“Azərbaycan” qəzetinin səhifələrində - 15-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində - 15-ci yazı

* * *

ELAN
1946-cı ilin mart ayının 1-də “Firdosi” məktəbinin səhnəsində Azərbaycanın əməkdar artisti rejisor Bağır Hacızadənin 25 illik yubiləsinə həsr olunmuş “Ana cinayəti” adlı dram əsəri indiyə qədər Azərbaycan dramaturgiyasında misli görülməmiş ictimai, romantik və faciə məzmunlu ali bir ədəbi əsər olaraq Azərbaycan aktyorları tərəfindən zamanında tamaşaya qoyulacaqdır. Əsərin müəllifi Azərbaycan dramaturqu və xalq artisti Qasım Firuzən və rejissoru Hacızadə Firuzəndir.
P.S. Mirzə Bağır Hacızadə Bakıda aktyorluq fəaliyyətinə başlamışdır. O, 1928-1931-ci illərdə Təbrizdə "Şiri Xurşid" səhnəsində "Şeyx Sənan" faciəsində Şeyx Sənan rolunu, Rza Vaizzadənin Azərbaycan dilində yazdığı "Cəhalət qurbanı" pyesində Molla Zülfəli rolunu, Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərlərinin tamaşalarında İsgəndər, Heydər bəy rollarını böyük ustalıqla ifa etmişdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 123. 11.02.1946

* * *

Elan
Bütün dərzilərə xəbər verilir ki, Xalq Qoşunları Nazirliyində libas tikdirməyə ehtiyac vardır. İş qəbul etməyə meyli olan hər bir dərzi Xalq Qoşunları Nazirliyinin maliyə şöbəsinə müraciət etməklə nümunə üzü ilə iş qəbul edib və müqavilə bağlaya bilər.
Xalq Qoşunları Nazirliyinin maliyə müdiri İmrani.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 123, 11.02.1946

* * *

Elan
Bütün nəqliyyat vasitələri sahiblərinə bu yolla bildirilir ki, Səttarxan xiyabanının normal hərəkətini təmin etmək və habelə nəqliyyat vasitələrinin çoxluğu üzündən baş verən gözlənilməz hadisələrin qarşısını almaq üçün xüsusi lisenziya əsasında hərəkət etməyə mcbur olan minik avtomobilləri, avtobuslar, fayton, velosiped, motosiklet və yük avtomobillərindən başqa Səttarxan xiyabanında avtobomil, araba, at, qatır, ulaq kimi digər nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağandır. Qaydanı pozanlar sərt şəkildə təqib olunacaqlar.
Daxili İşlər nazirinin müavini və Azərbaycan polis idarəsinin rəisi Milaniyan.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 123, 11.02.1946

* * *

10 fevral 1946-cı il tarixində Təbrizdəki hərbi xidmətə çağırış idarəsindəki toplantıdan:
Azərbaycan Demokrat Firqəsinin sədr müavini cənab Badeqandan sonra cənab Quluxan Borçalu Qarapapaq eli tərəfindən Azərbaycanın azadlığını müdafi etmək yolunda o elin hazır olduğunu bəyan etdilər. Bu zaman milli qoşuna ad yazdırmağa gələnlərin adlarının qeyd olunmasına başlandı.

* * *

10 fevral 1946-cı il tarixində Təbrizdəki hərbi xidmətə çağırış idarəsində Sərdari-milli Səttarxanın qardaşı cənab Hacı Əzim xanın çıxışından:
“Mən bu vaxtımda hazıram tüfəng götürəm və hər yerə buyursalar, gedəm. Biz ölənəcən millətə xidmət edəcəyik. Biz millətin, o kəndli qardaşalrın nökəriyik” (şiddətli alqışlar).

* * *


10 vefral 1946-cı il tarixində Təbrizdəki hərbi xidmətə çağırış idarəsində Azərbaycan Demokrat Firqəsi sədrinin müavini cənab Badeqanın milli hərbi xidmət haqqında söylədiyi nitqindən:
... istəyirəm ki, həzrəti Əli ibn Əbutalib əleyhüssəlamdan bi misal gətirim. O buyurur: “Əl həyat təhtə zilal əl siyuf”, yəni dirilik qılıncların sayəsindədir. Cənab Pişəvərinin dediyi kimi, həmişə burada hərbi xidmətə çağırış olanda görürdün ki, polislər gedib xalqı evindən çəkib gətirirlər. Mürtəcelər bunu da gördülər ki, dünən könüllü olaraq xalq qoşununa adını yazdırmaq istəyən 15 min nəfərdən çox adam gəlmişdi.
Bizə qocalardan da könüllü olmaq təklifləri gəlir. Xalqdan da təkliflər gəlibdir və mən buradan rəsmən təklif edirəm ki, hamı hərbi paltar geyinsin və öz idarəsinə iş başına getsin. Ona əsasən mən ümidvaram və əminəm ki, Azərbaycan xalqı öz azadlığını hifz etməkdən ötrü nəinki hərbiyə getməyə, eyni zamanda ölməyə də hazırdır. Habelə tacirlər və üləma tərəfindən də bu barədə böyük maraq görünür. ...əminəm ki, gələcəkdə böyük milli birlik əmələ gələcəkdir.

* * *

Vətənimizin, millətimizin azadlığı və bütövlüyü uğrunda şəhid olmuş qeyrətli, cəsarətli, məğrur, igid və namuslu Azərbaycan oğullarının xatirəsini bir daha yad etmək münasibətilə aşağıdakı yazını diqqətinizə təqdim edirəm.
Qəmli nənə
(Keçmiş qara səhifələrdən bir yapraq)
Qara buludların çəkildiyi və günəşin doğduğu böyük bir “bayram günü” idi. Təbiətin kainata bəxş etmiş olduğu gözəlliklərə və mənzərələrə ürəyimdən qopub gələn səmimi hisslərlə tamaşa edib gedərkən köhnə bir evin qapısı önündə durdum.
Burada canavarların keçmişdə parçaladıqları bir cavanın telləri ağarmış, beli bükülmüş gözlərinin işığı sönməyə üz qoymuş 80 yaşında qoca bir anası ilə 16 yaşında üzü solmuş, gözləri çuxura düşmüş, xəstə və dərmansız bacısı yaşayırdı.
Uzun illər boyu yırtıcı və amansız qurdların, yəni jandarmların zalım pəncələrinə qurban olub vicdansız və müstəbid Tehran hökumətinin işgəncələri altında qan ağlayan bu ümidsiz insanlar maddi zərurətlərin təsiri, məşum cəlladların işlədikləri cinayətlər, fitnə və fəsadla dolu hərəkətləri nəticəsində yoxsulluq və səfalət içində yaşayırdılar...
Qaranlıq bir dəhlizi keçərək insanı xəfələyən şüşələri sınıq və yerdə köhnə bir kilim döşənmiş olan çiraqsız, fəqət taxçanın üstündə şam yanan bir otağa girdim.
O an həssas bir insan qəlbini qəlbini titrədən və yaralayan, qanlı göz yaşları tökdürən titrək və acı bir səs mənim bütün ixtiyarımı əlimdən aldı. Düşər kimi oldum və başımı divara dayayaraq beş dəqiqədən sonra özümə gələ bildim....
- Ana, gələn Rəcəbdi?
Biçarə solğun qızın Rəcəb dediyi ad kuləkli, soyuq və qarlı gecələrdə insanları parçalayan canavarlar tərəfindən öldürülən qardaşı idi....
Sönük gözləri onu axtarırdı....
- Ana, Rəcəb gəlmədi?
Yanıqlı və matəmli qoca ana ağaran telləri ilə dövrəli olan titrək başı ilə işarə edərək, “yox, qızım, sən yat, o, indi harda isə gələr”, dedi. Bədbəxt qızın titrək dodaqlarından bu kəlmələr töküldü.
- Qor.. xu..ram, ana... canavarlar onu parçalaya....
O qardaşını sağ bilirdi və indiyə kimi də ona həyat verən gənc qızın intizarda qalan gözləri olmuşdu.
Əfsus, əfsus ki, Rəcəb o igid və fədakar gənc sağ deyildi.
O, millətinin azadlıq və vəziyyətinin yaxşılaşması yolunda mübarizədə jandarmlar tərəfindən rəhmsizcəsinə öldürülmüş cəsarətli və qəhrəman bir şəhid olmuşdu.
Mən bu ürəklər parçalayan müdhiş mənzərəni məyus olan qəlbimin qanayan yaraları içində tamaşa edərkən titrəyən əllərimlə göz yaşlarımı silib bu matəmli ananın dərdlərinə şərik olmağı özümə müqəddəs bir borc bilərək soruşdum:
- Söylə! Qəmli nənə, sizin bu qəmgin halınız məni həyəcan və qan dəryalarına saldı. Söylə, başınızdan keçən bütün fəlakətləri mənə nəql eylə.
Qəmli və pərişan nənə işığı sönmüş olan gözlərini mənim yaşaran gözlərimə dikdi və yanıq bir səslə dərindən bir ah çəkərək sözə başladı:
