Karikatura sənətində tənqid Layihə

Karikatura sənətində tənqid

"Molla Nəsrəddin" jurnalında Azərbaycanda karikatura məktəbinin təməl daşı qoyulub

Dünyanın ən sanballı jurnallarından olan "The New Üorker"da "Molla Nəsrəddin" jurnalına həsr olunan "Demək olar dünyanı dəyişmiş jurnal" adlı məqalə çap olunub. Məqalə müəllifi Elizabet Minkel "Molla Nəsrəddin" jurnallarından ibarət kitabın necə böyük təsir gücünə malik olduğunu göstərmək üçün yazır: "Evimə gələnlərin hamısı kitabın parlaq narıncı cildini görən kimi götürüb baxır və təxminən 20 dəqiqəliyinə kitab "yoxa çıxırdı". Həmin adamların hamısı kitabı gözdən keçirəndən sonra ev yiyəsindən "Kitabı oxumaq üçün apara bilərəmmi?" deyə soruşub. Müəllif "Molla Nəsrəddin" karikaturalarından ibarət olan və ingiliscə buraxılan kitab haqda daha sonra yazır: "Kitabı mənə verəndə bilmədim ki, harasından başlayım. Bu, 200 nəhəng, parıltılı səhifədən ibarət kitabda gözəl, amma mənim üçün tamamilə yad olan, dərhal müəyyənləşdirə bilmədiyim yer və dövrün kişi və qadınlarının əks olunduğu illüstrasiyalar vardı". Minkel qeyd edir ki, kitabla ilk tanışlığı Bakıda Qız qalasına yaxın bukinistdə başlayıb. "Molla Nəsrəddin" jurnallarının toplandığı kitab öz ölçüsü, çəkisi, çap keyfiyyəti və parlaq rəngləri ilə sovet dövrünün boz kitab yığını arasında seçilirmiş.
"Molla Nəsrəddin" jurnalının az vaxt ərzində məşhurlaşmasında "Mollanəsrəddinçi" rəssamların xüsusi rolu olub. Məlumdur ki, Azərbaycanda karikatura sənətinin tarixi XX yüzilin əvvəllərinə təsadüf edir. "Molla Nəsrəddin" jurnalı 1906-cı ildə nəşrə başlayandan sonra Azərbaycanda karikatura sənəti yaranmağa və inkişaf etməyə başladı. Təsadüfi deyil ki, "Molla Nəsrəddin" jurnalı məhz Təbrizdə çıxan dövrdə karikatura sənəti İranda geniş yayılmağa başladı. Həyatın eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili eybəcərliklərdən islah edilməsi istəyi karikatura sənətinin başlıca tələblərindəndir.
"Molla Nəsrəddin"in qurucusu və ideyavericisi olan böyük yazıçı Cəlil Məmmədquluzadə jurnalın cəlbedici, özünəməxsus çıxması üçün çox axtarışlar aparırdı. Onun felyetonlarının mövzusuna, ümumən jurnalın qayəsinə uyğun karikaturaçı-rəssamlar axtarıb tapması bu baxımdan çox uğurlu alınmışdı. İlk "Molla Nəsrəddin"çi rəssamlardan biri olan alman rəssamı Oskar Şmerlinqin bu mənada jurnalın populyarlaşmasında mühüm xidmətləri var. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının tanınmış araşdırıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinə həsr olunmuş kitabların, çoxsaylı elmi əsərlərin müəllifi, akademik İsa Həbibbəylinin Oskar Şmerlinqin həyat və yaradıcılığı ilə bağlı araşdırmaları diqqətəlayiqdir. Oskar Şmerlinqin "Molla Nəsrəddin" məcmuəsini bəzəyən məşhur karikaturaları jurnalın xəttini, məqsədini, məramını gözəl ifadə edirdi. İsa Həbibbəyli belə bir fikirdədir ki, ilk karikaturalarından etibarən Şmerlinq cəmiyyət həyatının müxtəlif sahələrinə özünün obyektiv tənqidi münasibətini ifadə etməyə çalışıb: "Çox maraqlıdır ki, Cəlil Məmmdquluzadə "Molla Nəsrəddin" jurnalının nəşrinə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığı üçün jurnal üçün rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb yaradan alman rəssamı Şmerlinqi dəvət edib. Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini təmənnasız surətdə qəbul edib. Oskar Şmerlinq 1906-1917-ci illərdə "Molla Nəsrəddin" jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib. "Molla Nəsrəddin" jurnalının aparıcı ideyalarını
əks etdirdiyindən onun rəsm əsərləri əksər hallarda jurnalın birinci səhifəsində, yəni üz qabığında özünə layiqli yer tapıb. Milliyyətcə alman olmasına baxmayaraq Oskar Şmerlinq Azərbaycan mühiti və mənşəyini, azərbaycanlıların həyatını və psixologiyasını dərindən öyrənib. Şmerlinqin nadir fırçasının məhsulu olan "Sizi deyib gəlmişəm", Qafqazda mədrəseyi-ruhaniyyə", "Niyə məni döyürsünüz?", "Molla Nəsrəddin", "İran sərhəddindən", "Xabi-qəflət", "Müsəlman məclisində rus zabiti", "Məhəmmədəli şahın Təbrizdən çıxması" və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlib".
