İşğal olunmuş ərazilərdə ağır ekoloji durum Layihə

İşğal olunmuş ərazilərdə ağır ekoloji durum

Xanhüseyn Kazımlı: "Ölkəmiz mənfur qonşularımızın törətdiyi ekoloji terrordan əziyyət çəkir"

III yazı

Millət vəkili, İşçi Qrupun rəhbəri, professor Xanhüseyn Kazımlı bildirib ki, hər hansı bir ölkə tərəfindən və yaxud şəxslər tərəfindən bilərəkdən, düşünülmüş surətdə digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyan ekoloji terror hesab edilir: "Artıq neçə illərdir ki, ölkəmiz mənfur qonşularımızın törətdiyi ekoloji terrordan əziyyət çəkir. Hazırda Ermənistanın Azərbaycana qarşı apardığı terror müharibəsi, aktiv silahlı mübarizə formasından "soyuq terror müharibəsi" fazasına transformasiya olunaraq, müxtəlif üsullarla həyata keçirilir. Ermənistanın Azərbaycana qarşı yürütdüyü bu terror siyasəti ideoloji, elmi, mədəni, mənəvi, informasiya, sosial sahələri əhatə etməklə, bir növ kiberterror səviyyəsinə çatdırılıb. Ermənistan Azərbaycan ərazilərini işğal etməklə və qəsdən ekoloji terrora üstünlük verməklə bütün bəşəriyyət qarşısında məsuliyyət daşıyır. Müasir dövrdə beynəlxalq təşkilatlarda, həmçinin respublikamızda terrorizmə qarşı mübarizəni gücləndirmək məqsədilə bir sıra normativ, hüquqi və təşkilati sənədlər qəbul edilib, xüsusi əhəmiyyətli,yüksək təhlükəlilik dərəcəli obyektlərin qorunması məqsədilə antiterrorizm tədbirləri hazırlanaraq həyata keçirilməkdədir. Azərbaycan sosial-iqtisadi sahədə sürətlə irəliləməklə yanaşı, həm də beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edən dövlətlərdən biridir. Çünki terrora və işğala məruz qalan ölkə olaraq Azərbaycana dəyən maddi-mənəvi ziyanın miqyası həddən artıq böyükdür. Bu itkilərin həqiqi ölçülərini ortaya qoymaq üçün Azərbaycan hökuməti tərəfindən 26 aprel 2014-cü il 51 saylı sərəncamla yaradılan "Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrup" qarşısında olduqca mühüm vəzifələr durur.
Yeri gəlmişkən qeyd edək ki, öz təsnifatı üzrə bütün itki və tələfatları əhatə edən hesablamalar "Beynəlxalq Qiymətləndirmə Standartları"nın tələblərinə uyğun, həm də səlahiyyətli xarici ekspertlərin iştirakı ilə aparılacaqdır. Həmin ekspertlərin əsas tərkibi beynəlxalq sertifikatı olan hüquqşünaslardan və qiymətləndiricilərdən ibarət olacaq. Hərbi ekologiya və terrorizm nəticəsində Azərbaycana dəyən itkilər və tələfatların bu təsnifatda xüsusi çəkisi vardır. İşğal olunan ərazilərdə Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ətraf mühitin zəhərlənməsindən nəinki Azərbaycan, həm də qonşu ölkələr - İran, Türkiyə, Gürcüstan və Rusiya da əziyyət çəkməkdədir. Bu mənada ekoloji terrorizmin qarşısının alınması, əhalinin ekoloji təhlükəsizliyinin mühafizəsi və ətraf mühitin qorunması həm də bütün bəşəriyyətin sağlam yaşaması üçün şəraitin təmin edilməsi deməkdir".
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti öz mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir. 1988-ci ildən başlayaraq ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda bütün yaşayış məntəqələrinin, şəhər və kəndlərin dağıdılması, dinc əhaliyə divan tutulması, eyni zamanda, bitki və heyvanlar aləminin də məhvi ilə müşayiət olunurdu: "Hamıya məlumdur ki, Ermənistan bütövlükdə Qafqaz regionunda etnik təmizləmə siyasətini yürüdən işğalçı dövlət olmaqla yanaşı, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə xidmət edən bir dövlətdir. İşğal olunmuş ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitə vurulan ziyan regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. Yüzlərlə yaşayış məntəqəsi ermənilər tərəfindən qarət edilərək dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri tamamilə sıradan çıxarılıb, dəmir yolu xətləri sökülərək yararsız hala salınıb. Hazırda da erməni tərəfi döyüş mövqelərində və hərbi hissələrin yerləşdiyi ərazilərdə ətraf təbii mühitin mühafizəsinə dair qəbul olunmuş beynəlxalq normativ hüquqi sənədlərə və qanunlara məhəl qoymur. Hətta işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, çoxillik qiymətli ağacların kəsilməsi və daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus hərbi texnikadan geniş istifadə edilir. Özü də meşələrin qırılması yalnız hərbi məqsədlər üçün deyil... Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə rayonu istiqamətində Talış, Gülüstan, Baranbart, Tonaşen meşələrində, habelə Azərbaycana məxsus Araz çayı boyu ərazilərdə 1000 hektar sahədə Xan çinarı, Eldar şamı, fıstıq, saqqız ağacı, palıd və digər çoxillik ağac növləri amansızcasına qırılmaqdadır. Azərbaycan ərazilərindəki döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi zamanı da çəkilən yollar altında qalan yenə saysız-hesabsız nadir ağac növləridir. Faktlara müraciət edək: Ərazisi 25 min km2 olan Laçın meşələri ermənilər tərəfindən xarici şirkətlərə icarəyə verilib və həmin sahələr Ermənistan silahlı qüvvələrinin vasitəçiliyi ilə qırılaraq daşınır. Bu meşələrdəki 4000 hektardan artıq qırmızı palıd hazırda ermənilər tərəfindən amansızlıqla doğranaraq müxtəlif ölkələrə satılmaqdadır. Həmin meşələrdəki təbii halda bitən külli miqdarda iri qoz ağacları da qırılaraq mebel istehsalı üçün qonşu dövlətlərə daşınır. Bundan əlavə, 250 min hektar meşə sahəsi nüvə tullantıları ilə çirkləndirilib.
Ermənistan silahlı qüvvələrinin hərbi fəaliyyəti nəticəsində ətraf təbii mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki, balıq və heyvan növləri məhv edilir, flora və faunaya külli miqdarda ziyan vurulur, Tez-tez təmiz su mənbələrinin kimyəvi çirklənməsi baş verir, çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanır, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilir. Digər tərəfdən, Azərbaycan ərazilərindəki döyüş mövqelərində hər gün nə qədər canlı minaların partlaması nəticəsində də məhv olur. Beləliklə, həm torpaq örtüyünün, ekologiyanın, həm də bütün regionun zərərinə olan proseslər baş verir.
Məlumdur ki, respublikamızda 126,6 milyon kubmetr oduncaq ehtiyatı mövcuddur. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində 247 352 hektar meşə sahəsi (Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin 3 oktyabr 2005-ci il tarixli məlumatı) qalıbdır ki, bu da Ermənistanın bütün meşələrinin 55 faizindən artıqdır. Bütövlükdə Azərbaycan meşələri isə Ermənistan meşələrindən 2,5 dəfə çoxdur. Bu meşələri təşkil edən Cəbrayıl rayonundakı yaşı 500-800 illə ölçülən Şərq çinarları da artıq məhv olmaq üzrədir. Kiçik Qafqazın aşağı hissəsində - Mehri, Zəngilan və Qubadlı rayonları ərazisindəki meşələrlə yanaşı, bu yerlərin əbədi "sakin"ləri olan dağ keçisi, cüyür, qaban, ayı və digər vəhşi heyvanlar kütləvi şəkildə ovlanaraq məhv edilməkdədir. Hazırda işğal altında olan Şuşa, Kəlbəcər və Ağdərə rayonlarının meşələrindəki nadir qırmızı palıd, fıstıq, qırmızı şam, göyüş, çinar, qoz, ayı fındığı və digər dekorativ ağac növləri də ermənilər tərəfindən qırılaraq mebel sənayesi üçün müxtəlif ölkələrə daşınmaqdadır. Bu rayonlarda həm də 152 ədəd qiymətli ağac növü, 13197, 5 ha nadir meşə sahələri, 5 ədəd geoloji obyekt, müxtəlif tarixi abidələr mövcud idi. Çoxsaylı mənbələrdən alınan məlumatlara əsasən, hazırda Azərbaycana məxsus həmin sərvətlər vəhşicəsinə məhv edilir.
Hamıya məlumdur ki, işğal altındakı ərazilərdə respublika və dünya miqyaslı abidələr vardı. Onlardan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidələri kimi UNESCO-nun siyahısına düşsə də, indi bu nadir abidələr erməni vandalizmi nəticəsində başqa abidələr kimi yararsız vəziyyətdədir. Eyni taleyi işğal altındakı digər abidələr də yaşamaqdadır. Belə ki, vaxtilə Şuşa rayonunda 190 hektarlıq qoruq zonasında 235 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları qeydə alınmışdırsa, indi onların varlığı belə sual altındadır".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərindədir: "Məlum olduğu kimi, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, onların da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyəti vardı.
İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən hərbi təlimlərdə, hərbi təyinatlı taktiki dərslərdə xüsusi növ, həm də olduqca zəhərli döyüş sursatlarından istifadə edilir ki, onların da tərkib hissəsi əsasən müxtəlif növ zəhərli kimyəvi maddələr və birləşmələrdən ibarətdir. Bu kimyəvi maddə və birləşmələrin təsir gücü təkcə Azərbaycanın ətraf təbii mühiti üçün deyil, Gürcüstan və digər qonşu dövlətlər, eləcə də Ermənistanın özü üçün, oradakı flora və fauna üçün də təhlükəlidir.
22 ildən artıqdır ki, işğala məruz qalan Azərbaycan ərazilərindəki meşələrdə və quru otlaq sahələrində yanğınların baş verməsi də adi hala çevrilib. Yanğınlar adətən odlu silahlardan açılan atəş və minaların partlayışı nəticəsində baş verir. Yanğınlara nəzarət edilmədiyindən nəinki Azərbaycanın, hətta bütün Qafqazın təbii mühitinə, meşə təsərrüfatına, bitki və heyvanlar aləminə böyük ziyan dəyir..."

Əli