- Oğul! Bu gün tamam iki aydır ki, mənim bu qocalmış qəlbimdə elə dərin bir yara var ki, o yara məni oğlumun və onun kimilərinin intiqamını almağa vadar eləyir. Qulaq as, oğul! Günlərdən bir cümə günü nahar çağında idi. Biçarə rəhmətlik oğlum və mən evdə tək qalmış və bir də yatan naxoş qızım Gülnazı bulağa suya göndərmiş idim. Birdən otağın qapısı qüvvəli bir təpiklə sındı və içəri üç nəfər jandarma əllərində tüfənglə girib oğlumun üzərinə hücum edərək onun əl-qolunu bağlayıb yerə yatıraraq şallaq vurmağa başladılar. Ana qəlbi buna dözə bilməyib onların ayaqlarına düşdüm, yalvardım, “amandur, onu öldürməyin, o yaşamalıdır, o cavandır, onun nə günahı var, onun əzəvinə məni öldürün”, - dedim və içlərindən çəkməli bir nəfər jandarma mənə elə bir təpik vurdu ki, yerə düşüb eləcə qaldım. Artıq nə olduğunu bilmədim. Özümə gəldiyim zaman otaqda nə oğlum, nə də jandarmalar var idi. Yalnız başımın üstündə sudan təzə qayıtmış qızım Gülnaz durmuşdu. Ürəyim yandığı üçün onun gətirdiyi sərin sudan içdim. Bu əsnada Gülnaz biçarə qardaşını məndən soruşdu, “ana, Rəcəb harada?”. Mən də ona jandarmların elədikləri vəhşilikləri nəql elədim. O gündən etibarən qızım naxoşladı və bu vəziyyətə düşdü. O, onu sağ bilir, amma mən isə axırda eşitdim ki, o məlun canavarlar oğlumun azadlıq yolunda mübarizəsinə görə zindanda ac, susuz və şallaq altında öldürüblər. İndi oğul, müstəbid bir dövlətin rəhmsiz jandarmları tərəfindən başımıza gətirilən daşları ağladan bu insafsız hərəkətlərindən mən ölsəm də, qəbrimin üstündə bitən otlar şikayətçi olub fəryad edəcəklər.
Mən bu qoca və qəmli nənənin sözlərinə qulaq asdıqdan sonra ona dedim:
- Qəmli nənə, sən heç bir zaman məyus olma, sən igid və qəhrəman oğlunu millət və firqəmizin yolunda qurban verməklə qəhrəman və rəşadətli şəhid bir gəncin anası oldun. Bunu yadından çıxartma ki, bizim təzə qurmuş olduğumuz milli və möhkəm dövlətimiz, qəhrəman fədailərimiz keçmiş müstəbid dövlətin zalım xəyanətkarlarından intiqam alacaqdır. Bu gün bizim hürriyyətə və azadlığa qovuşduğumuz əziz bir günümüzdür. Artıq bundan sonra cəsarətli Azərbaycan balalarının həqiqi bir imanla yaratdıqları milli dövlətimiz xalqın bugünkü və gələcək səadətini təmin edəcəklər.
Bu sözləri deyəndə qəmli nənənin sönmüş gözləri parladı və həqiqi, ürəkdən gələn bir məhəbbətlə mənim alnımdan öpüb dedi:
- Oğul, get, mənim bu odlu ürəyimdən təzə dövlətimizə salamlar yetir.
Mən qəmli nənənin bu hisslərini təqdir edərək oradan ayrıldım.
Aradan on gün keçmişdi. O matəmli, ələmli nənəni görmək üçün onun kasıb komasına getmişdim. Qapını xeyli vurandan sonra qonşulardan bir nəfər mənə qapını açdı. Ondan qəmli nənəni və Gülnazı soruşdum. Dedi ki, taza təşkil olmuş milli dövlətimiz o biçarələri fəlakət və iztirabdan əbədi olaraq qurtardı. Gülnazı xəstəxanaya göndərib, nənəsinin də yaşayışını təmin elədi.
O anda qəlbim sevinc həsrətləri ilə vurmağa başlarkən oradan ayrıldım. Beləliklə cavan və milli dövlətimiz yalnız qəmli nənə ilə Gülnaza deyil, onlar kimi daha nə qədər biçarələrə öz həqiqi və müqəddəs qollarını açmış və açacaqdır.
Qasım Firuzan
Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 121, 8.02.1946
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə "