İran-Qərb bazarlığı: Güney Azərbaycanın aqibəti necə olacaq? Güney Azərbaycan

İran-Qərb bazarlığı: Güney Azərbaycanın aqibəti necə olacaq?

“Yaxın gələcəkdə bölgədə hakim siyasi iradə Güney Azərbaycan türkləri olacaq”

İrana qarşı beynəlxalq sanksiyalara yumşalır. İslam respublikasının yeni prezidenti Həsən Ruhani sələfindən fərqli olaraq ölkəsini siyasi dalandan çıxarmağa başlayıb. İranla Qərb anlaşmasının nəticəsi olaraq ABŞ və AB İran üzərindən sanksiyaları götürür. Bazar ertəsi İranla "Böyük altılıq" arasında əldə edilən razılaşma qüvvəyə minib. Bu razılaşma çərçivəsində İran üzərindən qismən beynəlxalq sanksiyalar götürülüb. MAQATE-nin hesabatına əsasən, İran uranın 20 faiz zənginləşdirilməsini dayandırıb. ABŞ və AB razılaşmanın özlərinə aid hissəsini yerinə yetirməyə başlayıb. Bu razılaşmaya əsasən, İran üzərindən sanksiyaların bir qismi götürülüb. O cümlədən, İran neftinin nəqlinə və neft məhsullarının ixracına qadağa aradan qaldırılıb. Ümumilikdə, ABŞ və Avropa Birliyi İranın 4,2 milyard dollar həcmində dondurulmuş aktivləri üzərində sanksiyası götürüb. Sanksiyalar altı ay müddətinə dayandırılıb. Bu müddət ərzində müvafiq müqavilələr yerinə yetirilməlidir. İranın ABŞ və müttəfiqləri ilə anlaşması regionda sülh və sabitliyin təmin edilməsi üçün yaxşı haldır. Amma anlaşma fars hakimiyyətinə qeyri-farsları, o cümlədən Güney Azərbaycan türklərini əzməyə imkan yaradacaq. DAK yetkilisi Səftər Rəhimli deyir ki, məsələnin bu tərəfi narahatlıq doğurur: "İranla hansı bazarlıqlardan sonra ABŞ və AB tərəfindən İrana yönəlik "xoşməramlı" addımlar atılmağa başlanıldı? Anlaşmalarda tarixi ədalətsizliyin ortadan qalxması üçün, azadlıq mücadiləsi verən Güney Azərbaycanın taleyi necə müəyyənləşdi? Bu iki sual bizi çox rahatsız edir. Son zamanlar başımız üzərində cərəyan edən siyasi bazarlıqlarda nələr olduğunu bilməsək də, Güney Azərbaycan Milli Hərəkatının öndə gedən liderlərinə qarşı təyziq və təhdidlərin güclənməkdə, həps olunanların sayının günü-gündən artmaqda olduğunu müşahidə etməkdəyik. Urmiya gölü ətrafından Azərbaycan türklərinin kütləvi şəkildə köçürülməsi layihəsini yaxından izləyirik. İran adlanan yerin mövcud yonətimi bölgəyə kürdlərin köçürülməsini bir başa özü təşkil edir. Ən maraqlısı isə, bu il İran adlanan yerin "dini " lideri bayram münasibətiylə burada yaşayan xalqları iki dildə: fars və kürd dilində təbrik etdi". S. Rəhimli hesab edir ki, İran hökumətinin Qərb supergücləri ilə anlaşması Güney Azərbaycan türklərini çəkindirməməli, Milli Qurtuluş Hərəkatı davam etdirilməlidir. Güney Azərbaycan Milli Oyanış Hərəkatının fəallarından biri, Türkiyədə yaşayan siyasi mühacir Ağrı Qaradağlı deyib ki, molla rejiminin diplomatik manevrləri, Qərblə hər hansı bazarlığı Güney Azərbaycan Milli Hərəkatını qorxutmur: "Milli Hərəkatın hədəfləri var: milli kimlik, ana dili mübarizəsi və Güney Azərbaycanın qurtuluşu. Güney Azərbaycan türkləri azad olana qədər bu savaş davam edəcək. Güney Azərbaycan türklərinin milli şüuru oyanıb. Millətimiz hədəflərini bilir, dostunu, düşmənini gözəl tanıyır. Milli Hərəkat bəzən açıq, bəzən gizli, yeraltı fəalliyyətlə davam edir, hərəfimizə çatana qədər də davam edəcək". GAMOH yetkilisi deyib ki, Güney Azərbaycan Milli Hərəkatının əsas dayağı Azərbaycan xalqıdır, Azərbaycan türkləridir: "Bu hərəkat millətin öz hərəkətidir, heç bir qüvvə ilə bağı, asılılığı yoxdur. Molla rejimi bu gün güclü, arxalı ola bilər. Amma Milli Hərəkat da güclənir və yaxın gələcəkdə Güney Azərbaycanda hakim siyasi iradə Güney Azərbaycan türkləri olacaq".