvvəl dövlətdən kənar, başqa sözlə desək, dövlət qurumlarının və ya dövlət mülkiyyətinin idarəçiliyində birbaşa iştirak etməyən, lakin onun fəaliyyətini nəzarətdə saxlamaq gücündə olan insan kütləsinin formalaşmasını nəzərdə tutur. Deməli, vətəndaş cəmiyyəti əslində dövlət ilə birgə bütöv sistemin vəhdətdə və daimi mübarizədə olan iki elementidir. Göründüyü kimi “vətəndaş cəmiyyəti” anlayışı çox cəlbedici və imitasiya edilmək üçün həssas anlayışdır. Nəzərə almaq lazımdır ki, vətəndaş cəmiyyətinin qurulması cəmiyyətin dayanıqlı inkişafı üçü hansı dərəcədə vacibdirsə, onun imitasiyası bir o qədər təhlükəli və tərəqqi üçün ziyanlıdır.
Vətəndaş cəmiyyəti, hökümətə və özəl sektora daxil olmayan, ortaq dəyərlər və maraqlar naminə birlikdə fəaliyyət göstərən müstəqil qruplar, yaxud təşkilatlar toplumudur. Bu təşkilatların gördüyü işlər aşağıdakı sahələri əhatə edir:
• Sosial xidmət;
• İcma fəaliyyəti;
• Din;
• Elm;
• Yaradıcılıq;
• İdman və s.
Qanunvericilik aktları, inzibati qaydalar və təcrübə beynəlxalq standartlara uyğundur və vətəndaş cəmiyyətinin fəaliyyətinə zəmanət verir. Vətəndaş cəmiyyəti subyektlərinin ədalət məhkəməsinə, müstəqil və səmərəli insan hüquqları təsisatlarına və beynəlxalq insan hüquqları mexanizmlərinə çıxışı həmin fəaliyyət sahəsinin ayrılmaz hissəsini təşkil edir. Səmərəli qanunlar və siyasət prinsipləri həyati vacib məsələlər olsa da, düzgün həyata keçirilmədikdə səmərəsiz olacaqdır.
F.Kərimov vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqəsi olan beynəlxalq hüquqi standartlara da toxunub. Bildirib ki, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün təhlükəsiz və əlverişli şərait insan hüquqları sahəsində beynəlxalq standartlara əsaslanan etibarlı milli hüquqi baza səviyyəsində dəstəklənməlidir. İfadə azadlığı, birləşmək, dinc toplaşmaq və dövlət işlərində iştirak etmək hüququ insanlara müsbət dəyişikliklər naminə səfərbərlik imkanı verən hüquqlardır. Hər bir şəxs, fərdi və ya başqaları ilə birlikdə, bu hüquqlardan yararlanmalıdır. Onlar vətəndaş fəaliyyətinin əsasını təşkil edirlər. İnsan hüquqları üzrə əsas beynəlxalq sənədlərin əksəriyyəti ictimai azadlıqların müdafiəsi ilə birbaşa əlaqəsi olan və ayrı-seçkiliyə yol verməməklə bağlı bütün prinsiplərə istinad olunan müddəaları özündə birləşdirir:
• İnsan hüquqları haqqında ümumi Bəyannamə (19, 20, 21-ci maddələr);
• Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt fikir və fikri sərbəst şəkildə ifadə etmək, dinc məqsədlə toplaşmaq və birləşmək, və ictimai həyatda iştirak azadlığı hüquqlarını təmin edir (19, 21, 22, 25-ci maddələr);
• İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt həmkarlar ittifaqları yaratmaq və onlarda iştirak etmək, həmçinin mədəni həyatda iştirak etmək hüququnu təmin edir (8, 15-ci maddələr);
• Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya qadınların hüququ, siyasi, iqtisadi və mədəni həyatda iştirak etmək hüququnu təmin edir (maddə 3);
• İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya ifadə azadlığı, dinc toplaşmaq və birləşmək və ictimai işlərdə iştirak etmək hüququ ilə bağlı ayrı-seçkiliyi qadağan edir (maddə 5);
• Uşaq hüquqları haqqında Konvensiya ifadə, birləşmək və dinc toplaşmaq azadlığı hüququnu təmin edir (13, 15-ci maddələr);
• Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya fikir və sərbəst ifadə azadlığı, informasiyaya çıxış əldə etmək hüququ, siyasi və ictimai həyatda, eləcə də mədəni həyatda iştirak hüququnu təmin edir (21, 29, 30-cu maddələr);
Bütün şəxslərin zorakı itməkdən qorunması haqqında Beynəlxalq Konvensiya zorakı itmə şəraitinin və itmiş şəxslərin taleyinin müəyyənləşdirilməsinə yardım göstərməklə məşğul olan təşkilatlar və assosiasiyalar yaratmaq və bu cür işləri həyata keçirən təşkilatların və assosiasiyaların işində sərbəst şəkildə iştirak etmək hüququnu nəzərdə tutur (maddə 24); və
• Bütün işçi-miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə dair Beynəlxalq Konvensiya birləşmək azadlığı hüququnu təmin edir (maddə 26)
Dövlətlər ifadə, birləşmək, toplaşmaq azadlıqlarını və ictimai işlərdə iştirak etmək hüququnu təşviq etmək qorumaq üçün məsuliyyət daşıyır. VCS-lər BMT-nin insan hüquqları sistemi və digər subyektlərlə birlikdə bu öhdəliklərin yerinə yetirilməsində dövlətlərə kömək edə bilər. VCS-lərə qarşı təqib, hədə-qorxu və repressiyalar kimi bu cür fəaliyyətlərə təcili diqqət yetirilməli olduğu halda, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün normativ və qanunvericilik xarakterli maneələri aradan qaldırmaq prosesləri dəyişikliklərin həyata keçirilməsi üçün adətən uzun vaxt tələb edir. Bu zaman, nəzərdən keçirilən hər bir hala uyğun BMT mandatı və ya mexanizmindən istifadə etmək zəruridir. Bu və ya digər vəziyyətdə müsbət nəticələrə təsir imkanı kollektiv səylərə əsaslanır və adətən çoxsaylı subyektlərin (yerli ictimaiyyətin, digər vətəndaş cəmiyyəti subyektlərinin (yerli və beynəlxalq), milli insan hüquqları təsisatlarının, KİV-lərin, dövlət rəsmilərinin, siyasətçilərin, digər ölkələrin, eləcə də regional və beynəlxalq ictimaiyyətlərin) səfərbər edilməsi ilə şərtlənir. VCS-lərin BMT-nin İnsan Hüquqları sistemi ilə qarşılıqlı əlaqəsi dəyişiklik çağırışlarını artırma və gücləndirmək üsuludur. Bu cür qarşılıqlı təsir vətəndaş cəmiyyətinin fəaliyyət məkanının təşviq və müdafiəsi üçün təbliğat strategiyasının ümumi effektiv elementlərindən biridir.

Cavid