“Azərbaycan” qəzetinin səhifələrində - 4-cü yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində - 4-cü yazı

Qadınların azadlığı

Əsrlərdən bəri etdiyimiz arzu bu gün Milli Hökumətimiz sayəsində gəlib biz Azərbaycan qızları və qadınlarınıın əlinə çatdı. Keçmiş zorakı, müstəbid və irtica hökumətinin pis fikri və zülmü nəticəsində Azərbaycan qızları və qadınları qaranlıqda qalaraq heç bir hüquqa malik deyildilər. Ancaq neçə yüzillik qara pərdə bu gün yırtılaraq qaranlıqda qalan məzlum qadınların həyatını günəşli və parlaq bir aləmə tulladı və onları da mədəniyyət dünyasının azad hüquqlu qızları və qadınları sırasına sövq etdi və bizim hüquqi azadlığımızın Nizamnaməsini yazıb hazırda icraya qoyan ən birinci amil və qüvvə Azərbaycan Demokrat Firqəsi və onun möhtərəm rəhbərləri olduğundan ürəyimizdən gələn səmimi və uca səs ilə deyirik: “Yaşasın Azərbaycan qadınları və qızlarını azadlığa çıxaran demokrat firqəsi və onun və bizim möhtərəm rəhbərliyimiz!”

Rəna Ənvəri
"Azərbaycan" qəzeti, ADF orqanı, Təbriz, say 112, 29.01.1946
***
Xalqımız öz qəhrəmanlarını təqdir edir

Bu neçə günün ərzində xalqın tərəfindən idarəmizə çoxlu hədiyyələr göndərilmişdir ki, fədailərə verilsin. Bu hadiyyələrə nəzarət etmək üçün çoxsaylı təkliflərin və xahişlərin əsasında idarəmizdə bir komissiya təşkil edildi. Bu hədiyyələr xalqımızın milli ruhunu aydıncasına bizə göstərərək Azərbaycan xalqının da o biri diri və ruhlu millətlər kimi öz qəhrəmanlarına bəslədiyi pak və səmimi münasibəti sübut edir.
Ikinci dünya müharibəsində o biri ölkələrdə də müharibə cəbhələrində mübarizə aparan əsgərlərə bu yolla xalq tərəfindən təqdirəlayiq sevgi göstərildi. Onlar arxa cəbhədə göstərdikləri ayrı ictimai fəaliyyətlərdən əlavə öz məhəbbətlərini göstərmək üçün əsgərlərə hədiyyə göndərirdilər. Bu hədiyyələr corab, köynək, başmaq və ayrı cür geyim və qeyrilərdən ibarət idilər. Bu kimi hədiyyələr hər millətin öz qəhrəmanlarına olan canlı sevgi və istəklərinin təzahürüdür. İdarəmizə gələn hədiyyələrin içərisində cürbəcür qiymətli və ya ucuz əşyalar da vardır ki, əslində hər kəs gümanı gələn bir töhfə ilə öz pak və səmimi hisslərini büruzə verib və azadlığa olan marağını sübuta yetirir.
Bu kimi işlər xalqımızın siyasi və ictimai inkişafından bir nümunədir. Soyuq küləkli gecələrdə çöllərdə yatıb xalqımızın hüququnu almaqdan ötrü qiyam edən qəhrəman fədailər Azərbaycan xalqının nəzərində həmişə əziz olacaq və onların unudulmaz xatirələri bütün xalqımızın ürəklərində özünə yer tapmışdır. Xalqımız fədailəri çox sevinclə qarşılayırlar. Fədailər qiyam etməklə xalqımızın XX əsrə layiq olan hökumətlərini qurub millətimizin müqəddəs arzularını həyata keçirdilər.
Xalqımız indiki azadlığımızı və gələcəkdəki xoşbəxt həyatımızı fədailərə borclu bilməklə bu kiçik hədiyələri verməklə onları təqdir edirlər. Onlar öz sinələrinin üstündə bəslədikləri igid cavanlara bu vasitə ilə istəklərini göstərirlər.
Bu hədiyyələr Azərbaycan xalqının həyat muzeyində böyük və parlaq xatirələrimiz və iftixarlarımız kimi tarix boyu qorunacaqdır.