"Molla Nəsrəddin" jurnalının ilk sayının üz qabığındakı məşhur karikaturanın müəllifi kimi Oskar Şmerlinq həm də "Molla Nəsrəddin"in bədii obrazını yaratmaqla bu obrazın təkcə Azərbaycanda deyil, bütün Şərq aləmində qəbul edilməsinə nail olur. Bu cəhəti xüsusilə nəzərə çarpdıran İsa Həbibbəyli yazır ki, "Molla Nəsrəddin"in bədii obrazını ilk dəfə və çox mükəmməl şəkildə Oskar Şmerlinq yaradıb: "Şmerlinqin çəkdiyi Molla Nəsrəddin portreti uzun illər müxtəlif süjetlərlə birlikdə ayrı-ayrı vəziyyətlərdə "Molla Nəsrəddin" jurnalında çap olunub. Şmerlinqin yozumunda Molla Nəsrəddinin müdrikliyi və uzaqgörənliyi, yüksək vətəndaşlıq keyfiyyətləri böyük məharətlə canlandırılıb. Onun rəsmlərində Molla Nəsrəddinin daxili aləmi ilə yanaşı zahiri əlamətləri də milli kaloritə, Şərq adətlərinə uyğun şəkildə təsvir edilib. Bir sözlə, Azərbaycan xalq satirasının baş qəhrəmanı Molla Nəsrəddinin portreti alman rəssamı Oskar Şmerlinqin kəşfidir".
Karikaturaçı-rəssam Bayram Hacızadənin fikrincə, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalı istedadlı şair və yazıçılarla yanaşı karikaturaçı rəssamlara da öz sözlərini demək üçün geniş imkanlar açdı: "1906-1917-ci illərdə jurnalın ilk baş rəssamı olmuş O.Şmerlinq Mirzə Cəlillə dost və həmfikir idi. Bu istedadlı insanlar ölkədə baş verən ictimai-siyasi hadisələrə öz tənqidi münasibətləri ilə seçilən digər rəssam-ştrix şəklin ustası kimi tanınan İosif Rotteri də əməkdaşlığa cəlb etdilər. O zamanlar çap olunan "Kəlniyyat", "Məzəli", "Zənbur", "Baraban" və başqa satirik jurnallarda karikaturaçı-rəssam kimi fəaliyyət göstərən gənc rəssam Əzim Əzimzadə jurnalın ilk nömrəsindən "Molla Nəsrəddin"lə əməkdaşlıq etməyə başlayır. Bununla da Azərbaycanda karikatura məktəbinin təməl daşı qoyulur.
"Molla Nəsrəddin" bu istedadlı rəssamların sayəsində çoxluq təşkil edən savadsız əhalinin şəkillərinə baxa biləcəyi bir rəngli toplu idi. Tiflis Rəssamlıq Məktəbinin şagirdi Xəlil Musayev, Rəfael Telenqater, A.İbrahimzadə, Yusif Vəzir Çəmənzəminli, jurnalı Təbrizdə çap olunduğu müddətdə rəssam Səid Əli Behzat və başqaları jurnalın sovet dövrünə qədərki zamanında saysız-hesabsız əsərləri ilə çıxış etmişdilər. 1917-ci ildə "Molla Nəsrəddin" jurnalının baş rəssamı kimi çalışan Ə.Əzimzadə ətrafına Qəzənfər Xalıqov, İsmayıl Axundov, Əmir Hacıyev, Hüseyn Əliyev kimi istedadlı rəssamları cəlb etmişdi".
Əslən Güney Azərbaycandan olan tanınmış folklorşünas-alim Məhəmmədəli Fərzanənin zəngin folklor yaradıcılığında topladığı "Molla Nəsrəddin lətifələri", habelə Cəlil Məmmədquluzadənin farscaya tərcümə etdiyi əsərləri tarixi "Molla Nəsrəddin" toplusunun, oradakı karikaturaların İranda yayılmasına, ardıcıl olaraq təsir yaratmasına təkan verib.
Rəssamlıqda, xüsusən də karikatura sənətində eybəcərliyə gülüş ifrat həddə ifadəsini tapıb, indi də belə nümunələr yaranır. Əsil gülüş insanın istənilən vəziyyətlərdə nikbin qalmasına yardımçı olur, onu naşı, hərcayi gülüşlərdən qoruyur. Bu mənada Azərbaycanda ciddi yaradıcı, incəsənətin müəyyən sahələrinə təsir edən gülüşün yaranması və inkişafında "Molla Nəsrəddin"in müstəsna xidmətləri var.
Rəssam, heykəltəraş, qrafik, karikaturaçı Mir Teymur Məmmədovun fikrincə, Azərbaycanda karikaturanın atası Əzim Əzimzadədir: "Əzim Əzimzadə insanları karikaturaları ilə yandırırdı. Çünki o, karikaturanı ironiya ilə işləmirdi, daha çox sosial karikaturalar çəkirdi. Əzimzadə karikaturları rəsm kimi işləyirdi. Onun karikaturalarına baxanda adamların necə geyindiyini, qoyunun necə kəsildiyini, qoyunun ayağının necə bağlandığını görürük. Çox dəqiq rəssam idi və xoşlayırdı ki, rəsmlərində dəqiqlik olsun. İndiki rəssamlarda isə ancaq xətt və ideya var. Bəzən rəsm özü aşağı səviyyəli, ideyası isə o qədər güclü olur ki, insanı güldürür. "Kirpi" jurnalında insanlar bizə ideya göndərirdilər. Jurnalda ideya şöbəsi vardı, məktublar qəbul edirdik. Oxucuların ideyalarını müxtəlif rəssamlara paylayırdıq. Baxırdım bu ideya hansı rəssama uyğundur. Çağırırdım ki, gəl, sənin üçün mövzu var, götür işlə. Karikaturanın altında da yazılırdı: mövzu filankəs, rəssam filankəs. Çox adam elə bilir ki, karikaturada hökmən burun böyük, göz balaca olmalıdır. Bu, karikatura deyil. Yaxşı karikaturaçı yaxşı rəssam, yaxşı qrafik olmalıdır. Karikaturaçının iti gözü, möhkəm əli olmalıdır. Hər adam da karikaturaçı ola bilməz".
Karikaturaçı rəssam Bayram Hacızadənin bildirdiyinə görə, karikatura özlüyündə tənqid olsa da, əksər hallarda onunla məşğul olanlar yüksək yumor hissinə malik insanlardır. "Halbuki, karikaturalarına baxırsan, qara yumordur (biz bunu belə adlandırırıq). Hətta inana bilmirsən ki, bu, həmin insanın düşüncəsinin məhsuludur. Son illərin təcrübəsi göstərdi ki, karikatura həm də dinləri, millətləri üz-üzə qoya bilir. Əslində, hər bir halda karikatura mədəniyyətləri birləşdirməyə, insanlar arasında körpü olmağa xidmət etməlidir. Amma təəssüf ki, bəzən bunun əksini müşahidə edirik. Mən deyə bilmərəm bunun arxasında nə dayanır. Amma məncə, təsadüfi adamlar karikatura çəkməməlidirlər. Karikaturaçı çəkdiyinin məsuliyyətini dərk eləməlidir. Digər insanlar üçün inam, inanc yeri olan obyektləri tənqid etmək olmaz. Bu, fəsadlar törədir. Ona görə müəyyən çərçivələr gözlənməlidir".
Karikaturaçı rəssamın bildirdiyinə görə, karikatura mürəkkəb sahədir və min boyakar rəssamla müqayisədə karikaturaçı rəssamlarımızın sayı 15 və ya 20 nəfər həddini aşmayıb: "Karikatura tək rəssamlıqla bitmir. Karikatura jurnalistikadır, intellektdir, müasirlikdir. Yəni, hansısa bu və ya digər sahəyə tez reaksiya vermək bacarığıdır". Karikaturanın inkişafı üçün bir neçə addımların atıldığını bildirən Bayram Hacızadə dediyinə görə, jurnal nəşri sahəsində vəziyyətin o qədər yaxşı olmadığını və "Molla Nəsrəddin", "Kirpi" ənənələrinin bu gün istənilən səviyyədə qorunub saxlanmadığını vurğulayır: "Tək Azərbaycanda yox, istənilən Avropa ölkələrində bu problem yaşanır. Satirik jurnalların sayı azalıb, mətbuatda karikaturaya yer az verilir, Karikaturaçı rəssamların maddi durumu aşağıdır. Müasirlik, kompüter, İnternet, televiziya karikaturanı müəyyən mənada sıxışdırıb. Amma hər bir halda bu janr yaşayır".

Ülviyyə Tahirqızı