İran türklərin könlünü almağa çalışır... Güney Azərbaycan

İran türklərin könlünü almağa çalışır...

Elman Cəfərli: "İran rejimi türk dili deyəndə fars və ərəb sözləri ilə zəngin qondarma bir "dil" nəzərdə tutur"

İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami Azərbaycanan səfərinin yekunlarına dair mətbuat konfransı keçirib. Zərqami bildirib ki, bir neçə gün sonra İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq. O, əlavə edib ki, televiziya kanalında əsasən Azərbaycanla İran arasındakı əməkdaşlıq, mədəni əlaqələr işıqlandırılacaq: "Əslində İranın Azərbaycandilli vilayətlərində bu gün beş telekanal yayımlanır. Azərbaycan dilində fəaliyyət göstərəcək yeni televiziya kanalı isə bu dilin inkişafına müsbət təsir göstərəcək və orada ölkəmizdə çəkilən teleseriallar, uşaqlar üçün cizgi filmləri, sənədli filmlər yayımlanacaq. Həmçinin bu telekanal Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək". O ki qaldı telekanalın adının və loqosunun necə, eləcə də rəhbərinin kim olacağına, Zərqami bildirdi ki, yeni sədr bir-iki gün sonra mətbuat konfransı keçirərək bu barədə bütün suallara aydınlıq gətirəcək. Təşkilat sədri əlavə etdi ki, telekanalda Azərbaycanda istehsal olunan islami və milli dəyərləri özündə cəmləyən, faydalı filmlər də nümayiş olunacaq.
İranın birdən birə bu qərar verməsində - yeni telekanalın yaradılmasında məqsəd nədir? Ekspertlər bu barədə nə düşünürlər?
Analitik Vüqar Zifəroğlu bildirdi ki, televiziya müasir dövrdə mədəni-sosial əlaqələrin inkişafına son dərəcə ciddi təkan verən bir qüvvədir: "Bu baxımdan İranda belə bir kanalın yayıma qoşulması təqdirəlayiq hesab edilməlidir. İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami də açıqlamasında bildirdi ki, əsasən Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalında ölkəmizdə çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq və eləcə də bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək. Bununla bağlı hətta birgə yayım komissiyasının yaranması haqqında razılıq da əldə olunub. Ümid etmək olar ki, sözügedən kanal ən azından İran və Azərbaycan xalqlarının biri-birini daha yaxından tanımasında böyük rol oynayacaq və eyni zamanda İranda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin də mənafelərini qoruyan, onların mədəni və ictimai tələblərinə cavab verən bir kanal olacaq və bundan əvvəl şahidi olduğumuz və Azərbaycan əleyhinə İran kanallarında yayımlanan bəzi proqramların yolu ilə getməyəcək".
Siyasi şərhçi Elman Cəfərli "məncə bu səmimi addım deyil",- deyə bildirdi: "Ola bilsin molla rejimi İŞİD-in qorxusundan bu addımı atıb. Panfarsizm təhlükə altına düşəndə türklərin könlünü almağa çalışır. Bir də ki İran rejimi türk dili deyəndə fars və ərəb sözləri ilə zəngin qondarma bir "dil" nəzərdə tutur. Televiziya açılacaqsa Azərbaycan ədəbi dilində fəaliyyət göstərməlidir".
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov vuruğladı ki, bu addım İranın daxilində yaşayan 40 milyondan çox Azərbaycan türkünün könlünü almaqla
Azərbaycan Respublikasına qarşı çirkin verilişlər vermək olacaq: "Təbliğat ancaq gizli fars ideolagiyası ile bağlı olacaq. Əgər müsbət niyyət olsaydı İran türk dilini rəsmi dövlət dillərindən biri kimi qəbul edərdi. İranın ilk növbədə Azərbaycanla dostluq müansibətləri qurması Ermənistanla iqtisadi əlaqələri kəsməsi olmalıdır"
Azərbaycan Sosialist Elşən Qaraçuqlu vurğuladı ki, burada İran tərəfindən adi jestdən başqa gözə dəyən bir şey yoxdur: "Sadəcə növbətçi kəlmələr tipində olan bir şeylər sırasındadır. Əsasən diletantlar səviyyəsində olan tipik Azərbaycan nümunəsi üçün nəzərdə tutulmuş bir addımdır. Əgər İran, Azərbaycan dilinin ikinci dövlət dili kimi qəbulu və ya azərbaycan dilli məktəblərin yaradılmasına qərar vermiş olsaydı, bunu köklü dəyişikliklər sırasına aid etmək olardı".
Jurnalist Elgün Mənsimov dedi ki, bu məsələdə hər hansı bir qaranlıq məqam axtarmaq lazım deyil: "İranda Azərbaycan dilində telekanalın 24 saat ərzində fəaliyyət göstərməsi istənilən halda Azərbaycanın uğurudur. Bu, həm də regionda və müsəlman dünyasında Azərbaycanın nüfuzu deməkdir. Digər tərəfə - irana gəldikdə isə düşünürəm ki, hazırkı məqamda Azərbaycanla tərəfdaşlıq, dostluq və qonşuluq münasibətləri İranın da xeyrinədir. baxmayaraq ki, zaman-zaman antiazərbaycançı qüvvələr bu iki ölkənin arasına nifaq salmağa çalışıblar. Amma bunu istədikləri şəkildə edə bilməyiblər. İranda 40 milyona yaxın həmyerlimiz yaşayır. Ona görə də belə bir televiziyanın yaradılması heç də qəribə deyil. Bu, həm də İran-Azərbaycan əlaqələrinin inkişafını göstərir. Məqsəd hər nə olursa-olsun mən hesab edirəm ki, müsbət addımdır və alqışlayıram bunu. Uzun illərdir ki, tələb edirdik ki, İranda azərbaycanlılar üçün, türk milləti üçün ana dilində məktəb, qəzet, sayt, televiziya, radio açılsın. Əgər bunun üçün hansısa kiçik bir addımlar atılırsa bunu ancaq alqışlamaq lazımdır. Çünki mən bu düşüncədəyəm ki, İranda türk millətinin yalnız bir problemi var, o da türk dilinin rəsmi dil kimi təsbit olunması problemidir. Bunun üçün də bu kimi türk mədəniyyətini, dəyərlərini, düşüncəsini oturuşdura biləcək işlər görülməlidir. Məktəb, KİV və s. kimi addımlar da bunun həyata keçirilməsini təmin edə biləcək işlərdir".
Jurnalist Rövşən Ziya dedi ki, bu, ilk növbədə Azərbaycanla İran arasında mövcud əməkdaşlığın yeni perspektivlər üzərindən inkişaf etməsi ilə bağlıdır: "İranın Radio və Televiziya Təşkilatının sədri Seyid İzətullah Zərgaminin Bakı səfəri zamanı keçirdiyi görüşlrdə də bu məsələ ətraflı müzakirə olundu. Hətta iki ölkə arasında televiziya və radio yayımlarını tənzimləyəcək yeni komitənin yaraılması ilə bağlı da razılığa gəlinib. Bu, əsas səbəbdir.
İkinci tərəfdən, rəsmi Bakı dəfələlərlə Tehran rəhbərliyinə, İran telekanalları tərəfindən ağır təhqirlərə məruz qalması barədə məlumat verib və bunun ölkələr arasındakı münasibətlərə mənfi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edib. Təbii ki, İran Azərbaycanla münasibətlərinin pisləşməsinə göz yuma bilməz və bunun qarşısını almaq üçün adekvat addımlar atmağı qərarlaşdırıb. İzəttullah Zərqaminin Bakıdakı görüşləri zamanı, artıq Azərbaycana qarşı aparılan qara piarın dayandırılması ilə bağlı rəsmi açıqlama verməsi isə göstərdi ki, İran doğrudan da Azərbaycanla münasibvətləri yenidən tənzimləmək fikrindədir. Ümumiyyətlə, İran tərəfinin Azərbaycan dilində telekanalın yaradılması barədə qərar verməsinin arxasında bir çox səbəblər var. Bunları sadalamaq isə uzun zaman alacaq".
Bakuinfo.az saytının baş redaktoru, şair-jurnalist Əvəz Qurbanlı isə "öncə qeyd edim ki, İranda Azərbaycan dilində televiziyanın açılması yeni hadisə deyil",- deyə vurğuladı: "Bundan əvvəl də İranın müxtəlif şəhərlərində - Təbriz, Ərdəbil və s. Azərbaycan dilində televiziyalar fəaliyyət göstərirdi. Bu da təbiidir - əhalisinin böyük hissəsini Azərbaycan türkləri təşkil edən bir ölkədə, belə addımların atılması müsbət haldır. Azərbaycan dilində 24 saat fasiləsiz yayımlanacaq televiziya layihəsi isə daha böyük addım sayıla bilər". Onun fikrincə, texnologiyanın inkişafı qapalı ölkələrin xalqlarını daxili, tezlikli televiziyaların əhatəsindən çıxardı: "Peyk antenalar və internet vasitəsilə insanlar dünyada baş verən prosesləri birbaşa izləmək imkanına malik oldular. Bu isə istənilən dövlət üçün müsbət amillərlə yanaşı, mənfi tendensiyalar yaradır: informasiya nəzarətdən çıxır və daxili-ictimai idarəçilik zəifləyir.
Texnoloji inkişaf mərhələsindən sonra həmçinin, İran İslam Respublikasında yaşayan türkdilli əhali də təbii ki, İran televiziyaları ilə yanaşı, Türkiyə və Azərbaycan televiziyalarını da izləməyə üstünlük verdilər. Belə şəraitdə, onsuz da Qərb tərəfindən ciddi iqtisadi-siyasi sanksiyalara məruz qalmış İran dövlətinin informasiyanın idarə olunması baxımından hansısa addım atması başa düşülən idi. Qeyd edim ki, qonşu ölkədə bu məsələ ilə bağlı tədbirlərin görülməsinə çoxdan başlanılıb. İnternetə çıxışın məhdudlaşdırılması, peyk antenalarına qeyri-rəsmi qadağa barədə xəbərlər bunu deməyə əsas verir. Bütün bunları nəzərə aldıqda, Azərbaycan dilində yeni televiziya açmaq təşəbbüsünü İslam respublikasının informasiya üzərində nəzarətin tənzimlənməsi baxımından atdığı addım kimi dəyərləndirmək olar". O, həmçinin əlavə edib ki, son dövrlərdə Azərbaycan-İran əlaqələri yeni mərhələyə qədəm qoyub: "Dünyada cərəyan edən dəyişkən proseslər regiondakı qonşu dövlətləri daha da yaxınlaşmağa sövq edir. Hər iki dövlətin kifayət qədər problemləri var. Məsələn, Azərbaycanın Qarabağ problemi kimi. Və super güclər bu problemləri daha da kəskinləşdirmək, region dövlətlərini zəiflədərək, burada mövqe sahibi olmaq istəyirlər. Bu baxımdan, Azərbaycan və İran arasında bütün sahələrdə sız əlaqələrin qurulması bir zərurətə çevrilib. İranda Azərbaycan dilində fasiləsiz yayımlanacaq televiziyanın layihə kimi nə dərəcədə effektli olub-olmaması isə görüləcək işin keyfiyyətindən asılıdır. Ən vacibi, yeni açılacaq televiziyanın, hesablanmış auditoriyanı nə dərəcədə qane edib-etməyəcəyi məsələsidir. Əgər yeni televiziyada Azərbaycan və Türkiyə barədə müntəzəm, dolğun xəbərlər, verilişlər əksini tapacaqsa, o zaman televiziya öz məqsədlərinə nail olunmuş hesab ediləcək. Əks təqdirdə, böyük izləyici auditoriyasını itirməyə məhkum olacaq".

Əli