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 113, 30 yanvar 1946-cı il
***
Bakıdan məktub
Azərbaycan Maarif naziri cənab Məhəmməd Biriyaya

Azərbaycan Demokrat Firqəsi tərəfindən Milli Hökumətin təşkil edilməsi münasibəti ilə bütün firqə üzvlərini alqışlayaraq öz atəşin salamlarımı təbriklərimlə bərabər qəbul etməyinizi rica edirəm. Əziz rəhbərimizdə olan fitri sədaqət və zəka, çox doğru insan və böyük şəxsiyyət Azərbaycanda dağılan və ayaqlar altında tapdalanan zəhmətkeşlərə təşkilat yaradıb, onları mübarizə meydanına hazırlayaraq öz haqlarını alıb və əllərinə keçirilən yollarını göstərib, zülmətdən işığa doğru hidayət edə bildi.
Əziz ustad, sizin aydın və qiymətli əsərləriniz İran xalqının qəflət yuxusundan ayılmasına böyük bir kömək olmuşdur. Beləliklə, ana yurdum Azərbaycanda yaşayan xalqlar sizin təki qəhrəman oğullarla fəxr edir.
Neçə gün bundan öncə Bakıda nəşr olunan “Kommunist” qəzetəsində Azərbaycan Demokrat Firqəsinin nailiyyətlərini oxuyaraq ürəyim sevinməkdən çırpınmağa başladı və şadlığın çoxluğundan özümdə bir həyəcan hiss etdim və ixtiyarsız bu sözlər gözlərimin qabağında göründü:
“Yenə zəfər bizimlədir”.
Əfsus ki, məndə yazıçı və şairlik istedadı olmadığı üçün yaşadığım duyğuları sizə çatdıra bilmirəm. Ancaq bu qələm ilə öz xalqıma və rəhbərlərimə bağlı olan məhəbbətimi bildirib və sizin bu müvəffəqiyyətinizi yenə də təbrik edirəm və ümidim budur ki, sizin rəhbərliyiniz altında Azərbaycanın maarif və mədəniyyəti böyük inkişafa nail olsun, öz ana dilində böyük məktəblərə və institutlara sahib olsun, savadsız və geri qalan cəmiyyət öz ana dilini az müddət içərisində öyrənməyə başlayıb savadlızlığın və cahilliyin zəncirlərini tikə-tikə edib öz həyatlarını elm və savad ilə başa yetirsin.
Biz Azərbaycan tələbələri sizə söz veririk ki, müvəffəqiyyətlə öz təhsilimizi davam etdirib öz xalqımıza, ana yurdumuz Azərbaycanın irəli getməsinə kömək etməyə canla, başla hazır olaq. İki aydan artıqdır ki, biz dərs oxumaq üçün Sovet ölkəsinə gəlmişik. Ancaq bu iki ayda bizə o qədər hörmət və sayğı göstərilib ki, bizi öz qonağımızdan və əziz qonşumuzdan təşəkkür etməyə aciz edibdir. Doğrudan demək olar ki, Sovet ölkəsində bizlərin divarlarımızda yazdığımız “Çörək hamı üçün, maarif hamı üçün, səhiyyə hamı üçün” kimi şüarlar tamamilə yerinə yetirilibdir, xüsusilə də mədəniyyətin inkişafı burada həddən artıq müşahidə olunur. Bizim ümidimiz budur ki, İran və Sovet xalqlarının arasındakı qardaşlıq və böyük mədəni əlaqə sarsılmaz bir əlaqə olsun. Bizim xalqımız da azadlıq yolunda irəliyə doğru addım atıb və atacaqdır.
Sonda rica edirəm, mənim salamlarımı və təbriklərimi cənab Pişəvəri, Badeqan, Xəlil dayı, Çavuşi, Qiyami, İbrahimi, Mirrəhim Vilai və başqalarına yetirəsiniz. Müvəffəqiyyətinizin daha da yüksəlməsini arzu edirəm. Yaşasın böyük Demokrat Firqəsi, yaşasın firqəmizin rəhbərləri, yaşasın birlik! İrtica ünsürlərinə ölüm!
Məhəbbətlə əlinizi sıxıb xudahafizlik edirəm.
Bakı, Bəhrami.

