Türkiyənin nicat yolu... Dünya

Türkiyənin nicat yolu...

Arzu Şirinova

Türkiyədə son günlər baş verənlər-İŞİD və PKK terrorçularının törətdikləri terror aksiyaları zamanı dinc əhaliylə yanaşı, polis və hərbçilərin də qətlə yetirilməsi-Azərbaycanı da hiddətləndirib. Həm qardaş ölkədə yaşananlardan dolayı, həm də Azərbaycan xalqı da illərdir Dağlıq Qarabağdakı erməni separatçılarının, terrorçularının, eyni zamanda, Ermənistan silahlı birləşmələrinin və Ermənistanın hər zaman havadarı olan Rusiya hərbi birləşmələrinin fəaliyyəti nəticəsində 20 faiz torpağını itirib, 1 milyondan artıq qaçqın və məcburi köçkünü öz yurdundan didərgin düşüb, dəfələrlə paytaxt Bakıda onlarca insanların ölümüylə nəticələnən terror dəhşətini, 21-ci əsrin Xocalı kimi soyqırımını yaşayıb. Yəni yaşadıqlarımızdan, hələ də yaşadığımızdan dolayı qardaş Türkiyədə bu gün baş verənlərdən üzülürük və tökülən qanların baiskarlarını lənətləyirik. Və Azərbaycana nələri arzu ediriksə, tezliklə Türkiyədə də sülhün, əmin-amanlığın bərqərar olmasını, günahkarların cəzalandırılmasını arzulayırıq.
Yeri gəlmişkən, ötən həftə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyətində son günlər Türkiyə-Suriya, Türkiyə-İraq sərhəddində yaranmış gərginlik müzakirə olunub, İŞİD və PKK terrorçularının Türkiyə ərazisində törətdikləri terror aktları pislənilib, bu terror aktlarına qarşı qardaş ölkənin keçirdiyi aksiyalara dəstək ifadə olunub.
Türkiyədə baş verən terror hadisələrindən öncəki siyasi mənzərəyə diqqət çəkək. İyunun 7-də Türkiyədə parlament seçkiləri keçirildi. Nəticələr həm bütövlükdə Türkiyə, həm də hakim partiya üçün ürəkaçan olmadı. Çünki nəticələrə əsasən, hazırda hakimiyyətdə olan AKP yeni parlamentdə 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazandı. Kürd partiyası HDP 10 faizlik baryeri aşaraq 80 kreslo qazanmaqla tarixi uğur əldə etdi.
Bu uğurun təməlini isə, indiki prezident, keçmiş baş nazir Rəcəb Tayyib Ərdoğan qoydu. 2010-cu ildə PKK terror təşkilatının liderlərindən biri olan Murad Qarailanın açıqlamasına nəzər salaq. Türkiyənin "Fırat" xəbər agentliyinə açıqlama verən terrorçu 2010-cu ilin elə bu ayında dedi ki, PKK avqustun 13-dən atəşkəs elan edib və bu qərar PKK lideri, İmralıda həbsxana həyatı yaşayan Abdulla Öcalanla Türkiyə hökuməti arasındakı razılaşma əsasında verilib:"Biz bunun açıqlanmasında bir qəbahət görmürük. Onu da deyim ki, bir önəmli məqam da dövlətin rəhbərimizlə görüşləri zamanı atəşkəs tələbinin olmasıdır. Əslində rəhbərimiz aradan çəkilmişdi. Ancaq dövlətin tələbinə görə, yenidən proseslərə müdaxilə etdi və dövlətdən gələn ədalətli təkliflərə görə, bir daha sülhə şans verməyimiz üçün bizə mesaj göndərdi".
Bəli, Ərdoğan barış əlini uzatdı, ancaq sonuc göz qabağındadır... 11 gün ərzində təkcə 17 əsgərini şəhid verib. Terrorçu təşkilatla razılıq əldə olunandan sonra PKK-nın birbaşa maliyyə dəstəyi ilə ayaqda duran, təşkilatlanan, kürd xalqı arasında söz sahibinə çevrilən və "hakimiyyət bu partiya ilə hesablaşır, bəzən geri çıkilir" görüntüsünü gözəl oynayan HDP Türkiyədə parlament seçkilərinə hazırlaşdı və qazandı. Beləliklə, hökumət qurmaq üçün azı 276 səs tələb olunduğundan AKP 13 ildən sonra ilk dəfə olaraq təkbaşına hökumət formalaşdırmaq şansını itirdi. Ölkədə koalisiya hökuməti qurmaq zərurəti ortaya çıxdı.
Konstitusiyaya əsasən prezident hökuməti formalaşdırmaq vəzifəsini seçkidə birinci olmuş partiyanın liderinə - hazırkı baş nazir Əhməd Davudoğluna verdi. Ə. Davudoğlu növbə ilə CHP, MHP və HDP liderləri ilə görüşlər keçirəcəyini bildirdi. Ancaq ilk olaraq MHP və HDP AKP ilə koalisiyaya getməyəcəklərini açıq şəkildə bəyan etdilər. CHP konkret mövqe bildirməsə də, səsvermənin nəticələri bəlli olduqdan sonra AKP-yə qarşı sərt ittihamlarını davam etdirdi.
Məsələ burasındadır ki, nə MHP lideri Dövlət Baxçalının, nə də CHP lideri Kamal Qılcdaroğlunun
xarizması prezident Ərdoğanla müqayisəyə gəlməyəcək dərəcədə aşağıdır. Ərdoğanla deyirik ona görə ki, faktiki Türkiyədə bu gün prezident baş nazir postunu da dolayısıyla idarə edir. Onun parlament seçkilərində kütlənin qarşısındakı çıxışları, AKP-nin yenidən təkbaşına hakimiyyəti formalaşdırmaq üçün göstərdiyi çaba ortadaydı. Bəlkə də elə bunun nəticəsiydi ki, AKP seçkilərdən bu vəziyyətdə çıxdı... Yəni Ərdoğanın sadaladığım fəaliyyəti və yüksək xarizması olmasaydı AKP seçkiləri bundan da pis durumda başa vuracaqdı.
İndi isə AKP-dən sonra seçkilərin nəticələrinə görə ikinci olan CHP-nin durumuna diqqət yetirək.
CHP lideri Kamal Qılıcdaroğlu təkbaşına hakimiyyət şanslarını itirmiş AKP ilə koalisyon hökumətdə iştirak etməyə razılaşmaq üçün kifayət qədər ağır şərtlər irəli sürdü. Yəni CHP lideri AKP-dən bir sıra önəmli nazir postlarını və üstəlik, ilk iki il üçün baş nazir postunu tələb elədi.
AKP rəhbərliyi bu tələblərə həvəs göstərmədi. Ən əsası da CHP-nin bu seçkilərdən növbəti dəfə səs itkisindən yayına bilməməsi AKP-nin "ana müxalifət partiyasının nazıyla oynamamaq" fikrində qətiləşdirdi.
AKP ən yaxşı halda koalisiyaya MHP ilə gedə bilcəyini düşünsə də, ikinci sözünü bu başdan dedi- "Milliyyətçi Hərəkat Partiyası koalisiya hökumətində yer almayacaq".
AKP-nin bu durumda HDP-ni tərəfdar seçəcəyi heç inandırıcı görünmürdü.
Çünki bu partiya Türkiyə üçün əsas problem olan siyasi qüvvələrdən sayılır. Həm də ən əsası yuxarıda da vurğuladığım kimi, HDP PKK-nın siyasət səhnəsindəki dili, gözü və qulağı kimi davranıb. Bu partiyanın sıralarında vaxtilə dağa çıxaraq, silahlı PKK-çı kimi fəaliyyət göstərmiş xeyli sayda şəxslər var.
Ən əsası da, HDP öz siyasi qərarlarını İmralı adasında həbsdə saxlanılan PKK lideri Abdullah Öcalanın direktivləri və məsləhətlərinə uyğun olaraq, qəbul edir. Proses bu gün də davam edir. Son olaylar buna bariz nümunədir. Ona görə də, əsas siyasi hədəfi əvvəlcə Türkiyəni federallaşdırmaq, daha irəlidə isə ümumiyyətlə, parçalamaq olan HDP PKK-nin siyasi qolu kimi fəaliyyəti AKP-ni bu partiya ilə koalisiya addımından elə nəticələr bilinən gündən vaz keçirib desək yanılmarıq.
Yeri gəlmişkən, HDP-nin parlamentdə millət vəkillərinin sayını artırması Azərbaycanla bağlı məsələyə də mənfi təsir göstərə bilər . Söhbət Türkiyə ilə Ermənistanın sərhədlərinin açılmasından gedir. Kürdlər əvvələr də bu məsələləri qaldırırdılar. Ancaq, əvvəllər parlamentdə sayca az idilər. İndi isə millət vəkillərinin sayını 44 nəfər artırıblar. Ona görə də səsləri gur gələcək. Yəqin ki, bunlar Ermənistanla sərhədlərin açılmasını, diplomatik münasibətlərin qurulmasını tələb edəcəklər. Digər tərəfdən Türkiyə tarixində ilk dəfə olaraq parlamentdə 3 erməni millət vəkili də düşüb. Bu o şəxslərdir ki, seçkidən öncədə Türkiyənin qondarma "erməni soyqırımı"nı tanımasını tələb edirdilər.
Nəhayət, daha bir önəmli məqam da ondan ibarətdir ki, hər hansı koalisyon hökumətin qurulması prezident R.T.Ərdoğanın siyasi maraqlarına qətiyyən cavab vermir. Çünki bu halda, şəriksiz hakimiyyət modelinə meylli olan prezident Ərdoğan qərar qəbul edərkən, hökumətin və parlamentin fərqli mövqeləri ilə hesablaşmaq məcburiyyətində qala bilər. Bütün bu və digər bilmədiyimiz məqamlar olmasın deyə Ərdoğan AKP-nin təkbaşına hökumət qurması üçün yenidən seçkilərə qərar verəcək. Türkiyədə yaşanan son olaylar qardaş ölkənin nicat yolunun parlamentə yenidən seçkilərin keçirilməsidir. Çünki HDP təsdiqlədi ki, PKK-nın siyasi səhnədəki ruporudur. Və PKK İŞİD-lə türror fəaliyyətini Türkiyəyə qarşı birləşdirib.
Belə ki, iyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədildi. Amara Mədəniyyət Mərkəzində törədilən partlayışda 104 nəfər xəsarət aldı. 32 nəfər insan terrorun qurbanı oldu. Və məlum oldu ki, partlayışı İŞİD üzvü olan 18 yaşlı qız törədib.
Düzdür bu qanlı faciəyə HDP həmsədri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ başqa don geyindirməyə çalışdılar. Guya ki, "Türkiyə hakimiyyətinin öz əməlidir" deyə, sağda, solda danışmağa başladılar...
Ərdoğan isə bütün bunların qaqrayaxma olduğunu dedi və bildirdi ki, başda İŞİD olmaqla, bütün terror qruplarının, o cümlədən PKK-nın DHKP-C-nin ölkədə təşkilatlanmasına imkan vermək olmaz":Ölkədə kürd probleminin həlli ilə bağlı proses başlayıb və davam edirdi. Ancaq terror təşkilatları bizim mövqeyimizdən sui-istifadə etdi. Vətəndaşlarımız təhdid altında yaşayırdılar. Bu iş artıq cığırından çıxmışdı, Türkiyənin fərqli addım atması lazım idi".
Baş nazir Əhməd Davudoğlunun da bildirdiyi kimi iyunun 7-dən bu yana Türkiyədə 657 terror hadisəsi törədilib. Baş nazirin məlumatına görə, İŞİD, PKK və DHKP-C eyni vaxtda hücumlara başlayıb:"Bizim 3 yox, bizim 33 terror təşkilatı ilə də mübarizə aparmağa qüdrətimiz çatır".
Baş nazir PKK, İŞİD və DHKP-C üçlüyünün əsas hədəfinin Türkiyə dövləti olduğunu bildirib: "Bu hücumların birinci hədəfi Türkiyə Cümhuriyyəti dövlətidir, demokratiyadır, insan haqlarıdır. Hücumların ikinci hədəfi ictimai sabitlik, üçüncü hədəf isə Türkiyənin beynəlxalq etibarıdır"
Yeri gəlmişkən Davudoğlu "PKK-nın soyuq müharibə vaxtı kimlər tərəfindən yaradıldığını, erməni terror təşkilatı ASALA ilə əməkdaşlığı haqda məlumatlıyıq", fikirlərini də bildirib.
Həftə sonu Türkiyə mətbuatı maraqlı məlumat da yaydı. Belə ki, Türkiyədə prokurorluq PKK terror təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyası (HDP) həmsədri, millət vəkili Figən Yüksəkdağ haqqında araşdırmalara başlayıb.
Şanlıurfa Cümhuriyyət Baş Prokurorluğu millət vəkilinin iyulun 19-da Suruç rayonunda çıxışı zamanı istifadə etdiyi "Kürəyimizi YPJ, YPG və PYD (PKK-nın silahlı qolları – red.) söykəyirik" sözləri ilə bağlı araşdırma aparır. O, terror təşkilatının təbliğatını aramaqda ittiham olunur. İttiham sübuta yetirildiyi təqdirdə, Baş Prokurorluq millət vəkilinin toxunulmazlığının qaldırılması ilə bağlı Türkiyə Böyük Millət Məclisinə müraciət edəcək.
Qeyd edək ki, HDP-nin digər həmsədri Səlahəddin Dəmirtaşla bağlı da araşdırma başlanıb. Onun ötən ilin oktyabrında ölkəni bürümüş kütləvi etiraz aksiyalarla əlaqəli olması araşdırılır.
Prokurorluq HDP sədrinin müqəssir olduğunu müəyyən edəcəyi təqdirdə, Dəmirtaş deputat toxunulmazlığı statusundan və 24 ilədək azadlıqdan məhrum edilə bilər.. .
İndi isə qayıdaq parlament seçkilərindən sonrakı duruma. Türkiyədə koalisiya hökuməti qurulması üçün Konstitusiyada nəzərdə tutulan 45 günlük müddət iyulun 13-dən rəsmən başlayıb.
Bəli, Türkiyədə cərəyan edən siyasi proseslər onu göstərir ki, AKP-nin PKK-nın siyasi qolundan qurtuluşunun yeganə yolu yeni seçkilərə getməkdir. Bu seçkilərdə isə AKP-nin yenidən təkbaşına hökuməti formalaşdırmaq üçün lazım olan sayda millət vəkili postu qazanacağı şəksizdi. Çünki, tarix sübut edib ki, ölkədə terror aktları, müharibə olduğu halda hakim partiyanın seçkini uduzmaq ehtimalı sıfıra bərabərdi. Deməli Türkiyədə də bu prosesləri izləyəcəyik. Qardaş ölkə üçün xeyirlisi nədir, Allahdan onu arzulayırıq!