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 113, 30 yanvar 1946-cı il

***
Firqəmiz yeni inkişaf dövrü qarşısında

Şənbə günü yanvar ayının 29-dan başlamış olan firqənin ümumi iclası dünən axşama qədər müntəzəm surətdə davam edib. Bu iclas bütün mərkəzi komitə, mərkəzi təftiş şöbəsi üzvləri, şəhər, vilayəti və yerli komitələrin məsullarının iştirakı ilə olub.
Bu iclasda firqəmizin geridə qoymuş olduğu il, bu yolda atılmış olan yanlış qədəmlər nəzərə alınaraq firqəmizə dayanan Milli Hökumətin quruluşu nəticəsində qabağa gələn yeni dövrdə firqəmizin nə cür hərəkət edəcəyi barəsində də mühüm və əsas göstərişlər verilib.
Bu iclasda firqənin keçmiş hərəkət xətti (platforması – red.) bütünlüklə müzakirə olunub, əldə edilən müvəffəqiyyətlərə və aparılmış düzgün işlərə layiq olan qiymət verilmiş, yanlış addımar, xətalar və səhvlər kəskin tənqid edilib.
Bu iclasda firqə və dövlətə aid olan bütün tənqidlərə icazə verilmiş və söylənilən fikirlərə diqqətlə diqqət olunub. Bu, firqəmizin hansı dərəcədə möhkəm olduğunu aydıncasına göstərir. Gələcək saylarımızda nəşr olunacaq müzakirələrin xülasələrindən bu həqiqəti çox asan görmək olar.
Əsasən keçən nömrələrimizdə nəşr olan Baş nazirimiz və firqə sədrimiz cənab Pişəvərinin, Daxili İşlər nazirimiz doktor Cavidin, firqə sədrinin müavini Badeqanın nitqindən bu məsələni anlamaq asandır.
Bu iclasda keçmişdə görülən işlərin planı və hesabatı qənaətbəxş olaraq qəbul edilməyib.
Əsasən iclasda beş milyon əhaliyə malik olan bir ölkənin gələcək müqəddəratını əlinə almış olan, dünya ictimai fikri və gələcək tarix önündə böyük məsuliyyət və vəzifə daşıyan firqəmizin 40 gün bündan əvvəl başlamış yeni mərhələdəki hərəkət xətti (platforması – red.) barəsində qərarlar alınmış və onların hər biri ayrı-ayrı qərarlar halında nəşr ediləckdir.
Çünki hökumət qurulduqdan bəri firqə istər təşkilati, istər təbliğati və istərsə xalq və dövlət ilə saxlayacağı əlaqələr baxımından yeni bir mərhələyə keçib.
Firqəmizin indiyə qədər keçdiyi yol nə qədər çətin və təhlükəli imişsə, bundan sonra gedəcəyi yol daha da çətin və daha da təhlükəlidir. Baş nazirimizin ümumi siyasət və firqə ilə dövlətin əsas məsələləri haqqında söylədiyi nitqə bir baxışla dövlətin və dövləti doğmuş olan firqənin qarşısında duran vəzifələrin böyüklüyü və əhəmiyyəti daha da aydın gözə çarpar. Bu iclas firqə və dövlətin qabağında duran mənalı və çox əhəmiyyətli olan “Azərbaycan azərbaycanlılarındır” şüarını qoyur.
Firəqmiz Milli Hökumətin quruluşunu təmin edən birinci Müəssislər Məclisini seçmək hazırlıqlarını müvəffəqiyyətlə yerinə yetirmişdir. Amma gələcəkdə milli muxtariyyatımızın əsas dayaqlarını qurmaqda və bütün varlığımızın istinadgahı sayılan Əsas Qanunu (Konstitusiyanı – red.) tərtib etmək üçün millətimizin amal və arzularının həqiqi nümayəndəsi olan yeni bir Müəssislər Məclisini quruluşu kimi böyük bir vəzifə daha vardır.
Firqəmizin müraciətnaməsində Xalq Konqresinin qərarında və Milli Hökumətimizin proqramında əsaslı yer tutan yer bölgüsü məsələsi hələ həll edilməmişdir. Xüsusilə dövlətin kafi miqdarada mütəxəssislər, mühəndislər və işçiləri olmadığına görə firqə təşkilatının öhdəsinə bu barədə də böyük bir vəzifə düşür.
Ölkəmizin müdafiəsi, milli qoşun yaratmaq vəzifəsi də çox asan bir iş deyildir.... Firqə bütün bu sahələrdə istər təbliğat və istər təşkilat cəhətdən böyük iradə və qeyrət sərf etməlidir.
Bütün işlər ümumi iclasda danışılmış, qəbul olunmuş qərarlara uyğun olmalı və bu mühüm işləri yerinə yetirirkən firqə ilə dövlət arasındakı əlaqəyə də iclasda verilən göstərişlərə uyğun olaraq tam şəkildə riayət edilməlidir.
Biz bu iclasda verilmiş göstərişlərə riayət ediləcəyinə, nəticədə bu yeni çətin mərhələdə də firqəmizin və dövlətimizin daha parlaq müvəffəqiyyətlərə nail olacağına əminik.
Yaxın gələcək bizim nə qədər haqlı olduğumuzu göstərəcəkdir.

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 113, 30 yanvar 1946-cı il

***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə